AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın orta əsr müdafiə tikililəri arasında "Gələrsən-görərsən" qalası həm yerləşdiyi mövqeyinə, həm də tarixi hadisələrlə bağlılığına görə seçilir. Şəki rayonunun Kiş kəndi yaxınlığında, Qaratəpə dağının sıldırım yamacında yerləşən bu qala əsrlər boyu bölgənin müdafiə sisteminin mühüm hissəsi olmuşdur. Qalanın ətrafına nəzər saldıqda onun inşası üçün seçilən yerin təsadüfi olmadığı aydın görünür. Təbii maneələrlə əhatə olunan ərazi müdafiəni asanlaşdırır, həmçinin ətraf yollar üzərində müşahidə aparmağa imkan verirdi. Bu xüsusiyyətlər "Gələrsən-görərsən" qalasını yalnız memarlıq abidəsi deyil, həm də hərbi-strateji baxımdan düşünülmüş istehkam kimi qiymətləndirməyə əsas verir. Qalanın inşa tarixi haqqında tarixşünaslıqda dəqiq fikir yoxdur. Bəzi müəlliflər onu XV əsrə aid edir, digər tədqiqatçılar isə istehkamın daha qədim dövrdə salındığını, sonrakı əsrlərdə bərpa və möhkəmləndirmə işlərinin aparıldığını qeyd edirlər.
Buna baxmayaraq, bütün araşdırmaların ortaq qənaəti ondan ibarətdir ki, qala XVI əsrin əvvəllərindən etibarən Şəki bölgəsinin müdafiəsində mühüm rol oynayıb və sonrakı dövrlərdə də bu funksiyasını qoruyub saxlayıb. Tarixi mənbələrdə qalanın əvvəlki adının “Qız qalası” və ya “Qızlar qalası” olduğu göstərilir. "Gələrsən-görərsən" adı isə XVIII əsrdə baş vermiş hadisələrlə əlaqələndirilir. Məlum olduğu kimi, 1743-cü ildə Nadir şah Şəkiyə yürüş etmiş, bölgədə ciddi müqavimətlə qarşılaşmışdı. Xalq arasında yayılan rəvayətə görə, qalanın alınmasının mümkün olub-olmadığını soruşan Nadir şaha "Gələrsən, görərsən" cavabı verilmiş, sonralar bu ifadə istehkamın adına çevrilmişdir. Tarixçilər bu hadisənin bütün təfərrüatlarını sənədlərlə təsdiqləməsələr də, qalanın bugünkü adının həmin dövrün yaddaşından qaynaqlandığını qəbul edirlər. "Gələrsən-görərsən" qalasının ən diqqətçəkən xüsusiyyətlərindən biri onun yerləşdiyi relyefdir. Qala üç tərəfdən sıldırım qayalarla əhatə olunur. Yalnız bir istiqamətdən qalaya yaxınlaşmaq mümkündür ki, bu da müdafiə baxımından mühüm üstünlük yaradırdı. Orta əsrlərdə müdafiə istehkamlarının qurulması zamanı təbii maneələrdən istifadə əsas prinsiplərdən biri hesab edilirdi. Bu baxımdan "Gələrsən-görərsən" qalası dövrünün hərbi mühəndislik təcrübəsini əks etdirən uğurlu nümunələrdən biridir. Qalanın tikintisində əsasən yerli qaya daşlarından istifadə olunmuşdur. Divarlar relyefin formasına uyğun inşa edilmiş, bürclər isə müşahidə və müdafiə məqsədilə əlverişli nöqtələrdə yerləşdirilmişdir. Bu planlaşdırma təsadüfi deyildi. Qalanın yerləşdiyi yüksəklikdən Kiş dərəsi və ona aparan yollar aydın görünürdü. Beləliklə, yaxınlaşan təhlükəni əvvəlcədən müəyyən etmək və müdafiəni təşkil etmək mümkün olurdu. Qalanın memarlıq üslubunda görünüşdən daha çox praktik məqsədlər üstün tutulmuşdur. Daşların seçimi, divarların qalınlığı, giriş hissəsinin məhdudlaşdırılması və bürclərin yerləşdirilməsi onun uzunmüddətli müdafiəsi üçün nəzərdə tutulduğunu göstərir.
"Gələrsən-görərsən" qalasının memarlıq xüsusiyyətləri onun inşa edildiyi təbii mühitlə sıx bağlıdır. Divarlar düz xətt üzrə deyil, dağın təbii formasını izləyəcək şəkildə salınmışdır. Bu üsul həm tikintini asanlaşdırır, həm də istehkamın müdafiə qabiliyyətini artırırdı. Düşünürük ki, belə planlaşdırma orta əsr Azərbaycan qalalarının səciyyəvi xüsusiyyətlərindən biri hesab olunur. İstehkamın əsas hissəsi müdafiə divarlarından, bürclərdən və daxili həyətdən ibarət idi. Bu gün həmin tikililərin yalnız bir hissəsi salamat qalsa da, qalıqlar qalanın ilkin quruluşu haqqında müəyyən təsəvvür yaradır. Divarların irihəcmli yerli daşlardan hörülməsi onların uzun müddət təbii təsirlərə davam gətirməsinə şərait yaratmışdır. Əhəng məhlulundan istifadə isə daşların bir-birinə möhkəm bağlanmasını təmin edirdi. Tikinti materialının ərazidən götürülməsi tikilinin ətraf mühitlə ahəng təşkil etməsinə imkan verirdi.
Qalanın müdafiə sistemində bürclər xüsusi yer tuturdu. Onlar yalnız müşahidə məntəqəsi kimi deyil, həm də müdafiənin əsas dayaq nöqtələri kimi nəzərdə tutulmuşdu. Bu, müdafiəçilərə yaxınlaşan qüvvələri əvvəlcədən müəyyən etməyə və zəruri tədbirlər görməyə imkan verirdi. Orta əsrlərdə geniş yayılmış belə müdafiə üsulu say üstünlüyünə malik qoşunların hərəkət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı. Qalanın giriş hissəsinin dar olması da təsadüfi deyildi. Müdafiə memarlığında girişlərin mümkün qədər məhdud saxlanılması əsas prinsiplərdən biri hesab olunurdu. Bu, hücum edən tərəfin eyni vaxtda çoxsaylı qüvvə ilə qalaya daxil olmasının qarşısını alırdı. Girişə nəzarət edən müdafiəçilər nisbətən az sayda olsalar belə, əlverişli mövqe sayəsində ciddi üstünlük əldə edirdilər. Məhz buna görə "Gələrsən-görərsən" qalasının yerləşdiyi təbii şərait və memarlıq üslubu bir-birini tamamlayan müdafiə sistemi formalaşdırmışdı. XVIII əsrdə Azərbaycanda siyasi vəziyyət mürəkkəb idi. Səfəvi dövlətinin zəifləməsindən sonra bölgədə müxtəlif siyasi qüvvələr arasında hakimiyyət uğrunda mübarizə güclənmişdi. Bu şəraitdə Şəki də mühüm siyasi mərkəzlərdən birinə çevrilmişdi. Belə dövrdə möhkəm müdafiə istehkamlarının mövcudluğu təkcə hərbi deyil, həm də siyasi baxımdan əhəmiyyət daşıyırdı. "Gələrsən-görərsən" qalası bu dövrdə Şəki hakimi Hacı Çələbi xanın əsas müdafiə məntəqələrindən biri kimi tanınır. Tarixi mənbələr göstərir ki, qala uzunmüddətli müqavimət üçün əlverişli şəraitə malik idi. Burada müdafiəçilərin müəyyən müddət ərzində mövqe saxlaya bilməsi, ilk növbədə, qalanın yerləşdiyi coğrafi mövqedən irəli gəlirdi. Qala yalnız konkret bir tarixi hadisənin xatirəsi deyil, həm də müxtəlif dövrlərdə formalaşmış müdafiə ənənələrinin, tikinti təcrübəsinin və mühəndislik düşüncəsinin günümüzə gəlib çatan nümunəsidir. Bu qala Azərbaycanın memarlıq və hərb tarixinin mühüm bir hissəsinin gələcək nəsillərə çatdırılması baxımından da əhəmiyyətlidir.
Emil MURADLI
“Azərbaycan Ordusu”