AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən sevgisi sözlə ifadə olunan hiss deyil, onu əməlləri ilə sübut edən insanların həyat yoludur. Bu sevgi Vətənə bağlılıq, dövlətə sədaqət, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canını belə əsirgəməmək deməkdir. Azərbaycanın igid oğulları da bu ülvi hissləri yalnız dillərində deyil, əməllərində yaşadaraq tarix yazıblar. Onların hər biri fərqli taleyə, fərqli həyat yoluna malik olsa da, hamısını bir amal birləşdirirdi - torpaqlarımızın işğaldan azad olunması, Vətənimizin müdafiəsi və xalqımızın təhlükəsizliyi.
Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir, bu zirvə hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnəkdir. Hər bir Azərbaycan vətəndaşı qürur mənbəyimiz olan şəhidlərimizi, onların keçdiyi döyüş yolunu, qəhrəmanlıqlarını tanımalı və tanıtmalıdır. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur. Haqqında danışacağımız belə şərəfli ömür sahiblərinin həyatı, döyüş yolu Vətənə sonsuz sədaqətin, hərbçi şərəfinin və fədakarlığın parlaq nümunəsidir.
Onları birləşdirən daha bir məqam isə hər birinin iyul ayında dünyaya göz açmalarıdır. Fərqli illərdə doğulsalar da, ömürlərini Azərbaycanın müdafiəsinə həsr edib, 44 günlük Vətən müharibəsində göstərdikləri igidliklə adlarını tariximizə yazdırıblar.
* * *
Şəhid mayor Tofiq Kərimov uzun illər Azərbaycan Ordusunda müxtəlif məsul vəzifələrdə xidmət edib, Vətən müharibəsində ön cəbhədə döyüşərək canını Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda fəda edib. Onun xidməti və döyüş yolu Vətənə sədaqətin, zabit şərəfinin və hərbi peşəkarlığın parlaq nümunəsidir.
Tofiq Kərimov 1973-cü il iyulun 7-də Bakı şəhərində anadan olub. 1990-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 1990-1993-cü illərdə həmin təhsil ocağında təhsil alıb. Daha sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsilini davam etdirib.
44 günlük Vətən müharibəsində mayor T.Kərimov döyüş əməliyyatlarının ən gərgin günlərində tabeliyində olan şəxsi heyətlə birlikdə ön xəttə çıxaraq qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində böyük fədakarlıq göstərib.
2020-ci il noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı düşmənin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub. Şuşa uğrunda gedən həlledici döyüşlərdə canından keçən mayor Tofiq Kərimov Vətənə sədaqətin ən ali zirvəsi olan şəhidlik məqamına ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Tofiq Kərimov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "İgidliyə görə", "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Mayor Tofiq Kərimov ömrünü Azərbaycan Ordusuna həsr edən, peşəkarlığı, vətənpərvərliyi və yüksək zabit məsuliyyəti ilə seçilən hərbçilərdən biri idi. Onun keçdiyi şərəfli xidmət yolu və döyüş meydanında göstərdiyi igidliklər bugünkü və gələcək nəsil hərbçilər üçün örnək olaraq qalır. Vətən uğrunda canından keçən zabitin əziz xatirəsi xalqımızın yaddaşında daim ehtiramla yaşayacaq.
* * *
Hələ gənclik illərindən torpaq həsrəti, Qarabağ nisgili ilə yaşayan, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyən oğullarımızdan biri də mayor Vidadi Əhmədovdur. Təcrübəli zabit Aprel döyüşlərinin də fəal iştirakçısı olub. O, ordudan tərxis olunmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi başlayanda döyüşənlərin sırasına geri dönüb.
Şəhid mayor Vidadi Əhmədov 12 iyul 1979-cu ildə Salyan şəhərində doğulub. 1996-cı ildə Salyan şəhər 1 saylı tam orta məktəbi başa vurub, sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təqdim edib. Hərbçi olmaq, Vətənin müdafiəsində dayanmaq, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, hərbi mundir geyinmək arzularını reallaşdırıb. O, xüsusi təyinatlı təhsil müəssisəsinin fəal kursantlarından biri olub. Nəzəri, təcrübi biliklərini daim artırıb. Keçirilən məşğələlərdə, təlimlərdə hərbi vərdişlərə dərindən yiyələnib. Şərəfli peşə yolunda uğurla addımlayıb, Vətənə şərəflə xidmət edib. Aprel döyüşlərinin iştirakçısı olan mayor Vidadi Əhmədov 20 illik qüsursuz xidmətdən sonra Azərbaycan Ordusu sıralarından tərxis olunub.
İkinci Qarabağ müharibəsi başlayandan iki gün sonra Vidadi də təcrübəli zabit kimi Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər onun son döyüşü olub. Düşmənin atdığı top mərmisinin partlayışı nəticəsində aldığı qəlpə yarasından şəhidlik məqamına ucalıb. Vətənpərvər zabit oktyabrın 12-də Salyan rayonunda dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə şəhid mayor Vidadi Əhmədov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
* * *
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək şəhidlik zirvəsinə yüksələn zabitlərimizdən biri də baş leytenant Elçin Ağayev olub. Hərb sənətinə gənc yaşlarından bağlanan, peşəkar hazırlığı və döyüş bacarığı ilə seçilən Elçin Ağayev xidmət etdiyi bütün illər ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Vətən müharibəsi başlayanda isə ön sıralarda döyüşərək torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canını fəda edib.
Elçin Ağayev 1993-cü il iyulun 7-də Cəlilabad rayonunda anadan olub. Orta təhsilini 2010-cu ildə Cəlilabad rayonunun Günəşli kəndində V.Niftullayev adına 1 nömrəli orta məktəbdə başa vurub. Hərbçi olmağı qarşısına məqsəd qoyan Elçin təhsilini indiki Heydər Əliyev adına Hərbi İnstitutda davam etdirib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müvafiq təkmilləşdirmə kursunu bitirərək xidmətə başlayıb. Xidmət etdiyi müddətdə əzmkarlığı, hərbi nizam-intizamı və komandirlik bacarığı ilə seçilib. 2020-ci il oktyabrın 5-də Tərtər rayonunun Talış kəndi istiqamətində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Döyüş meydanında nümayiş etdirdiyi şücaət, mübarizlik və cəsarət onun Vətənə sədaqətinin və Hərbi Anda sadiqliyinin ən parlaq təzahürü olub. Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
* * *
Qəhrəmanlıq salnaməsinə dönən oğullardan biri də şəhid gizir Rufiz Budaqov 1977-ci il iyulun 12-də Ordubad rayonunun Tivi kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Rufiz Budaqov 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu istiqamətdə gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Rufiz Budaqov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
* * *
Şanlı Zəfərimizi tarixin səhifələrinə öz qanları ilə həkk edən, bu müqəddəs yolda canından keçərək şəhidlik zirvəsinə ucalanlardan biri də gizir Niyaməddin Ələkbərovdur. Niyaməddin İsrafil oğlu Ələkbərov 1989-cu il iyulun 12-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub. 2011-ci ildə Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” fakültəsinə qəbul olunsa da, bir neçə ay sonra təhsilini yarımçıq qoyub könüllü olaraq müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmət müddəti başa çatdıqdan sonra ordu sıralarında xidmətini davam etdirib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müvafiq kursu müvəffəqiyyətlə bitirdikdən sonra “gizir” hərbi rütbəsi ilə xidmətə başlayıb. Xidmət etdiyi müddətdə motoatıcı və kəşfiyyat bölmələrində müxtəlif vəzifələrdə çalışaraq peşəkar kəşfiyyatçı kimi formalaşıb. 44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərə başlayan N.Ələkbərov bir neçə post və yüksəkliyin düşməndən təmizlənməsində birbaşa iştirak edib, döyüş tapşırıqlarının icrasında igidlik göstərib. O, oktyabrın 2-də düşmənin minaatan zərbəsi nəticəsində şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
* * *
İşğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid gizir Xəyal Cəfərlidir. Xəyal Xəlil oğlu Cəfərli 1992-ci il iyulun 9-da Salyanın Qaraçala qəsəbəsində anadan olub. Uşaq yaşlarından vətənpərvərliyi və igidliyi ilə seçilib. Xəyal orta təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmət keçib. Daha sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib. Nümunəvi xidməti və bacarığı ilə seçilən Xəyal daha sonra Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı” kursunu uğurla bitirərək “gizir” hərbi rütbəsinə layiq görülüb. Xəyal Vətən müharibəsində ön sıralarda döyüşüb. Döyüş tapşırıqlarını peşəkarlıqla və qətiyyətlə yerinə yetirən gizir X.Cəfərli 2020-ci il oktyabrın 22-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksəlib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş gizir Xəyal Cəfərli Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü”, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Mövludları eyni ərəfəyə düşən şəhidlərimiz müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə xidmət etsələr də, eyni amal uğrunda - Azərbaycanın ərazi bütövlüyünün, və suverenliyinin bərpası naminə döyüşüblər. Bu müqəddəs amal uğrunda şücaət, peşəkarlıq və fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar. Bu gün onların xatirəsi ehtiramla yad edilir, keçdikləri şərəfli döyüş yolu isə gənc nəslə Vətən sevgisinin, sədaqətin və əsl hərbçi ləyaqətinin ən parlaq nümunəsi kimi təqdim olunur.
Şəlalə CAMAL
Bakı şəhəri