Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2026 09:43

“Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına son səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan Əməliyyat (Komando) hərbi hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi mərasimində iştirak etmələri ordu quruculuğu istiqamətində mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısının həmin gün Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi “Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək” fikri isə muxtar respublikanın müdafiə qabiliyyətinin davamlı şəkildə artırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bir daha nümayiş etdirir.

Məlumdur ki, tarixi torpağımız olan Naxçıvanın təhlükəsizliyi Azərbaycan dövlətinin suverenliyinin və toxunulmazlığının mühüm tərkib hissəsidir. Muxtar respublikanın coğrafi mövqeyi, Azərbaycanın əsas ərazisi ilə birbaşa quru bağlantısının olmaması və mürəkkəb regional təhlükəsizlik mühiti burada müdafiənin təşkilinə xüsusi yanaşmanı zəruri edir. Məhz bu reallıqlar nəzərə alınaraq Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) yaradılması və onun imkanlarının davamlı olaraq dövrün tələblərinə uyğun, müasir çağırışlar, ehtimal edilən təhdidlər nəzərə alınmaqla inkişaf etdirilməsi strateji əhəmiyyətli qərar kimi özünü doğruldub.

Əlahiddə Ümumqoşun Ordunun formalaşdırılması Naxçıvanın müdafiəsinin daha çevik, dayanıqlı və müasir tələblərə uyğun təşkilinə imkan verir və sadalanan təxirəsalınmaz fəaliyyətlər bu gün də uğurla davam etdirilir. ƏÜO Azərbaycan Ordusunun ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, yerləşdiyi ərazinin spesifik xüsusiyyətlərinə uyğun olaraq xüsusi döyüşaparma və özünümüdafiə imkanlarına malikdir. Onun qarşısında dayanan əsas vəzifələrdən biri nəinki muxtar respublikanın, ümumilikdə ölkəmizin ərazi bütövlüyünün, müdafiəsinin və təhlükəsizliyinin etibarlı təmin olunmasıdır.

Son illərdə Naxçıvanda hərbi infrastrukturun təkmilləşdirilməsi, bölmələrin müasir silah və texnika ilə təchiz edilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Döyüş hazırlığının tərkib hissəsi kimi ƏÜO-nun hərbi qulluqçuları müxtəlif təyinatlı yerli və beynəlxalq təlimlərdə iştirak etməklə öz bilik və bacarıqlarını daha da artırır. Sadalanan proseslər Azərbaycan Ordusunda aparılan genişmiqyaslı ordu quruculuğu işlərinin Naxçıvan istiqamətində də sistemli şəkildə davam etdirildiyini göstərir.

Prezident İlham Əliyevin səfər çərçivəsində yeni yaradılan Əməliyyat (Komando) hərbi hissələrinə Döyüş bayraqlarını təqdim etməsi böyük məna kəsb edən hadisələrdən biri olaraq ordu quruculuğu tariximizdə xüsusi əhəmiyyət daşıyır. Belə ki, komando bölmələrinin yaradılması müasir döyüşün tələblərinə cavab verən yüksək hazırlıqlı, çevik və müxtəlif şəraitlərdə fəaliyyət göstərmək imkanına malik hərbi qulluqçuların hazırlanmasına verilən önəmin bariz göstəricisidir. Bu bölmələrdə xidmət edən hərbi qulluqçuların fiziki hazırlığı, taktiki bacarığı, atəş hazırlığı, dağlıq və mürəkkəb relyef həmçinin, müxtəlif iqlim şəraitində fəaliyyət qabiliyyəti xüsusi rol oynayır.

Naxçıvanın relyefi də hərbi hazırlıq baxımından özünəməxsusluğu ilə seçilir. Dağlıq və ya düzən ərazilərdə fəaliyyət göstərmək üçün şəxsi heyətin xüsusi hazırlığa malik olması, bölmələrin yüksək manevr qabiliyyətinə və çevik idarəetmə xüsusiyyətlərinə malik olması mühüm amillərdəndir. Bu baxımdan komando hərbi hissələrinin yaradılması Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində atılan vacib addımlardan biridir.

Müasir dövrdə ordunun gücü yalnız silah və texnikanın say göstəriciləri ilə müəyyən edilmir. Döyüş qabiliyyətinin əsas komponentlərini peşəkar şəxsi heyət, yüksək döyüş hazırlığı, müasir idarəetmə və rabitə sistemləri, kəşfiyyat imkanları, texnoloji üstünlük, təminatın dayanıqlığı və müxtəlif döyüş şəraitlərinə uyğunlaşma qabiliyyəti təşkil edir. Azərbaycanın hərbi quruculuq siyasətində bu amillərin kompleks şəkildə inkişaf etdirilməsi Naxçıvandakı hərbi birliklərin əməliyyat imkanlarının genişlənməsinə şərait yaradır.

Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması Naxçıvanın müdafiə sisteminin mühüm elementlərindən biridir. Şəxsi heyətin mütəmadi təlimlərə cəlb olunması, müxtəlif taktiki imkanların modernləşdirilməsi, atəş hazırlığının müasir döyüş üsul və vasitələrinə uyğun təkmilləşdirilməsi və bölmələrin qarşılıqlı koordinasiyalı fəaliyyətinin gücləndirilməsi, dünyanın aparıcı ordularının təcrübəsinin öyrənilməsi real döyüş şəraitində effektiv fəaliyyət üçün mühüm zəmin yaradır.

Burada əsas məsələ yalnız mövcud hərbi potensialın qorunması deyil, onun daim yenilənməsi və inkişaf etdirilməsidir. Ali Baş Komandanın “Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək” ifadəsi də məhz davamlı inkişaf prinsipini özündə əks etdirir. 

Naxçıvan istiqamətində güclü və müasir hərbi potensialın mövcudluğu həm də strateji çəkindirmə amilidir. Yüksək döyüş hazırlığına malik, müasir döyüş vasitələri ilə təchiz olunmuş, peşəkar hərbi qulluqçulardan ibarət bölmələrin yaradılması və digər preventiv tədbir, yəni atılan qabaqlayıcı addımla mümkün təhdidlərin qarşısının alınmasında xüsusi çəkiyə malikdir. Güclü hərbi potensial, ilk növbədə yalnız müdafiə xarakteri daşıyır dövlətin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, əhalinin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

Naxçıvanda hərbi potensialın gücləndirilməsi Azərbaycan Ordusunun vahid inkişaf strategiyasından kənarda deyil. Əksinə, bu proses Silahlı Qüvvələrin bütün komponentlərinin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Əlahiddə Ümumqoşun Ordunun müasir tələblərə uyğun şəkildə gücləndirilməsi Azərbaycan Ordusunun regional təhlükəsizlik mühitində çevik və effektiv fəaliyyət imkanlarını daha da genişləndirir.

Döyüş bayrağının yeni yaradılan Əməliyyat (Komando) hərbi hissələrinə təqdim olunması isə hərbi baxımdan mühüm məna daşıyır. Döyüş bayrağı hərbi hissənin şərəfini, döyüş şöhrətini və dövlət qarşısında daşıdığı məsuliyyəti ifadə edən müqəddəs rəmzdir. Bu bayrağın hərbi hissəyə təqdim edilməsi şəxsi heyətin Vətən qarşısında andına və hərbi borcuna sədaqətinin simvolik ifadəsidir.

Bu gün Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifələrdən biri də əldə edilmiş yüksək döyüş qabiliyyətini daha da təkmilləşdirmək, müasir müharibələrin xarakterindən irəli gələn yeni tələblərə uyğunlaşmaq və ordunun texnoloji imkanlarını genişləndirməkdir. Naxçıvanda ordu quruculuğu istiqamətində aparılan məqsədyönlü fəaliyyətlər də bu ümumi strategiyanın tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər bir daha göstərir ki, muxtar respublikanın müdafiəsi və təhlükəsizliyi daim diqqət mərkəzindədir. Əlahiddə Ümumqoşun Ordunun gücləndirilməsi, yeni Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi və hərbi infrastrukturun modern tələblər çərçivəsində qurulması Naxçıvanın müdafiə potensialının gələcəkdə də artırılacağını özündə əks etdirir.

Nəticə etibarilə, Naxçıvanda hərbi potensialın gündən-günə yüksəldilməsi yalnız cari təhlükəsizlik məsələlərinə cavab deyil, həm də uzunmüddətli müdafiə strategiyasının mühüm istiqamətidir. Coğrafi baxımdan xüsusi mövqeyə malik Naxçıvanın etibarlı müdafiəsi üçün burada yüksək hazırlıqlı, çevik və müasir hərbi qüvvələrin mövcudluğu zəruridir. Əlahiddə Ümumqoşun Ordunun inkişafı bu zərurətin praktik ifadəsidir.

Ali Baş Komandanın müəyyən etdiyi əsas xətt aydındır: Naxçıvanın müdafiə imkanları mövcud səviyyə ilə məhdudlaşmır. Hərbi potensialın davamlı şəkildə artırılması və döyüş qabiliyyətinin yüksəldilməsi qarşıdakı illərdə də davam etdiriləcək. Bu isə Naxçıvanın təhlükəsizliyinin təmin olunması ilə yanaşı, Azərbaycanın müdafiə sisteminin bütövlüyünün daha da möhkəmləndirilməsinə və dayanıqlığının artırılmasına xidmət edir.

 

“Azərbaycan Ordusu”