AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azәrbaycan Ordusunun şәxsi heyәti Vәtәnә sәdaqәti, peşәkarlığı vә mәsuliyyәtli xidmәti ilә seçilirlәr. Onların hәr biri ölkәmizin müdafiә qüdrәtinin möhkәmlәndirilmәsinә öz töhfәsini verir. Mәhz ordumuzun gücünün, qazandığı zәfәrlәrin әsas amillәrindәn biri dә şәxsi heyәtin vәtәnpәrvәrliyi, nümunәvi xidmәti, fәdakarlığı, peşәsinә ürәkdәn bağlılığıdır. Belә hәrbçilәrdәn biri dә kiçik çavuş Sәnan Mütәllimovdur.
Sənan Mütəllimov 1988-ci ildə Sabirabad rayonunun Çöl Dəllək kəndində anadan olub. O, kiçik yaşlarından Vətənə bağlılıq, vətənpərvərlik ruhunda tərbiyə alıb. Hərb sənətinə olan marağı onun gələcək həyat yolunun müəyyənləşməsində mühüm rol oynayıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı səfərbərlik üzrə hərbi xidmətə çağırılan Sənan Mütəllimov cəbhəyə yollanaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak edib. O, Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə üzərinə düşən tapşırıqları yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirib. Döyüşlər zamanı rabitəçi kimi xidmət göstərərək döyüşən bölmələr arasında, bölmələrlə komandanlıq arasında fasiləsiz rabitənin təmin olunması üçün əzmkarlıqla çalışıb. Qeyd edək ki, rabitənin fasiləsiz təmin edilməsi, etibarlı şəkildə qorunması bölmələrin döyüş qabiliyyətinin və əməliyyatların koordinasiyasının təmin edilməsində xüsusi əhəmiyyət daşıyır. Sənan Mütəllimov bu məsuliyyətli vəzifəni şərəflə, bacarıqla yerinə yetirərək komandanlığın etimadını qazanıb.
Döyüş meydanında elə məqamlar olub ki, rabitəçi vəzifəsi ilə yanaşı, müxtəlif atıcı silahlardan da istifadə etməli olub. Xüsusilə də qumbaraatan silahının istifadə qaydalarını yaxşı mənimsəyib. Həmçinin döyüşlər zamanı düşmənin möhkəmləndirilmiş mövqelərinə qarşı keçirilən əməliyyatlarda dəqiq atəş zərbələri də endirib.
Sənan Mütəllimovun döyüş yolu Vətən müharibəsinin şərəfli səhifələrinin ayrılmaz hissəsidir. O, silahdaşları ilə birlikdə uzun illər işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə iştirak edərək Azərbaycan əsgərinin mətinliyini, iradəsini və Vətən sevgisini öz xidməti ilə nümayiş etdirib. Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Bu mükafatlar onun döyüş meydanında göstərdiyi igidliyə və fədakarlığa dövlət səviyyəsində verilən dəyərin ifadəsidir.
Müharibədən sonra könüllü olaraq hərbi xidmətini davam etdirən Sənan Mütəllimov qazandığı döyüş təcrübəsini gündəlik xidmətdə uğurla tətbiq edir. Gənc hərbi qulluqçuların hazırlanmasında, hərbi intizamın möhkəmləndirilməsində və şəxsi heyətin döyüş hazırlığının artırılmasında fəal iştirak edir. O, həm uğurlu döyüş yolu keçmiş, həm də nümunəvi xidməti və yüksək mənəvi keyfiyyətləri ilə seçilən hərbi qulluqçulardandır.
Bu gün ordumuzda Sənan Mütəllimov və onun kimi minlərlə gəncin inamlı xidməti xalqımızda tarixi köklərindən gələn vətənpərvərlik ənənələrinin davam etdirilməsinin bariz nümunəsidir. Belə oğulların keçdiyi şərəfli xidmət və döyüş yolu gənc nəsildə Vətənə sevgi, dövlətə sədaqət və hərbi peşəyə rəğbət hissinin formalaşmasında mühüm rol oynayır. Təcrübəli, bacarıqlı və fədakar hərbçilərimizin nümunəvi xidməti Azərbaycan Ordusunun müdafiə qüdrətinin daha da möhkəmlənməsinə xidmət edir.
Sənan Mütəllimovun şərəflə daşıdığı hərbi mundiri yalnız görünüşü ilə deyil, həm də Vətənə sonsuz sədaqətin, dövlətə və xalqa xidmətin rəmzidir. O, Azərbaycan əsgərinin mərdliyini, qələbə əzmini və yüksək mənəvi keyfiyyətlərini öz xidməti ilə təsdiq edən hərbçilərdəndir.
Xalqa, dövlətə şərəflə xidmət etmək, qəhrəmanlıq göstərmək təkcə döyüş meydanında vuruşmaqla ölçülmür. Vətənə sədaqət, hərbi anda sadiqlik, xalqın təhlükəsizliyi naminə gecə-gündüz Vətənimizin keşiyində ayıq-sayıq dayanmaq da əsl igidliyin göstəricisidir. Sənan Mütəllimovun xidmət yolu da bu dəyərlərin bariz nümunəsidir. Belə igid Vətən övladlarının xidmət yolu gənc nəsildə Azərbaycan Ordusunun qüdrətinə inamın daha da artmasını göstərir. Bu gün Azərbaycan əsgəri Vətənə sədaqəti, peşəkarlığı və sarsılmaz iradəsi ilə seçilib və bundan sonra da bu şərəfli ənənəni davam etdirəcək.
Kifayət ƏLİYEVA
“Azərbaycan Ordusu”