Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2026 10:05

“Şəxsi heyətin ruh yüksəkliyi ordunu yenilməz edir”

Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığında asudə vaxtın təşkili böyük əhəmiyyət kəsb edir. Belə ki, asudə vaxtın səmərəli təşkil olunması əsgərlərimizin hərbi xidmət dövründə dünyagörüşünün formalaşmasına müsbət istiqamətdə güclü təsir göstərir. İdeoloji işin istiqamətlərindən sayılan şəxsi heyətin asudə vaxtının səmərəli təşkili və nəzərdə tutulan prinsiplər əsasında qurulması cavabdeh zabitlərin peşəkarlığından çox asılıdır. Orduda bu istiqamətlər üzrə aparılan işlərin nəticəsi göstərir ki, şəxsi heyət hər zaman asudə vaxtını səmərəli keçirir. Hərbi hissələrimizin ideoloji otaqlarında şəxsi heyətin asudə vaxtının səmərəli keçirməsi üçün yüksək səviyyədə şərait yaradılıb. “N” hərbi hissəsində şəxsi heyətin asudə vaxtının necə və hansı səviyyədə qurulması ilə maraqlanırıq.  

Şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsinə rəhbərlik edən baş gizir Rəhman Əliyev bildirdi ki, bu istiqamətdə hər zaman zəruri tədbirlər həyata keçirilir. “Əlamətdar günlərdə konsert proqramları, muzeylərə, tarixi yerlərə ziyarət təşkil olunur, maraqlı viktorinalar keçirilir. Şəxsi heyət asudə vaxtlarında bədii kitablar, jurnal və qəzetlər oxuyur. Onlar ideoloji otaqda, əsgər yeməkxanasında müharibə və hərbi vətənpərvərlik mövzusunda tarixi filmləri, şəhidlərimizin şərəfli döyüş və ömür yoluna həsr olunmuş videoçarxları izləyir.

Çalışırıq ki, şəxsi heyətin asudə vaxtı səmərəli keçsin. Təşkil etdiyimiz konsert proqramlarında musiqi nömrələri əsgərlərin ürəyincə olsun. Onu da qeyd edim ki, bütün tədbirlərimizdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbədən, uğurlu döyüş əməliyyatlarından məlumatları şəxsi heyətin diqqətinə çatdırırıq. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin unudulmaz xatirələrini yad edirik. Şəxsi heyətin ruh yüksəkliyi ordunu yenilməz edir”.

Hərbi hissədə öyrəndik ki, əsgər Amil Əliyev asudə vaxtlarında dama oyununa önəm verir. Əsgər Bəhruz Hüseynzadə “Azərbaycan Ordusu” qəzetinin bütün rubrikalarında gedən materialları oxuyur. Onun diqqətini çəkən daha çox şəhidlərimizlə bağlı və “Hərb tariximizdən” rubrikasında verilən yazılardır. Əsgərlərdən Seymur Talıbov, Bəxtiyar İslamov da “Azərbaycan Ordusu” qəzetini diqqətlə izlədiklərini, dedektiv janrda kitablar oxumağı, dama, şahmat oynamağı sevdiklərini dedilər. 

Sonda qeydlərimi onunla bitirmək istəyirəm ki, “N” hərbi hissəsində şəxsi heyətin asudə vaxtı günün nizam qaydasına uyğun olaraq təşkil olunur. 

 

Lalə HÜSEYNOVA

“Azərbaycan Ordusu”