Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2026 09:30

Təlimlər ordumuzun gücünü daha da artırır

2026-cı ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarda irimiqyaslı əməliyyat təlimi keçirildi. Təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya birləşmələrinin, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı, səfərbərlikdən toplanışa cəlb olunan hərbi vəzifəlilər də iştirak etdilər. Təlim bir neçə mərhələdən ibarət idi. İlkin mərhələdə qoşunlar döyüşə hazırolma vəziyyətinə gətirildi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrindən gələn vəzifəlilərin hərbi hissələrdə qəbulu, onların tibbi müayinədən keçməklə ştat vəzifələrə təyini, əşya-əmlakla təminatı və silahların təhkim olunması ardıcıllığı təlimin bir hissəsi idi.
Şəxsi heyətin və döyüş texnikalarının dəmiryolu vasitəsilə uzaq məsafələrə daşınması, məhdud görmə şəraitində hərəkəti, əməliyyat və döyüş təyinatlı rayonlara, həmçinin müdafiə hədlərinin tutulması kimi mühüm elementlər həyata keçirildi. 
Əməliyyat təlimi zamanı müxtəlif təlim mərkəzlərində və poliqonlarda hərbi hissələrin döyüş atışlı taktiki və taktiki-xüsusi təlimləri həyata keçirməsi nəzərdə tutularaq, təminat tapşırıqları praktiki olaraq yerinə yetirildi. 
Eyni vaxtda müxtəlif təlim mərkəzlərinə və təlimin keçirilməsi üçün nəzərdə tutulmuş məntəqələrə şəxsi heyətin və döyüş texnikalarının təyin edildiyi vaxtda gəlməsi də yüksək səviyyədə təmin olunmuşdu. Döyüş texnikalarının “səfərə” vəziyyətinə gətirilərək avtomobil yollarında və dəmiryolu stansiyalarında vaqonlara yüklənməsi və boşaldılması  zamanı  maskalanmaya da diqqət ayrılmışdı. Hərbi texnikaları və şəxsi heyəti daşıyan eşelonların ara məsafələrinə də ciddi riayət olundu. Ağır artilleriya silahlarının, zirehli döyüş texnikalarının daşınması zamanı kalonlarla sıra düzülüşü də tələblərə uyğun olaraq ardıcıl şəkildə həyata keçirildi. 
Əsgərin döyüş hazırlığı sıradan bəlli olduğu kimi, istər komando, istər motoatıcı, istər artilleriya, istərsə də tank bölmələrinin döyüş hazırlıqlarının yüksək olmasını “səfərə” düzülüşündən hiss etmək olurdu. Təlimə cəlb olunan bütün birləşmələr cəmləşmə rayonuna vaxtında çatmış və qarşıya qoyulan tapşırığı müvəffəqiyyətlə icra etmişdi.
Daha bir təlim gedən ərazi dağlardan, dərələrdən və düzəngahdan ibarətdir. Əraziyə uyğun şəxsi heyətin və döyüş texnikalarının düzülüşü təşkil olundu. Təlimin rəhbər heyəti komanda müşahidə məntəqəsindən xəritə üzərində şərti düşmənin yerləşdiyi yerin koordinatını çıxarır, rabitə ilə müvafiq komandalar verir, eyni anda bölmənin fəaliyyətinə nəzarət edilirdi. Bölmələr nəzərdə tutulmuş məsafələrdə döyüş xəttinə açılaraq üzü dağın döşündəki hədəfə (şərti düşmənə) doğru döyüş düzülüşü ilə düzüldülər.  Ərazi boyunca düzülən əsgərlər növbəli müşahidə aparırdılar. Döyüş düzülüşünə açılan bölmələr təlim-atış çalışmasını yerinə yetirmək mərhələsinə çatana qədər əsgərlər növbəti komandanı gözləyir, öncədən müəyyən edilmiş qaydalara uyğun olaraq maneələr zolağını keçməlidirlər. Müdafiədən hücuma keçən bölmələr əvvəlcə qarşıdakı mina sahəsindən keçid açaraq, piyada bölmələrinin döyüş texnikalarının hərəkətini təmin etmək üçün hazır vəziyyətdə komanda gözləyirlər. İstehkamçılar yolu minalardan təmizləyənə qədər pulemyotçu və atıcı əsgərlər tərəfindən qorunurlar. Keçid açılandan sonra yolun açıq olduğunu bildirən xüsusi lent, yaxud “mina yoxdur” yazılmış kiçik lövhələrlə işarələnir. Keçidi əsgərlər növbə ilə əyilə-əyilə ziqzaq qaçışlarla keçməlidirlər.
Rəhbər heyəti komanda məntəqəsində müşahidə aparmaqla əsgərlərin hərəkətlərini diqqətlə izləyir, təlim zamanı onların yol verdikləri nöqsanlar və nümunə olacaq hərəkətlər barədə qeydlər aparırlar. Polkovnik Yaşar Səfərov təlimin gedişi ilə bağlı bəzi məlumatları bizimlə bölüşdü: 
- Bu cür genişmiqyaslı taktiki-atış təlimi əsgərlərin yaddaşında daha yaxşı qalır. Belə təlimlər hərbi bilik və bacarıqlarla yanaşı, güc, əzmkarlıq və möhkəm iradə tələb edir. Əsgərlər tam döyüş təchizatı ilə uzun yol gəlir, qısa sıçrayışlarla maneələr zolağını keçirlər. Bölmələr bu təlimə cəlb olunmadan əvvəl taktiki, atış, mühəndis, kəşfiyyat və başqa hazırlıq dərslərini keçiblər. Əsgərlər həmin dərslərdə təlim zamanı qarşılaşacaqları bütün maneələri, taktiki gedişləri dərindən mənimsəyiblər. Təlim zamanı isə həm komandir heyətinin, həm də əsgərlərin nəzəri bilikləri sınaqdan keçirilir. Onların döyüş vərdişləri daha da möhkəmlənir.      
Təlimin sonuncu günü döyüş atışları yerinə yetirildi. Tapşırığın icrası üçün şəxsi heyətə sursat paylanıldı. Əvvəlcədən əsgərlərə çatdırıldı ki, komanda olmadan avtomatın yuvasına mərmi yerləşdirmək və atəş açmaq olmaz. Bölmələr şərti düşmənin yerləşdiyi əraziyə yaxınlaşdıqca təlimin həyəcan dolu anları başlayırdı. Ərazidən ağ-qara tüstülər qatı duman kimi havaya qalxırdı. Bir anlıq ərazi görünməz oldu. Ardınca avtomat, snayper və pulemyotlardan açılan atəş səsləri ətrafa dalğa-dalğa yayıldı...
Daha bir yenilənmiş təlim mərkəzində təlim davam edir. “Əməliyyat Komando birləşmələrinin gücləndirmə vasitələri ilə birlikdə dağlıq-meşəlik ərazilərdə hücumun keçirilməsi ilə qarşılıqlı əlaqədə olan birləşmə hədəfinin ələ keçirilməsi, gündüz və gecə hücum əməliyyatının aparılması, yaşayış məntəqələrinin düşməndən təmizlənməsi” özlüyündə bir daha şəxsi heyətin döyüş vərdişlərinin artırılmasına xidmət edirdi. Digər təlim mərkəzlərində də taktiki xüsusi təlimlər, döyüş atışları, təminat tapşırıqları yüksək səviyyədə icra edilmişdi. 
Komanda müşahidə məntəqəsində rəhbər heyət zabitin məruzəsini dinləyirdi. Zabit davam edən taktiki-xüsusi təlimin mərhələlərini açıqlayırdı. Birinci mərhələdə döyüş həyəcanı ilə təlim rayonuna çıxarılmış bölmələr əməliyyata uyğun qərar qəbul etməklə fəaliyyətləri icra etdiyini bildirdi. Bölmələr cəmləşmə rayonuna irəliləyərək, müdafiə olunan şərti düşmən üzərinə hücum edib, müqavimət göstərən qüvvələri darmadağın edirdi. Eləcə də hədəflərinin ələ keçirilməsini planlaşdırırdılar.  
Düşmənin əks-hücumunun dəf edilməsi, geri çəkilərkən onun tamamilə məhv edilməsi üçün görüləcək tədbirlər, əlverişli mövqelərin tutulması, yaşayış məntəqələrinin düşməndən təmizlənməsi də təlimin əsas elementlərindən idi.
Təlimlərdə Azərbaycan Ordusunun arsenalında olan müasir pilotsuz uçuş aparatları, radioelektron mübarizə və radiotexniki kəşfiyyat vasitələri, yüksək dəqiqlikli silah sistemləri kompleks şəkildə tətbiq edilib. Hava və radiotexniki kəşfiyyat tapşırıqlarının, praktiki döyüş atışlarının yerinə yetirilməsində şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirirdi.
Cəlb olunan bölmələr arasında tank və mexanikləşdirilmiş bölmələrin fəaliyyətləri, onların bacarıqla idarəetmə səriştələrini təkmilləşdirmiş, boş atım və təqlidetmə vasitələrindən istifadə etmək, qarşıdakı hədəflərə atışların uğurla yerinə yetirilməsi mərhələsi diqqət çəkən oldu. 
Təlimin gedişində döyüş fəaliyyətinin yeni üsul və metodları sınaqdan keçirildi, komandirlərin müstəqil qərar qəbuletmə səriştələri, şəxsi heyətin yüksək dağlıq və meşəlik ərazilərdə, yaşayış məntəqələrində döyüşaparma bacarıqları və çöl vərdişləri təkmilləşdirildi.  
Polkovnik Yaşar Səfərov bildirdi ki, bölmələrin müntəzəm olaraq təlim mərkəzlərinə çıxarılması, onların çöl-səhra şəraitində bir neçə gün qalması, həmçinin cəlb olunan şərti düşmən hədəfləri gerçək döyüşü xatırladır. Praktiki olaraq əsgərlər tərəfindən hədəflərə real atəşlərin açılması onların döyüş hazırlığının daha da artırılmasına  xidmət edir. Bugünkü təlimin də mahiyyəti budur. Həm fərdi qaydada, həm də qrup halında məhv ediləcək hədəflər təlim iştirakçıları tərəfindən dəqiqliklə sıradan çıxarıldı.
Təlimin sonunda komandir və qərargahların fəaliyyətləri ayrı-ayrılıqda müsbət qiymətləndirildi. Bu da təlimin uğurla başa çatması idi.
2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı 30 ilə yaxın Ermənistan ordusu tərəfindən işğalda saxlanılan ərazilərin azad edilməsi ilə başa çatdı. Müharibə zamanı döyüşdə hər bir əsgərin, zabitin qazanılmış qələbənin təməlində onun güclü döyüş hazırlığı dayanırdı. 
Tarixi Zəfərdən sonra da ordumuzun döyüş və mənəvi hazırlığının gücləndirilməsi daha da geniş xarakter aldı.  Günbəgün yenilənən təlim meydanları xalqımızın və dövlətimizin hər zaman xarici təhlükədən qorunmasına etibarlı zəmin yaradır. 
İrimiqyaslı əməliyyat təliminin gedişini izləyən Müdafiə Nazirliyinin rəhbər heyəti birləşmə və bölmələrin döyüş fəaliyyətini müsbət qiymətləndirdi, təlimdə qarşıya qoyulan tapşırıqların tam həcmdə icra edildiyi və məqsədlərə nail olunduğu qeyd edildi.  

Bəxtiyar ƏLİYEV

“Azərbaycan Ordusu”