AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunun döyüş hazırlığı dövlətimizin müdafiə qüdrətinin möhkəmləndirilməsində əsas amillərdən biridir. Müasir dövrün hərbi çağırışları ordudan yüksək peşəkarlıq, çeviklik və qətiyyət tələb etdiyindən şəxsi heyətin hazırlıq səviyyəsi daim diqqət mərkəzində saxlanılır. Planlı şəkildə təşkil olunan təlimlərdə hərbi qulluqçuların nəzəri bilikləri və praktiki vərdişləri təkmilləşdirilir, mürəkkəb şəraitdə düzgün qərarqəbuletmə qabiliyyəti formalaşdırılır. Məşğələlərdə müasir silah və texnikanın səmərəli tətbiqinə xüsusi yer verilməsi, komandirlərin idarəetmə bacarıqlarını artırmaqla yanaşı, verilən tapşırıqları yüksək səviyyədə icra etməyə hazır olduğunu nümayiş etdirir.
Bu davamlı inkişaf prosesi Azərbaycan Ordusunun hərbi potensialını sistemli şəkildə gücləndirir. Təlimlər zamanı real döyüş şəraitinə yaxın mühit yaradılaraq hərbi qulluqçuların fiziki dözümlülüyü, taktiki düşüncəsi və mənəvi-psixoloji dayanıqlığı kompleks şəkildə inkişaf etdirilir. Qarşılıqlı koordinasiya və çevik manevr vərdişlərinin modern texnologiyaların tətbiqi ilə birlikdə möhkəmləndirilməsi hazırlıq prosesinin keyfiyyətini gözlə görüləcək dərəcədə yüksəldir. Komandir heyətinin planlaşdırma təcrübəsi isə hərbi qulluqçuların üzərinə düşən vəzifələri inamla yerinə yetirməsinə zəmin yaradır.
Mütəmadi olaraq keçirilən təlim proqramları həm də müxtəlif qoşun növlərinin birgə fəaliyyətini praktiki olaraq sınaqdan keçirməyə imkan verir. Müasir döyüş əməliyyatlarının tələbləri nəzərə alınmaqla keçirilən bu məşğələlər şəxsi heyətin intizamını, məsuliyyət hissini və döyüş əzmini artırır. Müasir silah və hərbi texnikadan səmərəli istifadə vərdişlərinin aşılanması ordunun operativ imkanlarını genişləndirərək istənilən şəraitdə çevik və qətiyyətli addımlar atmasını təmin edir.
Mürəkkəb ssenarilər üzrə aparılan hazırlıq tədbirləri vahid plan əsasında icra olunaraq şəxsi heyətin fəaliyyətini tam əlaqələndirir. Döyüş vərdişlərinin ardıcıl təkmilləşdirilməsi və yeni yanaşmaların tətbiqi ordunun ümumi gücünü və etibarlılığını möhkəmləndirir. Təlimlərdə qazanılan zəngin praktiki biliklər real döyüş meydanında uğurlu nəticələrin əldə edilməsinə xidmət edən əsas dayaq kimi çıxış edir.
Döyüş bacarıqları ilə yanaşı, Azərbaycan Ordusunun şəxsi heyətinin vətənpərvərlik ruhu və milli dəyərlərə bağlılığı müdafiə qüdrətimizin əsasını təşkil edir. Dövlətçilik ənənələrinə sadiqlik, Hərbi And və yüksək mənəvi iradə hər bir hərbi qulluqçunun xidməti vəzifəsini məsuliyyətlə icra etməsini şərtləndirir. Hərbi intizam və qarşılıqlı etimad mühiti çətin şəraitdə belə tapşırıqların qətiyyətlə yerinə yetirilməsinə zəmin yaradır.
Hazırlıq prosesində zabit heyətinin peşəkarlığı və idarəetmə bacarıqları da mühüm rol oynayır. Zabitlər öz bilik və zəngin təcrübələrini tabeliyində olan şəxsi heyətə aşılayaraq orduda təşkilatçılığın və komanda ruhunun yüksəlməsini təmin edirlər. Mürəkkəb şəraitdə dəqiq rəhbərlik və çevik qərarvermə qabiliyyəti nümayiş etdirən komandir heyəti şəxsi heyətdə inam və qələbə əzmini daha da möhkəmləndirir.
Məhz bu məqsədyönlü hazırlıq tədbirləri, yüksək vətənpərvərlik ruhu və komandir heyətinin peşəkar idarəetməsi 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında həlledici amil oldu. Uzun illər ərzində mənimsənilən döyüş bacarıqları real əməliyyat şəraitində özünü doğrultdu və yeni silahlardan səmərəli istifadə olunması əməliyyatların uğurunu təmin etdi. Azərbaycan Ordusu hərbi intizam və çevik koordinasiya sayəsində qarşıya qoyulan bütün tapşırıqları fədakarlıqla icra edərək gücünü bütün dünyaya nümayiş etdirdi.
Qazanılan Qələbə xalqın birliyi, dövlətin qətiyyətli siyasəti və ordunun sarsılmaz iradəsinin parlaq təcəssümünə çevrildi. Hər bir əməliyyatın dəqiq planlaşdırılması işğal altındakı torpaqlarımızın azad olunmasını təmin etməklə yanaşı, ordu quruculuğu sahəsində görülən işlərin nə dərəcədə səmərəli olduğunu göstərdi.
Bu tarixi zəfər yolu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq başlayan əks-hücum əməliyyatları ilə start götürdü. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddətdə strateji yüksəklikləri nəzarətə götürdü, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini və Hadrut qəsəbəsini işğaldan azad etdi. Müharibənin zirvə nöqtəsi olan Şuşanın azad olunması düşmənin müqavimətini tamamilə sarsıtdı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Müharibənin gedişində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın və ordunun haqq işini beynəlxalq müstəvidə inamla müdafiə etdi. Dövlət başçısının qətiyyətli bəyanatları və “Qarabağ Azərbaycandır!” nidası milli həmrəyliyin və qələbə əzminin simvoluna çevrildi. Ali Baş Komandanın uzaqgörən rəhbərliyi, ordumuzun peşəkarlığı və xalqın birliyi tarixi Zəfəri şərtləndirən başlıca sütunlar oldu.
44 gün davam edən hərbi əməliyyatların uğurla başa çatması illərdir gözlənilən ədalətin bərpası idi. Azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması xalqımıza sonsuz qürur bəxş etdi. Bu Zəfər Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifəsi kimi milli birliyimizi daha da möhkəmləndirdi.
Tarixi Qələbənin təntənəli göstəricisi olaraq 2020-ci il dekabrın 10-da Bakı şəhərində Zəfər Paradı keçirildi. Parad zamanı çıxış edən Ali Baş Komandan İlham Əliyev hərbçilərin şücaətini yüksək qiymətləndirərək "Dəmir yumruq yerindədir" mesajı ilə dövlətimizin qüdrətini və sarsılmaz iradəsini bir daha bəyan etdi. Nümayiş olunan hərbi texnika ordunun yüksək hazırlığını və qalib xalqın qürurunu bütün dünyaya göstərdi.
Bununla belə, müharibədən sonra sülhün təmin olunması istiqamətində addımlar atılsa da, Ermənistan tərəfi və qanunsuz erməni silahlı dəstələri yaranmış yeni reallıqları qəbul etməyərək təxribatlarını davam etdirdilər. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq 2022-ci ilin avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Bu təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdilər.
Hərbi qulluqçumuzun şəhid olması və qanunsuz birləşmələrin təxribatçı cəhdləri Azərbaycan Ordusunu dərhal adekvat addımlar atmağa vadar etdi. Keçirilən “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi, bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi.
Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır və həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması, qanunsuz silahlıların tərksilah edilməsi mütləq şəkildə labüddür. Və Müdafiə Nazirliyi bəyan etdi ki, Azərbaycan Respublikasının Konstitusiyanı rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks-cavab tədbirləri daha da sarsıdıcı olacaq.
Regionda tam təhlükəsizliyin təmin olunması və qanunsuz hərbi varlığın yekun olaraq aradan qaldırılması üçün növbəti qətiyyətli addım atıldı. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu Qarabağda konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başladı. Yalnız legitim hərbi hədəflərin dəqiq zərbələrlə sıradan çıxarıldığı bu əməliyyat nəticəsində qarşı tərəf qısa zamanda silahı yere qoymağa məcbur oldu.
Antiterror əməliyyatının uğurla tamamlanması ilə Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini ölkənin bütün ərazisində tam bərpa etdi. Suverenliyimizin tam bərqərar olunması 44 günlük Vətən müharibəsinin məntiqi yekunu olaraq tariximizə həkk olundu və gələcək nəsillər üçün milli qürur rəmzinə çevrildi.
Ərazi bütövlüyümüzün tam təmin edilməsinin ardınca Xankəndi şəhərində keçirilən Zəfər Paradı müasir tariximizin ən yadda qalan hadisələrindən biri oldu. Dövlət bayrağımızın Xankəndidə qürurla dalğalanması və hərbi qulluqçuların nizamlı keçidi dövlətimizin gücünü və yeni inkişaf dövrünün başladığını simvolizə etdi.
Parad zamanı çıxış edən Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının öz missiyasını şərəflə yerinə yetirdiyini bildirərək “Biz qalib xalqıq, qalib dövlətik və bu gün bu Qələbəni öz doğma torpağımızda qeyd edirik” fikri ilə Zəfərin əhəmiyyətini bəyan etdi. Şəhidlərimizin xatirəsinin əbədi yaşayacağını vurğulayan dövlət başçısı milli birliyin və güclü ordunun dövlətçiliyin əsas dayaqları olduğunu diqqətə çatdırdı. Beləliklə, Azərbaycan Ordusunun keçdiyi şərəfli yol dövlətimizin qüdrətini və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirən parlaq tarixi nailiyyətlə tamamlandı.
Əli ABIYEV
“Azərbaycan Ordusu”