AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi xidmət böyük məsuliyyət, Vətənə sonsuz sədaqət tələb edən şərəfli peşədir. Azərbaycan Ordusunda xidmət edən hər bir hərbi qulluqçu tutduğu vəzifədən asılı olmayaraq ordumuzun sürətli inkişafı və gücünün təmin olunmasına öz töhfəsini verir. Bu töhfə bəzən sərhəddə silahla, bəzən isə görünməyən, lakin son dərəcə vacib sahələrdə fədakar xidmətlə özünü göstərir. Həmin sahələrdən biri də hərbi tibb bölməsinin əczaçılıq xidmətidir. Şəxsi heyətin sağlamlığının qorunması, hərbi hissələrin dərman vasitələri ilə vaxtında təmin olunması, tibbi ehtiyatların düzgün saxlanılması və idarə edilməsi ordunun döyüş qabiliyyətinin mühüm tərkib hissələrindən biridir.
“N” hərbi hissəsində xidmət edən əczaçı gizir Alıyev Nurlan Əlövsət oğlu 22 noyabr 1992-ci ildə Ağstafa rayonunun Pirili kəndində anadan olub. Uşaqlıq illəri sadə kənd mühitində keçsə də, gələcəklə bağlı arzuları uşaqkən formalaşıb. Hələ məktəb illərindən hərbçi olmağı qarşısına məqsəd qoyan Nurlan Alıyev üçün Vətənə xidmət etmək ən ali amal hesab edilib.
“Uşaqlıqdan hərbi mundiri əynimdə daşımağı böyük maraqla arzulayırdım. Həmişə düşünürdüm ki, bir gün mən də bu şərəfli peşənin sahibi olacağam. Bu arzu illər keçdikcə daha da möhkəmləndi və nəticədə mən də Azərbaycan Ordusunun hərbçisi oldum”, - deyə həmsöhbətimiz bildirir.
Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi Tibb fakültəsində təhsil alan Nurlan Alıyev burada əczaçılıq ixtisasına yiyələnib. Təhsil müddətində əldə etdiyi nəzəri bilikləri praktik bacarıqlarla möhkəmləndirən gənc mütəxəssis gələcək xidmətinə olduqca ciddi hazırlaşıb.
Uzun illər qazandığı təcrübə ona çətin və məsuliyyətli peşədə çevik qərar qəbul etməyə kömək edib. Xidmət yoldaşları onu intizamlı, təmkinli və işinə tələbkar hərbi qulluqçu kimi tanıdıqlarını bildirirlər. O isə bütün bunların əsasını işinə olan sevgidə görür: “İnsan məşğul olduğu işi sevməlidir. İşini sevən hər kəs isə daim öyrənməyə, özünü inkişaf etdirməyə səy göstərir. Mən də çalışıram ki, üzərimə düşən vəzifəni vicdanla yerinə yetirim və dövlətimin etimadını doğruldum”, - deyə o, bildirir.
“Hər bir peşədə olduğu kimi hərbi xidmətdə də hər bir vəzifənin öz məsuliyyəti var. Əczaçının işi bəzən kiçik görünsə də, onun dəqiq və məsuliyyətli fəaliyyəti hər gün hiss olunur. Çünki hər bir dərman vasitəsi düzgün saxlanılmalı, vaxtında qeydiyyata alınmalı və ehtiyac yarananda gecikmədən çatdırılmalıdır”, - deyə o, vurğulayır.
Xidmət etdiyi hərbi hissədə tibbi təchizatın təşkili mühüm istiqamətlərdən biridir. Burada saxlanılan dərman vasitələri yalnız həmin hissənin daxili təlabatı üçün deyil, zərurət yarandıqda digər hərbi hissələrin təminatı üçün də istifadə olunur. Bu isə iş prosesində daha yüksək diqqət, dəqiqlik və məsuliyyət tələb edir.
Nurlan Alıyev dərman vasitələrinin qəbulundan başlayaraq onların saxlanılması, uçotu və göndərilməsinə qədər hər bir mərhələnin nəzarətdə saxlanıldığını bildirir.
“Ən vacib məqsədimiz şəxsi heyətin tibbi təminatının fasiləsiz şəkildə təmin edilməsidir. Burada hər bir preparatın öz yeri və istifadə qaydası var. Bu işdə səhlənkarlığa yol vermək olmaz. Çünki məsuliyyətimiz insan sağlamlığıdır”, - deyə gizir Alıyev qeyd edir.
Gizir Nurlan Alıyev hesab edir ki, gənc hərbi qulluqçular ilk növbədə intizama, məsuliyyətə və Vətən sevgisinə sadiq olmalıdırlar. Onun fikrincə, hərbi xidmətdə uğurun əsas şərti məhz bu keyfiyyətlərdir.
Bu gün Azərbaycan Ordusunda minlərlə hərbi qulluqçu müxtəlif sahələrdə eyni məsuliyyətlə xidmət edir. Gizir Alıyev Nurlanın peşəsinə bağlılığı, uzun illər ərzində qazandığı təcrübə və nümunəvi xidməti göstərir ki, ordumuzun gücü yalnız müasir silahlarla deyil, həm də öz peşəsini sevən, vəzifəsini vicdanla yerinə yetirən insanların əməyi ilə möhkəmlənir. Məhz belə hərbi qulluqçuların gündəlik zəhməti Azərbaycan Ordusunun dayaqlarını daha da gücləndirir və gənc nəsil üçün örnək olur.
Hüsniyyə NƏSİROVA
“Azərbaycan Ordusu”