Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2026 13:36

Güclü, müasir və yüksək peşəkarlığa malik Azərbaycan Ordusu təhlükəsizliyimizin etibarlı təminatçısıdır

Müasir dövrdə dövlətin hərbi qüdrəti təkcə ordusunun şəxsi heyətinin say tərkibi ilə deyil, onun texnoloji imkanları, müasir silahlarla təchiz olunması və hərbi qulluqçuların peşəkarlığı ilə müəyyən edilir. Elm və texnikanın sürətlə inkişaf etdiyi XXI əsrdə döyüş əməliyyatlarının xarakteri də köklü şəkildə dəyişib, ənənəvi müharibə üsulları yüksək texnologiyalara əsaslanan yeni döyüş konsepsiyaları ilə əvəz edilib. Artıq döyüş meydanında üstünlüyü təmin edən əsas amillərdən biri müasir silah sistemlərinin arsenala daxil edilməsi, onların vahid idarəetmə sistemi çərçivəsində koordinasiyalı effektiv istifadəsi və bu silahları peşəkar şəkildə tətbiq edə bilən hazırlıqlı şəxsi heyətin mövcudluğudur.
Ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin mühüm istiqamətlərindən biri də məhz ordu quruculuğudur. Son illər ərzində Azərbaycan Ordusunun inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Maddi-texniki bazanın möhkəmləndirilməsi, qüvvə və qoşunların müasir silah və hərbi texnika ilə təchiz edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, döyüş hazırlığının yüksəldilməsi və şəxsi heyətin peşəkarlığının artırılması bu islahatların əsas istiqamətlərini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində müdafiə sahəsinə ayrılan diqqət və qayğı gündən-günə artır. Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi dövlətin prioritet vəzifələrindən biri kimi müəyyən edilib. Hərbi-texniki təchizatın gücləndirilməsi, müasir silah sistemlərinin alınması, yerli müdafiə sənayesinin inkişaf etdirilməsi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar Azərbaycan Ordusunun əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Azərbaycan Ordusunda döyüş hazırlığı məşğələləri Vətən müharibəsində qazanılan təcrübə və müasir döyüşaparma üsulları nəzərə alınmaqla keçirilir. Hərbi qulluqçular müasir silahların taktiki-texniki göstəricilərini nəzəri məşğələlərdə öyrənməklə yanaşı, səhra şəraitində keçirilən praktiki məşğələlərdə də onların effektiv tətbiqi metodlarını da mənimsəyirlər. Komanda-qərargah təlimləri, taktiki-xüsusi və döyüş atışlı təlimlər, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyəti üzrə keçirilən təlimlər şəxsi heyətin peşəkarlığını daha da artırır. Təlimlər real döyüş şəraitinə maksimum uyğunlaşdırılır, komandir heyətinin qərar qəbuletmə, bölmələrin çevik manevretmə və şəxsi heyətin yüksək dəqiqlikli silahları tətbiqetmə bacarıqları təkmilləşdirilir.
Azərbaycan Ordusunun silahlanmasında yer alan müasir raket-artilleriya kompleksləri, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə vasitələri, zirehli döyüş texnikaları və digər yüksək texnologiyalı silah nümunələri ordumuzun döyüş imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu silah sistemlərinin vahid idarəetmə və kəşfiyyat vasitələri ilə inteqrasiyası döyüş meydanında operativ qərar qəbul edilməsinə, hədəflərin yüksək dəqiqliklə aşkarlanmasına və vaxtında məhv edilməsinə imkan yaradır.
Müasir döyüşlər göstərir ki, informasiya üstünlüyü, pilotsuz sistemlərin tətbiqi, dəqiq koordinasiya və sürətli qərar qəbuletmə qələbəni şərtləndirən əsas amillərdəndir. Elə bu səbəbdən də Azərbaycan Ordusunda keçirilən intensiv döyüş hazırlığı tədbirləri müasir çağırışlara uyğun daim yenilənir, müasir silah və texnikanın istismarı üzrə ixtisas kursları təşkil olunur.
Bu gün Azərbaycan Ordusunun əldə etdiyi uğurlar müasir silahlanma ilə peşəkar şəxsi heyətin vəhdətinin ən bariz nümunəsidir. 44 günlük Vətən müharibəsi, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror əməliyyatı zamanı nümayiş etdirilən yüksək peşəkarlıq, koordinasiya, operativlik və texnoloji üstünlük ordumuzun müasir hərbi hazırlıq səviyyəsini bütün dünyaya göstərib. Bu uğurlar uzun illər ərzində həyata keçirilən məqsədyönlü islahatların məntiqi nəticəsidir.
Bu gün Azərbaycan Ordusunda müasir silah sistemlərinin alınması və tətbiqi prosesi ardıcıl şəkildə planlı olaraq davam etdirilir. Yeni texnologiyaların mənimsənilməsi, şəxsi heyətin peşə hazırlığının daha da yüksəldilməsi, hərbi təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi və döyüş hazırlığının fasiləsiz təkmilləşdirilməsi ordumuzun gələcək inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Xalqımız əmindir ki, güclü iqtisadi potensiala, müasir silahlanmaya və yüksək peşəkarlığa malik Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı olaraq ölkəmizin müdafiə qüdrətinin daha da möhkəmləndirilməsi naminə qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Elçin İMANOV
“Azərbaycan Ordusu”