AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Təqvim 1898-ci il avqustun 2-ni göstərir. Fotoqraf Aleksandr Mişon Bakıda “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi” süjetlərini lentə alır. Bəlkə də, bu qısa lentlərin sonradan böyük bir kino məktəbinin bünövrəsinə çevriləcəyi haqda təsəvvürü belə yoxdu... 128 illik tarixi olan qədim məktəb...
Ümumilikdə, kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildə meydana gələn kino o dövrün bütün texniki yeniliklərdən daha çox bəşəriyyətin diqqətini çəkdi. Buna qədər kinoya yaxınlaşan müxtəlif komponentlər (fonoqraf, fotoqraf, kinetoskop) kəşf edilsə də, onların cəmindən yaranan və bütün dünyanı təəccübləndirən sinematoqraf Oqüst və Lümyer qardaşlarının adı ilə bağlıdır. 1895-ci il martın 22-də Lui Lümyer “Lümyerin Monplezir və Liondakı fabrikindən fəhlələrin çıxması” kadrını tamaşaçılara göstərdi. Dekabrın 28-də isə kinonun nadir və maraqlı tapıntı olduğunu tamaşaçılarına sübut etmək məqsədilə qardaşı Oqüstlə birlikdə Parisin Kapusinov bulvarında ictimai baxış təşkil etdi. Bu kino seansı tamaşaçıların bəşər tarixində gördüyü təəccüblü və sensasiyalı bir baxış idi. Həmin gün dünya kinosunun yaranması kimi tarixə düşdü. Beləliklə, kino XIX əsr imperialist epoxasında, kapitalist cəmiyyətində yaranan burjua mühitinin yeni bir əyləncə vasitəsi kimi qəbul edildi. Bəzən bir kadr, bir baxış, bir cümlə insanın yaddaşında illərlə yaşayır. Elə bu səbəbdən, kino təkcə əyləncə vasitəsi yox, həm də dərin psixoloji təsir aləti hesab oluna bilər. Filmlər həm də xalqın tarixi, xarakteri, ağrıları, sevincləri və qəhrəmanlıq salnaməsini qeydə alan və özündə saxlayan arxivdir. Buna görə də Azərbaycan kinosunun inkişaf tarixi milli kimliyimizin formalaşması ilə yanaşı addımlayıb. Müharibələrin, zəfərlərin, itkilərin və insan talelərinin ən təsirli ifadə vasitələrindən biri də elə kino olub.
Milli kinomuz bir əsrdən artıq tarixində yüzlərlə ekran əsəri yaradıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub. 1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. Dramaturq Cəfər Cabbarlının adını daşıyan “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və başqaları beynəlxalq və digər kinofestivalların müxtəlif mükafatlarına layiq görülüb.
“Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Uzaq sahillərdə”, “Nəsimi”, “Babək”, “Fəryad” kimi filmlər müxtəlif dövrlərin qəhrəmanlıq ruhunu, Vətən sevgisini və insan xarakterini fərqli rakurslardan nümayiş etdirib. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan kinosunda hərb mövzusu həmişə xüsusi yer tutub. “Uzaq sahillərdə” filmi Mehdi Hüseynzadənin əfsanəvi döyüş yolunu milyonlarla tamaşaçıya tanıdıb. Film təkcə SSRİ məkanında deyil, bir sıra xarici ölkələrdə də nümayiş etdirilib və qəhrəman kəşfiyyatçının obrazını nəsillərin yaddaşına həkk edib. “Babək” filmi isə azadlıq uğrunda mübarizənin bədii ifadəsinə çevrilib. Tarixi faktlarla bədii təsvirin vəhdəti ilə bu ekran əsəri milli kino tariximizin ən möhtəşəm filmlərindən biridir. Birinci Qarabağ müharibəsindən sonra çəkilən “Fəryad”, “Haray”, “Dolu”, “Xoca”, “13” kimi filmlər isə müasir tariximizin ağrılarını ekrana gətirdi. Bu filmlər təkcə döyüş səhnələrini deyil, müharibənin insan talelərində buraxdığı izləri də nümayiş etdirdi. Xüsusilə “Fəryad” əsirlikdə olan azərbaycanlı zabitin taleyi üzərindən Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışdı.
Bu gün müasir Azərbaycan Ordusu haqqında yeni filmlərin və sənədli ekran əsərlərinin çəkilməsi artıq zamanın tələbidir. Vətən müharibəsində qazanılan Zəfər, antiterror əməliyyatı, hərbçilərimizin gündəlik xidməti və qəhrəmanlıq salnaməsi gələcək nəsillərə məhz kino dili ilə daha təsirli çatdırıla bilər. Çünki bəzən bir filmin yaratdığı təsir başqa heç bir vasitənin verə bilmədiyi emosiyanı yaradır. Ekran dəyişir, texnologiya yenilənir, nəsillər əvəzlənir. Amma yaxşı kino həmişə olduğu kimi insanı düşündürür, ruhlandırır və Vətənə daha möhkəm bağlayır.
Tamilla HÜSEYNLİ
“Azərbaycan Ordusu”