AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Həzin-həzin əsən meh ağacların xırda budaqlarını və yarpaqlarını titrətməkdəydi. Xatırlayıram, onda da belə bir rüzgar vardı, onda da əsgərlərin əhatəsində gözəl bir ovqat yaşayırdıq. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin birinci ildönümünə həsr olunmuş tədbir ərəfəsində əsgərlərdən biri demişdi: “Görəsən bizdən sonra hərbi xidmətə çağırılacaq əsgərlər də bizim kimi fərəhlənəcəklərmi ki, biz qaliblərin davamçılarıyıq”. Əsgərin fikrini digər əsgər tamamlamışdı: “Tarixi Zəfər tarixən yaşadılacaq, ona görə də bu qürur əbədiyyətin qürurudur”. Tədbir xoş ovqatla başlamışdı...
Bir vaxtlar Azərbaycan əsgərinin qazandığı tarixi Zəfərlə qürurlananlar tərxis olunub, o vaxtlar qürurlanan çağırışçılar indi hərbi xidmətdədir. Mahiyyəti Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsinin iştirakçıları da zamanında Hərbi And içmişdilər, həmin Anda bu günün əsgərləri də sadiqdirlər. Həmin Andı ruhən İkinci Qarabağ müharibəsinin iştirakçılarına, şəhidlərin ruhuna xitabən “Sizin qazandığınız tarixi Zəfəri biz yaşadacağıq, bizdən sonra xidmət edən əsgərlər yaşadacaq!” kəlmələri tamamlayıb, düşünürəm. Sözlərimə zəmanətim bu günün qalib ordusunun şəxsi heyətinin yüksək döyüş və mənəvi-psixoloji hazırlığıdır...
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi (və bəşəri!) qələbədən sonra dövlət başçımızın müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu ərazilərə müntəzəm səfərləri quruculuq işlərinin də Zəfərlə başa çatdırılacağının inamıdır.
Cari ilin iyul ayının 11-də dövlətimizin başçısı Xocavənd rayonunda səfərdə olanda sakinlərlə görüşündə qürurla dedi ki, “Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət və xalq buna oxşar Qələbə qazanmamışdır, özü də cəmi 44 gün ərzində”. Bu fikir hər bir azərbaycanlının azərbaycançılıq qürurunu coşdurdu, bu adi hisslər Vətənə sevgi kimi yaşadılır...
“N” hərbi hissəsində bu qürurun işığında həmin fikirlər haqqında söhbətləşirik. Disput formatında başlayan söhbətləşmə Azərbaycan dövlətçiliyinə, Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna, qalib Azərbaycan əsgərinə ehtiramdır. Bu sonsuz ehtiramın əhatəsində leytenant Nüsrət Kərimov disputa giriş kimi deyir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycana qarşı genişmiqyaslı təxribat törətməyə cəhd göstərmiş, ordumuzun hissələri bu təxribatın qarşısını qətiyyətlə almış, Ali Baş Komandanın əmri ilə əks-hücuma keçmişdi. Bu əmr mahiyyət etibarilə İkinci Qarabağ müharibəsinin başlanğıc əmri olmuşdu...
Zabit disputun məzmununun daha əhatəli dərki məqsədi ilə əsgərləri disputda fəal iştiraka cəlb edir. Soruşur ki, “İlk qələbələr nə vaxt qazanılmışdı?”. Əsgər Əli Məmmədovun düşüncələrinin və səsinin sevincinin bir dünyalıq qüruru aydınlığı ilə duyulur, duyulan qürur digər əsgərlərin baxışlarında təzahür edir:
- Qəbul imtahanlarına hazırlaşanda oxuduqlarımın əksəriyyəti yadımdadır.
Əsgər Samir Aslanov əsgər yoldaşının sözünün qüvvəti kimi deyir ki, Vətənlə bağlı olan hadisələr, faktlar unudulmur. Əlinin baxışlarında bir məmnunluq dolaşır:
- Azərbaycan Ordusu müharibənin ilk günündə Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərini işğaldan azad etdi. Bu qələbə döyüşən ordumuzun qələbə ruhunu yüksəltmişdi. Döyüşçülərimiz xalqın bu sevincini Böyük Qələbə ilə tamamlamaq üçün döyüşürdü...
Əsgərin xatırlatmaları digər əsgərlərin də düşüncələrini disputa yönəltmişdi. Elə bil hər biri xatırlamaları ilə ruhən, ruhun düha doğmalığı ilə İkinci Qarabağ müharibəsinin iştirakçısı olmaq istəyirdi...
- Ordu hissələrimiz döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü. Müharibə xalqın müharibəsi, savaş tarixi ədalətin bərpası idi. Döyüşlərdən uzaqda qalanlar ruhən döyüşənlərin sırasındaydı. İlk şəhər işğaldan oktyabrın 4-də azad edildi. Həmin gün Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad edildi (əsgər Ruhul Səmədli).
- Müharibə vaxtı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediklərini yuxarı siniflərdə oxuyanda öyrənmişdim. Həm şagird kimi, həm də yeniyetmə kimi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik". Atam deyirdi ki, o vaxtlar bu fikirlərdə hər bir azərbaycanlı son döyüşün qələbə sonluğunu görürdü (əsgər Elçin Abbasov).
Leytenant Nüsrət Kərimov xatırladır ki, dövlət başçımızın iyulun 11-də Xocavəndə bu səfəri də quruculuq işlərinin sürətləndirilməsində, xalqın qazanılmış tarixi Zəfərə ehtiramının işğaldan azad edilmiş ərazilərdə yaradılan şəraitə ehtiramı ilə tamamlanmasında son dərəcədə əhəmiyyətli olacaq. Döyüşdə - 2020-ci ilin payızında - İkinci Qarabağ müharibəsində qazanılan Zəfər işğaldan sonra quruculuq işlərində də davam etdiriləcək.
Azərbaycan Ordusunun qazandığı qələbə ona görə tarixi qələbədir ki, illərlə uzanan işğala cəmi 44 gündə son qoyuldu.
Əsgər Loğman Abdullayev yadında qalan müharibələrin tarixini xatırladır. Həm də xatırladır ki, işğalçılıq həmişə torpaqsevərliyə məğlub olub. Vyetnamda da belə olmuşdu, Əfqanıstanda da belə olmuşdu, digər ərazilərdə də belə olmuşdu. İkinci Qarabağ müharibəsi xalqın müharibəsi idi. Xocavənddə Prezidentimizin qürurla dediyi fikirlər bizim də qürurumuzdur. Biz qürurlanırıq ki, belə bir ordunun əsgərləriyik, Ali Baş Komandanın döyüş əmrini cəmi 44 günə başa çatdıran, xalqımıza Böyük Qələbənin sevincini yaşadan qalib ordunun döyüşçülərinin varisləriyik.
Əsgər Mail Abdullayev əsgər yoldaşının sözünə söykək kimi deyir ki, döyüşçülərimiz digər döyüşlərdə də igidliklə vuruşdular. Ancaq Şuşanın azad edilməsi uğrunda baş tutan döyüşlər Azərbaycanı sevənlərə qədərsiz sevinc yaşatdı, ölkəmizi sevməyənlərə - qədərsiz qəhər. Dövlət başçımızın disput üçün mövzu seçilmiş bu fikirlərini həm də Şuşa döyüşlərinin iştirakçılarına ehtiram bilirik.
Əsgər Loğman Abdullayev də söhbətə qoşulur:
- Tarix müəllimimiz bizə İkinci Qarabağ müharibəsində yazılmış reportajlardan da danışırdı. Bir rusiyalı hərbi ekspertin yazdığı məqaləni hamımız maraqla dinləmişdik, müəllimimizin təklifi ilə o məqalədən bəzi fikirləri yazmışdıq. Onları unutmamışam: "Azərbaycan Şuşanı azad etdi, piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. Şəhəri PUA-larsız, tanksız, artilleriyasız aldılar. Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu? Demək çətindir! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...".
Əsgər Elçin Abbasovun dedikləri həm müharibənin tarixidir, həm bu tarixə ehtiramdır, həm də disput üçün seçilmiş mövzunun mahiyyətinə əsgər sədaqətidir. Bu sədaqət dövlət başçımızın dediyi fikirlərin, bu sıradan “Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət və xalq buna oxşar Qələbə qazanmamışdır, özü də cəmi 44 gün ərzində” fikrinin işığında elə gözəl ifadə olunur ki!...
- Dövlətimizin başçısının bu fikirləri həm də şəhidlərimizin ruhuna ehtiramdır. Müəllimlərimizdən eşitmişdim: Hər şəhid qəhrəmandır, hər qəhrəmanlıq - heç zaman unudulmayacaq bir tarix.
Əsgər yoldaşının sözünü əsgər Samir Aslanov tamamlayır:
- Dövlət başçımızın qürurla dediyi bu fikirlərdə şəhidlərimizin ruhuna böyük ehtiram var. Biz bu ehtiramın da əsgəriyik və onu hərbi xidmətdən sonra da yaşadacağıq.
- İkinci Qarabağ müharibəsi xalqımızın müharibəsi idi. 27 sentyabr - 8 noyabr 2020-ci il. Bu tarixlər 44 günü əhatə edir. Mahiyyəti bəşəri ölçülərlə ölçülən bu tarix də təsdiqlədi ki, işğalçılığın sonu olmur, Vətən sevgisi, vətənpərvərlik həmişə qalib gəlir. Bu fəlsəfə Azərbaycanda daha qətiyyətlə, daha hərbi əsaslarla, daha böyük coğrafiyanı əhatələməklə təsdiqləndi, - deyirəm. Araya çəkingən bir səssizlik çökür. Fikrimi əsgər Ruhul Səmədli tamamlayır:
- Bayaq Loğman bir hərbi ekspertin dediklərini xatırlatdı. O fikirlər illər sonra olsa da, məni duyğulandırdı. Döyüşçülərimizin döyüş əzminə görə duyğulandım, Şuşanın işğaldan azad edilməsinə görə duyğulandım, dünyanın qəlbitəmiz insanlarının düşüncələrinə görə duyğulandım. Loğmanın dediklərində həm də dövlət başçımızın fikirlərinin tarixi həqiqətlərini gördüm...
Əsgərin dedikləri hamımıza xoş gəlir. Müharibənin fəlsəfəsinin, tarixi Zəfərin fəlsəfəsinin, dövlət başçımızın “Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət və xalq buna oxşar Qələbə qazanmamışdır, özü də cəmi 44 gün ərzində” kimi ifadə etdiyi qürurun fəlsəfəsinin bu qədər gözəl dərkindən qürurlanırıq...
Bayaqdan bəri həzinliklə əsən meh əsib, əsib, kəsib. Yayın yay günü havanın bu qədər insafla sərinləşməsində əsgər düşüncələrinin işığın duymaq çətin deyil...
Elçin İMANOV
“Azərbaycan Ordusu”