AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və peşəkar hərbi kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər son illərdə öz bəhrəsini verir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra əldə olunan döyüş təcrübəsinin öyrənilməsi və Azərbaycan Ordusunun qarşısında dayanan yeni vəzifələrə uyğunlaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirilib. Aparılan islahatların mühüm istiqamətlərindən biri hərbi təhsil sisteminin müasir tələblər əsasında yenidən qurulmasıdır. Çünki güclü ordunun formalaşması yalnız müasir silah və texnikanın mövcudluğu ilə deyil, həmin imkanlardan peşəkar şəkildə istifadə edə bilən, yüksək hazırlıqlı, savadlı və müasir düşüncəli hərbi qulluqçuların yetişdirilməsi ilə bilavasitə bağlıdır. Bu baxımdan hərbi təhsil sisteminin təkmilləşdirilməsi, kadr hazırlığının vahid sistem daxilində təşkili Azərbaycan Ordusunun inkişaf strategiyasında mühüm yer tutur. Bu istiqamətdə atılmış ən mühüm addımlardan biri Milli Müdafiə Universitetinin yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 5 mart 2022-ci il tarixli, müvafiq Fərmanı ilə Milli Müdafiə Universiteti (MMU) yaradılıb. Universitetin yaradılması ilə hərbi təhsil, hərbi elm və kadr hazırlığının daha səmərəli və vahid idarəetmə mexanizmi əsasında təşkil olunması üçün mühüm institusional əsas formalaşdırılıb. Milli Müdafiə Universiteti hazırda Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Universitetin tabeliyində Heydər Əliyev adına Hərbi İnstitut, Hərbi İdarəetmə İnstitutu, Hərbi Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey və digər hərbi təhsil müəssisələri fəaliyyət göstərir. Hərbi təhsilin orta ixtisas pilləsinin inkişaf etdirilməsi də diqqətdən kənarda qalmayıb. Milli Müdafiə Universitetinin tabeliyində Bakı, Gəncə və Naxçıvan Hərbi Kolleclərinin yaradılması ilə hərbi təhsilin müxtəlif pillələrini əhatə edən vahid sistemin formalaşdırılması istiqamətində daha bir mühüm addım atılıb. Beləliklə, hərbi təhsil sistemi gənclərin ilkin hazırlığından başlayaraq orta ixtisas, ali təhsil, magistratura, əlavə təhsil və elmi kadr hazırlığınadək geniş imkanları özündə birləşdirən ardıcıl mexanizmə çevrilib.
MMU-da tədris prosesi də müasir yanaşmalar əsasında qurulur. Burada kursantların yalnız nəzəri biliklərə yiyələnməsi deyil, praktiki hazırlığının artırılması, xarici dil biliklərinin inkişaf etdirilməsi, liderlik və idarəetmə bacarıqlarının formalaşdırılması, müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi əsas istiqamətlərdəndir. Kursantların beynəlxalq hərbi təhsil müəssisələrində təhsil və təlim proqramlarında iştirakı isə onların dünyagörüşünün və peşəkar hazırlığının daha da zənginləşdirilməsinə xidmət edir. Bütün bunlar hərbi sahəyə maraq göstərən gənclərin MMU-ya diqqətinin artmasına səbəb olan əsas amillərdəndir. Bu gün universitetdə müxtəlif istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir. Heydər Əliyev adına Hərbi İnstitutda bakalavriat səviyyəsində, hərbi kolleclərdə orta ixtisas səviyyəsində, digər struktur bölmələrində isə müxtəlif səviyyələr üzrə hərbi təhsil və hazırlıq imkanları təqdim olunur.
Məhz belə bir dövrdə gənclərin hərbi təhsil imkanları ilə yaxından tanış olması baxımından keçirilən sərgilərin əhəmiyyəti böyükdür. Belə sərgilərdən biri Dövlət İmtahan Mərkəzində keçirildi.
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində MMU-nun stendi ilə yaxından tanış olduq. Sərgi Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilirdi. Tədbirdə müxtəlif dövlət və özəl ali təhsil müəssisələri ilə yanaşı, Milli Müdafiə Universiteti də öz imkanlarını təqdim edirdi. Sərginin keçirilməsində əsas məqsəd ali məktəblərin abituriyentlərə təqdim etdiyi təhsil imkanları, ixtisaslar, qəbul qaydaları və digər məsələlər barədə gəncləri məlumatlandırmaqdır. Bu baxımdan MMU-nun sərgidə iştirakı hərbi təhsil almaq istəyən gənclər üçün xüsusi əhəmiyyət daşıyırdı. Sərgi salonunda ali təhsil müəssisələrinin bir-birindən fərqli stendləri arasında Milli Müdafiə Universitetinin təqdimatı da iştirakçıların diqqətini cəlb edirdi. Stendə yaxınlaşan gənclər və valideynlər universitetin təhsil imkanları, qəbul prosesi, ixtisaslar, kursantların tədris və praktiki hazırlığı, sosial-məişət şəraiti barədə ətraflı məlumat əldə edirdilər. MMU-nun nümayəndə heyəti də öz təcrübələrini bölüşür və gəncləri maraqlandıran sualları cavablandırırdılar.
Stenddə həmsöhbət olduğumuz kursantlardan biri Əhmədov Rəvan Mürvət oğludur. 2006-cı il təvəllüdlü kursant Əhmədov Rəvan 2021-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub, 2023-cü ildə həmin təhsil müəssisəsini bitirib və elə həmin il Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almağa başlayıb. Hazırda “Avtomatlaşdırılmış idarəetmə sistemi” ixtisası üzrə təhsil alır. Kursant Əhmədov Rəvanla söhbət zamanı onun seçdiyi peşəyə münasibətində xüsusi bir inam hiss olunurdu. O, uşaqlıqdan hərbi sahəyə marağının olduğunu və bu gün özünü arzuladığı yerdə gördüyünü bildirərək dedi: “Uşaqlıqdan hərbi sahəyə marağım olub. Bu gün burada Milli Müdafiə Universitetini təmsil etmək mənim üçün çox qürurverici hissdir. Mən hazırda arzu etdiyim təhsil müəssisəsindəyəm. MMU-nun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ənənəvi dərslərlə yanaşı, xarici dil biliklərimizi də təkmilləşdiririk. Müxtəlif xarici ölkələrə səfərlərə, yarışlara və tədbirlərə göndərilirik. Bu, bizim üçün həm maraqlı, həm də böyük təcrübədir. Sosial-məişət şəraitimiz və təminatlarımız da yüksək səviyyədədir. Bir sözlə, dövlətimiz bizim üçün hər cür şərait yaradıb. İnanıram ki, aldığım hərbi təhsillə gələcəkdə peşəkar zabitlərdən olacağam”.
Gənc kursantın da vurğuladığı kimi hərbi təhsil alan gənclərə həm hərb sənətinin sirləri öyrədilir, həm də onların xarici dil bilikləri inkişaf etdirilir. Eləcə də, ölkə daxilində və xaricində müxtəlif tədbirlərdə və yarışlarda iştirak edirlər ki, bu da kursantların dünya görüşünün, intellektual səviyyələrinin artırılmasına və onların hərtərəfli inkişaf etməsinə xidmət edir.
MMU-nun stendində görüşdüyümüz digər kursant Ağayeva Xədicə İlham qızı da uşaqlıqdan hərbçi olmaq arzusunda olduğunu bildirdi. Onun üçün hərbi forma yalnız geyim deyil, seçdiyi peşəyə və Vətənə xidmətə münasibətin ifadəsidir. Həmçinin o qeyd etdi ki, yenidən xanımların kursant ola bilməsi sevindirici haldır. “Uşaqlıqdan hərbçi olmaq istəmişəm. Hərbi mundiri geyinmək mənim üçün şərəfdir. Bu gün öz istədiyim peşəni seçərək arzularımın arxasınca getmişəm. Hərbi peşəsini seçmək istəyən xanımlara da tam əminliklə deyə bilərəm ki, seçimlərində yanılmayacaqlar. Burada bir gəncin hərtərəfli inkişaf etməsi üçün arzuolunan şərait yaradılıb. Peşəkar müəllim heyəti bizə ənənəvi dərslərlə yanaşı, praktiki məşğələlər də keçir. Hər bir kursantın şəxsi inkişafı, qayğıları diqqət mərkəzində saxlanılır. İnanıram ki, təhsilimi uğurla başa vuraraq gələcəkdə xidmətimi uğurla davam etdirəcəyəm”.
Müsahibim Xədicə Ağayevanın fikirlərini, gənc xanımların hərbi təhsilə olan marağının da artdığını göstərir. Onun seçdiyi yol həm şəxsi arzusunun, həm də hərbi sahədə özünü görən gənclər üçün yaradılan imkanların nəticəsidir.
Sərgidə MMU-nu təmsil edən kursantlardan biri də Vəlicanova Nəzrin Sahil qızıdır. 2008-ci il təvəllüdlü kursant Nəzrin Vəlicanova 2025-ci ildə Hərbi instituta qəbul olunub. Söhbət zamanı gənc kursantın təhsil aldığı müəssisəyə böyük rəğbət bəslədiyi aydın hiss olunurdu. Dövlət İmtahan Mərkəzinin keçirdiyi sərgidə Milli Müdafiə Universitetini qürurla təmsil etdiyini bildirən Nəzrin, bildirdi ki, gənclərlə görüşmək, onlara hərbi təhsilimiz haqqında məlumat vermək mənim üçün çox sevindirici və fərəhləndiricidir.
Sərgidə kursantlarla yanaşı, təcrübəli hərbi qulluqçular və pedaqoji heyətin nümayəndələri də iştirak edirdilər. Həmsöhbətim zabit Axundov Əzim Kənan oğlu 2010-2013-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2013-2017-ci illərdə isə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. İxtisasca “pilot” olan hərbi qulluqçu xidmət illərində müxtəlif beynəlxalq təhsil və təlim proqramlarında iştirak edib. O, Pakistan Hərbi Hava Qüvvələri Akademiyasında təhsil alıb. Almaniyada NATO təlimatçı kursunu, NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi (DEEP) distant təhsil proqramını uğurla başa vurub. Eyni zamanda, ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə magistr dərəcəsi əldə edib. Zabit Əzim Axundov kursantların ilkin uçuş hazırlığının keçirilməsində iştirak edir. Onun müxtəlif ölkələrdə əldə etdiyi təhsil və təlim təcrübəsinin gənc kursantlara ötürülməsi hərbi təhsildə praktiki təcrübə ilə nəzəri biliklərin vəhdətinin əhəmiyyətini göstərir.
Sərgidə MMU-nun stendinə maraq göstərənlərdən Nəcəfzadə Zeynəb Rauf qızı və anası Nəcəfova Sədaqət Məmmədəli qızının düşüncələrini qeyd etdik.
Onlar bu təhsil ocağının stendinin xüsusi diqqət cəlb etdiyini bildirdi: “Kursant və zabitlərin keçdiyi dərslər və təlimlərlə bağlı nümayiş etdirilən görüntülər bizi çox sevindirdi. Qardaşım da Milli Müdafiə Universiteti haqqında çox maraqlanırdı. Elə burada MMU-nun nümayəndələrindən onun üçün ətraflı məlumat aldım. Təhsil prosesi, yaradılan şərait və qəbul imkanları barədə bizi maraqlandıran suallara cavab verdilər. İnşallah, gələn il qardaşımı Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisəsində görmək istəyərdim”.
İştirakçı Sədaqət Nəcəfova da sərginin valideynlər üçün əhəmiyyətini vurğulayaraq övladlarının gələcək peşə seçimində belə təqdimatların mühüm rol oynadığını bildirdi. Onun fikrincə, gənclərin təhsil müəssisələri ilə birbaşa tanış olması və suallarına yerindəcə cavab alması düzgün seçim baxımından əhəmiyyətlidir.
Sərginin digər iştirakçısı İslamov Mehman Faiq oğlu da MMU-nun təqdimatına maraq göstərənlərdən idi. O, ordumuzun inkişafı ilə yanaşı, hərbi təhsil sistemində yaradılan imkanların da diqqətçəkici olduğunu bildirdi: “Qalib və rəşadətli ordumuzun təhsil sisteminin belə yüksək səviyyədə inkişafını görmək çox qürurvericidir. Milli Müdafiə Universitetinin stendinə yaxınlaşaraq oğlum üçün məlumat aldım. İnşallah, oğlumu da gələcəkdə hərbi təhsil müəssisəsində kursant kimi görmək istəyirəm. O, Hərbi Hava Qüvvələrində xidmət etmək istəyir. Çünki hərbi aviasiyanı çox sevir. Burada bizə ətraflı məlumat verdilər. MMU-nun kollektivinə göstərdikləri diqqət və verdikləri ətraflı məlumat üçün təşəkkür edirəm”.
Bu fikirlər bir daha göstərirdi ki, hərbi təhsil artıq yalnız hərbi sahəyə xüsusi marağı olan gənclərin deyil, övladının gələcəyini bu sahədə görən valideynlərin də diqqət mərkəzindədir. Dövlət İmtahan Mərkəzində keçirilən sərgi gənclərin gələcək seçimləri ilə bağlı mühüm məlumatlar əldə etməsinə, müxtəlif təhsil müəssisələrinin imkanlarını müqayisə etməsinə və qarşılarına qoyduqları məqsədləri daha dəqiq müəyyənləşdirməsinə şərait yaradır. Milli Müdafiə Universitetinin burada təqdim olunması isə hərbi təhsil sistemində yaradılan yeni imkanların geniş ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Ordusunun qarşısında dayanan əsas vəzifələrdən biri də yüksək biliyə, peşəkarlığa, idarəçilik və liderlik bacarıqlarına malik hərbi qulluqçuların hazırlanmasıdır. Bu vəzifənin yerinə yetirilməsində hərbi təhsil sisteminin üzərinə böyük məsuliyyət düşür. Milli Müdafiə Universitetinin fəaliyyəti də məhz bu məqsədə xidmət edir. Burada formalaşan yeni təhsil mühiti, müasir tədris imkanları, praktiki hazırlıq, xarici dil biliklərinin inkişaf etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və kursantların hərtərəfli inkişafına göstərilən diqqət gələcəyin peşəkar hərbi kadrlarının hazırlanmasına hesablanıb.
Sərgidə görüşdüyümüz kursantların fikirlərində də eyni məqsədin müxtəlif ifadələrini eşitdik. Onların biri uşaqlıq arzusundan, digəri hərbi formanı daşımağın verdiyi qürurdan, başqası isə gələcəkdə uğurlu zabit olmaq istəyindən danışdı. Valideynlərin fikirlərində isə övladlarının Vətənə layiqli xidmət edən, savadlı və peşəkar hərbi qulluqçu kimi yetişməsi arzusu ön plana çıxdı.
Bu mənzərə bir daha təsdiqləyirdi ki, hərbi təhsil Azərbaycan Ordusunun gələcəyinin formalaşdırılmasında mühüm amillərdən biridir. Bu gün auditoriyalarda, təlim meydanlarında və təhsil müəssisələrində öz peşəsinə hazırlanan gənclər sabah Azərbaycan Ordusunun müxtəlif bölmələrində xidmət edəcəklər. Onların bilik və bacarığı, peşəkarlığı, intizamı və Vətənə sədaqəti ordumuzun gələcək gücünün əsas göstəricilərindən olacaq. Milli Müdafiə Universitetində yaradılan təhsil mühiti isə bu böyük məqsədə doğru atılan mühüm addımlardan biridir. Dövlət İmtahan Mərkəzindəki sərgidə MMU-nun təqdimatı da iştirakçılara məhz bu həqiqəti çatdırır: güclü ordunun gələcəyi güclü təhsildən, güclü təhsil isə savadlı, məqsədli və Vətənə bağlı gənclərdən başlayır.
Emil MURADLI
“Azərbaycan Ordusu”