Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2026 13:19

Əsgərin ən böyük gücü Vətən sevgisidir

Vətənpərvərlik təkcə Vətəni sevmək deyil, vətənpərvərlik Vətən üçün yaşamağın fəzilətlərini dərk etməkdi, onun aşıladığı mənəvi dəyərləri yaşatmaqdı, gözəllikləri könülə köçürməkdi. Vətənpərvərlik həm də mənsub olduğun xalqın milli kimliyini, mənəvi dəyərlərini və gələcəyə inamını yaşadan müqəddəs duyğudu. Bu duyğu xalqın varolma düşüncəsinin işığıdı. Akademik Xudu Məmmədov deyirdi: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil..! Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər". Min illərdir Vətən tanıdıla-tanıdıla sevilib, sevilə-sevilə tanıdılıb.  Vətəni tanıyıblar, seviblər, çağırışçı olublar, hərbi xidmətə gediblər, Vətəni qoruyublar. Vətənpərvərlik budur!.. 
Vətənpərvərlik and deyil, Andı müəyyənləşdirən müqəddəs duyğudur. Əsgər Hərbi Andı bu müqəddəsliyin işığında parlayır, andını bu müqəddəsliyin işığında yerinə yetirir. İkinci Qarabağ müharibəsinin döyüşlərində cəsarət də, şücaət də, qüdrət də vətənpərvərlikdən dikəlmişdi. Əsgəri döyüşçü eləyən bu müharibə Azərbaycan əsgərinin mənəvi dünyasının da tarixi Zəfəri təsdiqlədi ki, hər əsgərin Hərbi Andı anddan sonra "Vətən gözdü biz kirpik" deyimi ilə tamamlanır...
Gənc nəslin milli ruhda, Vətənə bağlı və məsuliyyətli vətəndaş kimi formalaşmasında milli dəyərlər, bu sıradan vətənpərvərlik miras kimi yaşadılır, müqəddəs məqam kimi qorunur, cəmiyyətin inkişafında və dövlətin güclənməsində mühüm mənəvi dayaqlardan biri hesab olunur. "N" hərbi hissəsində "Əsgərin ən böyük gücü Vətən sevgisidir" mövzusunda keçirilən disput da bu tezislərə əsaslanmışdı.
Gizir Sərdar Zeynalov disputa giriş kimi bildirdi ki, Azərbaycan dövləti ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını Azərbaycan əsəgərinə etibar edir, inanır ki, onlar bu müqəddəs vəzifəni böyük məsuliyyətlə yerinə yetirir. Hər biriniz Vətəni sevirsiniz, bu sevginin işığında xidmət edirsiniz. Siz, qaliblərin davamçılarısınız, onların qələbə ruhu sizin xidməti ruhunuzdur. Vətənpərvərlik təkcə müharibədə deyil, müharibəsiz illərdə də əsgərin ən böyük mənəvi silahıdır. Müharibəsiz illərdə vətənpərvərlik güclü olmalıdır ki, bir daha düşmən bizlə müharibə etməyi düşünməsin. Siz də bu sevgiylə xidmət edirsiniz. Vətənpərvərlik duyğuları əsgər üçün həm də hərbi xidmətdə hərbi Nizamnamələrin tələblərini, komandirlərin əmr və tapşırıqlarını məsuliyyətlə yerinə yetirməkdir, silahı qorumaqdır, xidmət yoldaşına dayaq olmaqdır, dövlətimizin maraqlarını hər şeydən üstün tutmaqdır, ...Biz tarixi Zəfərin döyüşçülərinin davamçılarıyıq, əsgər əsgərin, gizir gizirin, zabit zabitin. Bizdən əvvəl xidmət edənlər Vətən müharibəsində necə döyüşdülərsə, biz Zəfərdən sonra həmin ruhda xidmət etməliyik... Ordunun gücünü silahlardan da əvvəl möhkəm iradə, yüksək mənəviyyat və sarsılmaz vətənpərvərlik müəyyənləşdirir. Əminəm ki, hər biriniz Azərbaycan əsgəri adını böyük qürurla, şərəflə daşıyırısınız. Siz də bilirsiniz ki, əsgərin ən böyük gücü Vətən sevgisidir.
Disput belə bir gözəl ovqatla davam edir.
Əsgər Fərid Rəhimli deyir ki, mən hər dəfə Azərbaycan bayrağına baxanda həmişə qürur hissi keçirmişəm. Bu qürur mənim ömür yoldaşım olacaq. Mən də bilirəm ki, bu bayraq çətin mübarizələrdən keçib, onun varlığı həmişə hansı dövlətlərisə narahat edib, bu bayrağın qürurla dalğalanmasını dərk etməyənlər elə biliblər ki, siyasi hiylələrlə, bu və ya digər dövləti münasibətlərlə, ilhaqla onu yerə endirmək olar. Unudurlar ki, bayraq bayraqdırsa, bir dəfə yüksəlir və heç zaman enmir. Bayrağımız 1918-ci ildə yüksəldi, imperiya ADR-i ilhaq etdi, ancaq o bayraq azərbaycançılıq məfkurəsinin səmalarında həmişə dalğalandı və 1991-ci ildə yenidən yüksəldi. Mən də bu ordunun bir əsgəri olduğum üçün qürur duyuram. Hər gün xidmət edərkən düşünürəm ki, bizə əmanət edilən bu torpaqları göz bəbəyimiz kimi qorumalıyıq.
Əsgər Samir Aslanov əsgər yoldaşının fikrinin davamı kimi deyir ki, vətənpərvərlik yalnız silah götürüb döyüşmək deyil. Bu, həm də döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaqdır, hər an Vətənin çağırışına hazır olmaqdır. Ali Baş Komandanın döyüş əmri ilə başlayan İkinci Qarabağ müharibəsində, mahiyyətcə Vətən müharibəsində əsgərlərimiz yüksək döyüş hazırlığı ilə bir sırada birlik, cəsarət və peşəkarlıq nümayiş etdirdilər. Onların qəhrəmanlığı bizə göstərdi ki, Vətən sevgisi insana ən çətin döyüşlərdə də qələbə işığı olur.
- Qəhrəmanlar bizə yalnız qələbə yox, həm də böyük bir örnək miras qoydular. Bu miras Vətənə sevgidi, Vətən sevgisidi. Onlar döyüşləri ilə təsdiqlədilər ki, sübut etdilər ki, ürəkdə Vətən sevgisi olduqda heç bir çətinlik insanı yolundan amalından döndərə bilməz. Biz onların davamçıları kimi xidmət edirik. Bu, böyük məsuliyyəti də Vətənə ad edirik. Mən inanıram ki, Azərbaycan əsgəri tarixi Zəfərdən sonra da, həmişə dövlətimizin müstəqilliyini, xalqımızın təhlükəsizliyini əzmkarlıqla, dövlətə, dövlətçiliyə - Vətənə sədaqətlə qoruyacaq. Hərbi mundirin şərəfini hamımız yaxşı dərk edirik. Onu hamımız Vətən qarşısında müqəddəs missiyanın mundiri bilirik (əsgər Nail Abdullayev)...
- Düşünürəm ki, Vətən sevgisi insanda ailədən aldıqları ilə formalaşır, məktəbdə öyrəndikləri, eşitdikləri ilə formalaşır. Hər birimiz uşaqlığımızdan şəhidlərimizin, qəhrəmanlarımızın həyatını öyrənə-öyrənə böyümüşük. Yaxın qohumumuzun 4-5 yaşında oğlu var, harada bayrağımızı görsə Azərbaycan, Azərbaycan deyə qışqırıb hər kəsi o tərəfə, bayrağımızın dalğalanadırdığı tərəfə baxmağa çağırır. Budur vətənpərvərlik. Vətən müharibəsində Azərbaycan Ordusunun döyüşləri, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, qəhrəmanlığı hər birimizin Vətən sevgisini daha da dərinləşdirdi, daha da məzmunlaşdırdı. Bu döyüşlər həm də xalqın ruhunun döyüşü idi. Mən də həmin qəhrəmanların yolunu davam etdirənlərin sırasında olmağımla qürur duyuram. Tarixi Zəfəri hamımız Vətənə sevginin Zəfəri bilirik. Onu da bilirik ki, əsgərin ən böyük gücü Vətən sevgisidir (əsgər Aqşin Əsədov).
Əsgər Pərvin Məmmədov maraqlı və düşündürücü bir məqamdan söz açaraq deyir ki, İkinci Qarabağ müharibəsinin döyüşlərində döyüşçülərimizin bir-birinə arxa-dayaq olması da tarixdir. Döyüşlərdə heç kim tək deyildi, hamısı qələbə naminə döyüşürdü. Bu birlik Azərbaycan Ordusunun ən böyük gücünə çevrilmişdi. Mənə elə gəlir ki, döyüşdə canını döyüşçü yoldaşı üçün sipər etmək də vətənpərvərlikdir.
- Mən düşünürəm ki, Vətən müharibəsində Azərbaycan əsgərinin ən güclü silahlarından biri də inam idi, - əsgər Əli Məmmədov belə deyir. - Ordumuz öz gücünə, xalq isə öz ordusuna inanırdı və bu inam Azərbaycan Ordusunu Zəfərə apardı. Azərbaycan əsgəri göstərdi ki, Vətən uğrunda döyüşən insanın qarşısında heç bir maneə dayana bilməz. Bu gün bizim üzərimizə düşən vəzifə həmin Zəfərin ruhunu qorumaq, daim hazırlıqlı olmaq və gələcək nəsillərə güclü, təhlükəsiz Azərbaycan miras qoymaqdır. Mən inanıram ki, Vətən sevgisi Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsini sülh dövründə də davam etdirəcəkdir.
Disputun nə vaxt başa çatdığını heç kim hiss etmədi. Elə bil gərəkli bir mövzu hamının düşüncələrinin göyqurşağıydı. Hərbi xidmət onsuz da illərlə yaddaşlarda qalır. Disputlar əsgərlərin vətənpərvərlik ruhunun möhkəmləndirilməsində, milli dəyərlərin yaşadılmasında, hərbi xidmətə məsuliyyətin daha da möhkəmləndirilməsində çox əhəmiyyətlidir. Əsgərlər həm də dedilər ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan əsgərinin yüksək döyüş hazırlığının, qətiyyətinin, Vətənə sonsuz sevgisinin və xalq-ordu birliyinin nəticəsidir. Həmin qəhrəmanlıq salnaməsi bugünkü hərbi qulluqçular üçün həm nümunə, həm də böyük məsuliyyətdir. Əsgərlər həm də bildirdilər ki, Vətəni sevməyin zamanla və qanunla təsdiqi hərbi xidmətdir. Biz də həmişə xatırlayacağıq ki, əsgərin ən böyük gücü Vətən sevgisidir. Biz həm də bu güclə qüdrətli olacağıq.
Disput müzakirə deyildi, bu gərəkli mövzuda fikir mübadiləsi idi. Əsgər düşüncələrinin işığı fikir-fikir, cümlə-cümlə düşüncələrə düşürdü. Duyurduq ki, bunlar neçə on illərdən sonra da əsgərlərin duyum ünvanı olacaq. Bu düşüncələr də yaşadılacaq. Həm də milli-mənəvi dəyər kimi yaşadılacaq...
Disput sona çatır. "N" hərbi hissəsində başa çatan bu gözəl kəlmələşmə sonrakı söhbətlər üçün başlanğıc olacaq. Bizə elə gəlir ki, Vətənə sevginin başlanğıcı var, duyulur. Sonu olmur, sonu son nəfəsdi, son nəfəsdən sonra bu sevgi ruhda yaşayır, yaşadılır...
Ən böyük gücünün Vətən sevgisi olduğunu duyanların baxışlarında bir səssiz and oxunur: Sən varsan, biz varıq, Vətən, ay Vətən! Duyduğumuz bu kəlmələri disputun nəqəratı bilirik...

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"