AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bütün hazırlıqlar önəmlidir. Sıra hazırlığı deyərdim ki, bütün hazırlıqların açarıdır. Əsgər əyninə hərbi mundir geyinən kimi ilk olaraq sırada dayanır. Ona sıranın müqəddəs olduğu aşılanır. Hərbi intizamın, yüksək döyüş hazırlığının başlanğıcı məhz, sıra hazırlığıdır. Ordumuzda sıra hazırlığına daim xüsusi diqqət yetirilir. “N” hərbi hissəsində sıra meydanında əsgərlər silahsız sıra məşqlərini davam etdirirlər. Onlara nizami sıra yerişində ayağın neçə santimetr yerdən qalxmalı olduğunu, pəncə dabanla necə mütənasib olmalı kimi incəlikləri komandir izah edir, daha sonra onlardan hərəkətin icrasını tələb edir.
Leytenant Nüsrət Kərimov hərbi bilikləri, sıra vərdişlərini kifayət qədər mənimsəmiş ehtiyat “Zabit hazırlığı kursu” bitirən komandirlərdəndir. Nüsrət Sumqayıt Dövlət Universitetinin “Tarix” fakültəsini bitirib. 2023-cü ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Motoatıcı” ixtisası üzrə zabit hazırlıq kursu bitirib. Həmin vaxtdan bu hərbi hissədə xidmət edir. Bir il sonra Quru Qoşunlarda tam təchizatla 10 km məsafəyə kross qaçışı üzrə birinci yerə layiq görülüb. Leytenant Nüsrət Kərimov hərbi xidmətə gec gəlsə də, hərbinin qaydalarını tez və yüksək səviyyədə mənimsəyə bilib. O, bunun, hərbi xidmətə olan sonsuz sevgisindən irəli gəldiyini deyir.
Zabit sıra meydanında sıra məşqlərini davam etdirən əsgərlərin yanındadır. O, hər bir əsgərin sıra yerişinə, əsgəri salamı verən zaman qol və dirsəyin bükülüb necə dayanmasına, barmaqların bitişik halda düz və baş geyiminə aparılmasına nəzarət edir. Əgər hər hansı bir əsgər verilən komandanı düzgün yerinə yetirməzsə, dərhal iradını bildirir və səhv yerinə yetirdiyi sıra elementinin necə düzgün olmasını izah edir, sonra isə yenidən həmin əsgərdən bu hərəkəti icra etməsini tələb edir.
Sıra hazırlığına cəlb edilən hər bir əsgər müxtəlif vaxtlarda hərbi xidmətə gəlib. Buna baxmayaraq əsgərlər onlara keçirilən təlim-məşqləri yetərincə mənimsəməyə, hər bir hərəkəti incəliyinə kimi doğru, düzgün yerinə yetirməyə çalışırlar. Əsgərlərdən Nail Allahverdiyev bacarıqlı və sıra məşqlərini düzgün yerinə yetirir. O deyir ki, hərbi xidmətə gəldiyi gün hərbi bilikləri mükəmməl mənimsəməyi qarşısına məqsəd qoyub. Əsgərin uğuru sıra hazırlığındadır. Biz idmana, taktiki təlimə, atışa və istənilən tapşırığın icrasına gedəndə mütləq sıra ilə gedirik. Sırada addım atmağı, yerişdə və dayanmış halda sağa-sola, geriyə dönməyi, rəisə yaxınlaşmağı, rəisdən uzaqlaşmağı və başqa vacib hərəkətləri düzgün icra etmək bizi nümunəvi xidmətə sövq edir.
Əsgərlərdən Əli Məmmədov, Samir Aslanov, Ruhin Səmədli, Elçin Abbasov, Loğman Abdullayev, Nail Abdullayev və başqaları sıra məşqlərini dərindən mənimsəyən hərbçilərdir. Onlar sıra hazırlığının, sıra məşqlərinin əhəmiyyətini yaxşı dərk edirlər. Bu səbəbdən də komandirlərin onlara öyrətdikləri bilik və bacarıqları daha dərindən mənimsəməyə çalışırlar. Əsgər Ruhin Səmədli Şəki Regional Dövlət Kollecini bitirib. Kollecdə oxuduğu illərdə həmişə hərbi xidmət barədə yaşıdları ilə söhbət edib. Hərbi xidmətin insan həyatında nə qədər mühüm əhəmiyyət kəsb etdiyini xidmət zamanı öyrənib. Əsgər dedi: “Televiziyada gedən hərbi verilişlərdən, sosial şəbəkələrdə paylaşımlardan hərbçilərin təntənəli yürüşünü çox izləyirdim. Nə vaxtsa mən də əsgər olub onlar kimi sıra addımlarla addımlayacağımı düşünürdüm. Artıq o arzuladığım günləri yaşayıram. Şux qamətli duruş, nizami addımlarla addımlamaq, hərbi salam vermək və s. sıra hərəkətlərini böyük coşqu ilə yerinə yetirirəm”.
Sıra meydanında əsgərlər sıra hərəkətlərini ruh yüksəkliyi ilə yerinə yetirməklə döyüş hazırlığında və başqa hazırlıqlarda qazanacaqları uğurları görürlər. Əsgərlər qazanacaqları uğuru intizamda, hərbi intizamı isə sıra hazırlığında görürlər.
Bəxtiyar ƏLİYEV
“Azərbaycan Ordusu”