AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Elə peşələr var ki, onların sahibləri vəzifələrini yerinə yetirərkən nəfəs aldıqları belə hiss olunmamalıdır. Onlar səssiz, diqqətli, iti baxışlı və sonsuz səbir sahibi olmalıdırlar. Bəzən saatlarla, hətta günlərlə bir nöqtədə hərəkətsiz qalaraq doğru anı gözləyirlər. Onların harada xidmət etməsinin fərqi yoxdur, meşədə, dağda, çöldə və ya ucqar bir ərazidə. Məkan dəyişə bilər, amma məqsəd dəyişmir - düşməni zərərsizləşdirmək.
Bu peşəyə yiyələnmək uzun və ağır hazırlıq tələb edir. Bunun üçün fiziki güc, möhkəm iradə, peşəkar bilik və psixoloji dözüm çox vacibdir. Bəzən günlərlə susuz və yeməksiz qalmalı olurlar.
Filmlərdə gördüklərimiz isə bu peşənin yalnız kiçik bir hissəsidir. Real həyatda snayperlər soyuqqanlı, qətiyyətli və yüksək hazırlıqlı hərbi qulluqçulardır. Azərbaycan tarix boyu igid döyüşçülər yurdu olub. Əcdadlarımız Vətəni qorumağı, torpağı uğrunda döyüşməyi yaxşı biliblər. Bu gün də həmin döyüş ruhu Azərbaycan Ordusunun sıralarında yaşayır.
Snayper olmaq sadəcə peşə deyil, bu, böyük iradə, səbir və Vətən qarşısında yüksək məsuliyyət tələb edən bir missiyadır. Tariximizin qızıl səhifələrinə nəzər saldıqda bu çətin və şərəfli missiyanı çiyinlərində daşıyan fədakar simaların izinə rast gəlirik. Belə unudulmaz qəhrəmanlardan biri də adını dünya hərb tarixinə yazdırmağı bacarmış həmyerlimiz, əfsanəvi snayper Ziba Paşa qızı Qəniyevadır. 20 may 1923-cü ildə qədim Şamaxı torpağında dünyaya göz açan bu cəsur Azərbaycan qadını erkən yaşlarından daxilindəki məğrurluğu və vətənpərvərliyi ilə seçilib. Gənclik illərində Moskvada teatr sənəti üzrə təhsil alaraq incəsənət zirvələrinə ucalmağı hədəfləsə də, 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi onun taleyini səhnələrdən birbaşa amansız döyüş meydanlarına aparıb. Ziba Qəniyeva tərəddüd etmədən könüllü olaraq cəbhəyə yollanıb, mürəkkəb atıcılıq və kəşfiyyat kurslarını fərqlənmə ilə bitirərək ön xətdə fəaliyyətə başlayıb.
Müharibənin ən ağır, qanlı illərində o, təkcə səbri və dəqiqliyi ilə deyil, həm də analitik zəkası ilə seçilən mükəmməl bir hərbi qulluqçuya çevrilib. Şaxtalı qış günlərində, keçilməz meşələrdə saatlarla hərəkətsiz qalaraq düşməni pusquya salan Ziba Qəniyeva rəsmi məlumatlara görə qısa müddətdə 129 faşist işğalçısını təkbaşına zərərsizləşdirib. Leninqrad cəbhəsində radio vasitəsilə artilleriya atəşini birbaşa düşmən mövqelərinə yönəldən kəşfiyyatçı kimi böyük şücaət göstərib. 1942-ci ildə aldığı ağır yaradan sonra cəbhə xəttindən uzaqlaşsa da, göstərdiyi misilsiz rəşadətə görə “Qırmızı Bayraq” və “Qırmızı Ulduz” ordenləri ilə təltif edilib. Müharibədən sonra elmi fəaliyyətlə məşğul olub, professor dərəcəsinə yüksələn bu böyük şəxsiyyət Azərbaycan qadını həm elm, həm də hərbi sahədə nələrə qadir olduğunu bütün dünyaya sübut edib.
Ziba Qəniyevanın canı və qanı bahasına qoyduğu bu şanlı hərb ənənəsi müasir dövrümüzdə daha uca zirvələrə daşınmaqdadır. Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular peşəkarlığı, məsuliyyəti və Vətənə sədaqəti ilə seçilirlər. Onlar müxtəlif qoşun növlərində xidmət edərək üzərlərinə düşən vəzifələri yüksək hazırlıq və intizamla yerinə yetirirlər. Hərbi təhsil, davamlı hazırlıq və qazandıqları təcrübə onların xidmət fəaliyyətində mühüm rol oynayır.
Qadın hərbi qulluqçular gündəlik xidmətdə kollektiv işin təşkili, hərbi intizamın qorunması və qarşıya qoyulan tapşırıqların icrasında fəal iştirak edirlər. Onların peşəkar fəaliyyəti Azərbaycan Ordusunun şəxsi heyətinin fərdi inkişafına, xidmətin keyfiyyətinin yüksəldilməsinə və hərbi kollektivdə sağlam iş mühitinin formalaşmasına öz töhfəsini verir.
2025-ci ildən etibarən uzun illərdən sonra Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində yenidən qadın kursantların qəbuluna başlanılıb. Bu addım peşəkar zabit kadrlarının hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olmaqla yanaşı, gələcəkdə Azərbaycan Ordusunda xidmət edəcək qadın zabitlərin hazırlanmasına da mühüm töhfə verir.
Tarix sınağa çəkildiyi hər məqamda Azərbaycan qadını zərifliyinin arxasında dayanan polad iradəni və sarsılmaz döyüş ruhunu aydın şəkildə nümayiş etdirmişdir. Keçmişdən gələn qəhrəmanlıq mirasımız müasir ordumuzun intizamı və qüdrəti ilə birləşərək gələcək nəsillər üçün real and yerinə çevrilir. Nəfəsini Vətən naminə saxlayan, gözünü qırpmadan düşmən üzərinə yönəldən, hər an ayıq-sayıq olan hərbi qulluqçularımız sayəsində torpaqlarımız bu gün azad və əmin əllərdədir. Səssizliyin içində yazılan bu qəhrəmanlıq dastanları ordumuzun sarsılmaz gücünün və Vətənə olan sonsuz sevginin təzahürüdür.
Əli ABIYEV
“Azərbaycan Ordusu”