Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2026 18:00

Təlimlər hərbi əməliyyatların müvəffəqiyyətlə bitməsinə xidmət edir

İsti yay günlərində də qalib ordumuzun rəşadətli əsgərləri təlim-məşqlərdən qalmırlar. Təsdiq olunmuş plana uğun olaraq keçirilən təlimlərdə onlar döyüş vərdişlərini artırır, yüksək döyüş qabiliyyətli əsgərlər olmağı qarşılarına məqsəd qoyurlar. Ona görə də yayın istisində, qışın sazağında, hava şəraitindən və ərazidən asılı olmayaraq keçirilən təlim-dərslərdə səylə iştirak edirlər.
Azərbaycan Ordusunda diqqət mərkəzində saxlanılan mühüm məsələlərdən biri də şəxsi heyətin döyüş vərdişlərinin artırılmasıdır. Müntəzəm olaraq keçirilən təlimlərin, məşğələlərin məqsədi də məhz hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin, eləcə də mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəldilməsidir. Azərbaycan Ordusunda keçirilən hər bir təlimin, təlimdə tökülən tərin uğurlu nəticəsi 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədə öz əksini tapdı. Döyüş meydanında hərbi qulluqçularımızın ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi, onların döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikalarından istifadə etmək bacarıqlarının yüksək səviyyədə olduğunu göstərdi. 
İkinci Qarabağ müharibəsində qazanılan şanlı Zəfərdən sonra əldə edilən təcrübələr nəzərə alınmaqla döyüş hazırlığının daha da artırılması istiqamətində təlim məşğələlər intensivləşdi. Ordu quruculuğunda yeni islahatlar həyata keçirilməyə başlandı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun qardaş Türkiyənin ordu modelinə uyğunlaşdırılması istiqamətində mühüm işlər görüldü. Bu istiqamətdə həyata keçirilən uğurlu islahatlardan biri də yeni komando əməliyyat hərbi hissələrinin yaradılması oldu. Müzəffər Ali Baş Komandanın belə hərbi hissələrdən birinin açılışı zamanı qeyd etdiyi "Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir" fikri bu gün öz təsdiqini tapıb. Xüsusi kurslardan keçən, çətin relyefli ərazilərdə - dağlarda, meşələrdə döyüşmə, eləcə də yaşayış məntəqələrində terrorçu qruplaşmalara qarşı döyüş bacarıqlarına yiyələnən komandolar artıq ordumuzun ayrılmaz hissəsidir.
Komando hərbi hissələrindən birində şəxsi heyətin taktiki dərsini izlədik. Şəxsi heyət döyüş şəraitinə maksimum uyğunlaşdırılan xüsusi taktiki-təlim zolaqlarında tapşırıqları icra edirdilər. Həmin zolaqlarda döyüşün müdafiə və hücum növlərinə uyğun olaraq maneələrin və şərti düşmən hədəflərinin olduğunu görürük. 
Məşğələ başa çatdıqdan sonra heyətlə görüşüb həmsöhbət olduq. Məşğələ rəhbəri uzun illərdir ordu sıralarında xidmət edən və döyüş yolu keçən hərbi qulluqçudur. Ucaboy, idmançı görkəmli bu igid ciddi, təmkinli və hazırcavabdır. Onun keçdiyi məşğələdən və döyüş yolundan açdığı söhbətlər maraqlı idi.  
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cavidan Səlimov 15 ilə yaxındır ki, ordu sıralarında xidmət edir. Tabeliyində olanlara taktiki, atəş, fiziki, kəşfiyyat və başqa hazırlıqlar üzrə təcrübələrini aşılayır. O deyir ki, komandir hərbi bilikləri nəzəri və praktiki olaraq ilk öncə özü dərindən bilməlidir ki, şəxsi heyətə də səmərəli dərs keçə bilsin.
Cavidan həm də İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Hərbi xidmətə başladığı ilk gündən onun məqsədi, məramı bacarıqlı hərbçi kimi formalaşaraq, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək olub. Tale elə gətirib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev orduya əks-hücum əmri verəndə Cavidan hərbi xidmətdə olub. 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edilməsi üçün verilən bu əmr hər bir əsgərin çoxdan gözlədiyi əmr idi. Cavidan həmin günləri belə xatırlayır: “Müddətli həqiqi hərbi xidmət illərimi də hesablasam, on ilə yaxın idi ki, ordu sıralarında xidmət edirdim. Kifayət qədər hərbi bilik və bacarıqlara yiyələnmişdim. Döyüş meydanına atılmağa özümü hazır hesab edirdim. Mənimlə xidmət edən digər silahdaşlarım da yüksək döyüş bacarıqlarına malik idi. Əmin idim ki, müharibə başlasa, mütləq qalib gələcəyik. Mütəmadi keçdiyimiz təlim-məşqlər və silahdaşlarımın yüksək döyüş ruhu belə deməyə əsas verirdi. Döyüş yolum müxtəlif istiqamətlərdən keçib. İştirak etdiyim əməliyyatlarda silahdaşlarımla birlikdə verilən tapşırıqları uğurla yerinə yetirmişik”. 
Çavuş Cavidan Nadir oğlu Səlimovun sinəsini “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və başqa medallar bəzəyir. Onun görkəmi də, davranışı da hərbçiyə, döyüşçüyə xasdır. Təlim sahəsində tabeliyində olanlara dərs keçir, həm də öz fərdi hazırlığını daha da artırırdı. 
Qeyd edim ki, ordumuzun bütün qoşun növlərində və bölmələrində nəzəri və praktiki dərslərin, taktiki və döyüş atışlı təlimlərin yüksək səviyyədə keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclüsüdür. Təlim meydanlarında döyüş vərdişlərini möhkəmlədən şəxsi heyət 44 günlük Vətən müharibəsində və sonrakı əməliyyatlarda tarixi Zəfərlər qazandı. Döyüş meydanında bacarıq, fədakarlıq, rəşadət göstərən hərbçilərimiz düşmən ordusunu darmadağın etdi. Müharibədən sonrakı dövürdə də ordumuzun döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması diqqət mərkəzində saxlanılır. Şəxsi heyət yerli təlimlərlə yanaşı, qardaş Türkiyə və digər xarici ölkələrin orduları ilə birgə təlimlərə cəlb olunur, ordumuzun müdafiə qüdrətinin daha da artırılması istiqamətində uğurlu addımlar atılır. Aparılan islahatlarla yanaşı, şəxsi heyətin yüksək döyüş ruhu, Vətən sevgisi, hərb peşəsinə sonsuz bağlılığı, dövlət və dövlətçiliyimizə sədaqəti də ordumuzun yenilməziliyini təmin edir. Onların keçirilən təlim-dərslərə həvəslə yanaşması, nəzəri biliklərə və döyüş vərdişlərinə yiyələnmək üçün səylə çalışmaları da döyüş hazırlığında yüksək nəticələrin əldə olunmasında mühüm rol oynayır.
Komandaları ən kiçik elementinə qədər dəqiqliklə yerinə yetirməyə can atan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Rizvan Quluzadə, Əfqan Qasımov, Talıb Məmmədov, Rüfət Səlimov, Nursaid Abdullazadənin də düşüncələrini öyrəndim. Dərs zamanı hər biri bacarıq, çeviklik və yüksək fiziki hazırlıq nümayiş etdirirdi. Yüksək döyüş hazırlığına və hərbi nizam-intizama malik olduqları hər addımlarından görünürdü. Rizvan Quluzadə dedi ki, hər bir hərbçi ona təhkim olunan silahının xüsusiyyətlərini öyrəndiyi kimi, hücum və ya müdafiə döyüşü zamanı taktiki biliklərə də mükəmməl yiyələnməlidir. Həmçinin bildirir ki, dağlıq, meşəlik, düzənlik, dərə-təpə və digər ərazilərdə döyüşməyin, müdafiə olunmağın incəliklərini mənimsəməlidir. 
Əfqan Qasımov 2023-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarındadır. İkinci Qarabağ müharibəsindən əvvəl müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi düşmənlə təmas xəttində xidmət edib. O zaman da əsgərlərin təlim-məşqlərinə ciddi önəm verdiyini xatırladı. Keçirilən belə təlimlərin mahiyyətini yaxşı dərk etdiklərini bildirdi. “Biz hər gün döyüş vərdişlərimizi, hərbi biliklərimizi artırırıq ki, istənilən hərbi əməliyyatı uğurla yerinə yetirməyə hər an hazır olaq. Şərəfli peşə sahibi olmaqdan və qalib ordunun sıralarında xidmət eməkdən qürurluyuq”, - dedi Əfqan.
Əfqan, silahdaşları Rizvan Quluzadə və Talıb Məmmədov Azərbaycan Ordusunun daha bir zəfəri ilə başa çatan antiterror əməliyyatının iştirakçısı olublar. Onlar danışdıqca həmin hadisələri xatırlayıram. Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirirdi. Bunun qarşını almaq üçün 2023-cü il sentyabrın 19-20-də hərb tariximizin daha bir parlaq səhifəsini təşkil edən uğurlu antiterror əməliyyatı həyata keçirildi. Ordumuz bu dəfə də yüksək peşəkarlıq və qətiyyət nümayiş etdirərək 24 saata yaxın davam edən antiterror əməliyyatı ilə Qarabağda qanunsuz silahlı birləşmələrin, terrorçuların və separatçı rejimin mövcudluğuna son qoydu. Beləliklə, Ali Baş Komandanın uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Hərbçilərimizin peşəkarlığı və təlimlərdə qazanılan yüksək döyüş qabiliyyəti daha bir döyüş əməliyyatının uğurla nəticələnməsinə səbəb oldu. Qazanılan qələbələrimizin bu gün olduğu kimi yüksək səviyyədə təşkil edilən nəzəri və praktiki dərslərin, təlimlərin nəticəsi olduğu heç kimə sirr deyil. Hazırda keçirilən taktiki hazırlıq dərsi də ordumuzun müdafiə qüdrətinin, şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəlməsinə və gələcəkdə yerinə yetiriləcək istənilən hərbi əməliyyatın müvəffəqiyyətlə bitməsinə xidmət edir.


Bəxtiyar ƏLİYEV 

“Azərbaycan Ordusu”