Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2026 09:39

Arzulara cavab var: məktubunuz əsgər qardaşlarınıza çatdı!

Vətən səngərdən başlanır, deyirlər. Amma o səngəri qoruyan mərd oğulların mənəvi gücü, dözümü və sarsılmaz vətənpərvərliyi arxa cəbhədən - xalqın onlara olan sonsuz sevgisindən qaynaqlanır. Xüsusilə gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, onlarda milli təəssübkeşlik hissinin formalaşdırılması bu gün dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Məktəb partalarından başlayan Vətən sevdası gənclərimizin hərbi xidmət dövründə real bir xarakter məktəbinə çevrilir və onları polad iradəli döyüşçü kimi püxtələşdirir. Məhz bu mənəvi vəhdəti vizuallaşdıran layihələr, Vətənin keşiyini çəkən əsgərlərimizlə arxa cəbhədə böyüyən fidanlarımız arasında sarsılmaz bir körpü qurur.
Strateji əhəmiyyətli mövqelərdə yerləşən hərbi xidmət yerlərinə baş çəkmək, o müqəddəs sərhəd postlarına daxil olmaq üçün Əlahiddə Ümumqoşun Ordunun nümayəndəsi polkovnik Naib Cəfərovla birlikdə igidlərimizin dayandığı o uca postlara tərəf hərəkət etdik. Dağların qoynundan keçən çətin yolları geridə qoyub bölmələrə çatanda bizi qarşılayan komandirlərin və əsgərlərimizin gözlərindəki doğmalığı, daxili nizam-intizamı yaxından müşahidə etmək imkanı qazandıq.
Bizi ilk salamlayan və bu mənəvi missiyamıza bələdçilik edən zabit Qadir Muradov oldu.
Hərbi formanın daxilində həm də dərin bir ziyalılıq, elmi dünyagörüşü daşıyan zabitlərimiz ordumuzun mənəvi sütunlarıdır desək, yanılmarıq. Ömrünün gənclik illərini elmə həsr edib, Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr dərəcəsinə qədər ucalan Qadir Muradovun həyat yolu, məhz bu vəhdətin bariz nümunəsidir. Müasir Azərbaycan zabitinin təkcə silahı ilə deyil, həm də yüksək intellekti ilə seçildiyini sübut edən bu gənc komandirin hərbi tərcümeyi-halı rəşadət səhifələri ilə zəngindir. 1989-cu ilin soyuq bir dekabr günündə Quba rayonunun Qonaqkənd qəsəbəsində dünyaya göz açan Qadir Akif oğlu Muradov 2015-ci ilin fevralında Təlim və Tədris Mərkəzində kursu uğurla başa vuraraq “leytenant” rütbəsi ilə ordu sıralarına qədəm qoyub. Bu gün iki övlad atası olan mayor Qadir Muradovun keçdiyi çətin və şərəfli döyüş yolundan, eləcə də əsgərləri ilə qurduğu mənəvi bağdan bəhs edərkən daxilindəki təmkinli qürur dərhal hiss olunurdu.
- Keçirdiyim xidmət illəri xalqımızın ən şərəfli mübarizə dövrünə təsadüf edir. Bir zabit kimi 2016-cı ilin Aprel döyüşlərində - yəni, böyük zəfərimizin ilk addımında, 2020-ci il sentyabrın 27- də Vətən müharibəsində, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatında iştirak etmişəm. Biz hərbi elmin və qələbənin dərslərini addım-addım keçdik. Aprel döyüşlərində təcrübə topladıq, Vətən müharibəsində tətbiq etdik, antiterror əməliyyatında isə nöqtəni qoyduq. Savaş meydanında qazanılan uğurlara görə Azərbaycan Respublikası  Prezidentinin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olundum. Sinəmdəki bu təltiflər mənim üçün sadəcə bir mükafat deyil, canından keçən silahdaşlarımın, şəhidlərimizin mənəvi əmanətidir. Hazırda vəzifəmdən irəli gələrək əsas missiyam gənc əsgərlərimizin həm hərbi vərdişlərini təkmilləşdirmək, həm də onların mənəvi-psixoloji hazırlığını yüksək səviyyədə saxlamaqdır. Mən onlara sadəcə bir komandir kimi deyil, böyük bir qardaş, sirdaş kimi yanaşıram. Tez-tez onlarla bir araya gəlir, fərdi söhbətlər aparıram. Bu söhbətlərdə qazandığım döyüş təcrübəsini onlara ötürür, vətənpərvərliyin sadəcə sözdə deyil, məhz bu çətin postlarda ayıq-sayıq dayanmaqda olduğunu izah edirəm. Hər bir əsgərin iradəsini poladlaşdırmaq və daxilindəki məsuliyyət hissini artırmaq mənim ən böyük zabitlik borcumdur. Postlarımıza məktəblilərdən gələn  təmiz, səmimi məktublar çatanda isə şəxsi heyətin keçirdiyi  böyük həyəcanı sözlə ifadə etmək çətin olur. Bir zabit kimi uşaqların  kiçik əlləri ilə yazdıqları sətirləri oxuyanda qəlbim fərəhlə dolur. O məktublar bizə arxa cəbhənin güvənini, xalqımızın sonsuz sevgisini bir daha hiss etdirir. Əsgərlərimizin vərəqləri oxuyarkən keçirdikləri qürur hissi qoruduqları Vətənin gələcək sahiblərinin sədasıdır. Biz bu gün də eyni sarsılmaz ruhla Vətənimizin keşiyindəyik və uşaqlarımızın  məktublarda arzuladığı sülhü, aydın sabahları göz bəbəyimiz kimi qoruyuruq, - zabit dedi.
Zabitimizin bu mənəvi dəstəyi və açdığı qardaşlıq cığırı, çətin iqlim şəraitində xidmət edən gənc əsgərlərimizin də çıxışlarında özünü tam mənası ilə göstərirdi. Hər biri öz ixtisası üzrə vəzifə borcunu yerinə yetirən gənclərlə söhbətləşdikcə, onların məktəblilərdən gələn məktubları hansı böyük coşqu ilə qarşıladıqlarının şahidi olduq. Bölüyün gənc döyüşçülərindən olan əsgər Elvin Zeynalov daxilindəki məsuliyyəti bu səmimi sözlərlə bölüşdü:
- Şərur rayonunun Püsyan kəndində doğulub boya-başa çatmışam. Artıq doqquz aydır ki, əynimdə daşıdığım bu şərəfli geyimlə doğma torpaqlarımızın keşiyində dayanmışam. Biz elə bir tarixi dövrdə xidmət edirik ki, hər addımımızda igid şəhidlərimizin bizə qoyub getdiyi müqəddəs irsin məsuliyyətini daşıyırıq. Hərbi hissəyə yola düşəndə yaxınlarımın gözündə gördüyüm böyük güvən hissi bu gün də daxilimdəki inamı artırır. Azərbaycan Ordusunun bu gün nümayiş etdirdiyi yenilməz qətiyyət istənilən bədxah qüvvəni geri addım atmağa məcbur edir. Lakin bizim sahib olduğumuz bu sarsılmaz qüdrət sadəcə ən müasir hərbi texnika ilə ölçülmür. Ordumuzun ən böyük dayaq nöqtəsi xalqın, arxa cəbhənin bizə ötürdüyü tükənməz mənəvi enerjidir. Məktəblilərin göndərdiyi məktublardakı səmimi sətirləri oxuyarkən vətəndaşlıq yükünün dəyərini bir daha dərindən dərk etdim. Dövlətimizə və xalqımıza söz verirəm ki, ayıq-sayıqlığımızla bu sülhü və əmin-amanlığı son günümüzə qədər göz bəbəyimiz kimi qoruyacağıq.
Onunla eyni postda çiyin-çiyinə xidmət edən, hərbin sirlərinə yiyələnməyi özünə əsas hədəf seçən əsgər Emin Abbasov isə uşaqların göndərdiyi məktubların onlara necə böyük ruh yüksəkliyi verdiyindən bəhs etdi:
- Mən Naxçıvan şəhərindən hərbi xidmətə çağırılmışam. Qarşıma qoyduğum başlıca məqsəd nizam-intizamlı olmaq, döyüş vərdişlərinə yiyələnmək, bacarıqlı əsgər kimi formalaşmaqdır. Çətin iqlim şəraitində, uca zirvələrdə dayansaq da, dövlətimizin bizə göstərdiyi yüksək diqqəti hər an hiss edirik. Keçmiş zəfərlərimizin fəxrini daşıyan bir nəsil olaraq, azad nəfəs alan bu dağların mühafizəsi birbaşa bizim qismətimizə düşüb. Uşaqların kiçik əlləri ilə yazdıqları cümlələr bizə xatırlatdı ki, qoruduğumuz bu sərhədlər gələcəyin müstəqil sabahlarıdır. Bu məktublar bizə bitib-tükənməyən ruh yüksəkliyi bəxş etdi, qəlbimizi qəribə bir doğmalıq və coşqu ilə doldurdu. Bizə inanan o gənc nəsillərin etimadını doğrultmaq üçün gecə-gündüz fədakarlıqla, yorulmadan xidmətimizi davam etdirəcəyik.
Hərbi xidməti sadəcə bir vəzifə borcu kimi deyil, gənc nəsli mənəvi və fiziki cəhətdən böyüdən bir məktəb kimi görən əsgər Rza Quliyev isə gecə növbələrinin daxildə oyatdığı mənəvi duyğuları belə ifadə etdi:
- Culfa rayonunun Yaycı kəndinin yetirməsiyəm və artıq bir ildir ki, ön xətdə xidmətdəyəm. Hərbi həyat insanın daxili aləmini tamamilə dəyişir, onu çətinliklərə qarşı dözümlü edərək əsl xarakter məktəbinə çevrir. Burada xidmət edən hər kəs hərbi nizam-intizamı, vaxtın qədrini bilməyi və ən əsası yoldaşlıq fəlsəfəsini dərindən mənimsəyib püxtələşir. Məsuliyyət hissi insanın içindəki vətənpərvərlik duyğusunu sadəcə şüar olmaqdan çıxarıb, real bir yaşam tərzinə çevirir. Bir rabitəçi olaraq postlar arasındakı hər səsin, hər sözün arxasında bütöv bir xalqın təhlükəsizliyinin dayandığını bilirəm. Qulağımdakı hər siqnal Vətənin nəfəsidir. Yeniyetmələrin məktublarına cavab yazarkən kağız üzərinə yalnız qəlbimizdən keçən ən saf, ən səmimi düşüncələrimizi köçürdük. Çünki o körpə qəlblərin bizi özlərinə bir örnək, bir arxa bildiyini görmək insana fərqli bir mənəvi güc verir. Ən unudulmaz anlar isə dumanlı, soyuq hava şəraitində növbəyə duranda, uzaqlarda sayrışan kənd və şəhər işıqlarını seyr edərkən yaşanır. Sönməyən işıqlar bizə pıçıldayır ki, sən burada keşik çəkdiyin üçün evlərdə insanlar rahat uyuyur və gələcəyə ümidlə baxırlar.
Vətənin haradan başlanması və bu şərəfli borcun gənclərin mənəvi dünyasındakı rolu barədə fərqli bir baxış bucağı təqdim edən əsgər Anar Əsgərli öz yaşıdlarına müraciət edərək fikirləri vurğuladı:
- Naxçıvan şəhərində böyümüşəm, 2025-ci il iyulun 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ordu sıralarına çağırılmışam. Hazırda mühəndis-istehkam bölüyünün tərkibində çətin və məsuliyyətli bir missiyanı çiyinlərimdə daşıyıram. Bir istehkamçı kimi borcum bu torpağın hər qarışını təhlükəsiz etməkdir. Şəhidlərimizin qanı ilə suvarılan bu torpaqlara indi dinc insanların köçməsi, uşaqların buralarda rahat addımlaması üçün bizim hər addımımız dəqiq və fədakar olmalıdır. Hər bir insan özlüyündə soruşur: “Vətən haradan başlanır?” Mənim üçün bu anlayış doğulub boya-başa çatdığım kiçik ocaqdan, valideyn xeyir-duasından və ailə sevgisindən qaynaqlanır. Doğmalarını qorumağı bacaran hər bir kəs, əslində elini, obasını və bütöv bir məmləkəti müdafiə etməyə tam hazır olan insandır. Hərbi xidmətə hazırlaşan bütün qardaşlarıma tövsiyə edirəm ki, bu dövrü həyatın sadəcə bir mərhələsi deyil, mənəvi yetkinləşmə dövrü kimi dəyərləndirsinlər. Məktəblilərdən gələn zərfləri açanda, sətirlər arasında gizlənən böyük inamı bütöv varlığımızla hiss etdik. Balaca qəlblərin bizə bəslədiyi bu sevgi qarşısında daxili məsuliyyətimiz bir qat daha artdı. Cavab məktubumda da qeyd etdiyim kimi, biz burada ayıq-sayıq dayandıqca, sizin sabahlarınız həmişə günəşli və aydın olacaq.
Postlardan, uca zirvələrdən geri qayıdarkən daxilimizdə böyük bir əminlik və sonsuz iftixar hissi var idi. Bu səfər bizə bir mənəvi təzadı - səngərin sərt, dumanlı, soyuq mühitdə uşaqların rəngli karandaşlarla yazdığı, bəlkə də üzərinə tank, bayraq şəkli çəkdiyi kağız vərəqlərinin doğurduğu istiliyi yaşatdı. Gördük ki, məktəblilərin göndərdiyi o sadə məktub vərəqlərindəki arzu və diləklər səngərdə sarsılmaz bir qətiyyətə, möhkəm bir mənəvi vəhdətə çevrildi. Bir tərəfdə canını Vətən müharibəsinin alovlarından keçirib qazandığı döyüş təcrübəsini öz əsgərlərinə ötürən zabit Qadir Muradov, digər tərəfdə isə Vətəni göz bəbəyi kimi qoruyan nizam-intizamlı əsgərlərimiz...
Əminik ki, nə qədər ki, ordu ilə arxa cəbhənin qəlbi eyni ahənglə vurur, nə qədər ki, xalqımızın duaları və balaca fidanlarımızın sevgisi bu uca zirvələri isidir, bu torpaqların əmin-amanlığı əbədi olacadır. Çünki Azərbaycanın müqəddəs torpaqları təkcə silahla deyil, həm də sarsılmaz bir inam, mənəvi bütövlük və qarşılıqlı sevgi ilə qorunur.
Məktəblilərimiz yay tətilinin imkanlarından yararlanaraq növbəti tədris ilinə böyük ruh yüksəkliyi ilə qayıdacaqlar. Onların üzlərinin daim gülməsi, özlərini əmin-amanlıqda hiss etmələri üçün yayın qızmar istisində, qışın sərt soyuğunda canla-başla Vətənin keşiyini çəkən hərbi qulluqçularımızın xidmətləri isə davam edəcək. Biz də öz layihəmizi yenidən davam etdirəcəyik.
Əsgərə məktub layihəsini həyata keçirməkdə bizə dəstək olan Əlahiddə Ümumqoşun Ordunun komandanlığına, hər zaman yanımızda olan zabitlərimizə, layihədə məktəblilərimizin iştirakını könüllü olaraq təmin edən Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin direktoru Günel Quliyevaya, sinif rəhbərləri Leyla Əliyevaya və Anaxanım Axundovaya dərin təşəkkürümüzü bildiririk.

Bəxtiyar ƏLİYEV

“Naxçıvan Şəhid Ailələri” 

İctimai Birliyinin mətbuat katibi