AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda xaricdə hərbi təhsil imkanlarına həsr olunan “Açıq qapı” günü keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Türkiyə Respublikası Silahlı Qüvvələrinin təmsilçiləri, qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlər, onların valideynləri və media nümayəndələri iştirak etdilər.
Müdafiə Nazirliyinin rəhbərliyi adından iştirakçıları salamlayan polkovnik Rüstəm Ağayev çıxış edərək tədbirin əsas məqsədinin gəncləri xaricdə hərbi təhsil imkanları ilə yaxından tanış etmək, gələcəyini hərbi peşəyə həsr etmək istəyən abituriyentlərə düzgün seçim etmələri üçün ətraflı məlumat vermək olduğunu bildirdi.
Polkovnik R.Ağayev çıxış edərək qonaqları Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda keçirilən xaricdə hərbi təhsil imkanlarına həsr olunmuş “Açıq qapı” günündə salamladı. “Tədbirimizdə iştirak edən dost və qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin hörmətli nümayəndələrinə dəvətimizi qəbul etdiklərinə və hərbi təhsil sahəsində mövcud imkanları bizimlə bölüşəcəklərinə görə təşəkkürümü bildirirəm”.
Zabit bugünkü tədbirin məqsədinin qəbul imtahanlarında yüksək nəticə göstərmiş, gələcəyini Vətənə xidmətə həsr etmək istəyən gəncləri Azərbaycan və Türkiyənin hərbi təhsil imkanları ilə yaxından tanış etməkdən ibarət olduğunu vurğuladı: “Təqdimatlar zamanı Milli Müdafiə Universitetinin hərbi təhsil müəssisələri, qəbul qaydaları, tədris prosesi və xaricdə təhsil imkanları, eləcə də qardaş Türkiyənin hərbi ali təhsil müəssisələrində təhsil, ixtisaslar və kursantlara yaradılan şərait haqqında ətraflı məlumat veriləcək”.
Özünün də bakalavr təhsilini Türkiyə Respublikasının Kara Harp Okulunda aldığını bildirən polkovnik R.Ağayev bu təcrübənin onun peşəkar inkişafında mühüm rol oynadığını əminliklə bildirdi: “Xaricdə hərbi təhsil almaq yalnız bilik və bacarıqların artırılması deyil, həm də intizamın, liderliyin, məsuliyyət hissinin formalaşması və Azərbaycanı beynəlxalq mühitdə layiqincə təmsil etmək deməkdir.
Milli Müdafiə Universiteti müasir biliklərə, yüksək mənəvi keyfiyyətlərə və liderlik bacarıqlarına malik zabitlərin hazırlanmasına xüsusi önəm verir. Bu məqsədlə kursantlarımızın bilik və bacarıqları nəzərə alınaraq onların xarici ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində təhsil almaları üçün geniş imkanlar yaradılır. İnanıram ki, bugünkü görüş gələcək peşə seçiminizdə sizə faydalı olacaq və hər birinizə uğurlu yol açacaq”, - deyə zabit çıxışını tamamladı.
Sonra iştirakçılara Milli Müdafiə Universitetinin fəaliyyəti, ali hərbi təhsil müəssisələrinin qəbul qaydaları, tədris prosesi, kursantların sosial təminatı, maddi-texniki bazası və beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verildi. Bildirildi ki, xüsusi təyinatlı təhsil müəssisələrində müasir standartlara cavab verən tədris infrastrukturu yaradılıb, kursantların peşəkar hazırlığı, fiziki inkişafı və liderlik keyfiyyətlərinin formalaşdırılması diqqət mərkəzində saxlanılır.
Qeyd olundu ki, qəbul imtahanlarında yüksək nəticə əldə etmiş abituriyentlər Milli Müdafiə Universitetinin beynəlxalq təhsil əməkdaşlığı proqramları çərçivəsində Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu ali hərbi təhsil müəssisələrində tam dövlət təminatı hesabına təhsil almaq imkanı qazanırlar. Xaricdə təhsil alan kursantlar müasir hərbi biliklərə yiyələnməklə yanaşı, beynəlxalq təcrübə qazanır, müttəfiq ölkələrin hərbi təhsil sistemini yaxından mənimsəyirlər.
Sonda media nümayəndələri üçün abituriyentlərdən müsahibələr alınması və çəkilişlərin aparılması məqsədilə müvafiq şərait yaradıldı.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra abituriyentlərlə həmsöhbət olduq.
Qəbul imtahanında III ixtisas qrupu üzrə 599 bal toplayan Əli Məmmədov tədbirlə bağlı təəssüratlarını bölüşərək bildirdi ki, təsadüf nəticəsində Milli Müdafiə Universitetində keçirilən “Açıq qapı” günü haqqında məlumat əldə etdik və atamla birlikdə tədbirdə iştirak etmək qərarına gəldik. “Tədbir çərçivəsində universitetin tədris imkanları, maddi-texniki bazası və təhsil prosesi ilə yaxından tanış olduq. Bizə təqdim olunan videoçarxları izlədik, universitet rəhbərliyi və əməkdaşları tərəfindən verilən ətraflı məlumatlar sayəsində maraq doğuran suallarımızın demək olar ki, hamısına cavab tapa bildik. Tədbir universitet barədə məndə çox müsbət təəssürat yaratdı. Bildirildi ki, təhsil müddətində və ya sonrakı mərhələlərdə xaricdə təhsil və ixtisasartırma imkanları da mövcuddur. Bu məlumatlar mənim universitetə marağımı daha da artırdı. Qəbul imtahanında yüksək nəticə göstərdiyim üçün ümid edirəm ki, qəbul zamanı bu institutda təhsil almaq imkanım olacaq. Gələcəkdə həm peşəkar hərbçi, həm də savadlı mütəxəssis kimi Vətənimə layiqincə xidmət etmək istəyirəm”.
Dövlət İmtahan Mərkəzinin blok imtahanında 620 bal toplayan Sədi Əhmədov isə tədbirin gələcək təhsil planlarının formalaşmasına mühüm töhfə verdiyini vurğuladı. “Mən, Dövlət İmtahan Mərkəzinin blok imtahanında yüksək bal toplamışam. Milli Müdafiə Universitetində təşkil olunan “Açıq qapı” günü tədbiri zamanı universitetin təhsil imkanları, qəbul qaydaları və gələcək perspektivləri barədə ətraflı məlumat əldə etdim. Təqdim olunan məlumatlar və nümayiş etdirilən materiallar mənim üçün olduqca faydalı oldu. Gələcəkdə IV ixtisas qrupu üzrə təhsilimi Türkiyədə tibb fakültəsində davam etdirmək istəyirəm. Bu istiqamətdə Milli Müdafiə Universitetinin təqdim etdiyi imkanlar və beynəlxalq əməkdaşlıq perspektivləri məndə böyük maraq yaratdı. İnanıram ki, burada qazanacağım bilik və təcrübə gələcək hədəflərimə çatmağımda mühüm rol oynayacaq”.
Türkiyədə hərbi təhsil almaq niyyətində olduğunu bildirən Ömər Məmmədli də tədbirin onun üçün faydalı olduğunu qeyd etdi. “Qəbul imtahanında 580 bal toplamışam. Bu gün təşkil olunan tədbirdə iştirak edərək, xüsusilə Türkiyə Respublikasının Milli Müdafiə Universitetində təhsil imkanları ilə maraqlandım. Tədbir zamanı “Aerokosmik mühəndisliyi” ixtisası və xaricdə təhsil perspektivləri barədə ətraflı məlumat əldə etdim, həmçinin qəbul və qeydiyyat prosesi ilə bağlı maraqlandığım suallara cavab aldım. Bu imkanlar gələcək təhsil planlarım baxımından məndə böyük maraq yaratdı”.
Azərbaycan dövlətinin hərbi təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Milli Müdafiə Universitetində müasir standartlara cavab verən tədris mühiti formalaşdırılıb. Maddi-texniki bazanın davamlı gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və xaricdə təhsil imkanlarının artırılması gələcəyin peşəkar zabitlərinin hazırlanmasına mühüm töhfə verir.
Güclü ordu, ilk növbədə, peşəkar hərbi təhsil üzərində qurulur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun, o cümlədən hərbi təhsil sahəsinin inkişafı istiqamətində məqsədyönlü, düşünülmüş islahatlar həyata keçirilir. Əminik ki, bu gün gənclər üçün yaradılan geniş imkanlar gələcəkdə milli hərbi kadr potensialının daha da möhkəmlənməsinə, ordumuzun qüdrətinin və döyüş hazırlığının yüksəldilməsinə xidmət edəcək.
Əli ABIYEV
“Azərbaycan Ordusu”