Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2026 18:01

“Sürücünün fəaliyyəti yalnız avtomobili idarə etməklə məhdudlaşmır”

Hərbi xidmətdə qarşıya qoyulan tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi hər bir hərbi qulluqçudan yüksək məsuliyyət, intizam və peşəkarlıq tələb edir. Bu baxımdan hərbi nəqliyyat vasitələrinin etibarlı idarə olunması, onların daim saz vəziyyətdə saxlanılması və təyinatı üzrə istifadəyə hazır olması xidmətin mühüm istiqamətlərindən biridir. 
Bu vəzifəni gündəlik xidməti fəaliyyətində məsuliyyətlə yerinə yetirən hərbi qulluqçulardan biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rəsul Famil oğlu Kərimlidir. 2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror əməliyyatının iştirakçısı olan Rəsul Kərimli 2022-ci ildən sürücülük fəaliyyəti ilə məşğuldur. Hərbi xidməti dövründə ona həvalə olunan vəzifələri məsuliyyətlə yerinə yetirməyə çalışıb, hərbi nəqliyyat vasitələrinin düzgün istismarı və təhlükəsiz idarə olunmasına xüsusi diqqət yetirib. Antiterror əməliyyatı zamanı hərbi sürücü kimi icra etdiyi vəzifələr çərçivəsində təminatın vaxtında çatdırılması üzrə tapşırıqların yerinə yetirilməsində iştirak edib. Hazırda da xidmətini eyni məsuliyyət və dəqiqliklə davam etdirir.
Hərbi sürücünün fəaliyyəti yalnız avtomobili idarə etməklə məhdudlaşmır. Nəqliyyat vasitəsinin texniki vəziyyətinə daim nəzarət olunması, gündəlik baxışların aparılması, mümkün nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması xidmətin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan sürücünün texniki biliklərə malik olması mühüm əhəmiyyət daşıyır.
Söhbət zamanı hərbi qulluqçu Rəsul Kərimli qeyd etdi ki, mülki həyatda avtomobil ustası kimi çalışması bu sahədə qazandığı bilik və təcrübəni daha da artırıb. Avtomobillərin quruluşunu yaxşı bilməsi ona xidmətdə istifadə etdiyi hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətlə izləməyə və onların saz vəziyyətdə saxlanılmasına məsuliyyətlə yanaşmağa kömək edir.
İdmana olan marağı da onun həyatının ayrılmaz hissəsidir. Mülki həyatda uzun müddət güləş idman növü ilə məşğul olan Rəsul Kərimli Bakı şəhəri üzrə keçirilən yarışlarda üçüncü yerə layiq görülüb. Onun sözlərinə görə, idmanla məşğul olmaq insanda dözümlülük, iradə, hərbi intizam və çevik qərarvermə kimi keyfiyyətlərin formalaşmasına kömək edir ki, bu xüsusiyyətlər hərbi xidmətdə də öz əhəmiyyətini qoruyur.
Sürücü Rəsul Kərimli hesab edir ki, hərbi sürücünün əsas vəzifələrindən biri ona etibar olunan texnikaya məsuliyyətlə yanaşmaqdır.
"Hərbi nəqliyyat vasitəsinin saz vəziyyətdə saxlanılması sürücünün gündəlik vəzifələrindən biridir. Hər yürüşdən əvvəl texniki baxışın aparılması, nasazlıqların vaxtında aradan qaldırılması və avtomobilə düzgün qulluq göstərilməsi həm təhlükəsizliyin təmin olunmasına, həm də verilən tapşırıqların vaxtında icrasına xidmət edir. Mən çalışıram ki, mənə həvalə olunan texnika hər zaman istismara tam hazır vəziyyətdə olsun və üzərimə düşən vəzifələri vicdanla yerinə yetirim", - əsgər Kərimli bildirdi.
Hərbi xidmətdə əldə olunan nəticələr hər bir hərbi qulluqçunun öz vəzifəsinə məsuliyyətlə yanaşmasından, kollektiv fəaliyyətə verdiyi töhfədən və hərbi intizama əməl etməsindən asılıdır. Tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxsi heyət üzvünün peşəkar fəaliyyəti ordunun ümumi fəaliyyətinin vacib hissəsini təşkil edir.
Azərbaycan Ordusunun gücü hər bir hərbi qulluqçunun öz vəzifəsinə məsuliyyətlə yanaşması, hərbi anda sadiqliyi və peşəkarlığı ilə daha da möhkəmlənir. Şəxsi heyətə şərəfli xidmətlərində uğurlar, möhkəm cansağlığı və Vətən qarşısındakı məsuliyyətli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.


Emil MURADLI

“Azərbaycan Ordusu”