Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2026 20:52

“Vətəni qorumaq peşəsi hər bir peşədən üstündür və şərəflidir”

“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” fikri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ordusuna verdiyi ali dəyərin və dövlətçilik baxışının parlaq ifadəsi oldu. Müstəqil dövlətin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatı olan güclü ordunun formalaşdırılması məhz Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursuna əsaslanır. Bu gün yüksək peşəkarlığı, müasir silahlanması və döyüş hazırlığı ilə seçilən Azərbaycan Ordusu regionun ən güclü orduları sırasında öz layiqli yerini tutur. Dövlətin hərbi qüdrətinin əsasını isə Vətənə sədaqətlə xidmət edən, mənəvi keyfiyyətlərə və yüksək peşəkarlığa malik zabit heyəti təşkil edir.
Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik” fikirləri dövlətin ordu quruculuğunu daim prioritet istiqamət kimi müəyyənləşdirir.
Bu məqsədyönlü siyasətin tərkib hissəsi olaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində müasir hərbi təhsil sistemi formalaşdırılıb, peşəkar hərbi kadrların hazırlanması keyfiyyətcə yeni mərhələyə yüksəlib. Hərbi təhsil sistemində atılan uğurlu addımların nəticəsidir ki, bu gün gənclər arasında hərbi peşəyə maraq daha da artıb. Hərbi təhsil ocaqlarında təhsil alan gənclərlə yanaşı, digər ali təhsil müəssisələrini bitirən yüzlərlə gənc həyatlarını orduya bağlamaq üçün mütəmadi təşkil olunun “Ehtiyat zabit hazırlığı kursu”nda iştirak edərək, ixtisaslarına uyğun vəzifələr üzrə təhsil alaraq xidmətə təyin olunurlar.  
Heydər Əliyev adına Hərbi İnstitutda “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirildi.
Əvvəlcə Milli Müdafiə Universitetinin rəhbərliyi institutun ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstünü və şəhidlərimizin xatirə abidəsini ziyarət etdi, önünə gül dəstələri düzərək, onların əziz xatirəsini ehtiramla yad etdi.
Zabit və müəllim heyətinin iştirakı ilə davam edən mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov məzunları “Ehtiyat zabit hazırlığı kursu”nu bitirmələri münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik etdi, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzuladı. General-mayor G.Əbdülov bildirdi ki, kursu uğurla başa vuran məzunların buraxılış mərasimində iştirak etməkdən böyük məmnunluq duyur. “Hər birinizi səmimi-qəlbdən təbrik edirəm. Əziz məzunlar! Bu gün həyatınızın ən məsuliyyətli və şərəfli mərhələlərindən birinə qədəm qoyursunuz. Sizə təqdim olunan "leytenant" hərbi rütbəsi yalnız bir fərqlənmə nişanı deyil. Bu rütbə Vətən qarşısında məsuliyyətin, zabit ləyaqətinin, liderlik keyfiyyətinin və Hərbi Anda sədaqətin rəmzidir. Bu gündən etibarən Siz Azərbaycan Ordusunun zabitlərinin sıralarına qoşularaq yüksək etimada layiq görülürsünüz. Azərbaycan Ordusunun banisi Ümummilli Lider Heydər Əliyev deyirdi: "Ordu dövlətin dayağı, xalqın qüdrətidir". Məhz Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir”.
Sonra kurs birincisi leytenant Məhəmməd Həsənov məzunlar adından çıxış edərək “Ehtiyat zabit hazırlığı kursu”nu uğurla başa vurduqları üçün böyük şərəf və qürur duyduqlarını bildirdi: “İlk növbədə, bizə göstərilən yüksək diqqət və qayğıya, yaradılmış təhsil şəraitinə, qazandığımız bilik və bacarıqlara görə dövlətimizin, Müdafiə Nazirliyinin, Milli Müdafiə Universitetinin rəhbərliyinə, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin komandir və müəllim heyətinə dərin minnətdarlığımızı bildiririk. Bu gün layiq görüldüyümüz “leytenant” hərbi rütbəsi bizim üçün sadəcə nailiyyət deyil, həm də böyük etimadın və yüksək məsuliyyətin ifadəsidir. Biz bu etimadı daim doğruldacağımıza, Azərbaycan zabitinin şərəfli adını uca tutacağımıza, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyimizə, Hərbi Anda sadiq qalacağımıza və Vətənə vicdanla xidmət edəcəyimizə söz veririk. Kurs müddətində bizə aşılanan bilik, intizam və zabit keyfiyyətləri gələcək xidmət yolumuzun möhkəm təməli olacaq. Əminik ki, qazandığımız bilik və təcrübəni Azərbaycan Ordusunun daha da güclənməsi naminə layiqincə tətbiq edəcəyik. Biz torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan silahdaşlarımızın qəhrəmanlıq yolunu şərəflə davam etdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu şərəfli yolda hər kəsə uğurlar arzulayır, kurs yoldaşlarım adından bildirirəm ki, şanlı Azərbaycan Ordusunun sıralarında Azərbaycan Respublikasına sədaqətlə xidmət edəcəyik”.
Tədbirin sonunda “Ehtiyat zabit hazırlığı kursu”nu uğurla başa vuran məzunlara “leytenant” hərbi rütbələri, müvafiq sertifikatlar təqdim olundu. Kursun təşkili və keçirilməsində səmərəli fəaliyyət göstərənlər fəxri fərmanlarla təltif edildi.
Buraxılış mərasimi iştirakçılarının xatirə şəkli çəkdirməsi ilə davam etdi. Tədbir boyunca Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının hazırlanmasına göstərilən dövlət qayğısının nəticələri bir daha öz əksini tapdı. Məzunlar qazandıqları bilik, bacarıq və zabit məsuliyyəti ilə gələcək xidmət yerlərində Vətənə layiqincə xidmət edəcəklərinə əmin olduqlarını bildirdilər. Beləliklə, növbəti “Ehtiyat zabit hazırlığı kursu”nun buraxılışı Azərbaycan Ordusunun müdafiə qüdrətinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin uğurlu nəticələrindən biri kimi yadda qaldı.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra məzunlarla həmsöhbət olduq, onların təəssüratlarını öyrəndik.
Kurs ikincisi leytenant Nahid Gülmalıyev Vətənə xidmət etməyin onun üçün böyük qürur olduğunu vurğuladı: “Qalib Azərbaycan Ordusunun sıralarında xidmət etmək mənim üçün böyük qürur və sevinc hissidir. Kurs müddətində əldə etdiyim bilik və bacarıqlar mənə zabit peşəsinin nə qədər şərəfli və məsuliyyətli olduğunu bir daha göstərdi. Kursu ikinci yerdə başa vurmağım gələcək xidmətimdə daha böyük nailiyyətlər qazanmaq üçün mənə əlavə stimul verir. Artıq həyatımın yeni mərhələsi başlayır və bu mərhələ üzərimə daha böyük məsuliyyət və öhdəliklər qoyur. Zabit kimi əsas amalım hər zaman Vətənə sədaqətlə xidmət etmək, Hərbi Anda sadiq qalmaq və Azərbaycan Ordusunun hərbi qulluqçusu adına layiq olmaqdır. Ali Baş Komandanın və ordu rəhbərliyinin qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsində üzərimə düşən vəzifələri layiqincə icra etməyə hazıram. Bu böyük missiyanın bir parçası olmaqdan qürur duyuram. İnanıram ki, biz də yüksək peşəkarlığa, möhkəm iradəyə və Vətən sevgisinə malik hərbçilərdən olacaq, ordumuzun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində səylə xidmət edəcəyik”.
Kurs üçüncüsü leytenant Fərid Qurbanov isə hərbçi peşəsinin bütün peşələrdən üstün olduğunu qeyd etdi: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi, Vətəni qorumaq peşəsi hər bir peşədən üstündür və şərəflidir. Hərbçi peşəsi yüksək vətənpərvərlik, dəmir intizam, fiziki və psixoloji dözümlülük tələb edir. Bu şərəfli peşə hərbi qulluqçudan Vətənə sədaqət, ekstremal vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı və yüksək məsuliyyət tələb edir. Vətənimizin keşiyində dayanmaq və xalqımızın əmin-amanlığına xidmət etmək müqəddəs vəzifələrdir. Bu şərəfli yolda addımlamaq, qalib Azərbaycan Ordusunun sıralarında xidmət etmək mənim üçün böyük fəxrdir. Vəzifə borclarımın öhdəsindən uğurla gəlib, bizə olan etimadı doğrultmaq üçün bütün məsuliyyətimlə və var gücümlə çalışacağam”.
Zabit olmağın sevincini yaşayan daha bir gənc leytenant Seyfəddin Cəfərov düşüncələrini bildirdi: “Mən də qürurluyam ki, kursu uğurla başa vurub “leytenant” hərbi rütbəsi aldım. Hərb peşəsi xalqımızın ən çox rəğbət bəslədiyi peşələrdəndir. Bu sevgi isə bizim köklərimizdən gəlir. Bizim zəngin hərb tariximiz və tarixdə silinməz izlər qoyan hərbi xadimlərimiz olub. İndi isə atalarının yolunu layiqincə davam etdirən igid və mərd oğullarımız Vətənimizin keşiyində inamla dayanırlar. Biz də qürurlanırıq və sevinirik ki, bu şərəfli peşə sahiblərindən oluruq. Bu gün müasir və qalib Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Qalib ordunun sıralarında xidmət etmək isə həm şərəflidir, həm də ikiqat məsuliyyətlidir. Öz üzərimizdə daim çalışacaq, müəllimlərimizin, komandirlərimizin aşıladığı hərbi bilik və bacarıqlardan düzgün istifadə edib, ordumuzun adına layiqli, peşəkar zabitlər olmaq üçün qətiyyətlə xidmətimizi davam etdirəcəyik. Doğulub boya-başa çatdığım Kəngərli rayonunda və qohumlarım arasında hərbçilər çoxdur. Onların peşələrinə sədaqəti, sevgisi məni də ovsunlayırdı. Qəlbimdə hərbçi olmaq istəyi formalaşmışdı. 44 günlük Vətən müharibəsi gedəndə biz orta təhsil alırdıq. Hərə özünə bir yol seçmişdi, müxtəlif ali məktəblərə qəbul olmaq üçün hazırlaşırdıq. Müharibənin başlaması, torpaqlarımızın azad olunması, Ali Baş Komandanın qələbə xəbərləri çoxları kimi, mənim də düşüncələrimə təsir etdi və artıq o istəyim arzuya, məqsədə dönmüşdü. Qəbul olunduğum ali təhsil ocağını bitirib müddətli həqiqi hərbi xidmətə yollandım. Xidmətimi uğurla davam etdirib, “Ehtiyat zabit hazırlığı kursu”nda iştirak etmək üçün komandanlığa müraciət etdim. Bu gün hamı kimi sevinirəm ki, arzuma çatmışam. Müstəqil dövlətimizin və qalib Azərbaycan Ordusunun banisi, Əbədiyaşar Komandan Heydər Əliyevin dediyi "Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır" sözlərini hər birimiz birmənalı şəkildə yaxşı dərk edir və bu kəlamı öz xidmət yolumuzun işığı bilirik. 
Söz veririk ki, dövlət və dövlətçiliyimizə sadiq olacaq, müqəddəs vəzifələrimizin öhdəsindən müvəffəqiyyətlə gələcək, Ali Baş Komandanın hər bir döyüş tapşırığına daim hazır olacağıq”.
Azərbaycan Ordusunda yaradılan yüksək şərait, müasir maddi-texniki təminat və keyfiyyətli təhsil sistemi ordumuzun daim inkişaf etdiyini göstərir. Hər il həyata keçirilən yeniliklər ordunun döyüş qabiliyyətini daha da artırır. Müasir texnologiyaların tətbiqi və peşəkar hərbi kadrların hazırlanması ölkəmizin müdafiə gücünü möhkəmləndirir. Hərbi qulluqçularımızın sosial rifahına göstərilən diqqət onların xidmətə məsuliyyətini artırır. Ordumuzun qazandığı uğurlar dövlətimizin bu sahəyə verdiyi önəmin nəticəsidir. Bütün bunlar gənclər arasında hərb peşəsinə marağın daha da artmasına səbəb olmuşdur. “Leytenant” hərbi rütbəsi alan gənclərin qürur dolu baxışları bir daha sübut etdi ki, onlar müstəqil və qüdrətli dövlətimizin əsas dayaqlarından biri olan rəşadətli ordumuzda şərəflə, qətiyyətlə xidmət edəcəklər. “Ehtiyat zabit hazırlığı kursu”nu bitirən məzunlarımızı ürəkdən təbrik edir, onlara çətin və bir o qədər də şərəfli vəzifələrində uğurlar arzulayırıq. 

Əli ABIYEV
“Azərbaycan Ordusu”