Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2026 18:02

Fiziki güc döyüş hazırlığımızı artırır

Hərbi qulluqçuların döyüş qabiliyyətini fiziki hazırlıqsız təsəvvür etmək mümkün deyil. Bu səbəbdən də hərbi hissələrdə müasir tələblərə cavab verən idman şəhərcikləri yaradılıb. İdman həm də sağlamlıqdır. “Sağlam bədəndə sağlam ruh olar”, - deyiblər. İdmanla mütəmadi məşğul olan hərbi qulluqçular da həm sağlamlığını qoruyub saxlayır, həm də Vətənimizi inamlı müdafiə edirlər. 
Komando bölmələrindən birinin xidmət yerindəyik. Fiziki hazırlıq onlar üçün xüsusi önəm daşıyır. Keçirilən taktiki təlimlərdə, döyüş hazırlığı məşğələlərində və əməliyyatlar zamanı verilən tapşırıqların vaxtında və çevik yerinə yetirilməsi üçün yüksək fiziki göstəricilər vacib şərtdir. Buna görə də şəxsi heyət idman şəhərciyində müxtəlif idman hərəkətləri yerinə yetirir, qısa və uzun məsafəyə qaçışlar edir, idman alətlərindən istifadə edərək fiziki hazırlıqlarını möhkəmləndirirlər. Ağ-göy boya ilə rənglənmiş idman qurğuları, turniklər, paralel qollar, press masaları, kəndirdə dırmanma və başqa alətlər uzaqdan diqqət çəkir. Burada hərbi qulluqçular həvəslə idman edir, bütün növ hərəkətləri normativlərə uyğun yerinə yetirirlər. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cavidan Səlimov deyir ki, günün nizam qaydalarına uyğun idman saatında şəxsi heyət hər gün burada fiziki hazırlığını artırmaq məqsədilə idman çalışmalarını yerinə yetirir. “Bu gün də plana uyğun olaraq, turnikdə dartınma, dayaqda aşma, paralel qollarda qollar üzərində qalxıb-enmə, idman alətində press etmək və başqa çalışmalar nəzərdə tutulub. Əvvəlcə isinmə-gərilmə hərəkətlərini etdikdən sonra digər çalışmaları ardıcıl və normativə uyğun icra edirik. Bununla yanaşı kütləvi idman tədbirlərimiz də olur. Belə tədbirlər fiziki hazırlığımızı artırmaqla yanaşı, mənəvi-psixoloji hazırlığımıza da müsbət təsir edir”, - deyir Cavidan. 
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Əfqan Qasımov, Talıb Məmmədov, Rüfət Səlimov, Nursaid Abdullazadə və digər hərbi qulluqçular da idman hərəkətlərini yüksək səviyyədə yerinə yetirirlər. Onları müşahidə etdikcə hər birinin təcrübəli, intizamlı, yüksək döyüş qabiliyyətinə malik olduğu hiss olunur. Aralarında peşəkar idmanla məşğul olanların da olduğunu öyrəndik. Rüfət Səlimov hərbi xidmətdən əvvəl qaydasız döyüşlə məşğul olub. Rayonlararası və zonalar üzrə keçirilən birinciliklərin dəfələrlə mükafatçısı olub. 
Rüfət vurğulayır ki, idman hər insana vacibdir, hərbi qulluqçu üçün isə ikiqat əhəmiyyətlidir. Çünki hərbi xidmətdə bütün fəaliyyətlər idmanla sıx bağlıdır. Eləcə də idmanla məşğul olmaq gənclərimizi pis vərdişlərdən də uzaqlaşdırır. Ordumuzun bütün bölmələrində yaradılan yüksək şərait onların idmana olan həvəsini daha da artırır. Əsgər Nursaid Abdullazadə peşəkar idmançı olmasa da, gündəlik idman çalışmalarını vaxtında və düzgün yerinə yetirir, fiziki hazırlığını daim yüksək saxlamaq üçün səy göstərir. Nursaid deyir ki, şəxsi heyətin bütün fəaliyyətləri diqqətdə saxlanıldığı kimi, fiziki hazırlıq məşğələsinin keçirilməsini də komandir heyəti nəzarətdə saxlayır.
“Biz yaxşı dərk edirik ki, fiziki hazırlıq döyüş qabiliyyətimizi də yüksəldir. Qalib və rəşadətli ordumuza layiqli hərbi qulluqçular olmaq, təlimlərdə yüksək nəticələr əldə etmək üçün fiziki cəhətdən hazırlıqlı olmalıyıq. Hər birimiz bu məqsədlə bütün dərslərimizə həvəslə yanaşır, nümunəvi hərbi qulluqçu olmaq üçün çalışırıq. Çünki seçdiyimiz şərəfli peşəyə ürəkdən bağlıyıq və Vətən müdafiəçisi olmaqdan qürurlanırıq”, - deyir Nursaid.
Həmsöhbət olduğum Talıb Məmmədov və digərlərinin də idmana münasibəti eynidir. Kəndirlə dırmanmanı icra edən Talıb bildirir ki, bu hərəkət qol, bilək, ayaq əzələlərini daha da möhkəmləndirir. “Bu mənin ən sevdiyim idman hərəkətidir. İplə dırmanarkən bütün bədən əzələləri məşq edir. Digər idman hərəkətlərini də bacarıqla yerinə yetirə bilirəm, lakin bu hərəkəti daha çevik icra edirəm. Ümumiyyətlə, heyətimizdə fiziki hazırlığı zəif olan yoxdur. Çünki biz komando bölməsiyik və bizim fiziki hazırlığımız da, döyüş hazırlığımız da daim yüksək olmalıdır. Hər an istənilən əməliyyatı qısa vaxtda və uğurla yerinə yetirməyə qadir olmalıyıq”.
İdman şəhərciyindən xoş təəssüratlara ayrılaraq, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq. Bir daha əmin oluruq ki, ordumuzun istənilən bölməsində günün nizam qaydalarına uyğun bütün məşğələlər yüksək səviyyədə və səmərəli təşkil olunur. Şəxsi heyətin fərdi bacarıqları daim möhkəmləndirilir ki, bu da müdafiə qüdrətimizin daha da artırılmasına xidmət edir.


Bəxtiyar ƏLİYEV

“Azərbaycan Ordusu”