Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2026 09:33

Müstəqil dövlətimizin, qalib ordumuzun memarı və qurucusu

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaradaraq, onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Dahi Rəhbər, Əbədiyaşar Lider dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləridir.
1969-cu ilin 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Ulu Öndər Heydər Əliyevin respublikanın birinci katibi seçilməsi ilə Azərbaycanın inkişaf dövrü başladı. Ümummilli Lider yalnız Azərbaycanın tərəqqi dövrünün müəllifi deyil, həm də xalqımızın qürur və iftixar mənbəyidir. O, SSRİ-nin əsas rəhbər partiya orqanının - Siyasi Büronun üzvü, sonra isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdi. Bu, Azərbaycanda böyük ruh yüksəkliyi yaratmışdı. İlk dəfə idi ki, Azərbaycan oğlu SSRİ-nin hakimiyyət iyerarxiyasında yüksək mövqe tuturdu. Həmin dövrdə Ümummilli Lider bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi. Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi. Ulu Öndər Heydər Əliyev 2001-ci il - yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır... SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri, məhz Azərbaycan idi”. 
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Dahi Liderin şöhrətini daima artırmışdır.
Bəli, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, köklü dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu Öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşdı. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratdı, tarix isə Böyük Öndərin bu statusunu bütün mərhələlərdə qorudu. Ötən əsrin 60-cı illərinədək aqrar ölkəsi kimi tanınan Azərbaycanın yeganə sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətdə olduğu ilk illərdə qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri sayəsində insanların rifah halı daha da yaxşılaşdı.
Ulu Öndər Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirməklə, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmışdı. Bu hadisə azərbaycanlıların vətənpərvərlik ruhunun, döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynadı. Ordu quruculuğunda bu hərbi təhsil ocağının rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra Hərbi liseyin məzunları ordumuzun yaranmasında, Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə oldu. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibələrində vuruşan Azərbaycan zabitlərinin 70 faizdən çoxu Hərbi liseyin yetirmələridir.
1993-cü ildə xalqın tələbi və təkidi ilə ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki olaraq Azərbaycanın, dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı, növbəti fəlakətlərdən xilas etdi. Və xilaskarlıq missiyasinı yerinə yetirən Ulu Öndər Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Dağınıq ordu mütəşəkkil, nizami orduya çevrildi. Ordu vahid komandanlığa tabe oldu.
Hər bir arzunun arxasında əməl, səbir, məharət, siyasi bacarıq dayanır. Ulu Öndər bizi Böyük Qələbəyə inandırırdı, çünki özü inanırdı. Onun hər bir çıxışı hər birimizdə inam yaradırdı. Bütün həyatını erməni millətçiləri və separatçıları ilə mübarizəyə həsr edən Dahi Siyasətçi qəti şəkildə bildirirdi: “Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik”. O, çox yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyinə zidd olan ölkələr, qüvvələr, cəmiyyətlər var və onlar işğalçını müdafiə edir. O deyirdi: “Dünya da görür ki, Ermənistan Azərbaycana təcavüz edir. Azərbaycana qarşı olan bu təcavüz ədalətsizlikdir. Bu, misli görünməmiş bir şeydir. Ancaq bunu dünyaya sübut etməliyik ki, Ermənistan Azərbaycana bu cür təcavüz edib və Ermənistan təcavüzkardır - bu asan məsələ deyildir. Çünki dünyada Ermənistanı dəstəkləyən, ona kömək edən, dayaq duran böyük ölkələr var”. Biz hər zaman bu ikili standartlarla rastlaşırıq. Ancaq heç vaxt ruhdan düşmək və bir an belə mübarizədən geri çəkilmək olmaz. Ulu Öndər hər zaman bu düşüncədə olub, yorulmadan, usanmadan, hətta saatlarla, günlərlə erməni işğalından, xalqımıza qarşı törədilən soyqrımından, münaqişənin əsl səbəbi və mahiyyətindən danışıb, məruzələr edib, müzakirələr aparıb. O, bütün varlığı ilə inanırdı və həmişə vurğulayırdı: “Əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi - Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz!” O, hər zaman deyirdi: “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”.
Birinci Qarabağ müharibəsi zamanı cəsur, igid hərbçilərimiz olsa da, vahid komandanlığa  tabe olan ordu, hərbi nizam-intizam, güclü iqtidar yox idi. Ölkədə yaranmış xaos, anarxiya vəziyyətində nizami ordudan söhbət belə gedə bilməzdi. Lakin Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də islahatlara başlanıldı. 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş  təntənəli yığıncaqlardan birində qeyd etdiyi kimi: “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var,  Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var”. Ümummilli Lider 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrini misal çəkir, Azərbaycan əsgərinin məhz Türk əsgərinə bənzəməsini xüsusi ilə vurğulayırdı: “Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın. Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur”.
Bu ideyanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanistliyi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi: “Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd edirdi ki, sülhə nail olmağın əsas yolu siyasi və diplomatik yoldur. Lakin bu mümkün olmadıqda, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək hüququnu özündə saxlayır. 44 günlük Vətən müharibəsi və onun nəticəsi olan 10 noyabr üçtərəfli Bəyanatı isə yeni reallığın əsasına çevrildi. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan Ulu Öndərin bu sözlərini təkrarlayaraq əmr verdi: “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!” Rəşadətli ordumuz öz canları, qanları hesabına Vətəni erməni işğalından azad etdi, Şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Biz fəxr edirik ki, Vətən yolunda, doğma torpaqlarımızda erməni faşizminin məhv edilməsi və bir daha baş qaldırmaması üçün özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, ruhu bizim qəlbimizdə daim yaşayacaqdır! 
Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında bildirirdi: “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır”. Vətən müharibəsi bu fikri bir daha sübut etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbə 44 gündə keçirilmiş əks-hücum hərbi əməliyyatları ordumuzun qüdrəti ilə yanaşı, ölkəmizin də gücünü bütün dünyaya göstərdi.

Lalə HÜSEYNOVA

“Azərbaycan Ordusu”