Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 2026 19:57

Azərbaycan dili bizim milli sərvətimizdir

Ümummilli Lider Heydər ƏLİYEV:
“Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb”.

2001-ci ildən bu günədək 25 ildir ki, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultaydan düz 100 il ötür. Bu əlamətdar yubiley münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 29 iyun-3 iyul tarixlərində Bakı şəhərində “Türk Dünyası Həftəsi” keçirilib və elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini özündə əks etdirən “Xankəndi Bəyannaməsi” qəbul edilib.
Türk dilləri ailəsinin Oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi uzaq keçmişlərə söykənir. Ayrı-ayrı türk boylarının ümumi ünsiyyət vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dilinə çevrilmişdir.
Qədim mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. 
Əsrlər boyu Azərbaycan ərazisi müxtəlif imperiyaların tərkibində və ya təsir dairəsində olmuşdur. İslamın qəbulundan sonra ərəb dili din və elm, fars dili isə uzun müddət poeziya və saray dili rolunu oynamışdır. Azərbaycan dili tarixi boyu müxtəlif siyasi təzyiqlərə, assimiliyasiya cəhdlərinə və əlifba dəyişikliklərinə məruz qalsa da, öz milli kimliyini və zənginliyini qoruyub saxlaya bilmişdir. Bu, Azərbaycan dilinin lüğət tərkibinə ciddi təsir etsə də, dilin qrammatik əsasını sarsıda bilməmişdir. XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dilinin mövqeyi möhkəmlənərək rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. Şah İsmayılın 23 iyun 1512-ci il tarixinə aid fərmanı Azərbaycan dilində verilmiş ilk dövlət fərmanıdır. Azərbaycan dili Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət davam edə bilməmişdir. Günümüzə qədər Səfəvilər dövrünə aid edilən Azərbaycan dilində yazılmış 11 sənəd aşkar edilmişdir. Bu da Səfəvi dövlətinin bütün hakimiyyəti boyunca Azərbaycan dilinin dövlətlərarası yazışmada işlənildiyini sübut edir. Bir çox sənədin üzə çıxarılmadığı da güman edilir. Aşkar edilən sənədlərin xarici ölkə arxivlərindən və ya xarici ölkələrdəki muzey, şəxsi kitabxana və s. kimi yerlərdən tapılması yeni sənədlərin aşkar edilməsi prosesini çətinləşdirir. 
Müstəqil dövlətin mühüm atributlarından olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Bu qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrin başında duranlara dövlət dilini lazımi səviyyədə öyrənənədək, hökumət müəssisələrində rus dilinin də işlənməsinə yol verilirdi. Lakin bu real şəraitdən doğan müvəqqəti tədbir olmuş və yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdur. 1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyəti hərb (hərbiyyə) naziri Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan-türk dili orduda da dövlət dili olaraq qəbul edilmişdir. Hökumət 1919-cu ilin fevral ayında Azərbaycan Milli Ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdir. 
Bugünkü gün də Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ana dilinin tətbiqi milli mənliyin, dövlətçilik ənənələrinin və vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir. Hərbi Nizamnamələr, əmrlər və sərəncamlar yalnız Azərbaycan dilində tərtib olunur və icra edilir. Dilin dəqiq və aydın tətbiqi, döyüş tapşırıqlarının heç bir anlaşılmazlıq olmadan, vaxtında və düzgün yerinə yetirilməsini təmin edir. Əsgərlərin Azərbaycan dilində hərbi andiçməsi, hərbi hissələrdə Dövlət Himninin oxunması və milli qəhrəmanlarımızın şücaətlərinin ana dilində təbliğ edilməsi şəxsi heyətdə güclü vətənpərvərlik hissi formalaşdırır. Müasir Azərbaycan Ordusu inkişaf etdikcə, hərbi terminologiyamız da zənginləşir. Yad sözlərin və rus dilindən qalan köhnə hərbi qəliblərin təmizlənməsi, yerinə sırf Azərbaycan mənşəli hərbi terminlərin (bölük, taqım, manqa və s.) möhkəmlənməsi dilimizin hərbi qüdrətini göstərir. 
Sovet İttifaqı daxilində bütün türk xalqlarının əlifbasının rus qrafikasına uyğunlaşdırılması siyasəti xalqların milli özünüdərk prosesinin qarşısını almaq və onları mərkəzə daha çox bağlamaq məqsədi güdürdü. XIX əsrdə Azərbaycanın şimalının Çar Rusiyasına birləşdirilməsindən sonra ciddi ruslaşdırma siyasəti başladı. Dövlət idarələrində və rəsmi yazışmalarda ana dili sıxışdırıldı. Rus dili “ittifaq dili” kimi ön plana çıxarıldı, ana dili isə məişət səviyyəsinə endirilməyə çalışıldı. Lakin M.F.Axundzadə, H.Zərdabi kimi ziyalıların fədakarlığı sayəsində milli mətbuat (“Əkinçi” qəzeti) və teatr vasitəsilə dil qorundu və inkişaf etdirildi. Dilin saflığı və milli haqları uğrunda mübarizə aparan Mikayıl Müşfiq, Hüseyn Cavid, Salman Mümtaz kimi onlarla ziyalı “pantürkist” damğası ilə güllələndi və ya sürgün edildi. 
Azərbaycan ədəbi dilinin tarixində ən ağır sınaqları və yeni mərhələ sovet hakimiyyəti illərinə təsadüf edir. Cəmi bir neçə onillik ərzində xalqın əlifbası üç dəfə dəyişdirildi. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə 1922-ci ildə Əlifba Komitəsi yaradıldı. Həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib edilməsi tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi. 
1929-cu ildə ərəb qrafikasından latın, 1939-cu ildə isə Stalinin latın qrafikalı əlifbadan kiril əlifbası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərarı ilə qəfil kiril qrafikasına keçid oldu. Bu, həmin nəslin bir gecədə “savadsız” qalmasına və zəngin tarixi arxivlərdən qopmasına səbəb olan ağır mədəni travma idi. Beləliklə, 1924-cü ildən 1939-cu ilə qədər keçən on beş il ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki ağır zərbə dəydi. Buna baxmayaraq, Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bildi. 
Dilin rəsmi statusunun bərpası və dirçəlişi 1978-ci ildə Heydər Əliyevin siyasi iradəsi sayəsində mümkün oldu. Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilməsi sovet rejimində imperiya mərkəzinə qarşı atılmış çox cəsarətli addım idi.
Ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili yenidən latın qrafikalı əlifbaya qayıtdı və tamhüquqlu dövlət dili statusunu möhkəmləndirdi. Tarixin bütün sınaqlarından, qadağalarından və çətinliklərindən keçən bu dil, bu gün öz müstəqil dövlətinin rəsmi dili kimi qürurla yaşayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi tədbirində çıxışında dediyi kimi: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.
Dil də torpaq kimidir, Vətən kimidir. O qorunmalıdır. Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımız qondarma adlardan qurtularaq öz əzəli adlarına geri döndü. Bu, ana dilimizin tarixi qələbəsi idi. Ana dili elə bir sərvətdir ki, onda hamının payı bərabərdir. Ana dilimizi sevmək, öyrənmək və gələcək nəsillərə ləyaqətlə çatdırmaq hər birimizin müqəddəs borcudur. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.
Onu qorumaq isə hamımızın-ziyalının da, fəhlənin də, millət vəkilinin də, evdar qadının da, müəllimin, müğənninin, aktyorun, aparıcının-bir sözlə, hamımızın borcu, vəzifəsidir. Onu korlamağa heç kimin nə hüququ, nə də mənəvi haqqı var.
Zaman dəyişir, dünyada qlobal inkişaf prosesləri gedir. Bunun nəticəsində yeni-yeni sahələr və terminlər meydana gəlir. Elə terminlər və sahələr var ki, bunlar bütün dünyada yeni bir adla qəbul edildiyindən bizim dilimizə də daxil olması məqbul sayılır. Lakin dilimizdə onun qarşılığını tapmadan xarici dillərdən alınmış o qədər sözlər işlədilir ki, bunların çoxunu başa düşmək üçün lüğətdən axtarmalı olursan. 
İnsan harada olursa-olsun, hansı ölkənin yollarında addımlayırsa-addımlasın, qəlbinin dərinliyində həmişə doğma dilinin səsini axtarır. Çünki ən şirin yuxularını öz ana dilində görür, ən səmimi dualarını öz ana dilində pıçıldayır. Ana dili bizə keçmişimizdən qalan ən kövrək və eyni zamanda, ən sarsılmaz mirasdır. Füzulinin qəzəllərindəki incəlik, Dədə Qorqudun qopuzundan süzülən mərdlik bu dilin səs tellərində yaşayır. Biz bu dildə “Ana”, “Vətən” deməyi, bu dildə sevməyi öyrənirik. Bir milləti yox etmək üçün onun ordularını məğlub etmək şərt deyil, onun dilini əlindən almaq, onu yaddaşsızlığa məhkum etmək kifayətdir. Ana dili həm də bizim mənəvi sərhədimizdir. Hər bir kəlməsi bir ana nəfəsi qədər isti olan bu dil, gələcək nəsillərə ötürəcəyimiz ən böyük xəzinədir. Onu təmiz saxlamaq, yad təsirlərdən qorumaq hər birimizin vicdan borcudur. Çünki dilimiz yaşadıqca varlığımız bütöv, ruhumuz azad və səsimiz uca olacaq.
Sevda AŞIROVA
“Azərbaycan Ordusu”