Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2026 13:36

Rəqəmsal dünya: psixoloji asılılıq, yoxsa...?

“Mən danışmağa başladığım yarım dəqiqə belə olmadı. UNİCEF-in rəqəmlərinə görə bu qısa zamanda 60 uşaq internetlə tanışmış olur və sərhədsiz bir dünyanın qapılarından içəri addım atır. Uşaqlarımızın ekran vasitəsilə nəyə nə qədər məruz qalacağı da yalnız qazanc məqsədli şirkətlərin ümidinə buraxılmamalıdır” sözlərini  Türkiyənin birinci xanımı Əminə Ərdoğan NATO Zirvəsi çərçivəsində Çankaya Köşkündə dövlət və hökumət başçılarının həyat yoldaşları ilə bir araya gəldiyi “Uşaqlar, Texnologiya və Təhlükəsizlik: Gələcək Nəsli Qoruyaq” mövzusunda keçirilən tədbirdəki çıxışında deyib. Rəqəmsal dövrün gətirdiyi imkanlarla yanaşı, uşaqların qarşılaşdığı gizli təhlükələrə diqqət çəkən bu görüşdə mühüm mesajlar verilib. “Ekran bizi izləyir” uşaqların təkcə ekrana baxmadığını, ekranın da onları izlədiyini və alqoritmlər vasitəsilə gənclərin düşüncə tərzinin manipulyasiya edildiyi bildirilib. Aparılan araşdırmalara görə gənclərin üçdəbirinin artıq insanlardan çox süni intellektlə ünsiyyətə üstünlük verdiyini təəssüf hissi ilə qeyd edilib. Süni intellekt yeniyetmələrin sirdaşı və məsləhətçisinə çevrilib. Bu halda sual yaranır: “Uşaqlarımızın ağlını və təhsilini kim idarə edir?”
Həyatımızda rəqəmsal texnologiyaların rolu gündən-günə artır. Yeniyetməlik dövrü bioloji və psixoloji inkişaf mərhələsidir. Açıq havada aktiv fiziki fəaliyyətlə məşğul olmaq əvəzinə, yeniyetmələr günün böyük hissəsini qapalı məkanda sosial şəbəkələrdə, rəqəmsal platformalarda keçirirlər. Alimlər rəqəmsal asılılığın beyin inkişafına zərərlərini sübut ediblər. Harvard tibb məktəbinin araşdırmalarına inansaq, rəqəmsal cihazların həddindən artıq istifadəsi yuxu pozğunluqlarına, düşünmə qabiliyyətinin azalmasına və diqqət dağınıqlığına səbəb olur. Rəqəmsal aludəçilik spirtli içki, tütün məhsulları, maddə asılılığı kimi beyin mərkəzinə cox mənfi təsir göstərən zərərli vərdişlər siyahısına daxildir.  
Məqsədimiz uşaqları texnologiyadan tamamilə məhrum etmək deyil, bu imkanları onların ləyaqətinə, təhlükəsizliyinə və inkişafına uyğun formaya salmaqdı.
Oyun oynayanlar daha sürətli və dəqiq reaksiya verirlər. Qərar vermə bacarıqları inkişaf edir. Tapmaca və strategiya oyunları beyin hüceyrələrini aktiv saxlayır. Bəzi oyunlar beynin sağ və sol yarımkürələrinin birlikdə çalışmalarına kömək edir. Ancaq oyun oynayarkən tarazlığı qorumaq şərtdir.
Kompüter oyunlarına həddindən artıq həvəsin olması oyun oynamaq vərdişinin yaranmasına səbəb olur. Oyun asılılığı 2019-cu ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən xəstəlik kimi tanınıb. Təşkilatın hesabatlarına görə yeniyetmələrin 35 faizi 1 gündə 5 saatdan çox vaxtını telefonda oyun oynamaqla keçirir. Ölkəmizlə bağlı göstəricilər də ürəkaçan deyil. 10-17 yaşlı uşaqların 89 faizi smartfon istifadəçisidir. Onların 76 faizi sosial media platformalarından istifadə edir. Elə buna görə də yeni qaydaya əsasən Azərbaycanda 16 yaşına çatmayanlar sosial şəbəkələrdə fərdi hesab yarada bilməyəcəklər. 16-18 yaş arası istifadəçilər üçün isə nəzarətli istifadə modeli tətbiq olunacaq ki, burada valideyn nəzarətinin gücləndirilməsi də vacibdir. 
Hazırda kompüter oyunları xüsusilə də gənclərin asudə vaxtlarını keçirdikləri bir məşğuliyyətə çevrilib. Bu növ asılılığın varlığından danışa bilmək üçün şəxsin gündəlik həyatında ictimai münasibətlərə, peşə məsuliyyətlərinə laqeyd yanaşacaq səviyyədə oyunlar oynaması lazımdır. Virtual dünyada rol oynama oyunları, mükafat mexanizmlərinin olması və sosial oyun şəbəkələrində iştirak kimi müxtəlif amillər elektron oyunlara asılılıq riskini artıra bilər. Bu vəziyyət xüsusilə gənclərə təsir edir. Elektron oyun asılılığı bu cür oyunların, o cümlədən video oyunların həddindən artıq və nəzarətsiz istifadəsi ilə yaranan davranış asılılığının bir növüdür. Bu asılılıq onlayn oyunlar və video oyunları oynamaqla əlaqəli problemli davranışları əhatə edir və texnologiya asılılıqları arasında geniş yayılmışdır. Oyun asılılığı, həmçinin internet asılılığının alt kateqoriyası hesab olunur. Kompüter oyunları narkotik və alkoqolun yaratdığı təsirlərə bənzədiyi üçün beyində həzz hissi yaradır. Bu, yenidən oyun oynamaq istəyən şəxsə stimul verir. Kompüter oyunlarından həddindən artıq istifadə insanda müxtəlif psixoloji və fiziki cəhətdən mənfi təsirlərə səbəb olduğu üçün oyun asılılığı davranış pozuntusu hesab edilir.
Kompüter oyunları şəxsə real həyatda mümkün olmayan təcrübələri yaşadaraq məhdudiyyətsiz xəyal gücündən istifadə etmək kimi imkanlar təqdim edir. Virtual mühitdə dost olmaq, tədbirlər təşkil etmək kimi sosial imkanlar sayəsində insanları özünə cəlb edir. Bundan əlavə oyun oynama vaxtı ilə asılılıq arasında birbaşa əlaqə olduğu müşahidə edilir. Kompüter oyunları insanın gündəlik həyatına əhəmiyyətli dərəcədə təsir etdikdə, bu asılılığa səbəb ola bilir. Asılılığın səciyyəvi simptomlarına oyundan əl çəkə bilməmək, daim oyun haqqında düşünmək, gündəlik tapşırıqları pozmaq, həyatın digər aspektləri ilə müqayisədə oyuna üstünlük vermək, real həyatla oyun oynamağın bir-birinə qarışması daxildir. Asılı insanlar çox vaxt dostlarına, ailələrinə, məktəblərinə və ya işlərinə laqeyd yanaşırlar. Digər tərəfdən: məktəbdə və ya işdə uğursuzluq, fiziki ehtiyaclara (yuxu, qida, məşq, şəxsi gigiyena) laqeyd yanaşması, çəki artımı, piylənmə və ya qidalanma pozğunluğu, depressiv əhval-ruhiyyə və kompüter oyunları oynamaq üçün bəhanələr gətirmək. Bu asılılığın digər əlamətlərinə əsəbilik və ya kompüter söndürüldükdən sonra tərləmə kimi əlamətlər daxildir.
Kompüter oyunu asılılığı psixoloji xəstəlik kimidir. İnsan oyunda zaman kontrolunu itirir. Real həyatdan qopub virtual aləmə bağlanır. Bəzi virtual oyunlar sosial şəbəkələr üzərindən gizli qruplarda idarə olunan təhlükəli bir manipulyasiya mexanizmidir. Oyunun “kuratorları” iştirakçıların zəif nöqtələrini tapır, onlara qorxu və təhdidlərlə təzyiq göstərərək özlərindən asılı vəziyyətə salırlar. Oyunun sonuncu tapşırığı birbaşa intihar əmridir. Kuratorlar iştirakçıları ailələrinə zərər yetirəcəkləri ilə hədələyərək bu addımı atmağa məcbur edirlər.
Bu, sağlamlığın itirilməsinə, ünsiyyət pozğunluğuna və əmək qabiliyyətinin pozulmasına gətirib çıxaran səbəblərdəndir.
Oyun asılılığının zərərləri akademik göstəricinin aşağı olması, qeyri-sağlam qidalanma səbəbindən kilo alma, şəxsi qulluğa etinasızlıq, oturaq həyat tərzi kimi problemlər daxildir. Kompüter oyunlarına aludə olanlar açıq hava fəaliyyətlərinə və təbiətə maraqlarını itirirlər. Hər zaman evdə qalmaq fiziki hərəkətsizliyə və əzələlərin zəifləməsinə yol açır. Xüsusilə gənclərdə bu təsirlər daha ciddi nəticələrə səbəb ola bilər. Uşaqlıqda başlayan kökəlmə prosesi çox vaxt ömür boyu davam edə bilər. Bundan əlavə, artıq çəki, şəkərli diabet kimi xroniki xəstəliklər və qeyri-sağlam həyat tərzi bu asılılığın yan təsirləri sırasındadır.
Dopamin xoşbəxtlik, həzz və motivasiya verən təbii kimyəvi maddədir. O beyindəki sinir hüceyrələri arasında vacib siqnallar daşıyır. Bu prosesi başa düşmək üçün onu mükafat zərfi kimi düşünün. İşdə uğur qazananda və ya sevdiyiniz yeməyi yeyəndə beyniniz bu zərfi açır və sizə sevinc bəxş edir. Oyun zamanı beyinə böyük dozada xoşbəxtlik hormonu sayılan dopamin atılır ki, bu digər qadağan olunmuş maddələrin qəbulu və kazino oyunları zamanı yaranan “xoş hiss”ə bənzəyir. Realda nə baş verir? Kompüter oyunlarına aludəçilik yuxu ilə reallıq arasındakı fərqi qarışdırmaq, antisosial davranışlar, azad düşüncənin itirilməsi, zorakılığa meyil kimi bir çox psixoloji zərərlərə də səbəb ola bilər.
Tədqiqatlar göstərir ki, kompüter oyunları və ya internet asılılığı, təşviş, digər asılılıq növləri depressiya riskini artırır. Klaviatura, siçandan fasiləsiz istifadə musiqi aləti ifa edənlərdə olduğu kimi, biləkdə ağrıların yaranmasına səbəb ola bilər. Uzun müddət ekran istifadəsi göz yorğunluğu, göz zəfləməsi, yanma hissi, bulanıq görmə, baş ağrıları və uzunmüddətli görmə pozuntusuna gətirib çıxara bilər. “Kompüter boynu sindromu” da tibb elminə yeni daxil olub. Sindrom boynun uzun müddət irəli əyilmiş vəziyyətdə ekrana doğru qalması ilə yaranır. Bu vəziyyətdə oturan insanın 5 kq çəkidə olan başı 27 kq qədər ağırlaşır. Onurğa sütunu bu ağır yükü saxlamaq üçün əzələlərin gərginliyini artırır. Nəticədə daimi baş ağrıları, yüksək təzyiq, baş gicəllənməsi beyin-qan dövranın pozulması halları yaranır.
Nomofobiya (“no-mobile-phone phobia) - bu smartfonsuz qalma fobiyasıdır.
Ətrafınızda mobil telefonu əlində olmayanda şiddətli təşviş və panika yaşayan, şəbəkə itəndə, enerji bitəndə və ya internet kəsiləndə stress keçirən şəxs varsa, nomofobiya simptomlarından şübhələnə bilərsiniz. Telefonu heç vaxt söndürmürsə, hətta yatarkən belə yaxınlıqda saxlayırsa, cihazı hər an yoxlamaq ehtiyacı duyursa, sosial media və şəbəkələri izləmək üçün daim təzyiq hiss edirsə, bu hal şübhələrinizi doğrulda bilər.
Fərdlər internetdə keçirdiyi vaxtı idarə etməyi öyrənməli və kompüterin həyatlarındakı əhəmiyyətini dərk etməlidirər. Telefon və planşetlərdə saatlarca serial izləmək və oyun oynamaq ailədaxili münasibətlərdə və övladlarımıza yanaşmada öz mənfi reaksiyasını göstərir.
Sosial şəbəkələr analitik düşünmə qabiliyyətini, məntiqi təfəkkür tərzini məhdudlaşdırır. Bu isə fəaliyyəti sona qədər davam etdirmək bacarığının itirilməsinə səbəb ola bilir. Uşaqlarımız “klip sindromu” deyilən sindromla qarşı qarşıyadır. Beyin televiziyada və telefonda sürətlə keçən rəngli görüntülərə öyrəşir. Bundan sonra real həyat sıxıcı gəlir. Buna görə də psixoloqlar uşaqlar üçün 45 dəqiqəlik limit müəyyənləşdiriblər.
Oyun asılılığının müalicəsində psixoterapiya və dərman müalicəsi, qrup terapiyası, reallıq terapiyası, meditasiyalar, koqnitiv davranış terapiyası və virtual reallıq terapiyası kimi bir çox üsullardan istifadə etmək olar.
Hərbi xidmətin gətirdiyi ağır fiziki və psixoloji gərginlikdən qaçmaq üçün hərbi qulluqçu kompüter oyunlarını bir sığınacaq kimi görə bilər. Hərbi mövzulu oyunlar real hərbi mühitə oxşarlıq təşkil etdiyi üçün onun marağını daha tez cəlb edə bilər. Evdən və doğmalardan uzaqda olan hərbçilər onlayn oyunlar vasitəsilə virtual olsa da, ünsiyyət tapmağa çalışa bilərlər. Bu zaman onlayn oyun platformaları vasitəsilə hərbi hissə, dislokasiya yeri və ya daxili xidmət barədə məlumatların bilmədən kənar şəxslərə ötürülməsi riski yaranır. Buna görə də hərbi hissələrdə şəxsi heyətin asudə vaxtının düzgün planlaşdırılmasına, smartfon və internet istifadəsinə ciddi nəzarət olunur. Vətən müdafiəçilərinin enerjisini və diqqətini idman yarışlarına, intellektual oyunlara və hərbi-vətənpərvərlik tədbirlərinə yönəltmək də bu asılılığın qarşısını alır. Hərbi psixoloqlar və kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən mütəmadi olaraq şəxsi heyət ilə maarifləndirici söhbətlər aparılır, qabaqlayıcı tədbirlər görülür.
Müasir orduların gücü və effektivliyi birbaşa rəqəmsallaşma səviyyəsindən asılı olsa da, texnologiyadan həddindən artıq asılılıq (kompüter asılılığı) milli təhlükəsizlik üçün ciddi risklər yaradır. Rəqəmsal texnologiyalar döyüş meydanında misilsiz üstünlüklər qazandırır, eyni zamanda, orduları gözlənilməz zəifliklərlə üz-üzə qoyur.
Rəqəmsal texnologiyaların tətbiqi hərbi doktrinaları kökündən dəyişərək ordunu daha çevik və öldürücü qüvvəyə çevirib.  Kompüter bilikləri yüksək olan gənclərin orduda yaradılmış intellektual bölmələrdə hərbi xidmət keçməsi onların biliklərini tətbiq etməsinə imkan yaradır. 
Müasir orduların proqram təminatı və rəqəmsal sistemlərdən mütləq asılılığı, rəqib üçün yeni hədəflər yaradır. Texnoloji asılılıq hərbi konteksdə bir sıra təhlükələri ortaya çıxarır. 
Rəqəmsallaşma müasir ordunun beynidir, lakin kompüter asılılığı bu beynin hər an iflic ola biləcək zəif nöqtəsidir. Qələbə yalnız rəqəmsal üstünlüklə deyil, həm də texnologiyanın çökdüyü anda döyüşü davam etdirə biləcək sağlam iradəli və hazırlıqlı insan amili ilə qazanılır.

Sevda AŞIROVA
“Azərbaycan Ordusu”