Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyul 2026 15:07

Tovuz döyüşləri qəhrəmanlıq salnaməmizinuğurlu səhifəsidir

Qəhrəmanlıq hər bir xalqın tarixi yaddaşını yaşadan, onun milli kimliyini və mənəvi dəyərlərini gələcək nəsillərə ötürən ən ali keyfiyyətlərdən biridir. Bu anlayış təkcə döyüş meydanında göstərilən şücaətlə məhdudlaşmır. Qəhrəmanlıq xalqın taleyüklü məqamlarda milli birliyini qoruması, Vətən naminə, böyük amallar naminə şəxsi maraqlarını kənara qoyması, dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini hər şeydən üstün tutması deməkdir. Belə bir ruhun formalaşdığı cəmiyyət tarix qarşısında hər zaman öz sözünü deməyi, üzləşdiyi ən ağır sınaqlardan belə şərəf və ləyaqətlə çıxmağı bacarıb.
Xalqımız əsrlər boyu qəhrəmanlıq salnaməsi yazmış xalqlardandır. Bu qəhrəmanlar yurdu hər zaman azadlıq uğrunda mübarizə aparan igid oğullar yetişdirib. Müxtəlif dövrlərdə ölkəmizə qarşı yönəlmiş təhdidlər iradəmizi sarsıda bilməyib, əksinə, milli birliyimizi və mübarizə əzmimizi daha da gücləndirib.
Qəhrəmanlığın ayrılmaz hissəsi olan vətənpərvərlik isə insanın doğulduğu torpağa, xalqa, dövlətə və milli-mənəvi dəyərlərə sonsuz bağlılığını ifadə edir. Bu hiss yalnız sözlə deyil, əməli fəaliyyətlə, məsuliyyətlə, fədakarlıqla və zərurət yarandıqda şüurlu şəkildə Vətən uğrunda canından keçməyə hazır olmaqla öz təsdiqini tapır. Tarix hər zaman sübut edib ki, vətənpərvərlik ruhunun güclü olduğu dövlətlərin ordusu da sarsılmaz olur.
Tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi gün ilə məhdudlaşmır. Bəzi hadisələr sonrakı böyük tarixi proseslərin istiqamətini müəyyənləşdirir. Qəhrəmanlıq salnaməmizdə xüsusi yer tutan hadisələrdən biri də 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşləridir. Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi növbəti hərbi təxribat Azərbaycan Ordusunun qətiyyətli cavabı ilə qarşılandı. Hadisələrin gedişi göstərdi ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa qadir, yüksək hazırlığa malik peşəkar ordudur. Bir neçə gün davam edən döyüşlər yalnız hərbi qarşıdurma deyil, ordumuzun döyüş hazırlığını, dövlətimizin qətiyyətli mövqeyini, xalqımızın milli həmrəyliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirən mühüm tarixi mərhələ oldu.
Tovuz döyüşləri bir daha sübut etdi ki, müasir dövrdə qələbəni yalnız silah deyil, yüksək peşəkarlıq, düzgün idarəetmə, möhkəm hərbi nizam-intizam və şəxsi heyətin mənəvi-psixoloji hazırlığı təmin edir. Həmin günlərdə də Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirərək torpaqlarımızın etibarlı müdafiəçisi olduğunu sübut etdi.
Bu döyüşlər zamanı Azərbaycan əsgəri yalnız peşəkar hərbçi deyil, həm də Vətən sevgisinin canlı təcəssümü olduğunu nümayiş etdirdi. Düşmənin intensiv hücumlarına baxmayaraq, mövqelərimiz qorundu, təxribatların qarşısı qətiyyətlə alındı və Ermənistan tərəfi ciddi itkilərlə geri çəkilməyə məcbur oldu. Döyüş meydanında nümayiş etdirilən iradə göstərdi ki, Azərbaycan Ordusu artıq əvvəlki illərin ordusu deyil, müasir üsullarla döyüş aparmaq bacarığına malik, yüksək hazırlıqlı bir ordudur.
Tovuz döyüşləri qəhrəmanlıq nümunələri ilə yadda qaldı. Yüksək rütbəli zabitlərin ön xətdə, əsgərlər ilə eyni mövqedə döyüşməsi Azərbaycan zabitinin mənəvi simasını bütün dünyaya göstərdi. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov Vətən uğrunda canından keçərək adlarını Azərbaycanın qəhrəmanlıq salnaməsinə əbədi həkk etdilər. Onların fədakarlığı xalqımızın yaddaşında Böyük Zəfərə gedən yolun öncülləri kimi yaşayır.
Şəhidlərimizin dəfn mərasimlərində yaşanan ümumxalq həmrəyliyi, minlərlə insanın küçələrə axışaraq ordumuza dəstəyini ifadə etməsi Azərbaycan cəmiyyətində hökm sürən milli birliyin bariz nümunəsinə çevrildi. 
Tovuz döyüşlərinin ən mühüm nəticələrindən biri də xalqın mənəvi səfərbərliyinin ən yüksək həddə çatması idi. Gənclərin könüllü şəkildə hərbi komissarlıqlara üz tutması, cəmiyyətin bütün təbəqələrinin orduya dəstək nümayiş etdirməsi göstərirdi ki, Azərbaycan xalqı torpaqlarının azad olunacağı günə inanır və həmin gün üçün hər cür fədakarlığa hazırdır. Bu mənəvi yüksəliş sonradan 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm qələbənin əsas dayaqlarından birinə çevrildi.
Tovuz döyüşləri hərbi baxımdan nə qədər əhəmiyyətli idisə, siyasi və strateji baxımdan da bir o qədər mühüm idi. Ermənistan bu təxribatla Azərbaycana təzyiq göstərə biləcəyini düşünürdü. Lakin əksinə, hadisələr ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirdi, Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi və düşmənin “məğlubedilməz ordu” haqqında yaratmağa çalışdığı mifin tamamilə əsassız olduğunu bir daha ortaya qoydu.
Bu döyüşlər həm də düşmənin uzun illər ərzində yaratmağa çalışdığı psixoloji üstünlüyü tamamilə darmadağın etdi. Azərbaycan əsgəri sübut etdi ki, Vətənin hər qarış torpağını son nəfəsinə qədər müdafiə etməyə hazır və qadirdir. Ermənistanda isə əksinə, məğlubiyyət əhval-ruhiyyəsi daha da dərinləşdi. Hərbi və siyasi dairələrdə yaranan təşviş onların gələcək müharibəyə psixoloji cəhətdən hazır olmadığını göstərirdi.
Azərbaycan Ordusunun keçdiyi şərəfli yol təsadüfi qələbələrin deyil, uzun illər aparılan məqsədyönlü ordu quruculuğunun nəticəsi idi. Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Aparılan məqsədyönlü islahatlar, müasir silah və texnikaların alınması, peşəkar hərbi kadrların hazırlanması Azərbaycan Ordusunu regionun ən güclü ordularından birinə çevirdi. 2016-cı ilin Aprel döyüşləri ordumuzun potensialını nümayiş etdirdi, Günnüt əməliyyatı strateji üstünlüyün əldə edilməsinin mümkünlüyünü göstərdi, Tovuz döyüşləri isə həm ordunun döyüş hazırlığını, həm də xalqın mənəvi birliyini ən yüksək səviyyədə üzə çıxardı. Məhz bu mərhələlər 44 günlük Vətən müharibəsində Böyük Zəfərin möhkəm təməlini formalaşdırdı.
Cəmi iki ay sonra başlayan İkinci Qarabağ müharibəsi zamanı əldə edilən uğurlar da təsadüfi deyildi. Onların arxasında illərlə aparılan məqsədyönlü ordu quruculuğu, müasir silahlanma, peşəkar hazırlıq və ən əsası, dövlət-xalq-ordu birliyi dayanırdı. Tovuz döyüşləri bu birliyin sarsılmaz olduğunu nümayiş etdirdi və Böyük Zəfərin mənəvi bünövrəsini daha da möhkəmləndirdi.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarix yazdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində illərlə işğal altında qalan torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü böyük ölçüdə bərpa olundu və Azərbaycan Ordusu 30 ilə yaxın davam edən həsrətə son qoydu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə həyata keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Düşməndən tamamilə təmizlənən yurd yerlərində həyat yenidən canlanmağa başladı. Bu gün müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin ruhu azad Qarabağımızın səmasında dolaşır. Bu tarixi Qələbənin yolunda Aprel döyüşlərinin, Günnüt əməliyyatının və Tovuz döyüşlərinin xüsusi yeri vardır. Hər biri Zəfərə aparan yolun mühüm mərhələsi, gələcək Qələbənin müjdəçisi oldu.
Tovuz döyüşləri bir daha sübut etdi ki, qəhrəmanlıq yalnız döyüş meydanında göstərilən igidlik deyil. Qəhrəmanlıq dövlətə sədaqət, Vətən sevgisi, milli birlik, fədakarlıq və müqəddəs amal uğrunda tərəddüd etmədən irəli atılmaqdır. Bu ruh Azərbaycan əsgərinin qanında, Azərbaycan xalqının yaddaşında yaşayır.
Tarix qəhrəmanları heç vaxt unutmur. Zaman keçdikcə döyüşlərin tüstüsü çəkilir, silahların səsi susur, lakin Vətən uğrunda göstərilən şücaət nəsillərin yaddaşında əbədi yaşayır. Tovuz döyüşləri də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində silinməz iz qoymuş müqəddəs tarixdir.
Qazandığımız qələbələr, yazdığımız tarix onu təsdiq edir ki, Azərbaycan xalqı qəhrəman xalqdır, Azərbaycan əsgəri Vətən sevgisini həyat amalına çevirən və hər an dövlətin maraqlarını qorumağa hazır olan bir Vətən övladıdır.
Bu gün azad və firavan yurdumuzun hər guşəsində vüqarla dalğalanan şanlı üçrəngli bayrağımızda şəhidlərimizin ruhu yaşayır. Onların fədakarlığı gələcək nəsillərə yalnız bir tarixi hadisəni deyil, Vətən sevgisinin, milli birliyin və sarsılmaz iradənin əbədi dərsini miras qoydu. Çünki bəzən böyük qələbələr bir gündə yazılır, lakin həmin qələbəyə gedən yolu illərin qəhrəmanlığı formalaşdırır. 2020-ci ilin Tovuz döyüşləri, heç şübhəsiz ki, o yolun ən şərəfli mərhələlərindən biridir.
 
Elçin İMANOV
“Azərbaycan Ordusu”