AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində baş verən döyüşlər xalqımızın yaddaşında xüsusi yer tutdu. Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumlarına qarşı Azərbaycan Ordusu qətiyyətlə cavab verdi və mövqelərimizin müdafiəsi uğrunda ağır döyüşlər getdi. Həmin günlərdə hərbçilərimiz yüksək peşəkarlıq, cəsarət və Vətənə sonsuz sədaqət nümayiş etdirdilər. Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan əsgəri torpağın və xalqın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır.
Döyüşlər zamanı Tovuz istiqamətində canlarını fəda edən şəhidlərimiz sonradan başlayan Vətən müharibəsinin ruhunu və qələbə əzmini gücləndirən igidlər kimi tarixə düşdülər. Onların hər biri Vətənin müdafiəsini həyatından üstün tutaraq xalqımıza əbədi qürur hissi yaşatdılar.
Tovuz döyüşlərində şəhid olan 12 hərbçimiz Azərbaycanın hərb tarixində silinməz iz qoydu. Onların arasında general da vardı, zabit də, gizir də, əsgər də. Fərqli bölgələrdən gələn bu insanlar bir amal uğrunda - Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü naminə çiyin-çiyinə vuruşdular. Bu gün həmin şəhidlərin xatirəsi ehtiramla yad edilir, göstərdikləri şücaət gənc nəslə nümunə kimi təqdim olunur.
General-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi peşəni seçərək ali hərbi təhsil alıb və ömrünü Azərbaycan Ordusunda xidmətə həsr edib. Uzun illər ön xətt bölmələrində müxtəlif vəzifələrdə xidmət edən Polad Həşimov peşəkarlığı, tələbkarlığı və şəxsi heyətə qayğıkeş münasibəti ilə seçilib. 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı döyüş əməliyyatlarına rəhbərlik edərkən qəhrəmancasına şəhid olub. General rütbəsində şəhid olması xalq tərəfindən böyük kədər və eyni zamanda, böyük qürur hissi ilə qarşılandı. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Polad Həşimov bu gün də cəsur general və əsl zabit nümunəsi kimi ehtiramla xatırlanır.
Polkovnik İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gəncə şəhərində anadan olub. Gənc yaşlarından hərb sənətinə maraq göstərən İlqar Mirzəyev ali hərbi təhsil aldıqdan sonra müxtəlif hərbi hissələrdə xidmət edib. Peşəkar zabit kimi uzun illər ərzində komandirlik etdiyi bölmələrdə yüksək döyüş hazırlığının təmin olunmasına xüsusi diqqət yetirib. Xidməti dövründə məsuliyyətli və vətənpərvər zabit kimi tanınıb.
Tovuz döyüşləri zamanı döyüş bölgəsində əməliyyatların uğurla icrasına rəhbərlik edib. İyulun 14-də xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Mayor Anar Gülverdi oğlu Novruzov 1976-cı il mayın 12-də Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Abbaslı məhəlləsində anadan olub. Hərbi xidmətə gənc yaşlarından başlayaraq müxtəlif qoşun hissələrində xidmət edib. O, xidmət etdiyi kollektivdə intizamlı, bacarıqlı və peşəkar zabit kimi tanınıb. Döyüş hazırlığının yüksəldilməsi istiqamətində gördüyü işlər və şəxsi heyətlə səmimi münasibəti ona böyük hörmət qazandırmışdı.
Tovuz döyüşləri zamanı mayor Anar Novruzov ön mövqelərdə döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak edib. Düşmən hücumlarının qarşısının alınması zamanı şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mayor Namiq Hajan oğlu Əhmədov 1984-cü il noyabrın 8-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Hərbi xidmət illərində daim öz üzərində çalışan, peşəkarlığını artıran və komandirlərinin etimadını qazanan zabitlərdən biri idi.
2020-ci ilin iyulunda gedən döyüşlər zamanı şəxsi heyətlə birlikdə ön mövqelərdə xidmət aparırdı. Verilən döyüş tapşırıqlarını yüksək məsuliyyətlə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Namiq Əhmədovun şərəfli xidmət yolu Azərbaycan zabitinin Vətənə sədaqətinin və fədakarlığının parlaq nümunələrindən biri hesab olunur.
Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov 1992-ci il iyulun 2-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hərb peşəsini seçərək gənc yaşlarından Azərbaycan Ordusunda xidmətə başlayıb. Qısa müddətdə peşəkar zabit kimi formalaşan Rəşad xidməti dövründə məsuliyyəti, cəsarəti və hərbi biliyi ilə seçilib. Komandirləri onun intizamlı zabit olduğunu bildirirdilər.
Tovuz döyüşləri zamanı ön mövqelərdə xidmət aparan baş leytenant Rəşad Mahmudov düşmənin hücumlarının qarşısının alınması uğrunda gedən döyüşlərdə böyük igidlik göstərərək şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Qısa ömür yaşamasına baxmayaraq, Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirərək Azərbaycanın fəxrinə çevrilib.
Gizir İlqar Ayaz oğlu Zeynallı 1995-ci il iyulun 9-da Tovuz rayonunun Cəlilli kəndində anadan olub. Hərbi xidmətə böyük həvəslə başlayan İlqar Zeynallı peşəkar hərbi qulluqçu kimi daim öz üzərində çalışır, döyüş hazırlığını artırmağa xüsusi diqqət yetirirdi. Xidmət etdiyi hərbi hissədə çalışqanlığı, nizam-intizamı və vətənpərvərliyi ilə seçilirdi.
Tovuz döyüşləri zamanı son ana qədər silahdaşları ilə birlikdə düşmənə qarşı mübarizə apararaq şəhidlik zirvəsinə ucalan İlqar adını Azərbaycanın hərbi salnaməsinə yazdırıb. Ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Onun xidmət yolu gənc hərbçilər üçün Vətənə sədaqətin və Hərbi Andın müqəddəsliyinin nümunəsidir.
Gizir Yaşar Vasif oğlu Babayev 29 iyun 1987-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. Uzun illər Azərbaycan Ordusunda xidmət edən Yaşar xidmət etdiyi müddətdə məsuliyyətli münasibəti, çevik qərar qəbul etməsi və döyüş yoldaşlarına dəstəyi ilə böyük hörmət qazanıb.
O, Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısının alınması zamanı ön mövqelərdə böyük şücaət göstərərək iyulun 14-də igidliklə şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.
Çavuş Vüqar Lətif oğlu Sadıqov 14 may 1987-ci ildə Ağstafa rayonunun Göyçəli kəndində anadan olub. Azərbaycan Ordusunda xidmət etdiyi müddətdə hərbi nizam-intizama ciddi riayət edib, verilən tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirib. Silahdaşları onu sakit təbiətli, mərd və etibarlı döyüş yoldaşı kimi tanıyıblar.
Tovuz istiqamətində gedən döyüşlər zamanı çavuş Vüqar Sadıqov Vətənin müdafiəsi uğrunda gedən ağır döyüşlərdə son nəfəsinədək döyüş mövqeyini tərk etməyib və Hərbi Anda sadiq qalaraq şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Onun şücaəti Azərbaycan əsgərinin Vətən sevgisinin və fədakarlığının daha bir parlaq nümunəsi kimi tarixə həkk olunub.
Baş əsgər Elşad Dönməz oğlu Məmmədov 11 yanvar 1996-cı ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət illərində intizamlı davranışı, peşəkarlığı və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirməsi ilə seçilib. Silahdaşları onu cəsur və etibarlı döyüş yoldaşı kimi xatırlayırlar.
Tovuz döyüşləri zamanı ön xətdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olan Elşad Məmmədovun göstərdiyi igidlik Azərbaycan hərbçisinin Vətənə sədaqətinin və fədakarlığının parlaq nümunəsidir. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Əsgər Elçin Arif oğlu Mustafazadə 26 sentyabr 1992-ci ildə Ağstafa rayonunun Həsənsu qəsəbəsində anadan olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elçin Mustafazadə hərbi xidmətini məsuliyyətlə yerinə yetirən, döyüş hazırlığına xüsusi önəm verən hərbçilərdən idi. O, xidmət etdiyi kollektivdə səmimiyyəti, nizam-intizamı və Vətənə olan sevgisi ilə seçilib.
Tovuz istiqamətində gedən döyüşlərdə Vətənimizin müdafiəsi uğrunda aparılan əməliyyatlarda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Əsgər Nazim Əfqan oğlu İsmayılov 1996-cı ildə Ağstafa rayonunun Kolxəlfəli qəsəbəsində anadan olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən Nazim İsmayılov Hərbi Andına daim sadiq qalan, məsuliyyətli və vətənpərvər hərbçilərdən biri idi. Döyüş hazırlığında fəallığı və xidmətə ciddi münasibəti ilə seçilib. 2020-ci ilin iyul döyüşlərində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması zamanı ön mövqelərdə son nəfəsinədək döyüş tapşırığını yerinə yetirərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov 22 fevral 2002-ci ildə İsmayıllı rayonunun Balik kəndində anadan olub. 2020-ci ilin mayında həqiqi hərbi xidmətə çağırılan Xəyyam gənc olmasına baxmayaraq, Vətən qarşısındakı borcunu böyük məsuliyyətlə yerinə yetirib, hərbi xidmətə xüsusi həvəslə yanaşıb.
O da Tovuz döyüşlərində şəhid olan ən gənc hərbçilərdən biridir. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Xəyyam Daşdəmirovun qısa, lakin şərəfli ömür yolu Azərbaycan gənclərinin Vətənə sonsuz sevgisinin və fədakarlığının daha bir simvoluna çevrilib.
Tovuz döyüşlərində şəhid olan 12 igid hərbçinin hər biri Vətənə sədaqətin, Hərbi Anda bağlılığın və fədakarlığın nümunəsini öz əməllərində göstərdi. Onların şücaəti yalnız Tovuz istiqamətində qazanılan uğurla məhdudlaşmadı. Bu döyüşlər Azərbaycan xalqının milli birliyini daha da möhkəmləndirdi, ordumuza olan inamı artırdı və cəmi iki ay sonra 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazanılan tarixi Zəfərə aparan yolu daha da işıqlandırdı.
Bu gün Tovuz şəhidlərinin adları böyük ehtiramla anılır, onların şərəfli ömür yolu gənc nəslə vətənpərvərlik nümunəsi kimi aşılanır. Onların müqəddəs xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Hüsniyyə NƏSİROVA
"Azərbaycan Ordusu"