AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi hazırlığın mühüm istiqamətlərindən biri olan sıra hazırlığı qədim dövrlərdən etibarən orduların ayrılmaz tərkib hissəsi kimi formalaşıb. Hərbi qulluqçuların vahid komanda altında nizamlı hərəkət etməsi, verilən əmrləri dəqiq və vaxtında yerinə yetirməsi məhz bu hazırlıq vasitəsilə təmin olunub. Hərb sənətinin inkişafı ilə paralel olaraq sıra hazırlığının məzmunu və tətbiq üsulları da daim təkmilləşdirilib. Müasir dövrdə sıra hazırlığı yalnız hərbi intizamın təmin olunması ilə məhdudlaşmır, həm də peşəkar hərbi qulluqçunun formalaşmasının əsas göstəricilərindən biri hesab edilir. Buna görə də bu hazırlıq növü bu gün də orduların fəaliyyət planında mühüm yer tutur.
Hərbi ənənələrə əsaslanan sıra hazırlığı Azərbaycan Ordusunda da döyüş qabiliyyətinin artırılmasına mühüm töhfə verir. Keçirilən məşğələlər şəxsi heyətdə əmrlərin operativ və dəqiq icrası vərdişlərini möhkəmləndirir, həmçinin yüksək məsuliyyət hissinin, daxili intizamın və kollektiv fəaliyyət bacarıqlarının formalaşmasına xidmət edir.
Sıra hazırlığının şəxsi heyətin peşəkar inkişafına təsirini yaxından izləmək məqsədilə “N” hərbi hissəsində keçirilən növbəti məşğələni müşahidə etdik. Məşğələ planına uyğun olaraq təşkil olunan praktiki dərs zamanı hərbi qulluqçular sıra fəndlərini yüksək dəqiqlik və çevikliklə yerinə yetirirlər. Komandirlər tərəfindən verilən bütün əmrlər vaxtında, sinxron icra edilir. Dərs boyunca hərbi intizam qaydalarına ciddi əməl edilməsi xüsusi nəzarətdə saxlanılır. Bu isə sıra hazırlığının döyüşə hazır, intizamlı və peşəkar şəxsi heyətin formalaşdırılmasında mühüm rol oynadığını bir daha təsdiqləyir.
Sıra hazırlığının təşkilində təcrübəli hərbi qulluqçuların rolu xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirən hərbi qulluqçulardan biri də baş gizir Röyal Məmmədovdur. O, 1992-ci ildə Kürdəmir rayonunda anadan olub. Uşaqlıq illərindən hərbçi peşəsinə maraq göstərən Röyal Məmmədov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra həyatını Azərbaycan Ordusu ilə bağlamaq qərarına gəlib. 12 ildən artıqdır ki, ordumuzun sıralarında şərəflə xidmət edir. Qazandığı zəngin təcrübə sayəsində məşğələnin səmərəli təşkili, eləcə də şəxsi heyətin sıra bacarıqlarının inkişaf etdirilməsi istiqamətində öz bilik və təcrübəsini uğurla tətbiq edir. Bu tip hazırlığın əhəmiyyətindən danışan baş gizir Məmmədov bildirdi: “Sıra hazırlığı hərbi qulluqçularda hərbi intizamın, məsuliyyət hissinin və dəqiqliyin formalaşmasında mühüm rol oynayır. Mən də çalışıram ki, əsgərlər sıra elementlərini yüksək səviyyədə bilsinlər. Çünki intizam məhz elə sıradan başlayır. Çalışıram ki, əsgərlər sıra hazırlığının mövzusunu tam şəkildə mənimsəsinlər. Bəli, ilk dövrlər səhvlər olur. Əsas məqsədimiz peşəkar, intizamlı və istənilən tapşırığı vaxtında və dəqiq icra etməyə hazır şəxsi heyət yetişdirməkdir”.
Keçirilən məşğələlər gənc hərbi qulluqçuların peşəkar formalaşmasına da mühüm töhfə verir. Sıra meydanında tapşırıqları əzmlə yerinə yetirən əsgərlər qazandıqları bilik və bacarıqların gələcək xidmət fəaliyyətlərində mühüm rol oynayacağını vurğulayırlar.
Sıra hazırlığında iştirak edən əsgərlərdən biri də Kənan Şərifovdur. O, 28 mart 2004-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunaraq “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə ali təhsil alıb. Hazırda Azərbaycan Ordusunda xidmətini layiqincə yerinə yetirən K.Şərifov xidmət müddəti ərzində hərbi bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməyə çalışır. Gələcəkdə zabit kimi xidmətini davam etdirmək onun qarşıya qoyduğu əsas məqsədlərdən biridir. Hərbi xidmətin gələcək fəaliyyətinə təsirindən bəhs edən əsgər Kənan Şərifov dedi: “Düşünürəm ki, bu cür dərslər gələcəkdə zabit kimi formalaşmağımda mühüm rol oynayır. Bu məşğələlər mənə intizamlı olmağı, verilən əmrləri dəqiq yerinə yetirməyi və kollektivlə birgə şəkildə xidmət etməyi öyrədir. Burada qazandığım bilik və vərdişlərin gələcək xidmətimdə mənə böyük fayda verəcəyinə inanıram. Qarşıma qoyduğum əsas məqsəd Azərbaycan Ordusunda zabit kimi Vətənə layiqincə xidmət etməkdir”.
Şəxsi heyətin tərkibində xidməti borcunu məsuliyyətlə yerinə yetirən gənc hərbi qulluqçulardan biri də əsgər Rüfət Atlıyevdir. O, 7 noyabr 2007-ci ildə Qəbələ rayonunun Zərgərli kəndində anadan olub. Hazırda Azərbaycan Ordusu sıralarında müddətli həqiqi hərbi xidmətini davam etdirir. Artıq dörd aydır ki, Vətənə xidmət etməyin qürurunu yaşayır və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir. Xidmət müddəti ərzində sıra hazırlığı da daxil olmaqla bütün məşğələlərdə fəallığı və nizam-intizamı ilə seçilən R.Atlıyev qazandığı bilik və bacarıqları gündəlik xidmət fəaliyyətində tətbiq etməyə çalışır. Keçirilən məşğələlərlə bağlı fikirlərini bölüşən əsgər Rüfət Atlıyev qeyd etdi: “Sıra hazırlığı hər bir əsgərin hərbi bilik və bacarıqlarının formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Bu məşğələlər mənə intizamlı olmağı, komandaları dəqiq yerinə yetirməyi öyrədir. Hər məşğələ zamanı öz üzərimdə daha çox çalışmağa, bilik və bacarıqlarımı təkmilləşdirməyə səy göstərirəm. Əldə etdiyim vərdişlərin gələcək xidmət fəaliyyətimdə mənə böyük fayda verəcəyinə əminəm. Azərbaycan Ordusunun əsgəri olmaq mənim üçün böyük qürur və məsuliyyətdir”.
Eyni həvəs və məsuliyyətlə praktiki məşğələdə iştirak edənlərdən biri də əsgər Rafael Səmədovdur. Rafael 6 iyul 2008-ci ildə Sabirabad rayonunun Yenikənd kəndində anadan olub. Artıq dörd aydır Vətənə şərəflə xidmət edir. Keçirilən hazırlıq məşğələlərində fəal iştirak edən gənc əsgər hərbi bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirir, sıra hazırlığının tələblərini məsuliyyətlə yerinə yetirərək hərbi intizamın və peşəkarlığın möhkəmləndirilməsinə xüsusi önəm verir. Xidmət fəaliyyəti ilə bağlı fikirlərini bölüşən əsgər Rafael Səmədov vurğuladı: “Bu qəbildən olan hazırlıqlar bizə yalnız praktiki olaraq keçirilmir. Komandirlər bizə sıra üsullarını Sıra Nizamnaməsinin tələblərinə uyğun şəkildə izah edirlər. Sonra praktiki olaraq sıra meydanında məşqlərimiz keçirilir”.
Sıra hazırlığının hərbi qulluqçulara nəzəri və praktiki biliklər aşılaması ilə yanaşı hazırlıq növünün şəxsi heyətdə yüksək icra mədəniyyətinin, məsuliyyət hissinin, dəqiqliyin və intizamın formalaşmasına da mühüm töhfə verdiyinin şahidi olduq. Sıra meydanında qazanılan ilkin vərdişlər gələcəkdə daha mürəkkəb döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün möhkəm zəmin yaradır. Azərbaycan Ordusunun əldə etdiyi uğurların təməlində sistemli hazırlıq, möhkəm hərbi intizam və Vətənə sədaqət prinsipləri dayanır. Müasir standartlara uyğun təşkil olunan təlim prosesi şəxsi heyətin peşəkarlığının artırılmasına, ordumuzun döyüş hazırlığının və müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə xidmət edir. Bu sistemin mühüm tərkib hissəsi olan sıra hazırlığı hərbi qulluqçuların fiziki, mənəvi və peşəkar keyfiyyətlərinin inkişafında əhəmiyyətli rol oynayır. Məhz ardıcıl, məqsədyönlü və keyfiyyətli hazırlıq sayəsində Azərbaycan əsgəri qarşıya qoyulan istənilən tapşırığı məsuliyyətlə və layiqincə yerinə yetirməyə daim hazırdır.
Əli ABIYEV
“Azərbaycan Ordusu”