Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2026 13:18

Peşəyə qəlbən bağlılıq uğur gətirir

Əsgərin uğuru onun döyüş hazırlığındadır. Döyüş hazırlığı yüksək olan hərbi qulluqçuya hər kəs rəğbət bəsləyir, ondan nümunə, örnək götürməyə çalışır. Hazırda ordumuzda bacarıqlı, peşəsinə qəlbən bağlı oğullar xidmət edirlər. Onlar bu peşəni sevərək seçiblər. Peşənin çətinliklərini və şərəfli olduğunu da əvvəlcədən bildikləri üçün onlar hər bir çətinliyin öhdəsindən layiqincə gələcəklərini qarşılarına məqsəd qoyublar. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Adıgözəl Nəsirli də bu peşəni sevərək gəlib. Gələcəyini orduda görən Adıgözəl bu peşəyə sevgisinin İkinci Qarabağ müharibəsindən sonra yarandığını deyir.
Əsgər Nəsirli Adıgözəl Eldar oğlu İmişli şəhərində anadan olub. Yaxın qohumları arasında hərbçilər çox olsa da əvvəllər bu peşəyə o qədər də fikir verməyib. İdmançı olmaq istəyib. Kiçik yaşlarından boksa gedib. Özünün dediyinə görə uğurları da olub. 2020-ci ilin sentyabr ayının 27-də başlayan İkinci Qarabağ müharibəsindən sonra hərbi peşəyə marağı artıb. Vətəni sevməkdən, onun müdafiəsində dayanmaqdan, onun yolunda düşmənlərə qarşı döyüşməkdən şərəfli ikinci bir peşəni görmədiyini deyir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun sözlərinə görə əsgər üçün ən vacib hazırlıqlardan birincisi atəş hazırlığıdır. Adıgözəl dedi: “Hərbi qulluqçu ilk növbədə ona təhkim olunmuş silahı mükəmməl bilməlidir. Bunun üçün o, silahın taktiki-texniki xüsusiyyətlərini öyrənməli, onun ardıcıl olaraq natamam sökülüb-yığılmasını bacarmalıdır”.
Ərazidə hazırlıqlar üzrə dərs yerləri düzəldilib. Hər ixtisas sahəsinə uyğun təlim sahəsində mövcud olan dərs vəsaitlərindən əsgərlər mükəmməl istifadə edir. Avtomatın ardıcıl olaraq natamam sökülüb-yığılması dərs yerində komandirin komandası altında həyata keçirsə də orada quraşdırılan lövhədə silahın sökülən hissələri ardıcıllıqla göstərilib. Bu da dərsdən sonra, yaxud fasilə zamanı əsgərə mövzunun daha yaxşı mənimsəməsinə kömək edir. 
Əsgər Adıgözəl Nəsirli deyir ki, bütün dərs yerlərində mövzunu dərindən mənimsəmək üçün əyani vəsaitlər var. Olduğumuz təlim nöqtəsi atəş hazırlığıdır. Burada bir neçə lövhə var ki, əsgərlər bu lövhələrdən yararlanırlar. Onlar lövhələrdə silahla bağlı gərəkli məlumatları oxuyub yaddaşlarına həkk edirlər. Çünki burada yazılanlar hər zaman əsgərə lazım olan məlumatlardır. Burada bir neçə masa da var. Əsgərlər həmin masaların üzərində atıcı silahları natamam söküb-yığırlar. Onlar bunu dəfələrlə təkrar edirlər. Silahın natamam sökülüb-yığılması üzrə vaxt tətbiq edilib. Həmin vaxtda hərbi qulluqçu bunu etməyi bacarmalıdır.
Atıcı silahlarda təkcə mexaniki nişangahlar deyil, həm də optik nişangahlar da mövcuddur. Düzgün nişanalma qaydalarını əsgərlərə öyrətmək ən mühüm amillərdəndir. Adıgözəl tabeliyində olan əsgərlərə həm mexaniki, həm də optiki nişangahdan istifadə qaydalarını öyrədir. Optik nişangahdan istifadə qaydalarını öyrənmək bir qədər çətin olsa da dərs düzgün və anlaşıqlı şəkildə izah edildiyi təqdirdə əsgər onu daha tez və yaxşı mənimsəyir. Bundan əlavə gecəgörmə cihazların və onlardan istifadə qaydaları da əsgərlər üçün maraq doğurur. Bu cihazdan yalnız gecələr müşahidə məqsədilə istifadə edilir. 
Daha bir atəş hazırlığı nöqtəsində əsgərlərə dərsin necə keçməsini və onların bunu necə mənimsəməsi ilə yaxından tanış olduq. Bu cür hazırlıq mövzunu incəliyinə qədər incələyib əsgərlərə aşılamaq komandirdən bilik və təcrübə tələb edir. Hərbi xidmətə qəlbən bağlı komandirlər tabeliyində olan şəxsi heyətin qayğısına qalmaqla onların döyüş və mənəvi hazırlığını da daim yüksək tutmağa çalışırlar. 

Bəxtiyar ƏLİYEV

“Azərbaycan Ordusu”