AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Kazarmanın qarşısında,
Böyük qapının yanında bir fənər var,
Elə əvvəlki kimi, Lili Marlen...
Orduları birləşdirən həmişə eyni məqsəd, qələbə arzusu, döyüş meydanında yaşanan itkilər, səngərdə keçirilən ağır gecələr, doğma yurda qayıtmaq ümidi və ya hərbi peşənin yazılmamış qanunları olmur. Bəzən tarix göstərir ki, kiçik görünən bir detal belə milyonlarla insanın taleyinə toxunur, qarşı-qarşıya dayanan əsgərlərə eyni hissləri yaşadır, hətta ən qanlı müharibələrin içində qısa müddətli olsa da, sükut və atəşkəs yarada bilir. Bu yazıda məhz həmin anların birindən - “Lili Marleen”dən bəhs edirik.
Müharibə silahların dili ilə danışsa da, musiqi insanın daxilindəki səsi oyadır. İkinci Dünya müharibəsinin əfsanəsinə çevrilən “Lili Marleen” mahnısı bunun ən təsirli nümunələrindən hesab olunur. Mahnının tarixi Birinci Dünya müharibəsi illərinə gedib çıxır. 1915-ci ildə alman əsgəri və şairi Hans Leipin xidmətə yollanmazdan əvvəl yazdığı şeirdə iki tanış qadının adını birləşdirərək “Lili Marleen” obrazını yaratmışdı. Şeir uzun müddət geniş auditoriyaya məlum olmasa da, 1938-ci ildə bəstəkar Norbert Schultzenin ona musiqi bəstələməsi və bir il sonra alman müğənnisi Lale Andersenun ifa etməsi ilə yeni həyat qazanıb. Əsər ilk illərdə gözlənilən uğuru əldə etməsə də, 1941-ci ildə vəziyyət dəyişib. Bir gecə Belqraddan yayımlanan Alman radiostansiyası əllərindəki valların böyük əksəriyyəti bombardmanlar nəticəsində sındığı və ya yararsız hala düşdüyü üçün "Lili Marleen"i tapıb səsləndirib. Ertəsi gün "Lili Marleen" mahnısı artıq bütün "Afrika Korpusu"nun dilinə düşüb. Alman stansiyasına mahnının yenidən səsləndirilməsini xahiş edən çoxsaylı məktublar gəlməyə başlayıb. Beləliklə, Almanların nəzarətində olan Belqrad radiosu 18 avqust 1941-ci ildən etibarən hər axşam saat 21:55-də əsgərlərin və onların ailələrinin məktublarının oxunduğu proqramı məhz "Lili Marleen" ilə yekunlaşdırmağa başladı. Radiostansiyanın güclü ötürücü sistemi sayəsində mahnı qısa müddətdə Avropanın və Yaxın Şərqin böyük hissəsində eşidilməyə başladı. Belqrad ötürücüsünün əhatə dairəsi İngiltərədən Pireney yarımadasına, Tunisdən Türkiyə və İrana, Qafqazdan Sovet İttifaqının Asiya hissəsinə qədər uzanırdı. Hərbi müxbir Robert Oberhauzerin yazdığına görə, cəbhədə minlərlə kilometr boyunca eyni mahnını zümzümə edən əsgərləri görmək mümkün idi. Axşamlar radio ətrafına toplaşan hərbçilər ilk notlardan sonra sakitləşir, mahnının qadın səsi ilə səslənməsi isə onların doğma evlərini, ailələrini və sevdiklərini xatırlamasına səbəb olurdu. Mahnı cəbhə ilə ev arasında mənəvi körpüyə çevrilmişdi.
Mahnı sayəsində Lale Anderson da qısa müddətdə "əsgərlərin sevgilisi"nə çevrilmişdi. Onun fotoşəkilləri əldən-ələ gəzir, boğuq səsi isə daşınan qrammofonlardan bütün Saxara səhrasına yayılırdı. Britaniyanın Səkkizinci Ordusu bəzi alman əsgərlərini əsir götürüb mahnının vallarını aşkar edənə qədər "Lili Marleen" ancaq almanların maraq dairəsində idi. "Lili Marleen" əvvəlcə Səkkizinci Ordu daxilində dillərdən-dilə düşərək yayıldı, daha sonra avstraliyalıların diqqətini çəkdi. Amerika qoşunları da "Lili Marleen"i sevmişdi. Qadağanın faydasız olacağını anlayan komandirlər əsgərlərin musiqi zövqünə qarışmamağı daha doğru hesab etdilər. Qısa müddətdə mahnı Şimali Afrika cəbhəsindən Balkanlara qədər xidmət edən minlərlə alman əsgərinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrildi. Maraqlıdır ki, “Lili Marleen” təkcə Almaniya ordusunda deyil, müttəfiq dövlətlərin hərbi qulluqçuları arasında da sevilirdi. Mahnının ingilis dilinə tərcümə olunması və amerikalı-alman müğənni Marlene Dietrich tərəfindən ifa edilməsi onun daha da geniş yayılmasına səbəb oldu. Beləliklə, fərqli bayraqlar altında döyüşən əsgərlər eyni melodidə doğma evin həsrətini, sevdiklərindən ayrı qalmağın ağrısını və müharibənin ağır yükünü hiss edirdilər. Mahnının populyarlığının sirri isə onun mətnində gizlənirdi. Burada qəhrəmanlıq çağırışları, döyüş ruhunu yüksəldən şüarlar yox idi. Əksinə, səngərdə növbə çəkən bir əsgərin kazarma qarşısındakı fənərin işığında sevdiyini xatırlaması, onunla yenidən görüşmək arzusu təsvir edilirdi:
Kazarmanın qarşısında,
Böyük qapının yanında bir fənər var -
Və o, hələ də oradadır.
Biz yenidən orada görüşmək istəyirik;
Fənərin yanında dayanmaq istəyirik,
Elə əvvəlki kimi, Lili Marlen,
Elə əvvəlki kimi, Lili Marlen.
İkimizin kölgəsi sanki bir idi;
Bir baxışla necə sevdiyimiz görünürdü.
Və fənərin yanında dayandığımızı
hamı görməlidir,
Elə əvvəlki kimi, Lili Marlen,
Elə əvvəlki kimi, Lili Marlen.
Bu sadə, bir o qədər də dərin hisslər milliyyətindən, dilindən və formasından asılı olmayaraq cəbhədə olan hər bir insan üçün tanış idi. Müxtəlif mənbələrdə qeyd olunan məlumatlara görə, bəzi cəbhə bölgələrində “Lili Marleen”in səsləndiyi anlarda döyüşlərin intensivliyi müvəqqəti azalır, əsgərlər mahnını dinləmək üçün atəşi kəsirdilər. Bu hadisələr rəsmi hərbi əmrlərlə elan olunan atəşkəs olmasa da, musiqinin insan psixologiyasına təsirini və müharibənin ən sərt anlarında belə ortaq duyğular yarada bildiyini göstərən maraqlı nümunələr kimi tarixə düşüb. Bu gün “Lili Marleen” İkinci Dünya müharibəsinin ən simvolik mahnılarından biri hesab olunur. Əsgərin döyüşçü olmaqla yanaşı, hiss edən, sevən və həsrət çəkən insan olduğunu xatırladan tarixi irs nümunəsidir. Çünki müharibələr orduları qarşı-qarşıya qoysa da, musiqi bəzən onları eyni duyğular ətrafında birləşdirə bilir.
Tamilla HÜSEYNLİ
“Azərbaycan Ordusu”