Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2026 13:19

İntizamlı həyat tərzi sağlam ürəyin əsas təminatıdır

Yüksək fiziki hazırlıq, dözümlülük və operativ qərarvermə hərbi xidmətin əsas tələblərindəndir. Bütün bunların təməlində isə sağlam ürək-damar sistemi dayanır. Xüsusilə yay aylarında havanın temperaturunun yüksəlməsi orqanizmin fəaliyyətinə, ilk növbədə isə ürəyin işinə əlavə yük yaradır. İstilik, susuzlaşma, intensiv fiziki fəaliyyət və digər risk faktorları ürək-damar xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Bu baxımdan vaxtında tibbi müayinə, sağlam həyat tərzi və ilkin əlamətlərin tanınması böyük əhəmiyyət daşıyır. Mövzu ilə bağlı suallarımızı Müdafiə Nazirliyi Baş Klinik Hospitalın Kardiologiya bölməsinin baş koordinatoru, tibb xidməti mayoru Nüşabə Talıblı cavablandırır. 
- Doktor, əvvəlcə ixtisasınızla bağlı məlumat verməyinizi istərdik. Kardiologiya ümumiyyətlə nədir?
- Kardiologiya ürək və qan-damar sistemi xəstəliklərinin yaranma səbəblərinin öyrənilməsi, diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan tibb sahəsidir. Başqa sözlə desək, ürəyin fəaliyyətini, yaranan xəstəliklərin səbəblərini, onların erkən aşkarlanması, müalicəsi və qarşısının alınması üsullarını əhatə edir. Kardioloq arterial hipertenziya (yüksək qan təzyiqi), ürəyin işemik xəstəliyinin əsas klinik formaları olan stenokardiya və miokard infarktı, qəfləti ölüm, ürək ritm pozğunluqları (aritmiyalar), ürək çatışmazlığı, miokardit və perikardit, kardimiopatiya, anadangəlmə və qazanılmış ürək qüsurları kimi problemlərlə məşğul olur.
- Cənab mayor, hərbi qulluqçuların müraciət etdiyi kardioloji problemlər hansılardır?
- Ürək nahiyəsində sancı, əsəb, gərginlik, arterial təzyiqin yüksəlməsi, bəzi hallarda sinədə göynəmə və yanma hissi, döş qəfəsində ağrılar, ürəkdöyünmənin artması kimi şikayətlərlə müraciət edirlər.
- Bəs, yay aylarında ürək-damar xəstəliklərinin kəskinləşməsinin əsas səbəbləri nələrdir? İsti hava ürəyə fizioloji baxımdan necə təsir göstərir?
- İsti havalarda orqanizm temperaturu tənzimləmək üçün damarları genişləndirir, tərləməni artırır. Bunun nəticəsində qan təzyiqi enə, orqanizmdə maye və elektrolit (qanda elektrolitlər bədəndə elektrik yükü daşıyan və əsas funksiyaları idarə edən natrium, kalium, kalsium və maqnezium kimi vacib minerallardır. Onlar su balansını, sinir işini və əzələlərin hərəkətini tənzimləyir) itkisi baş verə bilər. Bu dəyişikliklər ürəyin fəaliyyətinə əlavə yük yaradır. Bədən temperaturunu sabit saxlamaq üçün ürək daha intensiv işləyir və ürək döyüntülərinin sayı artır. Belə hallar, xüsusilə ürək-damar xəstəlikləri olan şəxslərdə miokard infarktı, ürək ritm pozğunluqları və ürək çatışmazlığının kəskinləşməsi riskini artıra bilər.
- Bilirik ki, yay aylarında isti vaxtlarda insanların fəaliyyəti günün müəyyən saatlarında məhdudlaşdırılır. Bu rejimə əməl olunmadıqda və uzun müddət günəş altında xidmət aparıldıqda ürəyə hansı təhlükələr yarana bilər?
- İsti havalarda günəş şüalarının altında qalmaq orqanizm üçün zərərlidir. Xüsusilə günəş şüalarının daha intensiv olduğu saat - 11:00-dan 17:00-dək olan müddət sağlamlıq baxımından daha təhlükəli hesab edilir. Birbaşa günəş altında uzun müddət intensiv fiziki fəaliyyət göstərmək ürəyə ciddi yük yaradır. Bu zaman orqanizmin həm fiziki fəaliyyət zamanı enerji tələbatını ödəməli, həm də bədən temperaturunu normada saxlamaq üçün daha çox çalışmalıdır. Nəticədə ürək daha çox işləyir, qan dövranı sürətlənir və ürəyin oksigenə tələbatı artır. İsti hava və tərləmə nəticəsində yaranan susuzlaşma qanın həcminin azalmasına, qanın özüllüyünün artmasına və tromboz riski yüksəlməsinə səbəb olur. Bu zaman ürək qanı dövr etdirmək üçün daha çox işləyir. Eyni zamanda natrium, kalium və maqnezium kimi elektrolitlərin itirilməsi ürək ritminin pozulmasına səbəb ola bilər. Ağır hallarda daha həyati təhlükəli fəsadlar baş verə bilər.
- Bəs ürək-damar xəstəlikləri baxımından risk qrupuna daxil olan şəxslər kimlərdir?
- Risk qrupuna daha çox 45 yaşdan yuxarı kişilər, 55 yaşdan yuxarı qadınlar daxildir. Bundan başqa genetika, zərərli vərdişlər, xüsusilə tütün məhsullarından istifadə, şəkərli diabet, arterial hipertenziya, zərərli xolesterinin yüksək olması, qeyri sağlam qidalanma, piylənmə, oturaq həyat tərzi və stress əsas risk faktorlarındandır.
- Gənc və zahirən sağlam görünən insanlarda da bəzən infarkt və qəfləti ölüm halları qeydə alınır. Bunun əsas səbəbləri nələrdir və bu risklərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
- Bəzi hallarda səbəb koronar arteriya anomaliyaları (ürəyi qanla təmin edən damarların anadangəlmə normal yerləşməməsi və ya inkişaf etməməsidir), irsi meyillilik, yəni genetik ürək xəstəlikləri ola bilər. Bununla yanaşı, siqaret çəkmək, zərərli maddələrdən istifadə, oturaq həyat tərzi (qadcetlərdən həddindən artıq istifadə), enerji içkilərinin, idman məşqləri zamanı istifadə edilən qida əlavələrinin qəbulu, nəzarətsiz intensiv məşqlər, ürəyin əzələ xəstəlikləri (miokarditlər, kardiomiopatiyalar) ürək damar hadisələrinin inkişaf riskini artıra bilər. Belə halların qarşısını almaq üçün müntəzəm tibbi müayinələrdən keçmək, sağlam həyat tərzi sürmək, şübhəli simptomları və ailə anamnezində belə hallar yaşanıbsa, vaxtında həkimə bildirmək vacibdir. Son zamanlar qəfləti ölümlərə idman zallarında rast gəlinir. Yaxşı olar ki, idman zallarında çalışan məşqçilər qəfil ürək dayanması zamanı ilkin tibbi yardım göstərilməsi üzrə təlim keçsinlər.
- Kardioloji nöqteyi-nəzərdən hansı hallarda fiziki fəaliyyət dayandırılmalıdır?
- İdman zallarına gedən şəxslər əzələ kütləsinin tez artması üçün bəzi hallarda qida əlavələrindən istifadə edirlər. Nəzarətsiz istifadə edilən bu məhsullar gizli gedən ürək xəstəliklərinin üzə çıxmasına və ya mövcud xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Ona görə də idmana başlamazdan əvvəl həm bu cür xoşagəlməz halların, həm də digər patologiyaların qarşısını almaq məqsədilə həkim müayinəsindən keçsələr yaxşı olar.
- Mütəmadi kardioloji yoxlanışlara neçə yaşdan sonra başlamağı məsləhət görürsüz? İldə neçə dəfə kardioloji müayinədən keçmək lazımdır?
- Məncə, ExoKQ müayinəsi anadangəlmə qüsurları vaxtında aşkar etmək üçün yeni doğulan körpələrdə başlayaraq aparılmalıdır. Risk amili olmayan şəxslərin profilaktik ildə bir dəfə həkim müayinəsində olmaları məqsədəuyğundur. Müayinələrin həcmi vəziyyətə uyğun olaraq həkim tərəfindən təyin olunur. Xəstəliyi olan, müalicə təyin olunmuş pasiyentlər isə həkimin məsləhətinə əsasən daha tez-tez nəzarət müayinələrinə çağırıla bilərlər. 
- Tibbi yoxlama zamanı gizli ürək xəstəliklərinin müəyyən olunmaması mümkündür?
- Bəli. Bəzi ürək xəstəlikləri uzun müddət simptomsuz gedə və standart tibbi müayinə zamanı aşkarlanmaya bilər. Xüsusilə bəzi irsi ritm pozğunluqları, erkən mərhələdə olan ürək əzələsi xəstəlikləri və koronar arteriya problemləri yalnız xüsusi müayinələr və ya fiziki gərginlik zamanı yaranan şikayətlərlə özünü göstərə bilər. Buna görə risk qrupuna daxil edilən şəxslərdə (ailəsində erkən yaşlarda ürək damar xəstəliyi və ya qəfləti ölüm halları olan) əlavə müayinələr aparılması məqsədəuyğundur. Bu mövzu ordumuzda xüsusi diqqətdə saxlanılır. Bütün kateqoriyalardan olan hərbi qulluqçular xüsusilə, müddətli hərbi xidmətə gələn çağırışçı gənclər hərbi həkim komissiyalarımız tərəfindən dərindən və diqqətlə yoxlanılır. Müayinələr zamanı ürək qüsurları olan şəxslərə rast gəlinərsə, onlar haqqında müvafiq qaydada tədbirlər görülür. İxtisaslı həkimlərə müraciət olunması tövsiyyə olunur.
- Hansı analiz və müayinələr ürək-damar riskini vaxtında aşkar etməyə kömək edir?
- İlk növbədə, arterial təzyiq ölçülməli, elektrokardioqram (EKQ) çəkilməli, ehtiyac olduqda exokardioqrafiya (ürəyin ultrasəs müayinəsi) aparılmalıdır. Hər hansı problem görünürsə, xəstələri daha dərinləşmiş müayinələrə yönləndirilməlidir. Fiziki yükləmə testləri (stress-testlər), Holter monitorinqi, tilt test, ehtiyac varsa, daha dəqiq nəticə üçün kardiak MRT, koronar angioqrafiya, KT angioqrafiya müayinələrinə cəlb edilməsi barədə qərar verilir. Laborator müayinələrdə qanın ümumi və biokimyəvi analizləri, qanın lipid spektri, göstəriş olarsa laxtalanma faktorları və kardiospesifik fermentləri yoxlanılmalıdır.
- Ürəktutmanın ilkin əlamətləri hansılardır? Bu zaman ilk tibbi yardım necə göstərilməlidir?
- Ürəktutmanın əsas əlamətləri döş qəfəsinin mərkəzində yaranan sıxıcı və ya yandırıcı ağrıdır ki, bu ağrı sol qola, çiyinə, boyuna, çənəyə və ya kürəyə yayıla bilər. Bununla yanaşı təngnəfəslik, soyuq tər, ürəkbulanma, başgicəllənmə, güclü halsızlıq, bəzən huşun itməsi də müşahidə edilə bilər. Ürək ağrıları-işemik dediyimiz ağrılar daha çox fiziki hərəkətlə bağlı olur. Bu hal məsafə qət etdikdə, pilləkən qalxdıqda, ağır fiziki iş gördükdə, soyuq havada bayıra çıxdıqda (damarda spazm yaranır), emosional gərginlik altında meydana çıxa bilər. Ağrıların müddəti əvvəl qısa olur. Xəstəlik irəlilədikcə ağrı tutmalarının intensivliyi və davametmə müddəti də artır. Əgər xəstədə narahatlıq varsa, ilkin olaraq vaxt itirmədən təcili tibbi yardım çağırmaq lazımdır. Peşəkar tibbi müdaxiləyə qədər, xəstənin rahatlığı təmin olunmalı, ya uzanmalı, ya da oturmalıdır. Sıx geyimlər boşaldılmalı, panik olmamalı, xəstə psixoloji olaraq sakitləşdirilməlidir. İnfarkt hallarında xəstələrdə huşun itməsi ola bilər. 
Əgər xəstə huşunu itirərsə, normal tənəffüsü və nəbzi dayanarsa dərhal ürək-ağciyər reanimasiyasına başlanılmalı, avtomatik xarici defibrilyator (AED) varsa istifadə edilməli, xəstə dərhal ixtisaslaşmış xəstəxanaya təxliyyə edilməlidir. Vaxtında göstərilən ilk tibbi yardım həyat qurtaran əsas amillərdəndir. 
- Ürək sağlamlığını qorumaq üçün qidalanma və həyat tərzi ilə bağlı tövsiyələriniz nələrdir? 
- Qidalanma ən önəmli şərtlərdən biridir. Ümumiyyətlə tək ürək xəstələri yox, hər bir fərd düzgün qidalanmalıdır. Rasionda meyvə, tərəvəz qidaları, balıq məhsulları, quş əti məhsulları, az duzlu, yağsız qidalara üstünlük verilməli, qırmızı ət məhsulları azaldılmalı, şəkərdən istifadə məhdudlaşdırılmalıdır, şirin qazlı içkilərdən istifadə etməmək, alkoqol və tütün məmulatlarından imtina etmək məsləhət görülür. Yay aylarında kifayət qədər su qəbul etmək, uzun müddət günəş altında qalmamaq, xüsusilə günün ən isti saatlarında ağır fiziki yüklənmədən çəkinmək vacibdir. Sağlamlığın qorunması və ürək-damar xəstəliklərinin profilaktikası baxımından müntəzəm fiziki aktivlik əhəmiyyət kəsb edir. Həftə ərzində yaşa və sağlamlıq vəziyyətinə uyğun olaraq həyata keçirilən fiziki məşqlər ürəyin fəaliyyətini yaxşılaşdırır. Buna görə də hər bir şəxs gündəlik həyat tərzinə müntəzəm fiziki aktivliyi daxil etməlidir.
- Son olaraq ürək sağlamlığının qorunması ilə bağlı məsləhətiniz nələrdir?
- Sağlamlığı qorumaq hər bir insan üçün əsas prioritet olmalıdır. Ürək sağlamlığının qorunması intizamlı həyat tərzindən başlayır. Sağlam qidalanmaq, siqaret çəkməmək, müntəzəm tibbi müayinələrdən keçmək və döş qəfəsində ağrı, təngnəfəslik, huşun itirilməsi və ya ürəkdöyünmə kimi əlamətlərə heç vaxt laqeyd yanaşmamaq lazımdır. Vaxtında müraciət edilən tibbi yardım həm sağlamlığın, həm də həyatın qorunmasında həlledici rol oynayır.
- Cənab mayor, verdiyiniz ətraflı məlumatlar, dəyərli məsləhətlər üçün sizə təşəkkür edirik. Sonda bir daha qeyd etmək istəyirik ki, ürək sağlamlığının qorunması fərdi sağlamlıq məsələsi olmaqla yanaşı, peşə fəaliyyətinin də mühüm tərkib hissəsidir. Müntəzəm tibbi nəzarət, sağlam qidalanma, fiziki aktivliyin düzgün tənzimlənməsi, zərərli vərdişlərdən uzaq durmaq və hər hansı narahatedici əlamətə vaxtında reaksiya vermək ürək-damar xəstəliklərinin qarşısının alınmasında əsas rol oynayır. Xüsusilə yay aylarında istiliyin orqanizmə təsiri nəzərə alınmalı, rejimə əməl edilməli və həkim tövsiyələri diqqətdə saxlanılmalıdır. 

Müsahibəni apardı:

Tamilla HÜSEYNLİ

“Azərbaycan Ordusu”