Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2026 18:02

Bir əsgər hekayəsi

Vətənə xidmət hər zaman şərəfli və müqəddəs vəzifə hesab olunub. Bu müqəddəsliyin yükünü çiyinlərində daşıyanlar isə əsgər və zabitlərimizdir. Ordunu yenilməz edən tək müasir silahlar deyil, o silahı tutan əllərin peşəkarlığı, mayası vətənpərvərliklə yoğrulmuş mərd, cəsur Azərbaycan əsgərinin Vətən sevgisidir. Şah İsmayıl Xətainin bir deyimi var: “Qılınc həmin qılıncdır, qol həmin qol deyil”. 
Vətənin keşiyində durmaq tək silah tutmaq deyil, zamanı gəldikdə o silahı göz qırpmadan düşmənə çevirməkdir. Hərbi qulluqçularımız torpaqlarımızın adsız qəhrəmanları, millətimizin baş tacıdırlar. Hər bir əsgər və zabit bir dastanın canlı mirasıdır. Bu gün belə əsgərlərimizdən biri ilə sizi tanış edəcəm.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sədrəddin Niyaməddin oğlu Əliyev 7 iyul 2004-cü ildə Masallı rayonunun İskəndərli kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, hərbi xidmətə yola düşüb. Xidmət dövründə hərb sənətinə olan sevgisi onu ordu sıralarında qalıb xidmət etməyə sövq edib. Xidmət müddətində çalışqan, intizamlı hərbçi kimi diqqət çəkib. Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirib. “Hər bir döyüşçünün hekayəsi təlim meydançasından başlayır”, - deyirlər. Yazımızın qəhrəmanı da xidmət etdiyi müddətdə keçirilən bütün təlimlərdə fərqlənərək özünü məsuliyyətli hərbçi kimi sübut edib. O, gecə-gündüz demədən yağışda, qarda, istidə iradəsini sınağa çəkib. Nizam-intizamı, fiziki dözümlülüyü, qətiyyəti ona təlimlərdə əla qiymət qazandırır. Reallığa yaxın şəraitdə keçirilən gərgin hərbi təlimlərdə əsgərimiz döyüş vərdişlərinə daha dərindən yiyələnir, əldə etdiyi nəzəri bilikləri döyüşün kritik anlarında tətbiq etmək bacarıqlarını təkmilləşdirir. Təlim meydanında hədəfi dəqiq vurmaq, real döyüş vəziyyətində qazanılacaq böyük zəfərlərin ilk addımıdır. Təlim atışlarında uğur qazanmağın təməlində silahı dərindən tanımaq, taktiki-texniki xüsusiyyətlərinə bələd olmaq, ondan peşəkarlıqla istifadə etmək bacarığı dayanır. Bizim əsgərin ən yaxın silahdaşı döyüşün taleyini dəyişə bilən pulemyotdur. Pulemyotçunun əsas vəzifəsi döyüş şəraitində pulemyot kimi ağır silahı məharətlə idarə edərək bölmələrin təhlükəsizliyini təmin etmək, uğurla irəliləməsinə şərait yaratmaq, düşməni dayandırmaq, taktiki qrupun təhlükəsiz hərəkətini təmin etməkdir. Sədrəddin pulemyotun taktiki-texniki xüsusiyyətlərini yaxşı öyrənib; silahın gücünü, güllənin başlanğıc sürətini, effektiv atəş məsafəsini bilir. Bu da ona resurslardan səmərəli istifadə etməkdə böyük köməkdir. Silahının çəkisini, fərqli mövqelərdə imkanlarını bildiyi üçün sığınacaqları düzgün seçir, pulemyotu tez bir zamanda döyüş vəziyyətinə gətirir, özünü çətin anlarda dəqiq atəşlə düşmənin dayaq məntəqəsini susduran bacarıqlı pulemyotçu kimi tanıdır. 2023-cü ilin sentyabrında başlayan, 24 saata yaxın davam edən antiterror əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biri, ölkəmizin suveren hüquqlarının tam bərpası, Azərbaycan Ordusunun yüksək peşəkarlığının, sarsılmaz döyüş ruhunun bütün dünyaya sübutu idi. Qarabağımızı terror aktları törədən qanunsuz erməni silahlı birləşmələrindən, eləcə də Ermənistan ordusunun qalıqlarından təmizləmək üçün vuruşan hər bir hərbi qulluqçu müasir tariximizin canlı qəhrəmanıdır. Antiterror əməliyyatı adi döyüşlərdən fərqlənirdi. Burada düşmən xain və gözlənilməz idi. Belə döyüşlərdə sadəcə cəsarət yetərli olmur, peşəkarlıq, sarsılmaz iradə və mənəvi dözüm, maksimum diqqət tələb olunur. Sədrəddin qatıldığı bu əməliyyatda komandirin əmrlərini dəqiq yerinə yetirir, sərrast atışlarla mürəkkəb dağlıq relyefdə düşmənin manevr imkanlarını məhdudlaşdırır, atəş nöqtələrini zərərsizləşdirir, ermənilərin illərlə qurduğu mühəndis-istehkam maneələrini yarmaqda bölmələrimizə dəstək verirdi. Təlimlərdə qazandığı təcrübə döyüş meydanındakı stresi idarə etməyə, ən çətin vəziyyətlərdə düzgün qərarlar verməyə, düşmənin təxribat qruplarının qarşısını almağa zəmin yaratmışdı. Döyüşün kritik anlarında atəş dəstəyini təmin etməklə manevr edən bölmələrimizə yol açırdı. Bu isə hərbi əməliyyatların qısa müddətdə və minimum itkilərlə başa çatmasında mühüm amil idi. 
Təlimlərdəki parlaq uğurları, silahını mükəmməl bilməsi, antiterror əməliyyatında cəsarəti onu etibarlılıq rəmzinə çevirmişdir. Bu gün belə hərbi qulluqçularımızın fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmiş, suverenliyimiz bütün torpaqlarımızda təmin olunmuşdur. Nə qədər ki, ürəyi Vətən eşqi ilə döyünən, elinə-obasına sadiq əsgərlərimiz var, dövlətimizin gücü sarsılmazdır. Başın uca, qolun güclü olsun, Azərbaycan əsgəri!


Sevinc QULİYEVA

“Azərbaycan Ordusu”