Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2026 18:01

Görünməyən “düşmən”: minanın qədim tarixi

Müharibələr tarix boyu sadəcə meydanlarda, üz-üzə toqquşmalarla yadda qalmayıb. İnsan zəkası qarşı tərəfin hərəkətini məhdudlaşdırmaq, müdafiəni gücləndirmək və hücumu ləngitmək üçün müxtəlif üsullar axtarıb. Bu üsulların ən qədimlərindən biri torpağın altında gizlədilən maneələrdir. İlk dövrlərdə sadə taxta dirəklərdən və itiuclu tələlərdən ibarət olan bu vasitələr zaman keçdikcə inkişaf edərək müasir minaların yaranmasına gətirib çıxarıb. Döyüş meydanlarının səssiz silahı hesab olunan minalar bu gün də dünyanın ən ciddi humanitar problemlərindən biri olaraq qalır.
Tarixçilərin fikrincə, yaşayış məntəqələrinin və hərbi istehkamların müdafiəsi üçün torpaqda gizlədilən maneələrdən istifadə olunmasının tarixi qədim dövrlərə gedib çıxır. Roma İmperiyasının hərbi mühəndisləri qalaların ətrafını müxtəlif tələlərlə əhatə edirdilər. Bunların arasında uclarına metal qarmaqlar bərkidilmiş qısa taxta dirəklər, itiuclu kötüklərlə doldurulan çuxurlar, eləcə də budaqları çölə istiqamətləndirilmiş ağac maneələri vardı. Məqsəd düşmənin sürətli irəliləyişini dayandırmaq, canlı qüvvəyə itki vermək və hücumu ləngitmək idi. Həmin qurğular partlayıcı maddələrdən istifadə etməsə də, mahiyyət etibarilə sonralar yaranacaq minaların ilk nümunələri hesab olunur. Onlar da yalnız təmas qurulduqda təsir göstərirdi. Amma barıtın kəşfi hərb tarixində yeni mərhələ açdı. Barıt təkcə odlu silahların yox, həm də yeraltı partlayıcı vasitələrin də inkişafına təkan verdi. Tarixçilər barıtla işləyən ilk mina qurğularının vətəni kimi Qədim Çini göstərirlər. 
XIII əsrdə Sun imperiyası monqol yürüşlərinə qarşı müdafiə zamanı yerüstü partlayıcı vasitələrdən istifadə edirdi. Həmin dövrün mənbələrində çuqundan hazırlanmış və barıtla doldurulmuş partlayıcı vasitələrdən bəhs edilir. Bu sistemlərin tətbiqi mürəkkəb idi və düşmənin hərəkət istiqamətinin əvvəlcədən düzgün hesablanmasını tələb edirdi. Buna baxmayaraq, həmin yenilik döyüş taktikasında mühüm dönüş nöqtəsi sayılırdı. Sonrakı əsrlərdə partlayıcı vasitələrin işə düşmə prinsipləri də dəyişməyə başladı. XVII əsrin əvvəllərində hazırlanan yeni mexanizmlər insanın hərəkətini avtomatik şəkildə hiss edərək partlayışı təmin edən sistemlərin meydana çıxmasına səbəb oldu. Bu dövr artıq mina texnologiyasının sadə tələlərdən daha mürəkkəb hərbi vasitələrə çevrildiyini göstərirdi. Hərbi mühəndislər insan müdaxiləsi olmadan işləyən sistemlər yaratmağa çalışır, beləliklə müdafiə xətlərinin effektivliyini artırırdılar. Avropada da bu istiqamətdə işlər davam etdirilirdi. 1573-cü ildə alman hərbi mühəndisi Samuel Zimmermann səthə yaxın yerləşdirilən mina növünü təqdim etdi. Bu vasitələr əsasən qalaların qarşısındakı müdafiə zolaqlarında tətbiq olunurdu. Lakin dövrün texniki imkanları onların geniş yayılmasına imkan vermirdi. İstifadə olunan mexanizmlər rütubətə və uzun müddət baxımsız qalmağa davamlı deyildi. Xüsusilə nəm hava şəraiti partlayıcı vasitələrin etibarlılığını əhəmiyyətli dərəcədə azaldırdı. Buna görə də həmin dövrdə minalar daha çox yardımçı müdafiə vasitəsi kimi qiymətləndirilirdi. Minaların hərbi əməliyyatlarda daha geniş tətbiqi XIX əsrdə Amerikada Vətəndaş müharibəsi zamanı müşahidə olundu. Müharibənin gedişində Konfederasiya ordusunun briqada generalı Qabriel Reins döyüş meydanlarında kütləvi şəkildə basdırılan partlayıcı vasitələrdən istifadə etdi. O dövrün sənədlərində bu vasitələr “torpedo” adı ilə qeyd olunur. Onların tətbiqi Birlik qoşunlarının irəliləməsini ləngitdi və ciddi itkilərə səbəb oldu. Məhz həmin müharibədən sonra dünyanın aparıcı orduları mina maneələrinin taktiki üstünlüklərini daha dərindən öyrənməyə başladılar. Sənaye inqilabı və texnologiyanın inkişafı XX əsrdə minaların daha geniş istehsalına şərait yaratdı. Birinci Dünya müharibəsində geniş səngər sistemlərinin qurulması ilə mina sahələri müdafiənin ayrılmaz hissəsinə çevrildi. İkinci Dünya müharibəsində isə minalar artıq yalnız canlı qüvvəyə qarşı deyil, zirehli texnikanın hərəkətini məhdudlaşdırmaq məqsədilə də geniş istifadə olunurdu. Döyüş meydanlarında yaradılan mina sahələri orduların irəliləyiş tempinə ciddi təsir göstərir, mühəndis bölmələrinin rolunu artırırdı. Soyuq müharibə illərində mina istehsalı daha da genişləndi. Dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələr zamanı milyonlarla mina basdırıldı. Təəssüf ki, müharibələr başa çatdıqdan sonra onların böyük hissəsi torpaq altında qalaraq uzun illər təhlükə yaratmağa davam etdi. Məhz buna görə də XX əsrin sonlarından başlayaraq beynəlxalq təşkilatlar minaların humanitar nəticələrinə daha çox diqqət ayırmağa başladılar. Bu gün minaların ən böyük təhlükəsi onların müharibə bitdikdən sonra da insan həyatı üçün risk yaratmasıdır. Əkin sahələri, yaşayış məntəqələri, yollar, məktəblərin ətrafı və digər ərazilər uzun illər istifadəyə yararsız vəziyyətdə qala bilir. Minalar yalnız hərbçilərin deyil, mülki şəxslərin, xüsusilə uşaqların həyatı üçün ciddi təhlükə hesab olunur. Buna görə də dünyanın müxtəlif ölkələrində minatəmizləmə əməliyyatları uzunmüddətli və mürəkkəb proses kimi həyata keçirilir. 
Qeyd etmək yerinə düşər ki, hazırda dünyanın ən çox minalarla çirklənən ölkələrindən biri Ukraynadır. Davam edən müharibə nəticəsində geniş ərazilərin partlayıcı sursatlarla çirkləndiyi bildirilir. Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, təhlükəsizliyin tam təmin olunması üçün uzun illər sistemli minatəmizləmə işlərinin aparılması tələb olunacaq. Azərbaycan da mina təhlükəsini yaxından yaşayan ölkələr sırasındadır. Uzun illər işğal altında qalmış ərazilərimizdə basdırılmış minalar və digər partlayıcı sursatlar bu gün də insanların həyatına təhlükə yaradır. İşğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilk növbədə minatəmizləmə prosesindən asılıdır. Bu istiqamətdə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), ordumuzun mühəndis-istehkam bölmələri və digər aidiyyəti qurumlar fasiləsiz fəaliyyət göstərirlər. Müasir texnologiyalar, xüsusi təlim keçmiş mütəxəssislər, mexanikləşdirilmiş vasitələr və xidməti itlər bu prosesin ayrılmaz hissəsinə çevrilib. Mina təhlükəsi yalnız hərbi məsələ deyil, həm də sosial, iqtisadi və humanitar problemdir. Təmizlənməmiş ərazilər kənd təsərrüfatının inkişafını, yeni yaşayış məntəqələrinin salınmasını, infrastruktur layihələrinin icrasını və məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngidir. Buna görə də beynəlxalq ictimaiyyət mina problemini müharibənin bitməsi ilə yekunlaşmayan, uzun illər davam edən nəticələrindən biri kimi qiymətləndirir. Əsrlər əvvəl sadə taxta tələlər kimi yaranan mina bu gün texnologiyanın inkişafı ilə daha mürəkkəb formaya düşsə də, onun mahiyyəti dəyişməyib. Məqsəd yenə də hərəkəti məhdudlaşdırmaq və qarşı tərəfə itki verməkdir. Lakin müasir dövrdə əsas prioritet artıq yeni mina sahələrinin yaradılması deyil, mövcud təhlükənin aradan qaldırılması, insanların həyatının qorunması və torpaqların yenidən təhlükəsiz həyata qaytarılmasıdır. Çünki müharibələr bir gün başa çatsa da, torpağın altında gizlənən təhlükə bəzən onilliklər boyu yaşamağa davam edir.


Tamilla HÜSEYNLİ

“Azərbaycan Ordusu”