Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2026 16:36

“Əkinçi” ilə başlanan müqəddəs yol hərbi mətbuatımızda da uğurla davam etdirilir

1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycan dilində nəşrə başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın əsasını qoyaraq xalqımızın ictimai-siyasi və mədəni həyatında yeni mərhələnin başlanğıcını təmin etdi. Bununla da Azərbaycan xalqı öz ana dilində nəşr olunan ilk qəzetə qovuşdu və milli mətbuat tariximizin şanlı salnaməsinin ilk səhifəsi yazıldı. 
Cəmi iki il - 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabr ayınadək fəaliyyət göstərməsinə və yalnız 56 nömrəsinin işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” Azərbaycan milli mətbuatının formalaşmasında müstəsna rol oynadı. Qəzet milli oyanışın, maarifçiliyin və ictimai fikrin inkişafının aparıcı tribunası kimi qısa müddətdə həm ziyalılar, həm də geniş oxucu kütləsi arasında böyük nüfuz qazandı.
“Əkinçi”nin əsas missiyası cəmiyyətin maariflənməsinə, elmin, təhsilin və milli dəyərlərin təbliğinə xidmət etmək idi. Məhz bu fəaliyyət çar Rusiyası hakimiyyətini ciddi narahat etməyə başladı. Qəzetin xalqın ictimai-siyasi şüurunun formalaşmasına, milli özünüdərk hissinin güclənməsinə göstərdiyi təsir onun fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələndi və nəşri dayandırıldı. Lakin “Əkinçi”nin bağlanması onun yaratdığı ideyaların qarşısını ala bilmədi. Əksinə, “Əkinçi” Azərbaycan milli mətbuatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən möhkəm bir məktəbə çevrildi. Dövrün görkəmli maarifçiləri onun səhifələrində demokratik, humanist və maarifçi ideyaları təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına mühüm töhfələr verdilər. Sonrakı illərdə nəşr olunan çoxsaylı qəzet və jurnallar da məhz “Əkinçi”nin açdığı yolun davamçıları oldular. Milli mətbuatımız Azərbaycan ədəbi dilinin inkişafında, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində əvəzsiz rol oynadı.
Beləliklə, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuat ənənələri zaman keçdikcə daha da zənginləşərək müasir Azərbaycan mediasının formalaşmasının əsasını təşkil etdi. Tarixin müxtəlif mərhələlərində ciddi sınaqlarla üzləşsə də, Azərbaycan mətbuatı öz milli mövqeyini, ictimai məsuliyyətini və maarifçilik missiyasını qoruyub saxladı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafı üçün tamamilə yeni mərhələ başlandı. Xüsusilə ötən əsrin 90-cı illərinin ikinci yarısından etibarən ölkədə demokratik dəyərlərin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən islahatlar medianın fəaliyyətinə də yeni nəfəs verdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı dövlət quruculuğu siyasəti nəticəsində cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, mətbuatın inkişafı istiqamətində də mühüm addımlar atıldı. Söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, medianın sərbəst fəaliyyətini təmin edən mütərəqqi qanunvericilik bazası yaradıldı, media subyektlərinin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və cəmiyyətdə rolunun artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirildi.
Ulu Öndərin müəyyənləşdirdiyi media siyasətinin əsasını söz azadlığının təmin olunması, demokratik dəyərlərin möhkəmləndirilməsi və müstəqil medianın inkişafı təşkil edirdi. Təsadüfi deyil ki, jurnalistlər tərəfindən “Jurnalistlərin dostu” adlandırılan Dahi Lider ölkənin müharibə şəraitində olmasına baxmayaraq, medianın azad fəaliyyətini dövlət quruculuğunun mühüm şərtlərindən biri hesab edirdi. Bu siyasi iradənin məntiqi nəticəsi olaraq əvvəlcə hərbi senzura, 1998-ci ilin avqustunda isə kütləvi informasiya vasitələri üzərində dövlət senzurası tamamilə ləğv edildi. Bu mühüm qərar Azərbaycanda demokratik medianın inkişafında yeni mərhələnin əsasını qoydu. Söz və mətbuat azadlığının təmin olunması, qəzet və jurnalların sayının artması, yeni informasiya resurslarının yaranması ölkədə sağlam informasiya mühitinin formalaşmasına geniş imkanlar açdı. Mətbuat artıq cəmiyyətin obyektiv məlumatlandırılmasında, ictimai rəyin formalaşmasında və dövlət-vətəndaş münasibətlərinin inkişafında mühüm institutlardan birinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi bu strateji xətt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni dövrün tələblərinə uyğun şəkildə daha da zənginləşdirildi. Dövlətimizin başçısının rəhbərliyi ilə media sahəsində ardıcıl islahatlar həyata keçirildi, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və media subyektlərinin dayanıqlı fəaliyyətinin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Bu siyasətin mühüm tərkib hissəsi kimi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul edildi. Konsepsiya milli medianın inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə, jurnalist peşəsinin nüfuzunun artırılmasına və müasir informasiya çağırışlarına uyğun fəaliyyət göstərməsinə geniş imkanlar yaratdı.
Qlobal informasiya məkanında baş verən sürətli dəyişikliklər, rəqəmsallaşma və yeni kommunikasiya vasitələrinin meydana çıxması media sahəsində hüquqi bazanın da müasirləşdirilməsini zəruri edirdi. Bu məqsədlə Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi publik hüquqi şəxsi yaradıldı.
Medianın İnkişafı Agentliyi qısa müddət ərzində çap və onlayn medianın inkişafı, media subyektlərinin iqtisadi dayanıqlığının artırılması, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, innovativ media layihələrinin dəstəklənməsi və milli informasiya məkanının təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu fəaliyyət göstərməyə başladı.
Media sahəsində aparılan islahatların mühüm nəticələrindən biri də 30 dekabr 2021-ci ildə qəbul edilmiş “Media haqqında” Azərbaycan Respublikası Qanunu oldu. Bu qanun media fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən etməklə yanaşı, informasiyanın əldə olunması, hazırlanması, yayılması və istehsalı sahəsində vahid hüquqi mexanizmləri formalaşdırdı. Qanunun əsas məqsədi ölkənin informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, sağlam rəqabət mühitinin yaradılması, milli medianın inkişafının sürətləndirilməsi və jurnalist peşəsinin nüfuzunun daha da yüksəldilməsidir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı Azərbaycan mediasını qlobal informasiya məkanının ayrılmaz tərkib hissəsidir. Çap mediası ilə yanaşı, elektron media, xəbər portalları və sosial platformalar da operativ informasiya mübadiləsinin əsas vasitələrinə çevrilmişdir. Bu gün Azərbaycan jurnalistləri beynəlxalq təlim proqramlarında, forumlarda və peşəkar inkişaf layihələrində fəal iştirak edərək müasir jurnalistikanın çağırışlarına uyğun bilik və bacarıqlarını daim təkmilləşdirirlər.
Azərbaycan Respublikasının Konstitusiyasında söz və mətbuat azadlığının fundamental hüquq kimi təsbit olunması, dövlət tərəfindən medianın inkişafına göstərilən sistemli dəstək və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi milli mətbuatın davamlı inkişafını təmin edən əsas amillərdəndir. Mətbuat işçilərinin fəxri adlarla təltif olunması, sosial layihələrin həyata keçirilməsi və dövlət mükafatları ilə qiymətləndirilməsi bu sahəyə göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Milli mətbuatın inkişafına göstərilən bu ardıcıl dövlət qayğısının nəticəsidir ki, Ümummilli Lider Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev isə 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər. Bu ali qiymət dövlət-media münasibətlərinin qarşılıqlı etimada, açıq dialoqa və milli maraqlara söykəndiyini bir daha təsdiq edir.
Müasir dövrdə medianın üzərinə düşən məsuliyyət təkcə xəbərin operativ çatdırılması ilə məhdudlaşmır. İnformasiya məkanının qlobal rəqabət meydanına çevrildiyi, dezinformasiya və saxta xəbərlərin geniş yayıldığı bir şəraitdə media dövlətçilik maraqlarının qorunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində və cəmiyyətin düzgün məlumatlandırılmasında mühüm strateji missiya daşıyır. Bu baxımdan Azərbaycan jurnalistikası hər zaman peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə sadiq qalaraq ölkəmizin milli maraqlarının müdafiəsində ön sıralarda yer alıb.
Xüsusilə Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycan mediası üzərinə düşən tarixi məsuliyyəti layiqincə yerinə yetirib. Mətbuat nümayəndələri döyüş bölgələrindən operativ məlumatlar çatdırmaqla yanaşı, Ermənistanın dezinformasiya kampaniyalarına qarşı informasiya cəbhəsində də qətiyyətlə mübarizə aparıb, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılmasına mühüm töhfələr veriblər. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistləri yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək cəbhə bölgələrindən hazırladıqları reportajlarla, analitik yazılar və videomateriallarla xalqımızın Zəfər salnaməsinin canlı şahidlərinə çevrildilər. Onların operativ fəaliyyəti nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi qələbələr, hərbçilərimizin qəhrəmanlığı və torpaqlarımızın işğaldan azad olunması həm ölkə, həm də beynəlxalq ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırıldı.
Müharibədən sonrakı dövrdə də Azərbaycan mediası informasiya cəbhəsində fəaliyyətini eyni qətiyyətlə davam etdirərək işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, Böyük Qayıdış Proqramının, eləcə də Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafının erməni işğalının vurduğu ziyanın aradan qaldırılması, minalardan təmizlənmə prosesinin işıqlandırılmasına xüsusi diqqət yetirib. Dövlətimizin başçısının Qarabağın inkişafı, regional təhlükəsizlik və sülh gündəliyi ilə bağlı mesajlarının dünya ictimaiyyətinə çatdırılması da medianın əsas fəaliyyət istiqamətlərindən biridir.
Milli mətbuatımızın bu şərəfli missiyasında Azərbaycanın hərbi mətbuatı da özünəməxsus yer tutur. Uzun illərdir fəaliyyət göstərən, Müdafiə Nazirliyinin mətbu orqanı olan “Azərbaycan Ordusu” qəzeti ordu quruculuğu sahəsində həyata keçirilən islahatları, döyüş hazırlığını, şəxsi heyətin xidmət fəaliyyətini və qəhrəmanlıq nümunələrini sistemli şəkildə işıqlandıraraq hərbi jurnalistikanın aparıcı tribunasına çevrilib.
Qəzet yalnız hərbi xəbərləri oxucuya çatdıran informasiya vasitəsi deyil, həm də Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının gücləndirilməsinə, gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyəsinə xidmət edən mühüm ideoloji məktəbdir. Onun səhifələrində dərc olunan yazılar, müsahibələr, reportajlar və publisistik materiallar Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu, qazandığı uğurları və qəhrəmanlıq salnaməsini gələcək nəsillər üçün etibarlı mənbə kimi yaşadır.
44 günlük Vətən müharibəsi və sonrakı dövrdə “Azərbaycan Ordusu” qəzeti informasiya cəbhəsində də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, ordumuzun uğurlarını, hərbi qulluqçularımızın qəhrəmanlıq nümunələrini, şəhidlərimizin əziz xatirəsini və döyüşlərdə sağlamlıqlarını itirənlərin fədakarlığını geniş şəkildə işıqlandırıb. 
Azərbaycan mediasının beynəlxalq nüfuzunun yüksəldilməsində Şuşa Qlobal Media Forumlarının da xüsusi əhəmiyyəti vardır. 2023-cü ildə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”, 2024-cü ildə “Yalan məlumatların ifşası: dezinformasiyaya qarşı mübarizə”, 2025-ci ildə “Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzularında keçirilən forumlar media sahəsində qlobal çağırışların müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu ənənə 2026-cı ildə keçirilən IV Şuşa Qlobal Media Forumunda da uğurla davam etdirilib. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forum çərçivəsində də aktual məsələlər geniş müzakirə edilib.
Bütün bunlar bir daha göstərir ki, müasir Azərbaycan mediası artıq təkcə ölkədaxili informasiya məkanının deyil, beynəlxalq media mühitinin də fəal iştirakçısına çevrilib. İnanırıq ki, milli mətbuatımız dövlətçilik maraqlarına sadiq qalaraq, müasir texnologiyaların imkanlarından səmərəli istifadə etməklə, informasiya təhlükəsizliyinin təmin olunmasına, dezinformasiyaya qarşı mübarizəyə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına bundan sonra da mühüm töhfələr verməyə davam edəcəkdir.
Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli dəyərlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratik cəmiyyətin fundamental prinsiplərindən biri kimi qiymətləndirərək bildirib: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.
Bu gün 151 illik şərəfli inkişaf yolu keçən Azərbaycan milli mətbuatı “Əkinçi”nin ideallarına sadiq qalaraq müasir dövrün çağırışlarına uyğun inkişaf edir. Rəqəmsallaşma, süni intellekt, informasiya təhlükəsizliyi və qlobal media rəqabəti yeni vəzifələr müəyyənləşdirsə də, milli mətbuatımızın əsas missiyası dəyişməz olaraq qalır - cəmiyyəti doğru, operativ və obyektiv informasiya ilə təmin etmək, dövlətçilik maraqlarını qorumaq, milli həmrəyliyin möhkəmlənməsinə xidmət etmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq.
“Əkinçi” ilə başlanan müqəddəs söz yolu bu gün müasir Azərbaycan mediasında, o cümlədən hərbi mətbuatımızda da uğurla davam etdirilir. Bu yol xalqımızın milli yaddaşını yaşadan, dövlətimizin gücünü və qələbələrini tarixə həkk edən şərəfli yoldur. Əminliklə demək olar ki, milli mətbuatımız bundan sonra da peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə sadiq qalaraq, Azərbaycanın milli maraqlarının qorunmasına, cəmiyyətimizin tərəqqisinə və dövlətimizin informasiya təhlükəsizliyinin təmin edilməsinə layiqli töhfələr verməyə davam edəcəkdir.

Elçin İMANOV
“Azərbaycan Ordusu”