Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2026 13:18

Azərbaycan Ordusunda fiziki hazırlığın əhəmiyyəti

Müasir dövrdə orduların döyüş qabiliyyəti təkcə silahlanma və texniki təminatla ölçülmür. Hərbi qulluqçunun fiziki hazırlığı, dözümlülüyü, çevikliyi və psixoloji dayanıqlığı döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsində əsas amillərdən biridir. Azərbaycan Ordusunda şəxsi heyətin fiziki hazırlığının daim yüksək səviyyədə saxlanılması döyüş hazırlığının ayrılmaz hissəsi hesab olunur. Müntəzəm keçirilən məşğələlər, normativlər, maneələr zolağında məşqlər, qaçış, güc və dözümlülük tapşırıqları hərbi qulluqçuların həm sağlamlığını möhkəmləndirir, həm də istənilən şəraitdə xidmət aparmaq bacarıqlarını artırır. Onu da qeyd etmək lazımdır ki, fiziki hazırlıq sadəcə əzələ gücü deyil, iradə, intizam, çeviklik, sürətli qərarvermə və kollektiv ruhunun formalaşmasına xidmət edən mühüm vasitədir. 
Hərbi qulluqçu çətin hava şəraitində, mürəkkəb relyefdə və yüksək psixoloji gərginlik altında fəaliyyət göstərməyə hazır olmalıdır. Bunun üçün isə müntəzəm idman məşğələləri və planlı hazırlıq prosesi xüsusi əhəmiyyət daşıyır. Hərbi qulluqçuların fiziki hazırlıqlarını müşahidə etmək üçün “N” hərbi hissəsinə yollandıq. İdman şəhərciyində bizi zabit Zaur Əkrəm oğlu Əliyarzadə qarşıladı. Söhbət zamanı mayor Z.Əliyarzadə Vətən müharibəsində Hadrut qəsəbəsi istiqamətində, Ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə yerüstü mühafizənin təşkilində iştirak etdiyini bildirdi. Onun sözlərinə görə, döyüş şəraitində əldə olunan təcrübə, fiziki hazırlığı yüksək olan şəxsi heyətin verilən tapşırıqları daha çevik və dəqiq yerinə yetirdiyini bir daha göstərdi. O, həmçinin vurğuladı ki, fiziki hazırlıq hər bir hərbi qulluqçunun peşəkar hazırlığının əsas sütunlarından biridir: “Vətənə xidmət etmək böyük şərəfdir. Bu şərəfi layiqincə daşımaq üçün hərbi qulluqçu həm mənəvi, həm də fiziki cəhətdən daim hazır olmalıdır. Döyüş meydanında insanı irəli aparan amillərdən biri məhz fiziki hazırlıqdır. Güclü bədən möhkəm iradə ilə birləşəndə ən çətin tapşırıqlar belə uğurla yerinə yetirilir. Gənclərə tövsiyəm odur ki, idmanı həyat tərzinə çevirsin, çünki sağlam gənclik güclü ordunun əsasını təşkil edir”.
Mayor Z.Əliyarzadə söhbət əsnasında idman şəhərciyində məşq edən hərbi qulluqçuları işarə edərək, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının əksəriyyətinin hərbi xidmətə başlamazdan əvvəl müxtəlif idman növləri ilə məşğul olduqlarını vurğuladı. Onların da fikirlərini öyrənmək üçün fasilədə olan hərbi qulluqçulara yaxınlaşdıq. Söhbət zamanı dedilər ki, mülkidə idmanla məşğul olmaq onların xidmətə uyğunlaşmasını asanlaşdırıb, fiziki hazırlıq səviyyələrinin daha da yüksəlməsinə imkan yaradıb. İki ildir hərbi xidmətdə olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İmaməli İsgəndər oğlu Məmişov uşaqlıqdan idmana maraq göstərdiyini, həvəskar futbol ilə məşğul olduğunu dedi: “İdman mənim həyatımın ayrılmaz hissəsidir. Futbol mənə komandada işləməyi, məsuliyyət hissini və dözümlülüyü öyrədib. Hərbi xidmətdə bu keyfiyyətlərin nə qədər vacib olduğunu daha yaxşı anladım. Fiziki hazırlıq məşğələlərinə həmişə böyük həvəslə qoşuluram və bunun gündəlik xidmətimə müsbət təsirini hiss edirəm”.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əziz Telman oğlu Mustafayev isə hərbi xidmətə başlamazdan əvvəl ağır atletika ilə məşğul olub. Onun sözlərinə görə, qazandığı idman vərdişləri bu gün də xidmət zamanı ona böyük kömək göstərir: “Ağır atletika mənə güclü olmaqla yanaşı, intizamlı olmağı da öyrədib. Orduda bu xüsusiyyətlər daha da inkişaf edir. Fiziki hazırlıq hər gün öz üzərində işləməyi tələb edir. Azərbaycan Ordusunda xidmət etdiyim müddətdə bu istiqamətdə yaradılan şərait fiziki hazırlığımla məşğul olmağıma ciddi dəstək olub”.
Dörd ildir xidmət edən Əziz Mübariz oğlu Məmmədzadə isə səkkiz il kunq-fu ilə məşğul olub. O, hesab edir ki, döyüş sənəti insana yalnız fiziki güc deyil, həm də özünənəzarət qazandırır: “Kunq-fu mənə səbirli olmağı, hər vəziyyətdə soyuqqanlı davranmağı öyrədib. Bu gün həmin bacarıqlar hərbi xidmətdə də mənə kömək edir. Fiziki hazırlıq məşğələləri dözümlülüyümüzü artırır və tapşırıqları daha inamla yerinə yetirməyimizə şərait yaradır. Güclü hərbi qulluqçu daim öz üzərində işləyən hərbi qulluqçudur”.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Pünhan Mehdi oğlu Talıbov isə peşəkar səviyyədə sərbəst güləşlə məşğul olub. O, respublika çempionatlarında dörd dəfə birinci, iki dəfə ikinci yerə layiq görülüb: “Peşəkar idman mənə qələbənin zəhmət və intizam hesabına qazanıldığını öyrədib. Orduda da eyni prinsiplər keçərlidir. Hər məşq bizi həm fiziki, həm də mənəvi cəhətdən gücləndirir. Hesab edirəm ki, idman keçmişim xidmət zamanı qarşıma çıxan çətinlikləri daha inamla dəf etməyimə kömək edir”.
Fiziki hazırlıq üzrə keçirilən məşğələlər hərbi qulluqçuların döyüş qabiliyyətinin artırılması ilə yanaşı, onların sağlam həyat tərzinin formalaşmasına da xidmət edir. Danılmaz faktdır ki, idmanla məşğul olan şəxsi heyət daha çevik, dözümlü və özünəinamlı olur. Bu isə istənilən tapşırığın yüksək peşəkarlıqla yerinə yetirilməsinə zəmin yaradır. Azərbaycan Ordusunda fiziki hazırlığın daim diqqət mərkəzində saxlanılması güclü ordunun formalaşdırılmasına xidmət edən əsas istiqamətlərdən biridir. Çünki sağlam bədən, möhkəm iradə və yüksək vətənpərvərlik ruhu bir araya gəldikdə, Vətənin müdafiəsi daha etibarlı əllərdə olur. 

Tamilla HÜSEYNLİ

“Azərbaycan Ordusu”