AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Orduda şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasının əsas şərtlərindən biri də sağlam və keyfiyyətli qida təminatıdır. Gün ərzində hər bir hərbi qulluqçuya təqdim olunan yeməklərin hazırlanması görünməyən, lakin böyük məsuliyyət tələb edən bir xidmətin nəticəsidir. Bu xidmətin arxasında isə peşəsini sevən, işinə vicdanla yanaşan aşpazlar dayanır.
Yeməkxanada ilk həmsöhbətimiz baş aşpaz Əliyeva Kəmalə Əlifə qızı oldu. 1970-ci ildə Bakı şəhərində anadan olan Kəmalə Əliyeva artıq 10 ildir ki, hərbi hissənin yeməkxanasında çalışır. Fəaliyyətə aşpaz kimi başlayan həmsöhbətimiz hazırda baş aşpaz vəzifəsini icra edir. Onun sözlərinə görə, yaxın qohumlarının da hərbçi olması bu peşəyə və hərbi mühitə bağlılığını daha da artırıb. Müsahibim bildirir ki, şəxsi heyətin qida təminatı gün ərzində üç dəfə həyata keçirilir və bütün yeməklər təsdiq olunmuş gündəlik qida rasionuna uyğun hazırlanır. Yeməklər hazırlanarkən qida təhlükəsizliyi və keyfiyyət tələblərinə ciddi əməl olunur, paylanma mərhələsində isə onların istehlak üçün uyğun temperaturda saxlanılması təmin edilir. Şəxsi heyətin gündəlik qidalanmasında həm sulu, həm də quru yeməklər yer alır. Menyu mövsümə uyğun olaraq müxtəlif salatlar və digər qida məhsulları ilə zənginləşdirilir, içkilər isə istifadə üçün münasib şəraitdə təqdim olunur. Hərbi qulluqçuların çörəklə təminatı da gündəlik qidalanmanın ayrılmaz hissəsi kimi həyata keçirilir.
Baş aşpaz Kəmalə Əliyeva peşəsinə münasibətini belə ifadə edir: “Hər gün işə böyük həvəslə gəlirəm. Bu peşə böyük məsuliyyət tələb edir. Çətin tərəfləri olsa da, şəxsi heyətlə birlikdə olmaq, onların qida təminatını hazırlamaq mənim üçün qürurvericidir. Əsgərləri öz balam kimi görür, hər birinə qayğı ilə yanaşıram. Çalışıram ki, hazırladığımız yeməklər həm dadlı, həm də keyfiyyətli olsun. Onlar süfrə arxasında özlərini evlərindəki kimi hiss etsinlər. Dövlətimiz ordumuzun təminatına daim xüsusi diqqət göstərir və şəxsi heyətin qidalanması da bu diqqətin əsas istiqamətlərindən biridir”.
Səmərəli fəaliyyətinə görə baş aşpaz Kəmalə Əliyeva dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunub. Bu mükafatlar onun uzun illər ərzində göstərdiyi vicdanlı əməyin qiymətləndirilməsinin bariz nümunəsidir. Yeməkxananın digər əməkdaşı Məmmədova Yeganə Həsən qızı da kollektivin təcrübəli üzvlərindəndir. 1963-cü ildə Bakı şəhərində anadan olan Yeganə Məmmədova 2014-cü ildən etibarən hərbi hissədə aşpaz kimi fəaliyyət göstərir. O da xidmət dövründə nümunəvi əməyinə görə müxtəlif təşəkkürnamə və təltiflərə layiq görülüb. Həmsöhbətimiz bildirir ki, aşpaz peşəsi yalnız yemək hazırlamaqdan ibarət deyil, həm də böyük mənəvi məsuliyyətdir.
“Şəxsi heyətin qida təminatına hər zaman xüsusi diqqətlə yanaşıram. Əsgərlərimizi öz övladlarımdan ayırmıram. Onların hər biri mənim üçün əzizdir. Peşəmin çətinlikləri olsa da, bu işi böyük sevgi ilə görürəm”.
Yeməkxanada nizam-intizamın və qida təminatı prosesinin düzgün təşkilində yeməkxana növbətçisinin üzərinə də mühüm vəzifələr düşür. Bu barədə yeməkxana növbətçisi baş gizir Xancanov Elməddin Azad oğlu məlumat verdi.
1988-ci ildə İsmayıllı rayonunda anadan olan baş gizir Elməddin Xancanovun ümumi xidmət ili 19 ildən artıqdır. O bildirir ki, yeməkxana növbətçisi kimi əsas vəzifəsi anbardan ərzaq məhsullarının qəbuluna, onların bişirilmək üçün qazanlara verilməsinə və hazır yeməyin şəxsi heyətə düzgün şəkildə paylanmasına nəzarət etməkdir. Bütün mərhələlər müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir və qida təminatı prosesinin fasiləsizliyi daim diqqətdə saxlanılır.
Həmsöhbətimiz hərbi xidmətlə yanaşı, idmana da böyük maraq göstərdiyini vurğulayır. O, mülki həyatda dörd ildən artıq müddətdə ciu-citsu idman növü ilə məşğul olub və bu idman növü üzrə rayon birinciliyində ikinci yerə layiq görülüb.
Yeməkxanada keçirdiyimiz müşahidələr göstərdi ki, burada hər bir əməkdaş üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir. Hazırlanan hər yemək, görülən hər iş şəxsi heyətin sağlam qidalanmasına və gündəlik xidmət fəaliyyətinin etibarlı təminatına xidmət edir. Çünki güclü ordunun arxasında yalnız müasir silah və peşəkar hazırlıq deyil, eyni zamanda, öz işini sevən, görünməyən zəhməti ilə bu sistemə töhfə verən insanlar da dayanır.
Emil MURADLI
“Azərbaycan Ordusu”