Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2026 10:10

Bəzz qalası

Bu gün Bəzz qalasının qalıqları keçmişin mühüm izlərini yaşadır...

Qaradağ bölgəsində, indiki Kəleybər qəsəbəsinin cənub-qərbində yerləşən Bəzz qalası təkcə tarixi hadisələrlə deyil, həm də öz möhtəşəm memarlıq xüsusiyyətləri və strateji mövqeyi ilə Yaxın Şərqin ən önəmli dağ qalalarından biri hesab olunur. Tarix boyunca müxtəlif adlarla xatırlanan bu möhtəşəm istehkam xalq arasında daha çox Babək qalası adı ilə tanınsa da, klassik ərəb mənbələrində onun adı əsasən, Bəzz şəhəri kimi qeyd edilmişdir.

Bəzz qalasının yaranma tarixi haqqında yazılı mənbələr dəqiq məlumat vermir. Məhz buna görə tarixçilər qalanın tikintisini konkret bir hökmdarın və ya müəyyən ilin adı ilə əlaqələndirmirlər. Elmi araşdırmalarda üstünlük təşkil edən fikir ondan ibarətdir ki, qala erkən orta əsrlərdə, təxminən VI-VIII əsrlər arasında formalaşmış müdafiə kompleksinin üzərində inkişaf etmiş, IX əsrdə isə özünün ən məşhur dövrünü yaşamışdır. Bu baxımdan Bəzz qalası Babək tərəfindən inşa edilmiş tikili deyil, ondan əvvəl mövcud olan və sonradan daha da möhkəmləndirilərək istifadə edilən güclü istehkam hesab olunur.

Bəzz qalasının yerləşdiyi ərazi onun seçiminin təsadüfi olmadığını göstərir. Qala dəniz səviyyəsindən təxminən 2300-2600 metr yüksəklikdə, sıldırım qayaların zirvəsində salınmışdır. Ətrafı bəzi yerlərdə 400-600 metr dərinliyə çatan uçurumlarla əhatə olunduğundan təbii müdafiə sistemi son dərəcə güclü idi. Qalaya aparan yol dar keçidlərdən ibarət olduğuna görə böyük qoşunların eyni vaxtda hücumu demək olar ki, mümkünsüz hesab edilirdi. Məhz bu təbii-coğrafi üstünlüklər Bəzzi orta əsrlərin ən etibarlı dağ qalalarından birinə çevirmişdir. Akademik Ziya Bünyadov ərəb mənbələrini müqayisə edərək Bəzzin Qaradağ bölgəsində yerləşdiyini əsaslandırmışdır. Onun hesablamalarına görə, orta əsr mənbələrində göstərilən məsafələr indiki Kəleybər ətrafındakı qala ilə uyğunluq təşkil edir. Müasir tarixşünaslıqda da bu mövqe daha geniş qəbul edilir.

Bəzz qalasının memarlığı dağ relyefinə uyğunlaşdırılmış müdafiə memarlığının parlaq nümunəsidir. Tikinti zamanı təbii qayalardan maksimum istifadə edilmiş, qala divarları sıldırım yamacların davamı kimi inşa olunmuşdur. Bu üsul həm tikintinin dayanıqlığını artırır, həm də uzaqdan baxıldıqda qalanın ətraf mühitlə vəhdət təşkil etməsinə imkan verirdi. Divarlar əsasən yerli daş materialından hörülmüş, möhkəm əhəng məhlulu ilə bərkidilmişdir. Tikinti texnikası göstərir ki, memarlar həm təbii şəraitdən, həm də dövrün mühəndislik imkanlarından yüksək səviyyədə yararlanmışlar. Qalanın daxili planı da olduqca maraqlıdır. Burada yaşayış tikililərinin qalıqları, su anbarları, ərzaq saxlanılan otaqlar və müdafiə divarlarının izləri bu günə qədər qalmaqdadır. Xüsusilə su ehtiyatının qorunmasına verilən əhəmiyyət Bəzz qalasının uzunmüddətli mühasirələrə hesablanmış istehkam olduğunu göstərir. Yağış və qar sularının xüsusi hovuzlarda toplanması həmin dövr üçün kifayət qədər inkişaf etmiş mühəndislik həllərindən biri hesab edilir. Orta əsr müəlliflərinin əsərlərində Bəzz adı tez-tez çəkilir. Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) “Bəzzi qırmızı bayraqlarla seçilən bir istehkam kimi təsvir etmişdir”. Ərəb coğrafiyaşünasları və salnaməçiləri bu qalanı əlçatmaz dağ istehkamı kimi təsvir etmiş, onun təbii müdafiə imkanlarını xüsusi vurğulamışlar. Məhz bu təsvirlər müasir tədqiqatçıların qalanın yerləşməsi və memarlıq xüsusiyyətləri barədə apardıqları araşdırmalar üçün mühüm mənbə rolunu oynayır. Arxeoloji tədqiqatlar qalanın müxtəlif dövrlərdə istifadə olunduğunu da təsdiqləyir. Ərazidə aparılmış qazıntılar zamanı Bizans və Azərbaycan Atabəyləri dövrünə aid sikkələrin aşkar edilməsi Bəzzin IX əsrdən sonrakı dövrlərdə də əhəmiyyətini müəyyən qədər qoruduğunu göstərir. Bu tapıntılar qalanın təkcə hərbi deyil, həm də müəyyən iqtisadi və yaşayış funksiyalarını daşıdığını ehtimal etməyə əsas verir. Bu gün Bəzz qalasının qalıqları keçmişin mühüm izlərini yaşadır. Onun dağ relyefi ilə harmoniyada qurulmuş planı, möhkəm daş konstruksiyaları, mürəkkəb müdafiə sistemi və əsrlərin sınağından çıxmış tikinti texnologiyası orta əsr memarlıq məktəbinin yüksək inkişaf səviyyəsini nümayiş etdirir. Məhz buna görə Bəzz qalası tarixçilərin, arxeoloqların və memarlıq tədqiqatçılarının diqqət mərkəzində qalmaqda davam edir. 

 

Emil MURADLI

“Azərbaycan Ordusu”