Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2026 13:36

Güclü dövlət, qüdrətli ordu və sarsılmaz iradə

Azərbaycan xalqı tarix boyu çoxsaylı sınaqlardan keçib, hər dəfə öz milli kimliyini və dövlətçilik ənənələrini qorumağı bacarıb. Müasir dövrdə Azərbaycanın əldə etdiyi uğurlar, döyüş meydanında qazandığı qələbələr, xüsusilə işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış prosesi ölkəmizin yeni güc mərkəzinə çevrilməsinin bariz nümunəsidir. Tarixi qələbələrimiz, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunması və sakinlərin doğma yurd-yuvalarına yenidən qayıtması sarsılmaz dövlət-ordu-xalq birliyinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində yerli sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər də məhz bunun göstəricisidir. "Dövlətimiz güclüdür, ordumuz güclüdür, iradəmiz yerindədir" tezisi müasir Azərbaycanın suverenliyinin rəmzidir. Bu üç amil bir-biri ilə sıx bağlıdır.
Azərbaycan bu gün iqtisadi müstəqilliyini tam təmin etmiş, nəhəng regional layihələrin təşəbbüskarı və icraçısı olan bir dövlətdir. Xarici yardımlardan asılı olmayan iqtisadiyyat, daxili sabitlik və xalqın birliyi dövlətin gücünün əsas sütunlarıdır. Siyasi iradə həm dövlət rəhbərliyinin qətiyyətini, həm də xalqın vahid məqsəd ətrafında birləşməsini ifadə edir. Heç bir kənar təsir və diplomatik təzyiq Azərbaycanın milli maraqlarından geri addım atmasına səbəb ola bilməz.
Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoymaq üçün XXI əsrin müharibəsini apararaq tarixi ədaləti bərpa edib. Azərbaycan Ordusu bu gün dünyanın ən modern hərbi güclərindən biridir. Onların qüdrəti sadəcə fərdi rəşadətlə deyil, dövlətin onilliklər boyu həyata keçirdiyi sistemli hərbi strategiya ilə bağlıdır. Azərbaycan Ordusu peşəkar kadrlara, yüksək döyüş hazırlığına, eləcə də  dünyanın aparıcı hərbi sənaye komplekslərinə, müasir silahlarına malik güclü ordular sırasına daxildir. Ordumuzun bölmələri, xüsusilə Xüsusi Təyinatlı Qüvvələr  və yeni yaradılan Komando əməliyyat hərbi hissələri ən ağır coğrafi və iqlim şəraitində belə istənilən hərbi əməliyyatları uğurla yerinə yetirmək qabiliyyətinə malikdir. Ordumuzun gücünü və qazandığı zəfərləri şərtləndirən əsas amillərdən biri də Azərbaycan əsgərinin mənəvi-psixoloji ruh yüksəkliyi, Vətən sevgisi və qələbə əzmidir. 
44 günlük Vətən müharibəsinə qədər olan strateji mərhələlər Prezident İlham Əliyevin vurğuladığı "güclü ordu" və "sarsılmaz iradə" amilləri birdəfəlik akt deyil, illərlə formalaşdırılmış, düşünülmüş hərbi-strateji planın və qətiyyətli proseslərin məhsuludur. 2020-ci ilin Vətən müharibəsinə qədər Azərbaycan Ordusu düşmənin illərdir uydurduğu yalanları alt-üst edən və yekun qələbənin bünövrəsini qoyan bir neçə mühüm sınaqdan keçdi. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, texniki təchizatını və döyüş ruhunu həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirən hərbi əməliyyat oldu. Ordumuz Lələtəpə yüksəkliyini, Talış kəndi ətrafındakı strateji nöqtələri və minlərlə hektar ərazini azad etdi. Bu döyüşlər xalqa böyük ruh yüksəkliyi verdi və Böyük Zəfərin ilk müjdəçisi oldu. 
2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində keçirilən Günnüt əməliyyatı nəticəsində Əlahiddə Ümumqoşun Ordu itki vermədən 11 min hektardan çox ərazini, o cümlədən strateji əhəmiyyətli Günnüt kəndini və mühüm yüksəklikləri nəzarətə götürdü. Bu əməliyyat İrəvan-Gorus-Laçın magistral yoluna nəzarət imkanı yaratdı və Azərbaycanın hərbi planlaşdırma qabiliyyətinin nə dərəcədə yüksək olduğunu sübut etdi. 
2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat düşmənin əsl niyyətini - Azərbaycanın strateji enerji və nəqliyyat dəhlizlərini təhdid etmək planını üzə çıxartdı. General-mayor Polad Həşimovun və digər hərbçilərimizin şəhadəti xalqı ayağa qaldırdı. Tovuz döyüşləri ölkədə görünməmiş bir milli birlik və həmrəylik yaratdı, minlərlə gənc könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət etdi. Bu hadisələr yekun hesablaşmanın - Vətən müharibəsinin qaçılmaz olduğunu göstərdi. 
Vətən hər birimiz üçün müqəddəsdir. Vətəni qorumaq, onun azadlığı və bütövlüyü uğrunda canından keçmək isə ən böyük qəhrəmanlıqdır. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində Azərbaycan oğulları misilsiz şücaət göstərdilər. Onlar qorxmadan döyüş meydanına atıldılar, Vətən sevgisini hər şeydən üstün tutdular. Torpaqlarımızın azad olunması uğrunda böyük fədakarlıqlar göstərdilər. Onların arasında şəhidlik zirvəsinə ucalan igidlərimiz xalqımızın qürur mənbəyinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhidlərimizin xatirəsini hər zaman əziz tutur, onların ailəsinə və sağlamlığını itirənlərə daim diqqət və qayğı göstərir. Öz çıxışında şəhidlərimizin müqəddəs ruhuna ehtiramı ön plana çəkərək vurğulayır: "Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq". Bu and, sadəcə keçmişə hörmət deyil, gələcək nəsillər qarşısında öhdəlikdir. Apreldə, Günnütdə, Tovuzda və 44 günlük Vətən müharibəsində qəhrəmanların ruhu qarşısında verilən söz dövlətin hər bir vətəndaşının üzərinə böyük mənəvi məsuliyyət qoyur. Azərbaycan xalqı öz ərazi bütövlüyünü qanı və canı bahasına bərpa etmiş qalib xalqdır və bu statusu əbədi olaraq qoruyacaqdır.  
Ali Baş Komandanın çıxışında "Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq" sözləri dünyaya daha bir qətiyyətli mesaj oldu. Keçmişdə çəkilən acılar, torpaq itkiləri və qaçqınlıq həyatı Azərbaycan xalqına böyük dərslər verib. Prezidentin bu qətiyyətli bəyanatı xalqımıza həm tam arxayınlıq verir, həm də regionda yaşayan qüvvələrə və onların xarici havadarlarına ciddi xəbərdarlıq mesajıdır. 
Azərbaycan artıq ötən əsrin 90-cı illərin əvvəlindəki zəif, daxili çəkişmələrə qərq olmuş ölkə deyil. Bu gün reallaşdırılan Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan digər yurd yerlimiz kimi Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə sakinlərin köçürülməsi torpaqlarımıza əbədi qayıdışın sübutudur. Tarixi döyüşlərdən keçərək formalaşan müasir ordumuz və azad edilmiş ərazilərdə qurulan güclü infrastruktur həm də strateji müdafiə xarakteri daşıyır. Hər bir bərpa edilən kənd dövlətin sarsılmaz qalasına çevrilir. 
Prezident İlham Əliyevin Xocavənddəki çıxışı Azərbaycanın milli inkişaf modelinin və hərbi zəfər tarixinin xülasəsidir. Aprel döyüşlərindən başlayan, Günnüt və Tovuz sınaqları ilə bərkiyən hərbi strategiyamız Vətən müharibəsində öz məntiqi zirvəsinə çatdı. Güclü iqtisadiyyat, qüdrətli ordu, Ali Baş Komandanın siyasi qətiyyəti və xalqın sarsılmaz iradəsi ölkəmizi gələcək təhlükələrdən qoruyan ən güclü qaladır. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimiz, bərpa edilən ərazi bütövlüyümüz və suverenliyimiz bundan sonra heç bir xarici qüvvə tərəfindən sarsıdıla bilməz.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və sonrakı döyüş əməliyyatlarında inamlı və qətiyyətli qələbələr qazandı. Xalqımızın 30 ilə yaxın torpaq həsrətinə son qoyaraq ərazi bütovlüyümüzü təmin etdi. Ölkəmizin hərbi potensialının gündən-günə gücləndirilməsi və “Dəmir yumruq” fəlsəfəsinin hər an hazır vəziyyətdə saxlanılması xalqımızın təhlükəsizliyinin əbədi zəmanətidir.
Azərbaycan xalqı öz liderinin ərafında sıx birləşərək daxili gücünə və ordusuna güvənir. İnanırıq ki, bu sarsılmaz birlik sayəsində müstəqilliyimiz daimi, suverenliyimiz əbədi, gələcəyimiz parlaq olacaq. Güclü dövlətimiz, qüdrətli ordumuz və sarsılmaz iradəmiz sayəsində xalqımız öz torpaqlarında əbədi, dinc və ləyaqətlə yaşayacaq, şəhidlərimizin müqəddəs ruhları hər zaman şad olacaqdır.

 

Pərvanə İMAMƏLİYEVA

“Azərbaycan Ordusu”