Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2026 09:45

Naxçıvanda şəhidlərin mövlud günləri qeyd edildi

Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində Vətən uğrunda canından keçmiş igid şəhidlərimizin doğum günləri dərin ehtiramla yad edilib.
Naxçıvan şəhərində Vətən müharibəsin döyüşlərində şəhid olmuş baş leytenantlar Fuad Əlizadə və Raqib Hüseynovun doğum günləri münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun və Daxili İşlər Nazirliyinin şəxsi heyəti, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin təmsilçiləri, şəhid ailələri, döyüşdə yaralananlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov çıxış edərək, şəhid ailələrinə olan hörmət və ehtiramını bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin hərb tariximizdə analoqu olmayan bir zəfər olduğunu qeyd edib, dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğıdan danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Heydər Əliyev adına Hərbi Liseyin müəllimləri, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin rəsmiləri və şəhid ailələrinin üzvləri çıxış ediblər. Şəhid baş leytenant Fuad Əlizadənin şücaətindən və keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, o, 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Fuad Əlizadənin anası Şəfa Əliyeva və baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova çıxış edərək, övladlarının xatirəsini əziz tutulduğuna görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə 2020-ci il sentyabrın 29-da Talış istiqamətində şəhid olan baş leytenant Raqib Hüseynovun həyat və döyüş yolundan da bəhs edilib. Qeyd olunub ki, o, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, həmçinin "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Məktəblilər şeirlər söylədikdən sonra şəhidlərin ruhuna dualar oxunub. Sonda iştirakçılar baş leytenant Raqib Hüseynovun məzarını ziyarət edərək, önünə əklil və gül dəstələri düzüblər.

* * *

Eyni zamanda, Culfa rayonunun Yaycı kəndində Vətən uğrunda canından keçən şəhid Sənan Hidayət oğlu Məmmədov və Birinci Qarabağ müharibəsində itkin düşərək sonradan şəhidlik statusu alan igid tankçı Məzahir Ramazan oğlu Nəcəfov da doğum günlərində anılıblar.
Anım mərasimində Culfa rayon İcra Hakimiyyətinin əməkdaşları, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 1998-ci il iyunun 28-də Yaycı kəndində dünyaya göz açan, 2018-ci il yanvarın 11-də düşmən təxribatı nəticəsində şəhid olan Sənan Məmmədovun məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Daha sonra anım tədbiri cəsur tankçı Məzahir Nəcəfovun xatirəsinə ucaldılmış bulaq kompleksində davam edib. İştirakçılar onun Birinci Qarabağ müharibəsindəki şərəfli döyüş yolundan bəhs edərək bildiriblər ki, tankçı kimi döyüşə qatılan Məzahir "Horadiz" əməliyyatında böyük rəşadət göstərib. Gənc əsgər sonuncu dəfə 1994-cü il yanvarın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə görünüb və bu tarixdən etibarən itkin düşüb.
Ziyarət zamanı şəhidlərimizin keçdikləri şərəfli ömür yolu yad edilib və xatirə fotoları çəkdirilib.

Bəxtiyar ƏLİYEV

"Naxçıvan Şəhid Ailələri" 

İctimai Birliyinin mətbuat katibi