Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2026 13:36

Travmaların qarşısını almaq, onları müalicə etməkdən daha asandır

Hərbi qulluqçuların gündəlik fəaliyyətində fiziki hazırlığın rolunu mütləq qeyd etməliyik. Fiziki hazırlıq şəxsi heyətin həm döyüş qabiliyyətinin artırılmasına, həm də sağlamlığının möhkəmləndirilməsinə kömək edən əsas amillərdən biridir. İdmanla mütəmadi məşğul olmaq onların döyüş qabiliyyətinə də müsbət təsir göstərir. İdmanla məşğul olan hərbi qulluqçu dözümlü, cəsur olur, eləcə də verilən tapşırıqları daha çevik və dəqiq yerinə yetirir. Bu gün ordumuzun bütün bölmələrində şəxsi heyətin fiziki hazırlığının möhkəmləndirilməsi məsələsi rəhbərlik tərəfindən diqqətdə saxlanılır. Ordumuzun bütün bölmələrində müasir idman avadanlıqları ilə təchiz olunmuş trenajor otaqları, idman şəhərcikləri fəaliyyət göstərir, şəxsi heyət arasında müxtəlif idman növləri üzrə fərdi və kütləvi yarışlar keçirilir. 
Təbii ki, idman hərəkətləri zamanı travmaların olması qaçılmazdır. Bəzən məlumatsızlıqdan insanlar idman zamanı aldıqları travmaların fərqinə varmır, zamanında buna əhəmiyyət vermirlər. Bu isə sonradan ciddi problemlərə gətirib çıxara bilər. Bu travmalar hər yaş və səviyyəli idmançıda baş verə bilər, ani hərəkətlər, yıxılmalar, toqquşmalar və ya həddindən artıq yüklənmələr kimi müxtəlif səbəblərdən meydana gələ bilər. İdman fəaliyyətləri zamanı qarşılaşılan zədələnmələr, fiziki sağlamlığa ciddi təsir göstərə bilən və peşəkar yanaşma tələb edən hallardır.  Bu zədələnmələrin vaxtında müəyyən edilməsi müalicə prosesinin uğuru üçün kritik əhəmiyyət kəsb edir.
Hər bir idman növünün özünəməxsus spesifik travmaları olur və onların hər birinə yanaşma fərqli olur. Günümüzdə futbola maraq böyük olduğuna görə, daha çox bu oyun zamanı qazanılan travmalara rast gəlirik. Hərbi qulluqçular arasında da belə hallar az da olsa müşahidə  olunur. Bəzən futbol zamanı travma alan şəxs buna ciddi əhəmiyyət verməyərək oyuna davam edir. Bu çox yanlış haldır. Travma alan kimi dayanmaq lazımdır. Davam edərkən zədə daha da böyüyür. İdman zamanı ağrı hiss olunursa, dayanmaq, həkimə müraciət etmək, müəyyən reabilitasiya müddəti keçmək lazımdır. Ağrı olan sahəyə tez bir zamanda buz qoymaq gərəkdir. Buz qoyulan sahədə qan dövranı zəiflədiyi üçün daha az travmatik sayılır.
Hər şeydən əvvəl bilmək lazımdır ki, istənilən idman növündə isinmə-gərilmə hərəkətləri etmədən birbaşa idmana başlamaq düzgün deyil. Günün on saatını futbol oynayan futbolçular belə isinmə hərəkətləri olmadan oyuna başlamırlar. Vətərlər, bağlar, əzələlər müəyyən bir vərdiş halına gəlməlidir ki, ondan sonra onları daha ağır yükə salmaq mümkün olsun. Birdən-birə onlara lazım olmadan artıq yük verəndə əzələlər, bağlar dartılır. Bu travmalar zamanı ilkin əlamət ağrıdır. Bundan sonra ikinci əsas əlamət həmin nahiyənin şişməsidir.
Onu da qeyd edim ki, bu gün qaçışla məşğul olanların da sayı çoxdur, lakin onların bununla bağlı yanlış vərdişləri kifayət qədərdir. Qaçış zamanı geyinilən ayaqqabının, yerin də əhəmiyyəti var. Asfaltda altlığı nazik olan ayaqqabı ilə qaçmaq pəncənin zədələnməsinə səbəb ola bilər. Qaçış zamanı sahənin dəyərləndirilməsi olduqca əhəmiyyətlidir. Eyni zamanda, buna müvafiq olaraq ayaqqabı seçimi olmalıdır. Bütün yük ayaqlara düşdüyü üçün qaçış olan yerin sərtliyinə uyğun olaraq ayaqqabılar seçmək lazımdır. Çəkisi ağır olanlara qaçmaq məsləhət deyil, bu zaman dizlər travma alır. Belə şəxslərin qaçması yox, gəzməsi lazımdır. Burada çəki çox önəmlidir. Kök adamlar qaçanda dizlərə böyük ziyan vermiş olurlar, oynaqlar zədələnir. Kiçik addımlarla yerisələr yaxşıdır. Qaçan zaman əzələ yoruldusa, dayanmaq, dincəlib yenidən başlamaq lazımdır.
İdman travmalarının əzələ və bağ dartınmaları, sınıqlar və oynaq çıxmaları, spesifik travmalar - menisk, tendinit və bursit kimi növləri var. Bu dəfə axill vətərinin qopmasından danışacağam. 
İnsan bədənində mövcud olan ən qüvvətli əzələ (400 kq-a qədər yükə davamlıdır) vətərdir. Vətərin yuxarı ucu başlanğıcını baldırın ikibaşlı əzələsinin üçbaşlı əzələnin bir hissəsi olan kambalayabənzər əzələyə keçdiyi yerdən götürür. Onun aşağı ucu isə daban sümüyünün arxa səthindəki qabarcığa bağlanır. 
Troya müharibəsi qəhrəmanı Axill şahzadə Paris tərəfindən təsadüfən sol dabanından zəhərli oxla vurularaq öldürülmüşdür. Buna görə ayaq dabanındakı müvafiq vətərə "Axilles vətəri" adı verilmişdir. Axill vətərinin tendiniti (iltihabı) və yırtığı idman zamanı ən çox rast gəlinən patologiyalardandır.
Futbol, basketbol, voleybol oyunlarında, uzuna tullanma və qaçışlarda axill vətərinin qopması halları ilə tez-tez rastlaşırıq. Qeyd etdiyimiz kimi, axill vətəri vücudun ən qalın və ən güclü vətəridir. Lakin bu vətərin bu qədər güclü olmasına baxmayaraq, həm də üzərinə çox böyük yük düşür. Buna görə də əgər idman zamanı, xüsusilə də top oyunları zamanı düzgün şəkildə öncədən isinmə hərəkətləri etməyib anidən oyun meydançasına çıxılarsa, axill vətərinin qopma riski daha yüksək olur. Bunun üçün idmana başlamazdan öncə ayağımızın arxa tərəfində axill vətərinin gərilmə idmanlarını icra edib onun elastikliyini, sərbəstliyini təmin etmək lazımdır. Bundan sonra meydançaya çıxmaq lazımdır. Əks təqdirdə oyun zamanı ani manevrləri həyata keçirərkən axill vətəri yetərincə elastik olmadığına görə qopma ilə qarşılaşır. Qopa bilir və bu qopma zamanı xəstə ayağının arxasından sanki kiminsə onu təpiklə vurduğunu zənn edir. Əslində isə bu axill vətərinin qopması üçün xarakterik bir hissdir və bu hisslə yanaşı olaraq xəstə dabanının arxasından sanki bir partlama səsi eşidir. Bu isə axill vətərinin zədələnməsinin ikinci bir səs şəklində əlamətidir. Axill vətərinin qopmalarında qısa zamanda həkimə müraciət etmək lazımdır. Bu hallar zamanı əsas müalicə cərrahi üsuldur. Əməliyyat zamanı axill vətərinin qopmuş hissələri uc-uca tikilir. Bəzi hallarda isə ilk başda tərəfimizdən qapalı şəkildə həyata keçirilən əməliyyat sonradan artıq böyük rekonstruksiyalarla əvəz olunur. Əməliyyatdan sonra həmin ətrafa gips sarğısı qoyulur. 6 həftə sonra gips sarğısı açılır, fizioterapiya təyin edilir. Xəstə 6 ay sonra tam aktiv həyat tərzinə davam edir.
İdman zədələrinin qarşısını almaq, onları müalicə etməkdən daha asandır. Sağlam bir idman həyatı üçün bəzi qaydalar - məşqdən əvvəl və sonra əzələləri hazırlayan və rahatladan hərəkətlər edilməlidir, bağ və əzələ toxumasını möhkəmləndirən spesifik məşqlərə yer verilməlidir, hər bir idman hərəkəti təlimatlara uyğun və düzgün texnika ilə icra olunmalıdır, dizlik, qolbaq və digər dəstəkləyici vasitələrdən istifadə edilməlidir.
Nəticə olaraq, idman travmaları ciddi yanaşma tələb edən zədələnmələrdir. Erkən diaqnoz və peşəkar müalicə sayəsində bu problemlərdən tam sağalmaq və idmana təhlükəsiz şəkildə geri dönmək mümkündür.

Rahib CƏBRAYILOV
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı