AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan hərb tarixinin səhifələrinə nəzər salsaq, uzun illər ərzində keçilməz olduğu iddia edilən möhkəmləndirilmiş istehkam sədlərinin Azərbaycan Ordusu tərəfindən necə darmadağın edilməsini görə bilərik. Müharibələr tarixində elə müdafiə xətləri olub ki, onları yarmaq mümkünsüz hesab edilib. Müxtəlif dövrlərdə dövlətlər öz hərbi mövqelərini işğalçılardan qorumaq üçün böyük maliyyə və insan resursları hesabına nəhəng istehkam sistemləri qurublar.
Lakin tarix dəfələrlə sübut edib ki, ən möhkəm sədlərin belə taleyini müəyyən edən beton divarlar deyil, onları hədəfə alan ordunun peşəkarlığı, iradəsi və döyüş əzmidir. Uzun illər ərzində işğal altında olmuş Azərbaycan torpaqlarında da Ermənistan geniş mühəndis-istehkam sistemi yaratmışdı. Ərazilərin mürəkkəb relyefindən istifadə edilərək kilometrlərlə cəbhə boyu və dərinliyə uzanan səngərlər qazılmış, beton bunkerlər inşa edilmiş, uzunmüddətli atəş nöqtələri qurulmuş, mina sahələri və müxtəlif mühəndis maneələri yaradılmışdı. Düşmən bu istehkamlara böyük ümid bəsləyir, onları öz təhlükəsizliyinin əsas təminatı hesab edirdi.
Ən çox adı çəkilən “keçilməz səd”lərdən biri də "Ohanyan səddi" idi. Uzun illər ərzində haqqında danışılan, “keçilməz olan” bu mühəndis-istehkam səddi düşmənin əsas güvənc mənbələrindən sayılırdı. Onlar düşünürdülər ki, onilliklər ərzində qurduqları bu istehkamlar istənilən hücumun qarşısını almağa qadirdir. Lakin döyüş meydanında baş verənlər bütün bu iddiaların əsassız olduğunu göstərdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmənin illərlə qurduğu sədlər sistemini qısa müddətdə yarmağa nail oldu. Müasir kəşfiyyat vasitələri, dəqiq koordinasiya, güclü artilleriya dəstəyi və şəxsi heyətin yüksək hazırlığı və vətənsevərliyi sayəsində düşmənin ən etibarlı hesab etdiyi mövqelər bir-bir sıradan çıxarıldı. Düşmənin beton bunkerləri, möhkəmləndirilmiş atəş nöqtələri və çoxqatlı müqavimət sistemi Azərbaycan əsgərinin qətiyyəti qarşısında davam gətirə bilmədi. Bu, sadəcə hərbi uğur deyildi, bu, müasir Azərbaycan Ordusunun gücünün və peşəkarlığının parlaq nümayişi idi. Ermənistan ordusunun qurduğu sədlərin yarılması zamanı Azərbaycan hərbçisi yüksək döyüş məharəti nümayiş etdirdi. Vətən müdafiəçilərimiz övladlıq borclarını şərəflə yerinə yetirdilər. Hər bir mövqe uğrunda aparılan döyüşlər Azərbaycan əsgərinin cəsarətini, dözümlülüyünü və qələbə əzmini ortaya qoydu. Bu uğurun əsas səbəblərindən biri də son illər ərzində Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu idi. Ordumuzun müasir silah və texnika ilə təchiz olunması, şəxsi heyətin hazırlığının artırılması, müasir döyüş taktikasının tətbiqi döyüş meydanında öz nəticəsini verdi. Əslində, "Ohanyan səddi"nin yarılması təkcə bir istehkam xəttinin məhv edilməsi deyildi, həm də bu uzun illər formalaşmışdırılmış mifin yerlə-yeksan olunması idi. İllərlə Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən yenilməz və keçilməz kimi təqdim olunan “Ohanyan səddi”nin qısa zamanda yarılması göstərdi ki, yüksək döyüş ruhuna malik peşəkar ordu qarşısında heç bir istehkam tab gətirə bilməz.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycan əsgərinin gücünü, komandirlərimizin peşəkarlığını və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında qazanılan uğurlar bir daha sübut etdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan ən mürəkkəb tapşırıqları belə uğurla yerinə yetirmək iqtidarındadır.
Möhkəmləndirilmiş istehkam sədlərinin, o cümlədən uzun illər keçilməz olduğu iddia edilən "Ohanyan səddi"nin yarılması Azərbaycan hərb tarixində ordumuzun qüdrətini əks etdirən ən parlaq nümunələrdən biridir. Bu uğurun arxasında peşəkarlıq, müasir hərbi düşüncə, sarsılmaz iradə və ən əsası Vətən sevgisi dayanır. Bu gün də Azərbaycan əsgəri torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır, əldə edilmiş Zəfərin verdiyi qürur hissi ilə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini etibarlı şəkildə qoruyur.
Hazırladı:
Emil MURADLI
“Azərbaycan Ordusu”