AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hər bir insan üçün ana qədər əziz olan onun Vətənidir. İnsanın doğulduğu yer, el-oba, yaşadığı məmləkət onun Vətənidir. Vətən qorunanda Vətən olur. Vətən uğrunda tarix boyu insanlar yadellilərə qarşı vuruşublar. Onlar öz doğma Vətənlərini qorumaq naminə ölümdən belə çəkinməyiblər. İnsanda Vətənə sevgi içdən gəlir. Vətənə sevgi insan üçün sıradan bir sevgi deyil, insan bu sevgi üçün canından keçməyə hazır olur.
Keçmiş sovetlər birliyi çoxumuzun Vətəni idi. O Vətən üçün də xalqımız çox böyük töhfələr vermişdi. Böyük Vətən müharibəsi zamanı yüz minlərlə oğul və qızlarımız cəbhədə faşizmə qarşı vuruşdu. Ön cəbhədə döyüşən əsgərlərin qalib gəlməsi üçün arxa cəbhədə çalışan azərbaycanlılar ölkənin iqtisadiyyatını artırmaq üçün gecə-gündüz zavod və fabriklərdə çalışdılar. Ana və bacılar döyüşçülərə yundan əlcək, corab və başqa geyimlər toxuyub göndərməklə öz Vətənlərinə sadiqliyini ifadə ediblər. Lakin bütün bunlara baxmayaraq sonradan Azərbaycana qarşı ölkə rəhbərliyi səviyyəsində ögey münasibət, ayrıseçkiliklə nəticələndi. Xalqımızın vətənpərvər ziyalıları bu ögey münasibətə cavab olaraq öz xalqına və respublikasına sahib çıxdılar. Xalq onların işığında birləşərək sovet ittifaqının tərkibindən ayrılaraq tarixi müstəqilliyini bərpa etdi.
Sovet dönəmindən Azərbaycana qarşı Ermənistanın haqsız ərazi iddiası müharibə müstəvisinə yüksəldi. Bu dəfə isə xalqımızın qeyrətli oğul və qızları doğma dədə-baba torpaqlarının müdafiəsinə qalxdılar. Erməni silahlı quldur dəstələrinə qarşı əliyalın dayandılar. Vətənpərvər ziyalıların təşəbbüsü ilə Qarabağın və Ermənistanla sərhəd rayonlarının müdafiəsi üçün könüllü batalyonlar yarandı. Onlar düşmənə qarşı qətiyyətlə döyüşürdülər. Bu onların Vətənə - ata-baba yurduna olan sonsuz məhəbbətdən doğan vətənpərvərliyinin nümunəsi idi. Azərbaycan xalqı - hamı bir nəfər kimi doğma Qarabağın müdafiəsinə qalxmışdı. O zaman xalq daha çox bu şüar ətrafında birləşirdi: - Süfrədən pay olar, torpaqdan pay olmaz! Kimliyindən asılı olmayaraq xalq heç kimə torpaq vermək istəmirdi. Bunun üçün son nəfəsinədək vuruşacağını göz önünə almışdı.
Xalqımız Qarabağ uğrunda mübarizəyə qalxmaqla təkcə torpaqlarını müdafiə etmirdi. Burada xalqın milli-mənəvi dəyərləri də tapdalanırdı. Ulu babalarımızın ərmağan etdiyi Vətən torpaqlarına xəyanət etmiş olacaqdı. Onlar zamanında bu torpaqları yadellilərdən qorumaq üçün qəhrəmanlıqla vuruşmuş, şücaətlər göstərmiş və öz adət-ənənələrini qoruyub saxlamışdır. Əcdadlarımızdan gələn qəhrəmanlıq nümunələrini yaşadıb davam etdirmək, bir xalq olaraq dövlətimizi qoruyub yaşatmaq demək idi.
Azərbaycanlılarda özünüdərk, özünümüdafiə, haqq uğrunda mübarizə ruhu həmişə güclü olub. Bu ruh idi xalqımızı haqq uğrunda mübarizəyə aparan. Baxmayaraq ki, düşmənlər ruhumuzu zəiflədib qırmaq istədilər, amma bunu bacarmadılar. Onlar xalqımızın vətənpərvərlik ruhu qarşısında aciz qaldılar. Hətta bu ruhu qırmaq üçün hakimiyyətdə siyasi gərginlik yaratdılar, ölkədə vətəndaş müharibəsinin baş verməsi üçün bütün hiylələrə əl atdılar. Lakin son anda bunların heç biri baş tutmadı. Xalqın müdrikliyi, uzaqgörənliyi və birliyi düşmənlərin bütün planlarını alt-üst etdi.
Qarabağda erməni əsilli sakinlər də yaşadıqları üçün onlar orada yaşayan azərbaycanlıları sıxışdırıb çıxarda bilsələr də, xocalılıları son ana qədər çıxarda bilmədilər. Xocalının müdafiəsində vətənpərvər, qəhrəman oğullar dayanırdılar. Xocalı dörd bir tərəfdən ermənilərin əhatəsində idi. Şəhərin bütün giriş-çıxışını erməni silahlı dəstələri nəzarətə götürmüşdü. Şəhər mühasirədə idi. Lakin yerli əhali son ana qədər doğma evlərini tərk etmədi. Şəhərdə ərzaq, dava-dərman, müdafiəçilər üçün silah-sursat qıtlığı yaranırdı. Yalnız hava xətti açıq olduğu üçün helikopterlə gediş-gəliş mümkün idi. Xocalılıların möhkəm iradəsini görən ermənilər hava yolunu da bağladılar. Daha sonra 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən-dırnağadək silahlanmış ermənilər Xankəndidə yerləşən sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya girdilər. Qarşılarına çıxan hər kəsi - qoca, uşaq, qadın demədən hamını gülləbaran etdilər. Ötən əsrin ən böyük faciəsi Xocalıda törədilsə də, ermənilər və onların havadarları nə xocalılıların, nə də Azərbaycan xalqının ruhunu qıra bildi. Əksinə xalq Xocalıya sahib çıxdı. Xalqın mübariz ruhu hər zaman düşməndən qisas almağa, onu öz məsrəfindən döndərməyə çalışdı.
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhəri də işğal olundu. Qarabağda və Ermənistanla həmsərhəd rayonlarda baş verən uğursuzluqların başında ölkədə siyasi hakimiyyətinin yarıtmaz fəaliyyəti dayanırdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdandan sonra xalqda vətənpərvərlik ruhu artdı. “Vətən uğrunda!”, “Qarabağ uğrunda!”, “Heydər Baba yolunda!” şüarları ilə xalqın vətənpərvər oğul və qızları cəbhəyə yollandılar. Rayonlarda, kəndlərdə analar, bacılar oğullara, qardaşlara isti geyimlər, ərzaqlar toplayıb, döyüşən oğullara arxa, dayaq olurdular. İnsanların bu cür vətənpərvərlik ruhu təkcə döyüşmək üçün deyildi. Bu ruhun içində milli-mənəvi, əxlaqi, insani dəyərlər cəmləşirdi. Xalq öz dəyərlərinə sahib çıxmaq üçün liderin ətrafında sıx birləşib dövlətçilik ənənələrini qoruyurdu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə 2020-ci il sentyarbrın 27-də başlayan əks-hücum əməliyyatı da xalqın iradəsinə əsaslanmış uğurlu bir əməliyyat idi. Xalq öz rəhbəri ətrafında birləşdi. Erməni işğalı altında olan torpaqları azad etmək üçün səfərbər olundu. Cəmi 44 gün davam edən müharibədə Azərbaycan xalqı Zəfər qazandı. Erməni işğalına son qoyuldu. Xalqın vətənpərvərliyi sonuncu müharibədə tam təfsilatı ilə təsdiq olundu. Söz yox ki, xalqımız durduqca vətənpərvərlik ruhu da duracaq.
Bəxtiyar ƏLİYEV
“Azərbaycan Ordusu”