AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bəzən bir foto yalnız müəyyən bir anı əks etdirmir, bütöv bir hekayəni danışır. O, sözlərin ifadə etməkdə çətinlik çəkdiyi hissləri, zəhməti, qüruru, məsuliyyəti və Vətənə xidmət ruhunu bir baxışda oxucuya çatdırır. Hərbi xidmətin müxtəlif məqamlarını, şəxsi heyətin gündəlik fəaliyyətini, təlim prosesini, peşəkarlığını, birlik və həmrəyliyini əks etdirən kadrlar zamanın yaddaşına çevrilərək gələcək nəsillər üçün dəyərli salnamə yaradır. “Həftənin fotosu” rubrikasında təqdim olunan hər bir şəkil də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. O, bir həftənin ən yaddaqalan anını, Azərbaycan Ordusunun gücünü, hərbi qulluqçuların fədakarlığını və xidmətə sadiqliyini obyektivin dili ilə oxucuya çatdırır.
Bu gün Azərbaycan Ordusunun qazandığı uğurların əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan müasir ordu quruculuğu siyasəti dayanır. Milli ordunun formalaşdırılması, peşəkar kadr hazırlığı və hərbi təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər həmin siyasətin mühüm tərkib hissəsi olub. Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər həyata keçirilən ardıcıl islahatlar, hərbi təhsil sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması ordumuzun döyüş qabiliyyətinin daha da yüksəlməsində mühüm rol oynayıb. Azərbaycan Ordusunun gücü və peşəkarlığı 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə bütün dünyaya nümayiş etdirildi.
Məhz bu siyasətin nəticəsi olaraq hərbi təhsil müəssisələri peşəkar zabit və gizirlərin hazırlanmasına mühüm töhfə verir. Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində keçirilən ikinci buraxılış mərasimi də bunun bariz nümunəsidir. Burada məzun olan gənclər aldıqları bilik və bacarıqları gələcək xidmətlərində tətbiq edərək Azərbaycan Ordusunun sıralarında şərəflə xidmət etməyə hazır olduqlarını nümayiş etdirirlər.
Müasir dövrdə güclü ordu müasir silahlarla yanaşı, yüksək intellektə malik şəxsi heyətlə formalaşır. Bu gün hərbi qulluqçu üçün döyüş hazırlığı qədər texnologiyaları dərindən mənimsəmək, innovativ düşünmək və mürəkkəb mühəndislik həllərini tətbiq etmək də vacib keyfiyyətlərdəndir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə hərbi təhsil müəssisələrinin kursantları da bu yeniliklərin fəal iştirakçısına çevrilərək gələcəyin çağırışlarına hazır olduqlarını nümayiş etdirdilər.
“World Robot Caspian Cup 2026” yarışında iştirak edən Milli Müdafiə Universitetinin komandaları bunun əyani nümunəsini ortaya qoyublar. Robotexnika, pilotsuz sistemlər, süni intellekt və mühəndislik sahələrində keçirilən yarış gənclərin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirilməsinə imkan yaradıb. Bakı Hərbi Kollecini təmsil edən “Zəfər” komandasının FPV dron kateqoriyasında III yerə layiq görülməsi və beynəlxalq mərhələyə vəsiqə qazanması kursantların yüksək hazırlıq səviyyəsini bir daha təsdiqləyib.
Bu uğurun arxasında aylarla davam edən hazırlıq prosesi, dəqiq hesablamalar, saysız sınaqlar və güclü komanda işi dayanır. Belə yarışlar iştirakçılarda həm texniki bilikləri, həm də analitik düşünmə, çevik qərarvermə, məsuliyyət hissi və qarşılıqlı əməkdaşlıq bacarıqlarını da inkişaf etdirir. Məhz bu xüsusiyyətlər müasir hərbi mütəxəssisin formalaşmasında mühüm rol oynayır.
Milli Müdafiə Universitetində hərbi təhsil ilə yanaşı, innovasiya və elmi-tədqiqat fəaliyyətinə də xüsusi diqqət ayrılır. Müasir texnologiyalara əsaslanan tədris yanaşmaları kursantların gələcəyin döyüş mühitinə uyğun hazırlanmasına xidmət edir. Bu gün əldə edilən uğurlar sabah Azərbaycan Ordusunun texnoloji üstünlüyünün təmin olunmasına töhfə verəcək bilikli və peşəkar hərbi mütəxəssislərin yetişdirildiyini göstərir.
Fotoda yanaşı dayanan bu gənclər Azərbaycan hərbi təhsilinin inkişafını, elmlə hərb arasında qurulan möhkəm əlaqəni və ölkəmizin gələcəyə yönəlmiş strateji baxışını təcəssüm etdirirlər.
Elmin və texnologiyanın hərbə gətirdiyi bu uğuru tamamlayan digər bir kadr isə bizi hərbi təhsilini uğurla başa vuran məzunların buraxılış mərasiminə aparır. Obyektivimizə yansıyan növbəti fotoda diqqəti ilk cəlb edən ən təsirli məqam ananın oğlunu səmimi bağrına basması, illərlə çəkilən zəhmətin bəhrəsi olaraq həmin anda sevinc göz yaşlarına çevrilməsidir. Ətrafda yüzlərlə insan var. Musiqi səslənir, alqışlar eşidilir. Ancaq ana üçün bütün bunlar arxa planda qalır. Onun baxışları yalnız oğlundadır. İllərlə böyüdüb boya-başa çatdırdığı övladı bu gün həyatının ən qürurlu günlərindən birini yaşayır. Ananın üzündəki təbəssüm, gözlərindəki kövrəklik və oğlunu möhkəm köksünə sıxması sözlə ifadəsi çətin olan hissləri əks etdirir. Bu, ayrılığın deyil, qürurun və sevincin ifadəsidir. Çünki o bilir ki, övladı bu gündən etibarən dövlətin ona göstərdiyi yüksək etimadı doğrultmaq, Vətənə şərəflə xidmət etmək üçün yeni bir həyata qədəm qoyur.
Bu sevinc təkcə bir ailənin sevinci deyil, tədbirdə iştirak edən hər bir valideynin simasında bənzər hisslər oxunur. Onlar övladlarının qazandığı uğurla fəxr edir, gələcəyinə böyük inamla baxırlar. Məzun günü təhsil mərhələsinin başa çatması həm də Vətən qarşısında şərəfli xidmət yolunun başlanğıcıdır. Hər bir məzunun arxasında ailəsinin zəhməti, müəllimlərinin əməyi və dövlətin yaratdığı geniş imkanlar dayanır.
Mərasimdə çəkilən hər bir foto gələcək üçün qiymətli xatirədir. Xüsusilə ana ilə oğlunun bir-birinə sarıldığı bu an təkcə bir ailənin sevincini deyil, Azərbaycan Ordusuna yeni qoşulan gənc nəslə bəslənilən ümidləri, valideynlərin qürurunu və Vətənə xidmət amalını özündə birləşdirir.
Bəzən bir qucaqlaşma uzun illərin zəhmətini və böyük qüruru ifadə etməyə kifayət edir. Bu kadr da məhz həmin duyğuların ən səmimi təcəssümüdür.
“Azərbaycan Ordusu”