AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın sərkərdə oğullarının həyat və döyüş yolları gənc nəslə daima təbliğ olunur. İllər keçsə də, onların keçdiyi şərəfli ömür yolu xalqımızın yaddaşından silinməyərək, nəsildən-nəslə ötürülməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından sayılan, dünya şöhrətli hərb xadimi, ilk azərbaycanlı tam artilleriya generalı Səməd bəy Mehmandarov da belə sərkərdələrimizdəndir. Onun ömür yolu mürəkkəb dövrlərə təsadüf edib. Sovet dönəmində S.Mehmandarov haqqında yazılan ədəbiyyatları araşdırarkən cəmi üç kitaba rast gəldim. Bunlardan birincisi, generalı şəxsən tanıyan keçmiş hərbçi Hacı ağa İbrahimbəylinin 1946-cı ildə qələmə aldığı “Səməd bəy Mehmandarov” adlı kitabıdır. Müəllif oxuculara generalın döyüş yolundan Sovet dövrünün ideoloji tələblərinə cavab verən məzmunda söhbət açıb: “General Mehmandarov birinci imperialist müharibəsi zamanı çox şöhrət qazanmışdı. Şəxsən Mehmandarovu görənlərin hamısı təsdiq edir ki, ona tabe olanlar ondan oddan qorxan kimi qorxar, lakin onu sevər, ona inanardılar. Mehmandarov əsgərlərlə həmişə xoş rəftar edərdi və daim onların qaygısına qalardı”.
1918-ci ilin isti avqust günlərinin birində Vətənə dönən iki hərbçi - biri şöhrəti ölkəni dolaşantam artilleriya generalı S.Mehmandarov, o birisi isə vaxtilə onun tabeliyində xidmət etmiş rotmistr Hacı ağa İbrahimbəylidir. Onlar Tbilisi vağzalında Batumi-Bakı qatarında eyni kupedə yol yoldaşı olurlar. Sonralar H.İbrahimbəyli bu görüşü həyatının ən gözəl, ən xoş anları kimi xatırlayacaqdı: “Mehmandarov çox söhbətcil və çox yaxşı yol yoldaşı imiş. O, mənimlə bəzən rusca, bəzən də azərbaycanca danışırdı, hər sözünü ölçüb biçirdi, fikrini sadə və düzgün ifadə edirdi. Onun danışıq tərzi, səsi, sakit və qəti tonu, özünü sərbəst hiss etməsi göstərirdi ki, bu insan uzun və maraqlı həyat sürmüş, böyük vəzifə sahibi olmuş, şanlı, igid əsgər həyatı keçirmişdi”.
1977-ci ildə S.Mehmandarov haqqında rus dilində ikinci kitabça - “General Mehmandarov” dərc edilib. Ehtiyatda olan polkovnik Əli Abbasovun müəllifliyi ilə yazılan kitabda görkəmli generalın döyüş anlarından epizodlar elə canlı şəkildə təsvir edilir ki, sanki oxucular həmin məqamları kino lenti kimi gözləri önündən keçirirlər. Unudulmaz, sevimli müəllimi haqqında, bu kitaba ön söz yazan general-mayor Akim Abbasov (A.Abbasov hərbi təhsil alarkən general S.Mehmandarov onun müəllimi olub) xatirələrini oxucularla bölüşür və onun müdrik çağlarında da qeyri-adi dərəcədə əməksevər olduğunu, çətin peşəsinə ürəkdən bağlandığını belə qələmə alırdı: “Mənə xoşbəxtlik nəsib olmuşdu. Mən üç il rus-yapon və Birinci Dünya müharibəsinin bu tanınmış qəhrəmanının rəhbərliyi altında oxumuşam. Onun leksiyaları elə maraqlı idi ki, onları elə məharətlə oxuyurdu ki, hər bir sözü dinləyicilərin ürəyində özünə yer tapırdı. Bu insanın hərbi işi geniş və dərindən bilməsi insanı heyrətə salırdı”.
Üçüncü kitab Azərbaycan hərb tarixinin görkəmli tədqiqatçısı polkovnik-leytenant Şəmistan Nəzirliyə məxsusdur. Onun apardığı tədqiqatlarda hərb tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirilir və çoxlu sayda məqalələri ilə dövrü mətbuatda çıxışlar edir.
...Ötən əsrin ortalarında Qarabağ igidlərinin, Şirvan alayının, Kəngərli döyüşçülərinin, Qazax süvari dəstələrinin yadellilərə qarşı qeyri-adi qəhrəmanlıqlarının şahidi olan xalqımızın böyük mütəfəkkiri M.F.Axundov fəxrlə deyirdi: “Doğmamış Qafqazda analar qorxaq”.
Görkəmli hərbi tədqiqatçı Ş.Nəzirlinin Aleksandr Stepanovun “Port-Artur”, Trofim Borisovun “Port Arturçular” romanlarından götürdüyü qeydlər gərgin jurnalist tədqiqatının məhsuludur. “1904-cü il dekabrın 16-da komandan Stessel qalanı yaponlara danışıqsız təslim etmək istəyəndə polkovnik S.Mehmandarov və onun zabit heyəti etiraz edərək necə əsəbiləşmişdilər. Səməd bəy Mehmandarov və onun zabit heyəti inad edirdilər ki, qalanı son nəfəsə qədər müdafiə emək lazımdır. Heç kəs biabırçı vəziyyətdə Rusiyaya qayıtmaq istəmirdi”.
1949-cu ildə Yusif Şirvanın iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun mənalı ömür, şərəfli döyüş yolundan bəhs edən “Həzi Aslanov” adlı kitabında da general S.Mehmandarovla bağlı xatirələr oxucuya çatdırılır: “Lənkərana gələn saysız-hasabsız hərbi adamlardan biri də rus ordusunda şöhrət qazanmış topçu general Mehmandarov idi. General Şilavar yolunda olan evində yaşayırdı. O, tez-tez Böyük bazara, Qalaya, dəniz kənarına çıxar, sadə adamlarla, uşaqlarla söhbət etməyi sevərdi. Bəzən olurdu ki, qoca general əlindəki əsaya söykənə-söykənə Lənkəranın “Naçalnik bağı” adlanan hissəsinə çıxar, çay qırağında gəzərdi. Belə hallarda uşaqlar onun ətrafına toplaşar və general uşaqlarla mehribancasına söhbət edər, onların saysız-hesabsız suallarına cavab verərdi. Həzi və onun yoldaşları generalla belə tanış olmuşdular. Onlar bu adamın əqidəsi, məsləki və vəzifəsi haqqında heç bir təsəvvürə malik deyildilər. General onunla birlikdə cəbhələrdə olmuş, daha yüksək mövqelər tutmuş topçu Əlağa Şıxlinski haqqında uşaqlara çox maraqlı məqamlardan söhbət açardı. Generala olan bu yaxınlıq uşaqlarda qəribə bir əhval-ruhiyyə oyandırmışdı. Artıq uşaqlar ən çox hərbi oyunları sevməyə başlamışdılar...”.
Yazıçı əsərində dahi hərb xadimi S.Mehmandarovla gələcəyin tanınmış tank generalı H.Aslanovun görüş səhnəsini belə təsvir edir: “Bir gün Lənkəran çayının sahilində bir dəstə uşaq generalın diqqətini cəlb edir və onlara yaxınlaşıb uşaqlardan böyüyəndə hansı sənəti seçəcəklərini soruşur. Hər kəs öz arzularından danışır. Bu zaman qaragöz, çəlimsiz bir uşaq: - Zabit olacağam, - deyir. Oğlanın inam və qətiyyətlə dediyi sözlər Səməd bəyə xoş gəlir və əlini uşağın çiyninə qoyub deyir ki, zabit olmaq istəyən gərək atı yəhərsiz çapsın. Uşaq susub heç bir söz demir. Yaxınlıqda otlayan kəhərə yaxınlaşır və göz qırpımında belinə sıçrayır. Dörd nala çapan at az sonra generalın yaxınlığında dayanır. Oğlan atdan düşüb soruşur ki, hə, necədir? General onu tərifləyərək deyir ki, əla çapırsan, səndən gələcəkdə yaxşı zabit olacaq. Həqiqətən də Səməd bəy zənnində yanılmamışdı”. Həmin o qaragöz, çəlimsiz oğlan sonralar cəsur və şöhrəti ölkələri dolaşan, sərkərdə kimi tanınan tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov olub. Qürur dolu bu səhifələr xalqımızın qəhrəmanlıq tarixinə, şanlı hərb tarixinə qızıl hərflərlə yazılıb.
Lalə HÜSEYNOVA
“Azərbaycan Ordusu”