Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2026 13:36

“Hər yeni gün yeni məsuliyyətdir”

İllər keçdikcə insanın hərbi xidmətə baxışları dəyişir. Qazanılan təcrübə, yerinə yetirilən tapşırıqlar və çiyin-çiyinə xidmət etdiyin insanlar seçdiyin peşəyə münasibəti formalaşdırır. “N” hərbi hissəsində gizir Mehdi Cabbarov ilə onun xidmət yolundan danışarkən bunu hiss etmək çətin deyildi. Söhbət zamanı o, sadəliyi və təmkinliyi ilə seçilir, diqqəti daha çox hərbi xidmətin məsuliyyətinə yönəldirdi.
1982-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olan Mehdi Məhəmməd oğlu Cabbarov uzun illərdir Azərbaycan Ordusunun sıralarında xidmət edir. Hərbi peşəni seçdiyi gündən bu günə qədər müxtəlif bölmələrdə xidmət edib, üzərinə düşən tapşırıqları məsuliyyətlə yerinə yetirməyə çalışıb. Peşəkarlığı və hərbi intizamı ilə xidmət etdiyi kollektivdə etimad qazanıb. Nümunəvi xidmətinə görə komandanlıq tərəfindən müxtəlif mükafatlara layiq görülüb. 2020-ci ilin Vətən müharibəsində xidmətlərinə görə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Həmsöhbətim 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatında da iştirak edib.
Hərbi xidmət insanın həm bilik və bacarıqlarını, həm də xarakterini formalaşdırır. Bu yol daim öyrənməyi, intizamlı olmağı və istənilən şəraitdə məsuliyyət hissini ön planda saxlamağı tələb edir. Hərbi qulluqçumuz qeyd etdi ki, xidmət yolunu məhz bu prinsiplər üzərində qurub. “Azərbaycan Ordusunda xidmət edən hər bir hərbi qulluqçunun fəaliyyəti vahid məqsədə - ölkəmizin qüdrətinin artmasına, müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan uzun müddət ordu sıralarında xidmət edərək təcrübə qazanan hərbçilərin rolu xüsusi əhəmiyyət daşıyır. Onların peşəkar bilik və bacarıqları gündəlik xidmətdə, döyüş hazırlığının yüksəldilməsində və gənc hərbi qulluqçuların formalaşmasında mühüm rol oynayır”.
Mehdi Cabbarov söhbət zamanı qeyd etdi ki, ilk baxışdan elə görünə bilər ki, hərbi xidmətdə əsas məsələ verilən tapşırığı yerinə yetirməkdir. “Əslində isə məsuliyyət bununla bitmir. Daşıdığın mundirə, seçdiyin peşəyə və sənə göstərilən etimada hər gün cavabdeh olduğunu dərk edirsən. Məncə digər vərdişlərlə yanaşı, hərbi xidmət insana, ilk növbədə, bunları öyrədir".
Hərbi qulluqçumuzun fikirlərində diqqəti çəkən digər bir məqam isə onun peşəkarlığa olan münasibəti idi. Mehdi Cabbarov bildirdi ki, hərbi xidmətdə təcrübə təkcə keçən illərlə ölçülmür. "İllər keçib gedir, amma əsas odur ki, həmin illər sənə nə qazandırır. Hər gün öyrənməli, öz üzərində çalışmalı və döyüş hazırlığını artırmalısan. Hərbi xidmət hər zaman inkişafı, peşəkarlığın təkmilləşdirilməsini tələb edən peşədir".
2020-ci ilin Vətən müharibəsi Azərbaycan Ordusunun şəxsi heyəti üçün həm peşəkar hazırlığın, həm də mənəvi dözümlülüyün sınağı oldu. Müxtəlif istiqamətlərdə gedən döyüş əməliyyatlarında hər bir hərbi qulluqçu kimi, gizir Mehdi Cabbarov da üzərinə düşən tapşırıqların yerinə yetirilməsində bacarıq və fədakarlıq göstərib. Təcrübəli gizirimiz müharibədən sonra da xidmətini eyni məsuliyyətlə davam etdirib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması istiqamətində həyata keçirilən antiterror əməliyyatında da iştirak edərək qarşıya qoyulan vəzifələrin vaxtında və dəqiq icra olunmasına çalışıb.
Söhbət zamanı Mehdi Cabbarov Vətən müharibəsi ilə bağlı xatirələrini də bölüşdü. Döyüş əməliyyatları haqqında danışarkən bəzi məqamların onun yaddaşında xüsusi yer tutduğu hiss olunurdu. Bunlardan biri də bölük komandiri baş leytenant Əfşan Hüseynovun şəhid olması xəbəri idi. Mehdi həmin günləri unuda bilmir. Bu barədə danışarkən sanki həmin anları gözlərinin qarşısında yenidən canlandırırdı. "Bu, mənim üçün çox ağır xəbər oldu. Uzun müddət birlikdə xidmət etdiyim bölük komandirinin şəhid olması xəbəri məni çox sarsıtdı. Belə anlarda insan hisslərini öz daxilində yaşayır. Şəhid xəbərlərinin gəlməsinə baxmayaraq ruhdan düşməməyə, döyüşləri davam etdirməyə, onların qisasını döyüş meydanında almağa can atırdıq. Düşünürəm ki, həmin günlər, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda döyüşlərdə şəhid olan igid silahdaşlarımızın əziz xatirəsi mənim və xidmət yoldaşlarımın yaddaşında əbədi qalacaq”.
Mehdi Cabbarov hərbi xidmət illərində qazandığı təcrübəni birlikdə xidmət etdiyi insanlarla və formalaşan qarşılıqlı etimadla əlaqələndirir. Onun fikirlərində tez-tez səslənən "məsuliyyət", "intizam" və "etimad" anlayışları peşəsinə münasibətini tam aydın şəkildə ifadə edirdi.
Söhbətimizin sonunda xidmət illərinin ona qazandırdığı ən vacib keyfiyyətin nədən ibarət olduğunu soruşanda hərbi qulluqçumuz dedi: “Hər yeni gün yeni məsuliyyətdir. Çalışırsan ki, üzərinə düşən vəzifəni düzgün yerinə yetirəsən, xidmət illərində və döyüşlərdə qazandığın təcrübəni gənc hərbi qulluqçularla bölüşəsən və göstərilən etimadı doğruldasan. Mənim üçün xidmətin əsas amalı budur".
Bu gün gizir Mehdi Cabbarov kimi peşəsinə məsuliyyətlə yanaşan, qəlbi Vətən sevgisi ilə döyünən minlərlə hərbi qulluqçumuz qalib Azərbaycan Ordusunun sıralarında öz çətin və şərəfli xidmətlərini uğurla davam etdirir. Əminik ki, belə vətənpərvər gənclərimiz sayəsində dövlətimiz öz qüdrətini daha da artıracaq, ordumuz bundan sonra da ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təminatçısı olacaqdır.

Emil MURADLI
“Azərbaycan Ordusu”