Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2026 09:56

“Məsuliyyətli olmaq hər bir Azərbaycan vətəndaşının borcudur”

“Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir”. Bu fikirləri səsləndirən Ümummilli Lider Heydər Əliyev səhiyyənin dövlətin inkişafında və insanların rifahının təmin edilməsində müstəsna rolunu hər zaman xüsusi vurğulayırdı.

Sağlamlıq həyatın əsas dayağı, insanın ən qiymətli nemətidir. Bu dəyərli sərvətin qorunması isə peşəkar və fədakar tibb işçilərinin üzərinə düşən ən məsuliyyətli vəzifələrdəndir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də əsaslı islahatlara başlanıldı. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirildi, müasir idarəetmə prinsipləri tətbiq olundu, beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirildi. Bunun nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyaraq əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə etdi.

Bu gün də həmin siyasi kurs uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkənin səhiyyə sisteminin müasirləşdirilməsi istiqamətində ardıcıl addımlar atılır. Paytaxtla yanaşı, regionlarda da müasir tibb müəssisələri tikilərək istifadəyə verilir, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenidən qurulur və ən son tibbi avadanlıqlarla təchiz edilir. Bu tədbirlər əhalinin keyfiyyətli tibbi xidmətlərdən istifadəsinə geniş imkanlar yaradır.

Dövlətin səhiyyə sahəsində həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycan Ordusunda hərbi tibb xidmətinin inkişafında da öz əksini tapır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də hərbi qulluqçuların sağlamlığının etibarlı şəkildə qorunması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Müasir dövrdə isə orduların potensial gücü yalnız döyüş meydanındakı uğurlarla ölçülmür. Hərbi qulluqçunun etibarlı silahı, keyfiyyətli təchizatı, sağlamlığının qorunması və istənilən şəraitdə operativ tibbi yardım ala bilməsi də döyüş qabiliyyətini müəyyən edən əsas amillərdir. Bu baxımdan maddi-texniki təminat və hərbi tibb xidməti ordunun ən vacib dayaqlarından biri hesab olunur. Məhz bu istiqamətdə görülən işlərlə yaxından tanış olmaq üçün “N” hərbi hissəsinə yolandıq.

Hərbi hissədə bizi mayor İntiqam Qurbanov qarşıladı. O, hərbi hissənin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verdi. Daha sonra şəxsi heyətin xidməti üçün yaradılmış şəraitlə yaxından tanış olduq, bölmələrdə görülən işlər barədə əyani məlumat aldıq. Tanışlıq zamanı maddi-texniki təminatın təşkilinə və hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərə də toxunuldu. Səfərimizin növbəti istiqaməti isə hərbi hissənin tibb məntəqəsi oldu.

Hərbi hissənin tibb məntəqəsində yaradılmış mövcud şəraiti müşahidə etdik. Burada ilk olaraq həkim-stomatoloq Qodışeva Olqa Vladimirovna ilə görüşdük. Krasnodar Tibb İnstitutunun məzunu olan həkim 1995-ci ildən etibarən Azərbaycan Ordusunda mülki işçi kimi stomatoloq vəzifəsində çalışır. Uzun illərin peşə təcrübəsi sayəsində çoxlu sayda hərbi qulluqçuya tibbi yardım göstərərək onların diş sağlamlığının qorunmasına öz töhfəsini verib. Biz tibb məntəqəsində olarkən əsgərin stomatoloji müayinəsi həyata keçirilirdi. Müayinə başa çatdıqdan sonra həkimlə söhbət etdik və onun peşə fəaliyyəti ilə bağlı fikirlərini öyrəndik. O bildirdi ki, Azərbaycan Ordusunda xidmət göstərmək onun üçün hər zaman böyük qürur mənbəyi olub.

“Azərbaycan Ordusunun sıralarında çalışmaq mənim üçün böyük fəxr və şərəfdir. Ömrümün çox hissəsini orduya həsr etmişəm. Çalışıram ki, hərbi qulluqçuların ağız boşluğunda yaranan problemləri vaxtında aradan qaldırım. Onların sağlamlığı müəyyən mənada bizim üzərimizə düşən məsuliyyətdən asılıdır. Sağlam əsgər güclü ordu deməkdir”, - deyə həkim-stomatoloq Olqa Qodışeva vurğuladı.

Daha sonra tibb məntəqəsinin sarğı otağında olduq. Burada bizi tibb bacısı Aygün Qasımova qarşıladı. O, 1973-cü ildə Bakı şəhərində anadan olub və 2007-ci ildən etibarən Azərbaycan Ordusunda tibb bacısı kimi fəaliyyət göstərir. Sarğı otağında hərbi qulluqçulara göstərilən tibbi xidmətin təşkili, prosedurların icrası və sanitariya-gigiyena qaydalarına əməl olunması ilə yaxından tanış olduq. Burada müalicə alan əsgərin növbəti sarğısı başa çatdıqdan sonra tibb bacısı Aygün Qasımovanın düşüncələrini dinlədik. O bildirdi ki, çalışdığı hərbi hissədə tibbi xidmətin keyfiyyətli təşkili üçün bütün zəruri şərait mövcuddur. “Azərbaycan Ordusunun digər hərbi hissələrində olduğu kimi, burada da maddi-texniki təminat yüksək səviyyədə təşkil olunub. Dərman preparatları və tibbi ləvazimatlarla bağlı heç bir çatışmazlıq yoxdur. Əsgərlərimizin sağlamlığının keşiyində dayanmaq bizim üçün həm şərəf, həm də böyük məsuliyyətdir. Çalışırıq ki, Vətənə layiq və məsuliyyətli şəkildə xidmət edək. Məsuliyyətli olmaq hər bir Azərbaycan vətəndaşının borcudur”, - deyə Aygün Qasımova vurğuladı.

Tibb məntəqəsində keçirdiyimiz müşahidələr zamanı bir daha əmin olduq ki, hərbi qulluqçularımızın sağlamlığı etibarlı əllərdədir. Azərbaycan Ordusunda hərbi tibb xidməti şəxsi heyətin sağlamlığının qorunması və tibbi təminatın fasiləsiz təşkili istiqamətində mühüm rol oynayır. Bu gün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı və regional hərbi hospitallar müasir tibbi avadanlıqlarla təchiz olunaraq hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərir. Hərbi həkim və feldşer kimi kadrlarının hazırlanması Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində həyata keçirilir. Eyni zamanda, hərbi tibb sahəsində peşəkar mütəxəssislərin hazırlanması məqsədilə bir qrup hərbi qulluqçu qardaş Türkiyə Respublikasının nüfuzlu hərbi tibbi təhsil müəssisələrində də bu peşəyə yiyələnirlər. Vətən müharibəsi və sonrakı dövrdə keçirilən əməliyyatlar zamanı hərbi tibb personalı peşəkarlığı, fədakarlığı və operativ fəaliyyəti ilə üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirib. Maddi-texniki bazanın davamlı şəkildə gücləndirilməsi və tibbi təminat sisteminin təkmilləşdirilməsi sayəsində bu gün hərbi tibb xidməti ordunun döyüş hazırlığının ayrılmaz tərkib hissələrindən biri kimi inkişafını uğurla davam etdirir.

 

Əli ABIYEV

“Azərbaycan Ordusu”