Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2026 09:48

Vətənə sevgisidir onu hərbçi edən

Hərbi peşəni bütün peşələrdən önəmli hesab edirəm. Çünki bu peşənin çətinlikləri də, özəllikləri də çoxdur. Çətinlik deyəndə hərbçi vaxtın çoxunu ərazidə, təlim meydanında, dağda-dərədə keçirir. Silahdan güllə atmağı, düşməni məhv etməyi, Vətənə olan təhlükənin qarşısını almaq kimi mühüm vəzifəni yerinə yetirir. Bu yol onun ömrünü yarıda qoya bilər. “Sonunu düşünən qəhrəman olmaz, deyiblər”. - Əyninə hərbi mundir geyinən Vətən oğulları da yurduna, elinə-obasına qəlbən bağlı olublar. O oğullardır ki, bu gün Vətənimizin torpaqları onların sayəsində düşmən işğalından tam azad edilib və ərazi bütövlüyü bərpa olunub. Xalqımızın doğma elinə bağlılığı, sevgisi hər zaman tükənməz olub. Babalardan, ulu əjdadlardan bizə ərməğan olan dövlətçilik ənənəsi bu gün də döyüşçülərimizin, vətənpərvər oğullarımızın sayəsində yaşadılır.

Leytenant Nüsrəddin Poladov Azərbaycan Ordusunun gənc zabitlərindəndir. İkinci Qarabağ müharibəsi başlayanda indiki Heydər Əliyev adına Hərbi İnstituta yenicə qəbul olunmuşdu. Birinci kursun kursantı idi. Evdə valideynlərdən, məktəbdə müəllim və şagirdlərdən, həyətdə dostlardan, idman zalında idmançı yoldaşlarından öyrənmişdi ki, torpaqlarımız ermənilər tərəfindən işğal olunub. Vətənimiz müharibə şəraitindədir. Torpaqlarımızın düşmən işğalı altında qaldığı üçün Nüsrəddin özünü də günahkar bilirdi. Daxildə bir narahatlıq keçirirdi. Bu narahatlığın aradan qaldırılması üçün yeganə yolu gələcəkdə hərbçi, zabit olmaqda görürdü. İstəyirdi ki, gələcəkdə peşəkar zabit, təcrübəli komandir olsun. Tabeliyində olanlara mükəmməl hərbi biliklər, praktiki vərdişlər aşılasın. Bir sözlə, doğma Vətəninin müdafiəsinə və işğalda olan torpaqlarımızın azad edilməsinə töhfə versin. Nüsrəddinin zabit peşəsini seçməkdə məqsədi məhz bu idi. O, hərbi instituta qəbul olandan sonra, müharibə başladı. Əyninə yenicə hərbi formanı geyinmişdi. Sırada duruş qaydalarını da yeni öyrənirdi. Əlinə avtomat alıb ilk atışı hələ keçirməmişdi. Birinci atış çalışmasını yerinə yetirməyə hazırlaşırdı ki, müharibə xəbərini aldı. Nüsrəddin həmin günü belə xatırlayır:

- Səhər idi. Yataqxanada səliqə-sahman işləri görürdük. Növbətçi “Düzül!” komandasını verdi. Komandanı həyəcanlı səslə bir neçə dəfə təkrar etdi. Növbətçinin səsinin ahəngində həyəcan var idi. Mən kursant yoldaşlarıma dedim ki, bu həyəcan əvvəlki həyəcana bənzəmir. Onlar da mənim fikrimlə razılaşdılar. Vaxt itirmədən düzülüş yerində cəmləşdik. Kursant bölüyünün komandiri sıranın qarşısına çıxıb dedi ki, Ermənistanla sərhəd boyu vəziyyət gərgindir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı orduya əks-hücum əmrini verib və ölkədə qismən səfərbərlik elan edib.

Dövlət başçımızın bu əmrinə görə mən də sevindim. 30 ilə yaxın erməni işğalı altında qalan doğma Qarabağımızın və digər ərazilərimizin azad edilməsi istiqamətində hərbi əməliyyatlar başlamışdı. Biz kursantlar da könüllü döyüşə getmək istəyimizi bildirdik. Bizə ehtiyac olmadığını dedilər. Bu haqq savaşı idi. Ölkəmiz digər bir ölkə tərəfindən (təbii ki, xarici dövlətlərin dəstəyi ilə) təcavüzə məruz qalmış və nəticədə böyük bir ərazimiz işğal olunmuş və bir milyondan artıq soydaşımız doğma el-obasından didərgin düşmüşdü.

Nüsrəddin orta məktəbdə də yaxşı oxuyub. Daha çox tarix fənnini öyrənməyə can atıb. Müstəqilliyimizin ilk illərində ölkəmizdə baş verən ictimai-siyasi hadisələri dərindən təhlil etməyə çalışıb. Həmin dövrün hadisələri ordu quruculuğuna da mənfi təsir göstərib. Ermənistanla cəbhədə yaranmış gərginlik və müvəqqəti məğlubiyyət də siyasi hakimiyyətdə yaranmış xaosun acı nəticəsi idi. Bütün bunların fonunda xalqa, dövlətə sədaqətin nümunəsi olaraq vətəndaş mövqeyi dayanır. Yenicə orta məktəb partasından ayrılan Nüsrəddin Poladovu da zabit peşəsinə aparan yol həmin vətəndaş mövqeyi olub.

Leytenant Nüsrəddin Zamin oğlu Poladov iki ildir Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında zabit olaraq xidmət edir. Yiyələndiyi ixtisas üzrə yetərincə biliyə və bacarığa malikdir. Onun xidmətindən yuxarı rəislər də razıdırlar.

İdmançı görkəmli gənc zabit həm də uşaq yaşlarından idmana böyük maraq göstərib. Onun idmana olan sonsuz marağı hərbi xidmətdə də özünü göstərir. Nüsrəddinin nümunəvi zabit kimi formalaşması onun hərbi xidmətə, idmana, təhsilə olan müstəsna marağından irəli gəlir. Zabit deyir ki, torpaqlarımız düşmən işğalından tam azad olunub. Hazırda müharibə yoxdur. Ancaq onların vəzifəsi ölkəmizin hava məkanını hər zaman ayıq-sayıq qorumaqdır. Bunun üçün bütün imkanlardan yararlanmağı bacarmaq lazımdır.

Nüsrəddin Poladovun xidmət etdiyi hərbi hissə hava məkanının qorunması üçün lazım olan müasir, yeni silahlarla və müşahidə cihazları ilə tam təmin olunub. Bu cür təminat onların xidmətini həm asanlaşdırır, həm də keyfiyyətli döyüş hazırlığını təmin edir.

 

Bəxtiyar ƏLİYEV

“Azərbaycan Ordusu”