Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2026 13:19

Etibardan başlayan əbədi dostluq

Hərbi xidmət insanı təkcə fiziki və mənəvi cəhətdən möhkəmləndirmir, həm də ona ömür boyu yadda qalacaq dostluqlar qazandırır. Bəzən bir yoldaşın göstərdiyi kiçik diqqət, çətin anda verdiyi dəstək və göstərdiyi səmimi münasibət illər keçsə belə unudulmur. Əsgər dostluğu da məhz belə məqamlardan yaranır - eyni məqsədə xidmət edən insanların bir-birinə olan güvənindən. Getdiyimiz “N” hərbi hissəsində xidmət edən əsgərlərin gündəlik həyatında bu bağlılığın canlı nümunəsini görmək mümkündür. Müxtəlif rayonlardan hərbi xidmətə gələn gənclər burada eyni sırada dayanır, eyni qaydalara əməl edir, eyni məsuliyyəti bölüşürlər. Zaman keçdikcə onları birləşdirən təkcə hərbi xidmət deyil, həm də qarşılıqlı hörmət və etimad olur.
Əsgər Taryel Azər oğlu Ələkbərov Goranboy rayonundandır. 2008-ci il təvəllüdlü Taryel 7 aydır ki, hərbi xidmətdədir. O, xidmət yoldaşları ilə münasibətlərində səmimiyyətə və qarşılıqlı dəstəyə xüsusi önəm verir. Onun fikrincə, əsgər yoldaşının yanında olmaq hər bir hərbi qulluqçunun mənəvi borcudur.
Müsahibim əsgər Taryel Ələkbərov dostluq haqqında fikirlərini bölüşərkən deyir:
“Burada hər birimiz fərqli bölgələrdən, fərqli ailələrdən gəlmişik, amma bizi birləşdirən eyni amal var. Əsgər üçün ən vacib hisslərdən biri yanındakı yoldaşına güvənməkdir. Çünki xidmət zamanı bir-birimizə arxa-dayaq oluruq”.
Əsgər Urfan Rizvan oğlu Rüstəmov Zərdab rayonundandır. 2007-ci il təvəllüdlü Urfan da 7 aydır ki, Vətən qarşısında borcunu yerinə yetirir. O, hesab edir ki, hərbi xidmətdə formalaşan dostluqların əsasını səmimiyyət, etibar və məsuliyyət təşkil edir.
“Əsgər dostluğu adi dostluqdan fərqlənir. Burada insan yoldaşının xarakterini, çətin anlarda necə davrandığını daha aydın görür. Bir-birimizə kömək etməklə həm xidmətimizi daha yaxşı yerinə yetirir, həm də gözəl xatirələr yaşayırıq”, - deyə əsgər Urfan Rüstəmov bildirdi. 
Bərdə rayonundan olan digər həmsöhbətim əsgər Bəhruz Məzahir oğlu Hüseynzadə 13 aydır hərbi xidmətdədir. Xidmət müddətində qazandığı təcrübə onun həm hərbi biliklərinin, həm də kollektivlə işləmək bacarığının formalaşmasına mühüm töhfə verib. Bəhruz üçün əsgəri dostluq anlayışı ilk növbədə etibar və məsuliyyət deməkdir. Onun sözlərinə görə, hərbi hissədə yaradılan sağlam münasibətlər xidmətin daha nizamlı və səmərəli təşkilinə kömək edir:
“Bir yerdə xidmət etdiyin insanı yaxşı tanıyırsan. Onun uğuruna sevinirsən, çətinliyində yanında olursan. Əsgər dostluğu məhz bu anlayış üzərində qurulur”.
“N” hərbi hissəsində “Əsgər dostluğu” rubrikası üçün hazırladığımız yazının digər həmsöhbəti əsgər Nicat Eldəniz oğlu Səfərəliyevdir. Ağsu rayonundan olan Nicat 2007-ci il təvəllüdlüdür. O, 7 aylıq xidmət dövründə hərbi kollektivə uyğunlaşıb, yoldaşları ilə səmimi və möhkəm münasibətlər yaradıb. Nicat da hərbi xidmətdə qazanılan dostluqların insan həyatında xüsusi yer tutduğunu vurğulayır.
“Biz burada bir ailə kimi yaşayırıq. Hər birimizin üzərinə düşən vəzifə var. Əsas məqsədimiz xidmətimizi layiqincə yerinə yetirmək, bir-birimizə hörmət və dəstək göstərməkdir”, - deyə Nicat fikrini bölüşür.
Əsgər dostluğu bəzən sözlərlə deyil, davranışlarla ifadə olunur. Yorğun anda göstərilən kömək, məsuliyyətli məqamda verilən dəstək, eyni sırada dayanarkən hiss edilən güvən - bütün bunlar hərbi xidmət illərinin ən qiymətli xatirələrinə çevrilir.
Bu gənc əsgərlərin münasibəti göstərir ki, orduda formalaşan silahdaşlıq ənənəsi möhkəm mənəvi dəyərlər üzərində qurulur. Onları birləşdirən məsafələr deyil, eyni bayrağa, eyni Vətənə və eyni amala xidmət etmək duyğusudur.
Çünki əsgər dostluğu yalnız xidmət illərinin deyil, həm də ömür yolunun yaddaşında əbədi qalan ən dəyərli bağlardan biridir.

Emil MURADLI

“Azərbaycan Ordusu”