AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bəzən qəhrəmanları və qəhrəmanlığı uzaqlarda axtarırıq. Qəhrəmanlıq bizim üçün o qədər uca məfhumdur ki, o zirvəyə yalnız “xüsusi seçilmişlər qalxa bilər”, - deyə düşünmüşük hər zaman. Doğrudanmı belədir? Bəlkə hər gün gördüyün, fərqinə varmadığın, salamlaşıb keçdiyin, bəzən səni uşaqlığın məsumluğundan doğan hərəkətləri ilə güldürən, bəzən hirsləndirən, əl uzadanda çata bildiyin qonşu uşaqlarıdır qəhrəman?! Həyat sübut etdi ki, küçədə futbol oynayan, palçıqdan ev düzəldən, şıltaqlıqla qonşu Sənəm nənənin tut ağacını “talan” edən, bəlkə də ən nadinc uşaq olan, heç bir xüsusiyyəti ilə diqqət çəkməyən dünənin körpələrindən dosta qürur, düşmənə göz dağı, başımızın ucalığı olan, şücaətləri ilə dillərə dastan minlərlə Vətən fədaisi yetişdi. Onlara baxıb düşünürsən ki, xoşbəxt insanlarıq ki, belə övladların gəzdiyi torpaqda gəzmiş, udduqları havanı udmuş, hamısını olmasa da, bəzilərini yaxından tanımaq şansına sahib olmuşuq...
Biz bir küçədə yaşayırdıq. Onun uşaqlıq illəri yaddaşımda xoş, səmimi xatirələrlə canlanır. Hər səhərimiz bir-biri ilə gülər üzlə salamlaşan, hal-əhval tutan mehriban qonşularımızla görüşdən başlanardı. Kimi işə gedər, kimi məktəbə uşaq aparar, kimi də evdəkiləri yola salmağa çıxardı. Biz hamımız bir ailə kimi idik. Dərdimizə şərik çıxar, sevincimizi paylaşardıq. Asifgillə yaxınlıqda yaşayırdıq. Asifin dünyaya gəlişi ilə gənc yaşda valideynlik sevincini dadmaq qismət olmuşdu ata-anasına. Küçəmizin sonbeşiyi idi. Böyüməyi, ilk addımları, dil açmağı, məktəbə getməyi, ata-anasının arxasınca su atıb, doluxsunaraq əsgəri xidmətə yola salınmağı hələ də gözlərimin önündədir. Elə bil hər şey dünən olub. Gülər üzü, şirin danışığı, nəzakətli davranışı ilə hamımızın sevimlisinə çevrilmişdi. İpə-sapa yatmayan uşaqlığı vardı. Yayın qızmar istisində belə bir yerdə qərar tutmayan, dəcəlliyi ilə anasını hövsələdən çıxaran Asif indi necə səssiz-səmirsiz baxır. Bu durğunluğunu sənə heç yaraşdırmadım, oğul!
...Hamımızın həyatını dəyişdirən, sevincimizlə kədərimizi eyni anda yaşadığımız, qürurlandığımız, həyəcanlandığımız, kövrəldiyimiz o bazar səhəri. Qazandıqlarımız və itirdiklərimiz. Müharibənin dəhşətli üzü də budur. İliyinədək səni sızıldadan, qanına, canına işləyən şəhid anasının fəryadı müharibənin bir üzü, o şəhidin Vətən üçün, sənin üçün canını fəda edərək azadlığı qazanması və göz yaşını silib bunun fəxarətini, sevincini yaşanan müharibənin digər üzü! Nə ürəkdən sevinə bilirik, nə də kədərə tam tabe ola bilmirdik. Çünki körpə fidanlarımız müqəddəs amal uğrunda əbədiyyətə qovuşmuşdular. Şəhid xəbərləri gəlməkdə davam edirdi. Qara xəbərin ünvanı olmur, bu xəbər bizlərin də qapısını döydü. Bir gün işdən evə qayıdanda Asifgilin qapısında insanların yığışdığını gördüm. Yaşlılar məyus baxışlarla ətrafı süzür, cavanlar əllərində bayraq göz yaşlarına hakim ola bilmir, qadınlar ağı deyirdilər. Anlamaq çətin deyildi, o atəşdən bizim də ocağımıza düşmüşdü. Hamı Asifi gözləyirdi. Ucalardan uca məqamı ilə yaman gözlədirdi hamını. Quş qanadında uçub doğma ocağından pərvazlanan Asif, nədənsə çox ağır dönürdü evinə, onu həsrətlə gözləyən anasına, yükün ağırlığından beli bükülmüş, ancaq hələ də dik durmağa çalışan atasına, yolda izdihamın önündə dayanan nigaran qardaşlarına. Bitməyən saatlar, dəqiqələr, saniyələr... İlahi, vaxt necə asılıb havada qala bilərmiş?! Budur, maşınlar göründü, Asif gəlir, şəhid adına layiq hörmətlə bayrağa bükülüb gəlir! Nə gəliş o gəlişdi, nə duruş o duruş. Ətrafa mehribançılıq saçan gülərüz çöhrəsini, qamətli yerişini, səsli-küylü söhbətlərini gözlərimin önündə canlandırmağa çalışıram - olmur. Bu nə səssiz gəlişdir belə... İndi gəlib hamı ilə bir-bir salamlaşacaqsan, biz səni sorğu-suala çəkəcəyik, bir az qürurla, bir az sevinclə cavab verəcəksən, anan Şərafəti qucaqlamağa tələsəcəksən, atan Kərim alnından öpüb saçlarını oxşayacaq, qardaşların qürurla yanı-başında gəzişəcəklər... Nə deyim sənə ey fələk! Nə istədin arzularımızdan, ümidlərimizdən?! İndi bu gəlişi, bu gedişi necə izah edəcəyik övlad yolu gözləyən ata-anaya?!
...Asif evinə döndü, “dincini aldı”, böyüdüyü, şirin xatirələrlə dolu evini, hüznlü baxışları ilə ətrafdakıları yasa boğan atasını, ağlayanlara müəmmalı baxan anasını (Asif ağır yaralanıb gətirirlər demişdilər ona), hələ olub bitəni bütün çılpaqlığı ilə dərk etməyə macal tapmayan qardaşlarını, qohum-qonşunu son dəfə gördü, vidalaşdı və əbədiyyətə qovuşmaq üçün onu əzizlərindən həmişəlik ayıran son mənzilinə doğru yola çıxdı. Bu an bir yandan bir ailənin faciəsi, bir yandan Vətən dediyimiz səcdəgahın qürur anı idi, çünki “Torpaq qanla suvarılanda Vətən olur”, - deyiblər atalar. Vətən yolunda canından keçən, bir nəfəsdə gəncliyi solan şəhid balalarımızın qəhrəmanlıq dastanına bir həyat hekayəsi də əlavə olunurdu bu an, Asifin yarım qalmış, 19 ilə sığan, bir ömrə bədəl, sona qədər yazılmamış kədərlə, qürurla dolu həyat hekayəsi... Ağır olsa da, onu sizə anlatmağı özümə borc bildim.
Əslən Cəbrayıldan olan ailənin qismətinə qaçqınlığın məşəqqətli günlərini dadmaq düşmüşdü. Düşmən tərəfindən işğal olunan səfalı yurdlarını qoyub gəlmək məcburiyyətində qalan Ataşov qardaşları ailə-uşağı yerləşdirəndən sonra geri dönürlər, canlarından çox sevdikləri torpaqlarının müdafiəsi üçün könüllü olaraq döyüşlərə qatılırlar. Qeyri-bərabər savaşda qardaşların biri dəfələrlə yaralanmasına baxmayaraq müalicədən sonra geri - yoldaşlarının yanına qayıdır. Təminat cəhətdən üstün olan erməni silahlı birləşmələri ilə savaşda nizami ordusu, vahid komandanlığı olmayan könüllü özünümüdafiə dəstələrimiz yenilirdilər. Siyasi hərc-mərclikdən istifadə edən düşmən ard-arda torpaqlarımızı ələ keçirirdi. Məğlubiyyətlə barışmaq çətin olsa da, reallığı dəyişmək mümkün olmadı. Yurd-yuvalarından qovulan qardaşlar Xırdalan şəhərində məskunlaşdılar. İllər ötdü, Vətən həsrəti qəlblərini göynətsə də, həyat davam edirdi, bir gün düşməndən hesab sormaq üçün yaşamaq, çalışmaq lazım idi. Beləcə, zaman keçdi və bir aprel səhəri böyük qardaş Kərim Ataşovun ailəsində ilk övlad dünyaya gəldi. Hamı sevinir, onlara gözaydınlığı verirdi. Kim haradan biləydi ki, dünyaya göz açan oğul məhz atasının, əmilərinin tamamlanmamış işini sona çatdırmaq üçün vaxt gələcək şəhadətə imza atacaq. Asif Kərim oğlu Ataşov 2002-ci il aprelin 10-da doğuldu. Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin 11-ci sinfini 2019-cu ildə bitirdi. Arzuları vardı, ali təhsil almaq istəyirdi, ciddi hazırlaşırdı. İmtahanlardan yüksək bal toplaya bilmədiyindən istədiyi ixtisası seçə bilmədi. Lakin ümidini itirmədi. Şərafət ana doluxsunaraq danışır: “Dedi ki, ana, əsgəri xidmətdən qayıdım, yaxşı hazırlaşıb yenidən sənədlərimi ali məktəbə verərəm. Uşaqlıqda çox dəcəl olsa da, böyüdükcə dəyişmişdi. Ailədə təmkinli, diqqətcil, məktəbdə hamı ilə mehriban, müəllimlərinə hörmətlə yanaşan, məsuliyyətli oğlan olmuşdu (müəllimlərinin və sinif yoldaşlarının onun haqqında xatirələri də bu sözlərdə öz təsdiqini tapır). Çox vaxt fikirli halda pəncərə qarşısında dayanıb uzaqlara baxar, sükutunun səbəbini soruşanda deyərdi: “İnşallah, mən xidmətdə olanda müharibə başlayar və biz torpaqlarımızı azad edərik. Ürəyimə damıb, o günü görməyi Allah bizə nəsib edəcək!”
Asif 2020-ci ildə hərbi xidmətə yola düşdü. “N” hərbi hissəsində xidmətini yerinə yetirirdi. Cəldliyi, çevikliyi və nümunəvi davranışı ilə komandirlərinin hörmətini qazanmışdı. Hərbin sirlərini həvəslə öyrənirdi və komandirləri tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdu. “Zəng edəndə həmişə razılıq edirdi. Deyirdi narahat olmayın, mən yaxşıyam, hər şey qaydasındadır. Hələ döyüşlər gedirdi, zəng etdi, halallaşdı. Nə biləydim ki, səsini sonuncu dəfə eşidirəm. Bir az çox danışdırardım onu”, - deyən Şərafət ana kövrəlir.
Asif 5 ay idi ki, Qarabağ bölgəsində xidmət edirdi. Ata-baba torpağında xidmət keçmək xüsusi qürur verirdi ona. Hər zaman ayıq-sayıq idilər. Son zamanlar daha çox azğınlaşan düşmən isə öz mənfurluğundan əl çəkmirdi, atəşkəsi tez-tez pozur, mülki əhalini hədəfə alır, infrastruktura ziyan vururdu. Ermənistan silahlı qüvvələrinin bölmələri təmas xətti boyunca mövqelərimizə və yaşayış məntəqələrimizə intensiv artilleriya zərbələri endirdi. Bu təxribata cavab olaraq beynəlxalq hüquqa və özünümüdafiə hüququna əsaslanaraq, Ali Baş Komandan əks-hücum əməliyyatına başlama əmrini verdi. Xalqımızın torpaq həsrəti, intiqam hissi ilə tüğyan edən qəlbini titrədən tarixi gün gəldi. Minlərlə oğulun əlinə silah alıb Vətən uğrunda döyüşə getdiyi, dövlət-xalq-ordu birliyinin dəmir yumruğa çevrildiyi, Azərbaycanın gələcəyini azadlıqla taclandıran və öz ocağımızda, yurdumuzda əbədi yaşamaq hüququnu bərqərar edən, milli mənsubiyyətindən asılı olmayaraq qəlbində Vətən sevgisi daşıyan igidlərin qisas günü gəlib çatdı. Hamı kimi, Asif də bu günü çoxdan gözləyirdi. Bu günün möhtəşəmliyində, aliliyində onun da payı olacaqdı. Ancaq hələ ki, qızğın döyüşlər gedir, düşmən evimizi qarış-qarış tərk edirdi. Asif topçu idi, yoldaşları ilə ermənilərin mövqelərini, texnikasını və istehkamlarını uzaq məsafədən uğurla məhv edərək, yüksək fiziki dözümlülük nümayiş etdirir, düşmənə aman vermirdilər. Ailəsi ilə qısa danışır, hər şeyin yaxşı olacağını deyirdi. Səsi inamlı gəlirdi, qarış-qarış əbədi və əzəli torpaqlarımızda irəliləyirdik və bu qayıdışa Asifin də töhfəsi var idi, arzusuna çatmışdı, atasının, əmilərinin layiqli davamçısı idi. Artıq anasının Birinci Qarabağ müharibəsində şəhid olmuş əmisi Zahid Kamran oğlu Talıbovun da qısasının alınmasına az qalmışdı və bu üzdən sevincli idi. Onu irəlidə çox qələbələr gözləyirdi. Şad xəbəri özü deyəcəkdi evlərinə, o xoş anı xəyalında canlandıraraq səbirsizlənirdi... Min bir arzu ilə, Vətən eşqi ilə dolu barıt qoxulu mülayim payız günləri bir-birini əvəz edirdi. Oktyabrın 1-i idi. Tərtər istiqamətində ağır döyüşlər gedirdi. Asifgilin top heyətini bacarıqlarına görə xüsusi seçmişdi komandirləri. Asifin komandiri Arif Həsənlinin dediklərindən: “Düşmənin snayperi döyüşçülərimizə hərəkət etməyə imkan vermirdi. Həmin nöqtənin susdurulması barədə əmr aldıq. Asifgilin heyəti tapşırığı müvəffəqiyyətlə yerinə yetirdi və silahdaşlarımız irəliləməyə başladılar. Onlar cəsurluqla vuruşurdular”.
Birdən yer-yerindən oynadı, günəşin üzü qara dumandan görünməz oldu, Barıt tüstüsü, toz-duman bir-birinə qarışdı, nəfəs almaq çətinləşirdi. Asifgilin topunu vurdular. “Asifgilin topu vurulanda hadisə yerindən 20 metr aralıda idim. Tez oraya qaçdım ki, heç olmasa birini xilas edim. Topun yerləşdiyi səngərdə 45 mərminin hamısının partlaması məni qonşu səngər tərəfə atdı. Özümə gələndə artıq gec idi – şəhid olmuşdular”, – qəhərlənərək Arif Həsənli xatırlayır.
Həmin gün, oktyabrın 1-i səhərüzü yenə ananın yuxusuna gəlmişdin. Qapıdan baxıb, sorğusuz-sualsız, üz çevirib çıxıb getmisən. Axşamüstü isə atangil şəhadət xəbərini alıblar.
Bu bir təsadüf, ya taleyin oyunu idimi, bilmirəm. Əsrarəngiz dünyanın dadını çıxarmadan pəncərəsindən baxıb nakam getdiyin kimi... Görəsən, həmin an nələr keçdi ürəyindən? Arzuna çatmışdın. Vətənin dar günündə, sənə ehtiyac olan anda mərdliklə övladlıq borcunu yerinə yetirdiyinmi, qazanılan o böyük Zəfərdə sənin də payının olduğunumu, sənin kimi oğulların qanı hesabına qazanılan qələbənin sevincinimi, evə döndüyün gününü canlandırdın xəyalında?! Bəlkə bir anlıq çatmadığın arzularına heyifsiləndin, sevdiyinə söz verib geri dönə bilmədiyinəmi üzüldün?! Nələr düşündün?! Yarım qalmış taleyinəmi incidin yoxsa... İncimə, oğul! Sən könüllərdə taxt quran, şərəflə, fəxarətlə dolu bir yolun yolçusu idin artıq, minlərlə şəhid olmuş döyüş yoldaşın kimi. Bu yol səni zirvələrə daşıyacaq, əbədiyaşar edəcək, tarixi Zəfərimizin simvoluna çevirəcək. Sən qələbənin carçısı, Vətənin özü idin artıq. Gəzdiyin torpaq, udduğun hava, içdiyin su halalın olsun! Bəlkə də istedadlı rəssam (rəssamlığa həvəsi vardı), yaxşı mütəxəssis olacaqdın, bəlkə neçə səhifələr bəzəyəcəkdi ömür kitabını, kim bilir? Sən isə ölməzliyi seçdin, “fırçanla” əbədi həyatın özünü çəkdin yer üzündə. Özün isə arzularını da götürüb baxdıqca doymadığın mavi səmanın ənginliklərinə köç etdin. Bundan sonra səni göy üzündəki mələklərin qoruyacağına əminəm. Azad Azərbaycanda yetişən gələcək nəsil sənin açdığın cığırla addımlayacaq, canın bahasına ərməğan etdiyin qalibiyyəti milli-mənəvi sərvətimiz kimi qoruyub saxlayacaq, vətənpərvər qəlbin hər birimizin yoluna əbədi məşəl olub işıq saçacaqdır...
Küçəmizdə xatirəni əbədiləşdirmək üçün Şəhid bulağı inşa edilib. Tez-tez ata-ananı orada görürəm, şəklinə baxır, sanki səninlə dərdləşirlər, bulaq başında əkilmiş çiçəkləri sulayırlar. Tər güllərin heç əskik olmur, onları gənclər gətirirlər sənə, ömürlük ehtiramın təcəssümü olaraq. Şəklinin yanındakı lövhədə qəhrəmanlığının göstəriciləri sıralanır.
Dövlətimiz tərəfindən cəsarətin layiqli qiymətini almış, şəhadətindən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülmüsən. Yazı hazırlanan ərəfədə isə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmusan... Şəhid yoldaşlarının rəsmləri şəkillərini əhatələyir. Sizlərə baxdıqca Xalq yazıçısı Anarın sözlərini xatırlayıram: “Ölüm həyatın inkarı yox, təsdiqidir”. Onun tamlığı, tamamlığıdır. Sizin tamamlanan həyatınız, bütövləşən dünyanız qarşısında baş əyirik! Amalınıza sadiq qalacağımıza, ümidlərinizi doğruldacağımıza, bütöv Azərbaycanımızı qoruyacağımıza and içirik! Həzrəti Məhəmməd Peyğəmbər (s.ə.v.) deyib: “Cənnətə ilk girən şəxs şəhid olacaq”. Cənnətin mübarək, şəhidim! Sayənizdə elinə, obasına qovuşmuş, cənnətə çevrilən Qarabağın laləli düzlərindən əsən yellər əbədi ana laylanız olsun!
Sevinc QULİYEVA
“Azərbaycan Ordusu”