AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
XXI əsrin müharibələrinin əvvəlki dövrlərin savaşlarından əsaslı şəkildə fərqlənməsi bu gün məlum həqiqətdir. Əgər keçmişdə hərbi güc əsasən canlı qüvvə, tank, artilleriya, döyüş təyyarələrinin və digər döyüş vasitələrinin sayı ilə ölçülürdüsə, bu gün müasir innovativ yeniliklərin tətbiqi (yüksək dəqiqlikli silahlar, böyük dağıdıcı gücə malik hava və quru hərbi texnikaları, pilotsuz uçuş aparatları və s.), kəşfiyyat və planlaşdırma üsul və vasitələrinin yeni dövrə uyğun inkişafı müharibələrin gedişatını və nəticələrini müəyyən edən əsas amillərdən birinə çevrilib.
Bu məqalədə danışacağımız PUA-lar son illər ərzində baş verən silahlı münaqişələr zamanı bir daha göstərdi ki, bu döyüş texnikası artıq sadəcə kəşfiyyat və müşahidə vasitəsi deyil. Eyni zamanda hücum, müdafiə, elektron mübarizə və psixoloji təsir funksiyalarını yerinə yetirən çoxşaxəli platformaları özündə cəmləşdirir. Pilotsuz uçuş aparatlarının dövrümüzdə sürətli inkişafı hərbi strategiyalarda yeni bir dövrün başlanğıcı hesab olunur. Onların nisbətən ucuz qiymətə istehsalı, uzun müddət havada qalmaq imkanları və insan həyatını riskə atmadan tapşırıqları yerinə yetirməsi dünyanın aparıcı ordularının bu texnologiyaya böyük investisiyalar yatırmasına səbəb olur.
Pilotsuz uçuş aparatlarının tarixi
Pilotsuz uçuş aparatı, adından da göründüyü kimi göyərtəsində heç bir pilotun və ya ekipaj üzvünün olmadığı hava vasitəsidir. Avtomatlaşdırılmış dronlar müəyyən sürət, hündürlük və məsafəyə uyğun olaraq hərəkət edə bilir. Bu gün dünyada əsas döyüş elementinə çevrilən PUA-ların tarixinə nəzər salsaq görərik ki, bu aviasiya vasitəsinin ilk prototipi hələ ötən əsrin əvvəllərindən formalaşdırılmağa başlayıb. Belə ki, Birinci Dünya müharibəsi zamanı Böyük Britaniya və ABŞ-da hazırlanan PUA radio idarəetmə üsulu ilə yoxlanılıb sınaqdan keçirilib, lakin müharibə zamanı heç bir aktiv əməliyyatlarda istifadə olunmayıb. İkinci Dünya müharibəsi zamanı zenit-raket bölmələrinin hazırlığının yüksəldilməsində PUA-lardan istifadə olunub. Belə ki, müxtəlif təlim məqsədləri zamanı hədəf və müşahidə elementi rolunu oynayacaq kütləvi PUA-ların hazırlanmasına da məhz həmin dövrdə başlanılıb. Bundan başqa ABŞ Hərbi Dəniz Donanması PUA-lara müxtəlif bomba və torpedo yerləşdirilməsini sınadı və sınaq nəticəsində Sakit Okean üzərində bir neçə hədəfin məhv olunmasına da nail olundu. Bu fəaliyyət kamikadze və zərbə tipli pilotsuz uçuş aparatları tarixində böyük dönüş nöqtəsi oldu. Müasir dövrlə müqayisədə həmin dövrün PUA-ları daha böyük ölçüdə olub, müxtəlif təlimlər zamanı hava hədəfləri təcrübəsinin öyrənilməsində, müşahidə və digər təyinatlı tapşırıqların icrası məqsədləri üçün istifadə olunub. Kəşfiyyat məqsədli PUA-lar Soyuq müharibə dövründə baş vermiş Vyetnam savaşı (1955-1975) zamanı geniş tətbiq olunub. Yalançı hədəf (aldadıcı manevr), vərəqələr yaymaqla təsir (psixoloji əməliyyat) və digər missiyalarda istifadə olunan PUA-lar dövr keçdikcə daha müasir üsulla, daha uzaq məsafələrə yol qət etməsi üçün təkmilləşdirilib. Ötən əsrin sonlarında, cari əsrin başlanğıcında PUA-ların tədqiq olunması daha da dərinləşdirilib. Dronlardan istifadə edilərək kəşfiyyat məlumatlarının toplanması Körfəz müharibəsi zamanı ön plana çıxdı. Günümüzdə isə PUA-larda innovativ yeniliklərin tətbiqi sayəsində, yüksək dəqiqlikli naviqasiya sistemlərinin və süni intellektin öyrənilməsi dərinləşərək adıçəkilən texnologiyanın yüksəliş dövrünün möhürü vuruldu.
Hazırda dronlar təkcə hərbi məqsədli deyil, günümüzün əksər sahələrində müxtəlif məqsədlərlə də istifadə olunur. Belə ki, iqlimin monitorinqinin keçirilməsi, relyefin öyrənilməsi, təbii fəlakətlər zamanı axtarış-xilasetmə işlərinin görülməsi və yaxud da sadəcə foto-video çəkilişlərin aparılmasında dronlardan geniş istifadə olunur. Bu gün dronlar hətta yüklərin bir yerdən digərinə çatdırılmasında belə iştirak edir. Yanacaq təminatı və birdəfəlik istifadə olunan batareya problemini həll etmək məqsədi ilə, bu gün günəş enerjisi ilə çalışan PUA-lar da hazırlanır və digər innovativ üsullar daha dərindən tədqiq edilir. Pilotsuz uçuş aparatları hazırda daha bir inkişaf dövrünü yaşamaqdadır. Belə ki, aparatların kompaktlığı, universallığı və süni intellekt yeniliklərinin inteqrasiyası istiqamətində araşdırmalar dərinləşir və bu da PUA-ları çoxfunksional vasitəyə çevirir. Müasir PUA-lar hətta fərdin birbaşa idarəetməsi olmadan belə tapşırıqları icra etməyə qadirdir. Əvvəlcədən seçilmiş hədəfə özü irəliləyən aparatlar, hətta mərkəzlə əlaqə və yaxud siqnal kəsildikdə geriyə bazaya dönmək qabiliyyətinə də malikdir.
PUA-ların müasir hərbi əməliyyatlardakı əsas üstünlükləri
PUA-lar ilk növbədə özünəməxsus kəşfiyyat və müşahidə imkanlarına görə seçilir. Döyüş meydanında real vaxt rejimində görüntü ötürərək qərargahlara dəqiq məlumat təqdim edir, düşmənin canlı qüvvəsini, texnikasını və müdafiə mövqelərini müəyyənləşdirirlər. Bundan əlavə, müasir silahlı PUA-lar müəyyən edilmiş hədəfləri yüksək dəqiqliklə və böyük zərbə radiusu ilə məhv edə bilir.
Digər mühüm üstünlük onların iqtisadi səmərəliliyidir. Döyüş təyyarəsinin hazırlanması, saxlanılması və pilot heyətinin yetişdirilməsi milyonlarla dollar tələb etdiyi halda, bir çox PUA platforması bundan dəfələrlə ucuz başa gəlir. Eyni zamanda, aparatın itirilməsi pilot itkisi ilə nəticələnmir ki, bu da siyasi və hərbi baxımdan mühüm üstünlük hesab edilir. Onlar hədəfi aşkar edir, zəruri məlumatları (şəxsi heyət və döyüş vasitələrinin sayı) və strateji əhəmiyyətli nöqtələrin (komanda məntəqələri, qərargah, döyüş mövqeləri) dəqiq koordinatlarını ötürür, atəş nəticələrini qiymətləndirir və zərbə dəqiqliyini artırırlar. Bu xüsusiyyət xüsusilə son illərin müharibələrində özünü açıq şəkildə göstərmişdir. Müasir döyüşlərdə PUA-lar artilleriya divizionları, piyada bölmələri və digər aidiyyatı qruplarla qarşılıqlı inteqrasiya olunmuş şəkildə də fəaliyyət göstərir.
Günümüzdə Bayraktar TB2 və MQ-9 Reaper kimi hücum dronları müasir savaşların müqəddəratını dəyişdirə bilən strateji döyüş vasitəsinə çevrilib. Modern PUA-lar kəşfiyyat, logistika, zərbələr və hətta kiberəməliyyatlarda istifadə olunur. Zərbə dronları təhlükəli tapşırıqların icrası zamanı pilotlu hərbi aviasiya vasitələrinin yerini əvəzləməyi bacarıb. Belə ki, hərbi qulluqçunun həyati riskinin minimuma endirilməsində PUA-lar böyük rol oynayır. Bundan savayı, aviasiya vasitəsinin istifadəsi ilə, dron istifadəsi arasında böyük həcmdə maddi resurs fərqi vardır ki, dronlardan istifadə dəfələrlə daha ucuz başa gəlir ki, bu da minimum xərclə maksimum nəticə deməkdir. Bu gün qiyməti minlərlə dollara bərabər olan dronlar milyonlarla dollarlıq texnikanı zərərsizləşdirir, onu istifadəyə yararsız hala salır. Bu isə müharibənin iqtisadi modelini tamamilə dəyişdirir.
Azərbaycan-Ermənistan müharibəsində PUA-ların rolu
2020-ci il sentyabr 27-dən başlamış və 44 gün davam edən Vətən müharibəmiz zamanı Azərbaycan Ordusunun arsenalında olan modern PUA-ların genişmiqyaslı istifadəsi dünya hərb tarixində ən diqqətçəkən nümunələrdən biri hesab edilir. Düzdür, haqq savaşımızdan əvvəl qardaş Türkiyə terror qruplarının məskunlaşdığı ərazilərin zərərsizləşdirilməsi zamanı, o cümlədən Yaxın Şərqdə baş verən münaqişələr zamanı da biz PUA-ların istifadəsinin şahidi olmuşuq. Lakin İkinci Qarabağ müharibəsi zamanı, pilotsuz uçuş aparatlarının vacibliyi bir daha ön plana çıxdı. Belə ki, qarşıya qoyulan tapşırıqların qısa müddətdə, canlı qüvvə itkisi olmadan həllində PUA-lar həlledici rol oynadı. Arsenalımızda olan pilotsuz uçuş aparatları idarəetmə məntəqələrimizdən idarə olunaraq düşmənin fəaliyyətini izləməklə onun məhv edilməsində birbaşa və yaxud bilavasitə iştirak etdi. Silahlanmamızda olan Bayraktar - TB2 zərbə PUA-sı və “Harop” kamikadze dronu bu müharibədə düşmənin qorxulu yuxusuna çevrilmişdi. Nəticədə Ermənistanın işğalçı qüvvələrinin hava hücumundan müdafiə qurğularının, zirehli texnikaların, orta və yaxınmənzilli raketlərin məhv edilməsində və çoxlu sayda müxtəlif təyinatlı hərbi obyektlərin, o cümlədən, xeyli canlı qüvvənin məhv edilməsinə yönələn əhəmiyyətli tapşırıqların icrasında iştirak etdi. Azərbaycan Ordusu müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə döyüş meydanında əhəmiyyətli informasiya üstünlüyü əldə etdi. Kəşfiyyat PUA-ları Ermənistan silahlı qüvvələrinin mövqelərini, mühəndis-istehkam qurğularını hərbi texnikasını, artilleriya batareyalarını və hava hücumundan müdafiə sistemlərini müəyyən edir, əldə olunan məlumatlar isə digər zərbə vasitələrinə ötürülürdü. Açıq mənbələrə görə, PUA-ların fəaliyyəti nəticəsində çoxlu sayda tank, zirehli texnika, artilleriya qurğuları və hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2020-ci il oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verərkən, müxbirin arsenalımızda olan PUA-larla bağlı ünvanlandığı sualına cavab olaraq, PUA-ların önəmini bir daha ön plana çəkdi. “...Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növüdür və dünyada cəmi bir neçə ölkə var ki, belə imkanlara malikdir. Bu da Türkiyənin həm texnoloji, həm iqtisadi, həm intellektual potensialının təzahürüdür. Əlbəttə ki, belə imkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyası mükəmməldir”.
İkinci Qarabağ müharibəsi həm də informasiya müharibəsinin yeni mərhələsini göstərdi. PUA-lardan əldə olunan yüksək keyfiyyətli görüntülər ictimaiyyətə təqdim olundu, bu isə həm daxili auditoriyaya, həm də beynəlxalq ictimai rəyə təsir göstərən mühüm informasiya vasitəsinə çevrildi. Tarixi torpaqlarımızın qarış-qarış azad olunduğu haqq savaşımızın gedişatı ilə tanış olmaq üçün, hərbi mətbuatımız çevik və operativ olaraq həmin görüntüləri ictimaiyyətə təqdim edir, göstərilən kadrlar isə bizim Böyük Qələbəyə gedən yolun yaxın olduğunu bir daha təsdiq olundu.
Pilotsuz uçuş aparatlarından danışarkən bu texnikanın psixoloji təsirini də mütləq qeyd etmək lazımdır. PUA-nın düşmən üzərində hərəkəti zamanı onun səsini eşidən düşmən müşahidə altında olduğunu dərhal anlayır ki, bu da onun fəaliyyətini düzgün təşkil etməsində maneə yaradır. Şəxsi heyət arasında isə qorxu hissinin formalaşması, onun adekvat qərar qəbuletməsinə mənfi təsir göstərir ki, bu da onu labüd məğlubiyyətə apara bilər. Zərbə dronlarının düşməsi saniyələr içində baş verdiyindən döyüş iştirakçısı nə baş verdiyini anlamağa cavab tapmamış partlayışa məruz qalır. Düşmənə qorxu yaşatmaq, psixoloji təsir göstərmək üçün PUA-lar çox güclü silah hesab oluna bilər.
Rusiya-Ukrayna münaqişəsində PUA inqilabı
Müharibənin mahiyyəti dəyişməsə də, onun xarakterindəki transformasiya mütəmadi olaraq fərqlənir. 2022-ci ildən günümüzə qədər davam edən Rusiya–Ukrayna münaqişəsi isə pilotsuz uçuş aparatlarının inkişafında və istifadəsində tamamilə yeni mərhələ yaratdı. Burada artıq söhbət yalnız iri hərbi PUA-lardan deyil, minlərlə kiçik FPV (First Person View) dronundan, kommersiya kvadrokopterlərindən və uzaqmənzilli zərbə aparatlarından gedir. FPV dronları nədir? First Person View - adından da göründüyü kimi, fərdin özünün sanki kabində təyyarə pilotu olaraq, real zaman rejimində (canlı) dronun üzərindəki kameradan gələn görüntünü xüsusi eynək və ya başqa ekranlı cihaz vasitəsi ilə izləməklə idarəetməsidir. Daha aşağı xərcli, müasir döyüş meydanında həlledici amilə çevrilən bu FPV dronlar Rusiya-Ukrayna münaqişəsində özünün daha aktiv fazasına qədəm qoydu. Hər iki tərəf arasında minlərlə dronun istifadəsi savaşın gedişatını ləngitsə də, uzunluğu min kilometrlərlə olan cəbhə xəttinin real vaxt rejimində izlənərək tam təmin edir ki, bu da şəffaf döyüş meydanı effekti yaradır. Qüvvələrin artıq səngərdə və döyüş mövqelərində təhlükəsizliyi də ikinci plana düşür ki, bu da PUA-ların izləməsi və zərbəsi nəticəsində meydana gəlib. Dövr keçdikcə hava hücumundan müdafiə üsul və vasitələrinin təkmilləşdirilməsi fonunda daha kiçik ölçülü və sürətli dronlara üstünlük verilməyə başlandı.
Müharibə göstərdi ki, elektron mübarizə artıq ən azı raketlər qədər vacibdir. GPS siqnallarının boğulması, rabitənin pozulması və pilotsuz aparatların idarəetməsinin ələ keçirilməsi müasir döyüşlərin ayrılmaz hissəsinə çevrilmişdir.
Digər münaqişələrdə PUA-ların tətbiqi
Pilotsuz uçuş aparatları yalnız yuxarıda sadalanan münaqişələrdə deyil, Yaxın Şərq və Şimali Afrikadakı münaqişələrdə də mühüm rol oynamışdır. Suriyada müxtəlif dövlətlər və silahlı qruplar kəşfiyyat, müşahidə və dəqiq zərbə məqsədilə PUA-lardan geniş istifadə etmişlər. Bu əməliyyatlar göstərdi ki, pilotsuz sistemlər şəhər döyüşlərində də yüksək effektivliyə malikdir. Liviyada tərəflər pilotsuz aparatları həm hava üstünlüyü qazanmaq, həm də düşmənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün tətbiq edirdilər. Bu münaqişə pilotsuz sistemlərin klassik döyüş aviasiyasının rolunu müəyyən qədər əvəz edə bildiyini nümayiş etdirdi. Yəməndə isə müxtəlif silahlı qruplar uzaqmənzilli PUA-larla enerji infrastrukturu və strateji obyektlərə hücumlar həyata keçirmiş, bununla da pilotsuz aparatların qeyri-dövlət aktorları üçün də ciddi imkan yaratdığı ortaya çıxmışdır.
Müasir ordular artıq xüsusi “dron qoşunları”, pilotsuz sistem operatorları və elektron mübarizə bölmələri formalaşdırırlar. Ənənəvi tank və piyada hazırlığı ilə yanaşı, pilotsuz aparat operatorlarının hazırlanması da əsas prioritetlərdən birinə çevrilmişdir.
Süni intellekt texnologiyalarının inkişafı nəticəsində gələcək PUA-ların operator müdaxiləsi olmadan hədəf aşkarlaması, marşrut seçməsi və koordinasiyalı qrup halında fəaliyyət göstərməsi gözlənilir.
Modern dövrdə dronların istifadəsində seçilmiş perspektivli istiqamətlərdən biri də onların qrup və ya sürü şəklində istifadə olunmasıdır. Dron sürüsü bir neçə PUA-nın eyni anda koordinasiyalı şəkildə qrup fəaliyyəti göstərməsidir. Bu ümumi fəaliyyət tək operator və ya əvvəlcədən proqramlaşdırılmış süni intellekt tərəfindən də icra oluna bilər. Tapşırıqlar müxtəlif təyinatlı ola bilər - kəşfiyyat, müşahidə və s. Yaxın Şərq ölkələri və Rusiya-Ukrayna münaqişələrində dron sürülərinin iştirakının şahidi olmaq mümkündür.
Nəticə
Pilotsuz uçuş aparatları müasir hərb sənətində inqilabi dəyişiklik yaradaraq döyüşlərin planlaşdırılması, idarə olunması və icrası üsullarını kökündən dəyişdirmişdir. Azərbaycan-Ermənistan münaqişəsi PUA-ların operativ və taktiki səviyyədə nə qədər həlledici rol oynaya bildiyini nümayiş etdirdi. Son illərdəki müharibələr isə bu texnologiyanın daha da inkişaf edərək kütləvi istehsal, süni intellekt, elektron mübarizə və uzaqmənzilli zərbə imkanları ilə yeni mərhələyə keçdiyini göstərdi.
Bugünkü reallıq ondan ibarətdir ki, gələcəyin orduları yalnız tank, artilleriya və döyüş təyyarələri ilə deyil, minlərlə pilotsuz uçuş aparatı, güclü elektron mübarizə sistemləri və süni intellekt əsaslı idarəetmə şəbəkələri ilə üstünlük qazanacaqlar. Buna görə də PUA-lar artıq sadəcə yeni texnologiya deyil, müasir hərbi gücün ayrılmaz komponenti hesab olunur.
Fuad CƏFƏROV
“Azərbaycan Ordusu”