AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən uğrunda canından keçən şəhidlərimiz xalqımızın qürur mənbəyi, Azərbaycanın qəhrəman övladlarıdır. Onların hər biri həyatını dövlətimizin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin qorunmasına qurban verib. Şəhidlərimizin doğum günləri təkcə bir təqvim tarixi deyil, həm də onların keçdiyi şərəfli ömür yolunu bir daha xatırlamaq, göstərdikləri igidliyi ehtiramla yad etmək üçün əlamətdar gündür.
20-26 iyul tarixlərində doğulan şəhidlərimiz də Vətən sevgisini ən uca zirvədə yaşadan igidlərimizin sırasındadırlar. Onların hər biri xidmət etdiyi dövrdə yüksək vətənpərvərlik nümunəsi göstərərək müqəddəs şəhidlik zirvəsinə yüksəlib. Bu gün onların əziz xatirəsi xalqımız tərəfindən dərin hörmətlə yad edilir, adları Azərbaycan tarixində qürurla yaşayır.
30 ilə yaxın müddətdən sonra Azərbaycan Ordusu xalqımızın Vətən həsrətinə 44 gündə son qoydu. Böyük Qələbə qazanan ordumuz bütün dünyaya səs saldı, digər dövlətlər tərəfindən döyüş taktikalarımız xeyli araşdırıldı. İşğalçı Ermənistan ordusu gücümüzü gözardı edərək həyatının ən böyük səhvlərindən birini etdi. Aradan keçən uzun müddət ərzində Azərbaycan Ordusunun şəxsi heyəti gözlənilən böyük qələbənin eşqi ilə gecə-gündüz durmadan öz üzərlərində çalışaraq yeni-yeni təlimlərdə döyüş bacarıqlarını artırırdılar. Nəhayət, gözlənilən gün yetişdikdə Ermənistan ordusu böyük məğlubiyyətə uğradı. Bu savaşda cəsur, igid Vətən övladları doğma torpaqlarımız uğrunda son damla qanlarına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.
44 günlük Vətən müharibəsində şücaət göstərən, torpaqlarımızın azadlığı uğrunda son damla qanına kimi döyüşən oğullarımızdan biri də polkovnik-leytenant Soltan Akif oğlu Məmmədovdur. Soltan Yevlax rayonunun Səmədabad kəndində 1981-ci il iyulun 21-də müəllim ailəsində dünyaya göz açıb. Atası Akif Məmmədov Səmədabad kəndində müəllim və məktəb direktoru vəzifəsində işləyib. Çalışdığı məktəbin şagirdlərinin vətənpərvər ruhda yetişdirilməsinə xüsusi diqqət yetirib. Soltan Məmmədovun anası Sümayə xanım da müəllim idi və daim vətənpərvərlik hisslərini öz şagirdlərinə aşılayırdı.
Polkovnik-leytenant Soltan Məmmədov orta məktəbin 7-ci sinfini bitirdikdən sonra 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Daha sonra 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsilini davam etdirib.
Buranı bitirdikdən sonra 2003-cü ildən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayıb. Uğurlu xidmət yolu keçən təcrübəli zabit 2019-cu ildə tabor komandiri vəzifəsinə təyin olunub. Polkovnik-leytenant Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı ön sıralarda döyüşə atılaraq Azərbaycan Ordusunun cərgələrində xidmət edən yüksək rütbəli zabitlərdən əsgərinə qədər döyüşlərdə hər kəsin bir yumruq olduğunu sübut edib. O, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidliklə döyüşərək oktyabrın 10-da şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
* * *
İkinci Qarabağ müharibəsində döyüşənlərdən biri də kapitan Fərid Fazil oğlu Dursunovdur. O, 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan кəndində anadan olub. 1992-2003-cü illərdə Qax rayonu Səfa Rəhimov adına Qorağan kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olaraq 2008-ci ildə oranı bitirib. Fərid Dursunov ölkə xaricində təlimlərdə iştirak edib.
Kapitan Fərid Dursunov xidməti dövründə çoxsaylı medal və təltiflərə layiq görülüb. 44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində vuruşub. O, sentyabrın 29-da həmin istiqamətdə gedən qızğın döyüşlər zamanı şəhid olub, nəşi Qax rayonunun Qorağan kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, kapitan Fərid Dursunov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz haqqında bir maraqlı faktı da qeyd edək. Belə ki, "Qalatasaray" Futbol Klubunun azarkeşlərindən olan Fərid döyüşlərə qatılmazdan əvvəl "şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birgə Qalatasaray bayrağını da asın", - deyə vəsiyyət edib. Şəhidin vəsiyyətinin sosial mediada ictimailəşdirilməsindən sonra "Qalatasaray" İdman Klubu özünün rəsmi “X” hesabında Fərid Dursunovun məzarının fotosunu paylaşaraq başsağlığı verib. Ardınca isə "Qalatasaray"ın "başkan yardımcısı" Yusuf Günay şəxsən əlaqə saxlayaraq şəhidin atası Fazil Dursunova Türkiyə xalqı adından başsağlığı verib.
* * *
Qəhrəmanlıq salnaməmizə adını yazdıran, şəhidliyi ilə xalqımızın qəlbində əbədiyyət qazanan ərlərimizdən olan leytenant Emin Rəşadət oğlu Sadiqov 21 iyul 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz kəndində anadan olub.
2004-cü ildən Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 8-ci sinfi bitirdikdən sonra Emin Sadiqov 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub və 3 il burada təhsil aldıqdan sonra 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. 2019-cu ildə buradan məzun olan Emin “N” hərbi hissəsinə təyinat alıb.
İkinci Qarabağ müharibəsində leytenant Emin Sadiqov Füzuli istiqamətində döyüşlərə qoşulub. Ürəyini qisas hissi bürüyən gənc zabit son damla qanına qədər igidliklə döyüşüb. O, oktyabrın 26-da şəhidlik zirvəsinə ucalıb. Nəşi doğulduğu Şahbuzun kənd qəbiristanlığında dəfn olunub.
Emin Rəşadət oğlu Sadiqov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
* * *
Böyük Qələbəmizlə başa çatan müharibədə Vətən uğrunda canını qurban verən şəhid gizir Sahib Musa oğlu Musayev 1984-cü il iyulun 21-də Qax rayonunun Şotavar kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri olan Sahib Musayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yaxınları tərəfindən cəsur və mərd insan kimi tanınan Sahib döyüş meydanında da elə bu keyfiyyətləri ilə yoldaşlarının yaddaşında silinməz izlər qoyub. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, gizir Sahib Musayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və başqa medallarla təltif edilib.
* * *
Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində qəhrəmanlıq dastanına adını yazdıran hərbçilərdən biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sahil Sərvan oğlu Rəsulovdur. O, 24 iyul 1999-cu ildə Goranboy rayonunun Səfikürd kəndində dünyaya göz açıb.
Sahil xidmət etdiyi bölmədə bacarığı, nümunəvi xidməti və yüksək mənəvi keyfiyyətləri ilə seçilib. Əsgər S.Rəsulov 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsində iştirak edərək döyüş meydanında şücaət göstərib. O, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. Nəşi oktyabrın 11-də Goranboy rayonunun Səfikürd kəndində dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", “Laçının azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
* * *
Vətən müharibəsində yaşından asılı olmayaraq hər bir hərbçi döyüşən yüksək rütbəli zabitlərdən nümunə götürərək qorxmadan irəli atılır, illərin qisasını alaraq adlarını qəhrəmanlıq tariximizə həkk edirdi. Elə bu oğullarımızdan biri də Nail Müzəffər oğlu Abakarovdur. “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” deyib atalarımız. Nailin qısa lakin şərəfli həyatı məhz bu atalar sözünün bir daha təsdiqi olub. O, 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. İlk təhsilini 2009-2011-ci illərdə Kazan şəhərindəki 79 saylı İnternat Liseyində alır. Daha sonra Azərbaycana gələn Nail 2011-2018-ci illərdə Zaqatala şəhərində yerləşən İnternat Liseyində, 2018-2020-ci illərdə isə adı çəkilən şəhərdə N.Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. Orta təhsilini bitirdikdən sonra 2020-ci ilin iyul ayından Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə yollanır.
Nail Abakarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması naminə başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən ağır və şiddətli döyüşlər zamanı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Nail Abakarov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
* * *
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşərək şəhadətə yüksələn igidlərimizdən biri də əsgər Anar Həmzə oğlu Vəliyevdir. 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində doğulan Anar 2008-ci ildə Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2017-ci ildə həmin məktəbin IX sinfini bitirib. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda ön sıralarda döyüşərək Azərbaycanın nisgili olan Qarabağı düşmən əsarətindən azad etmək uğrunda savaşıb. Əsgər Anar Vəliyev oktyabrın 11-də Tərtər rayonunun Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə iştirak edərkən şəhid olub. O, doğulduğu Orta Salahlı kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Vəliyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
* * *
44 günlük Vətən müharibəsində xalqımıza Böyük Qələbə sevincini yaşadan, bu müqəddəs yolda canını qurban verən şəhidlərdən biri də əsgər Kənan Natiq oğlu Şahbazovdur. Kənan 23 iyul 2002-ci ildə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. 2008-ci ildə Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 nömrəli məktəbin birinci sinfinə daxil olub. 2010-cu ildən Kənan valideynlərinin işi ilə əlaqədar Rusiya Federasiyasının Kazan şəhərinə köçərək orta təhsilini orada davam etdirib. Sonra yenidən Bakı şəhərinə qayıdaraq Xətai rayonunda yerləşən 138 nömrəli tam orta məktəbdə təhsil alıb.
İdmana marağı olan Kənan Şahbazov qaydasız döyüşlə məşğul olub. Bu sahədə bir çox uğurlar əldə edərək ölkə və Rusiya Federasiyasında təşkil olunan yarışlarda diplom və medallara layiq görülüb. 2019-cu ildə Rusiya Federasiyasının Kazan şəhərində yerləşən “Açıq Federal Universitet”in hüquqşünaslıq fakültəsinin əyani şöbəsinə daxil olub, həmin fakültənin birinci kursunu bitirdikdən sonra 2020-ci ildə təhsilini qiyabi davam etdirib.
2020-ci ilin iyulunda hərbi xidmətdə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Kənan Şahbazov İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə fəallıq göstərib. Kənan Şahbazov sentyabrın 28-də döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Şəhidin nəşi oktyabrın 2-də doğulduğu Masallı rayonunda torpağa tapşırılıb. Kənan Natiq oğlu Şahbazov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.
Şəhidlər unudulanda ölürlər. Onların əziz xatirəsini daim dərin ehtiramla yad etməli, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda göstərdikləri igidliyi, fədakarlığı təbliğ etməliyik. Bu şərəfli missiya hər birimiz üçün mənəvi borcdur. Gənclərimiz, eləcə də gələcək nəsillər igidlərimizi tanımalı, tanıtmalı, onların Vətən sevgisini nümunə götürməli və canları bahasına əmanət etdikləri dövlət və dövlətçiliyimizə qürurla, inamla, sədaqətlə xidmət etməlidirlər.
Hüsniyyə NƏSİROVA
“Azərbaycan Ordusu”